"Prezident Zəngilanla
bağlı şad xəbərlər verdi"
Elvin Əlizadə: "Gələn ilin əvvəlində
ağalı kəndinə - "ağıllı" kəndə
böyük qayıdış baş tutacaq"
Oktyabrın 20-də Zəngilanın işğaldan
azad olunmağının
ildönümü ilə
əlaqədar Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilana səfər ediblər. Səfər
zamanı Ağalı
kəndində həyata
keçirilən "Ağıllı
kənd" layihəsi
çərçivəsində görülən işlərlə,
Zəngilan Beynəlxalq
Hava Limanının tikintisi ilə, Dövlət Sərhəd
Xidmətinin Zəngilan
rayonunda yerləşən
hərbi hissə kompleksində yaradılan şəraitlə tanış
olublar, "Azərişıq"
ASC-nin Zəngilan Rəqəmsal Yarımstansiyasının
təməlqoyma mərasimində
və 110/35/10 kV-luq
"Zəngilan" yarımstansiyasının
açılışında iştirak ediblər. Eyni zamanda, Prezident və xanımı Zəngilan rayon ictimaiyyətinin
nümayəndələri ilə
görüşüblər.
Səfərdə iştirak edən zəngilanlıların içərisində
əslən Ağalı
kəndindən olan Azərbaycan Yazıçılar
Birliyinin üzvü, Sumqayıt Poeziya evinin əməkdaşı
Elvin Əlizadə də
var idi. Artıq
ikinci dəfə idi ki, Elvin Prezidentin iştirakı ilə Zəngilana səfər edirdi. O, səfər təəssüratlarını "525-ci qəzet"lə bölüşüb.
Elvin Əlizadə qeyd edib ki, ana
təbiət də bu qayıdışı
hiss edib: "Bu mənim
Zəngilana ikinci səfərimdir. Zəngilana səfər xəbərinin
sevincini ifadə eləmək çox çətindir. Hava çox
yağışlı idi.
Sanki, möcüzə baş
verdi - Qarabağa
daxil olanda yağış kəsdi, gün çıxdı. Həmin günün səhəri Zəngilana gedəndə yenə hava yağışlı idi,
biz çatanda gün
şəfəqlərini saçmağa
başladı. Təbiət də bizim sevincimizdən
xəbərdar idi.
Elə bil, ana öz
balasını qəbul
edəcək deyə,
hər şey dəqiq hesablanmışdı,
o torpaqlarda bu görüş üçün
hazırlıq görürmüşdülər".
Səfərdən qürurla bəhs edən Elvin Əlizadənin
sözlərinə görə,
Zəngilanda çox sürətlə yenidən
bərpa işləri
gedir. O, vurğulayıb
ki, Prezident zəngilalılarla səmimi
ünsiyyətdə olub,
onların xatirələrini
dinləyib: "Cənab
Prezident Zəngilanla bağlı şad xəbərlər verdi. Ali Baş Komandan Zəngilandakı quruculuq işləri ilə tanış
oldu. Zəngilanla əlaqədar yeni qərarlar verdi.
Prezidentin Bəsitçay Dövlət
Qoruğunun yenidən
fəaliyyəti barədə
imzaladığı fərman
bizi çox sevindirdi. İlham Əliyev rayon ictimaiyyəti
ilə tanış
olduqdan sonra rayonun müəyyən yerlərini birgə gəzintiyə çıxdıq.
Sökülən evlərin sahibləri
də bizim aramızda idilər.
Onlar öz ata-baba yurdları haqqında Prezidentə məlumat verdilər. Erməni vandalizminin nəticələri
insanları çox sarsıtmışdı. Bəzi məşhur
binalar var idi ki, tamamilə
tanınmaz hala düşmüşdü. Yerli sakinlər bu binalar barədə Prezidentə ürək yanğısı ilə bəhs edirdilər. Zəngilanın azad olunmaq xəbəri keçmiş
prokurorluğun binasının
qarşısında məruzə
olunmuşdu. Cənab Prezident
göstərdi ki, orada dalğalanan bayrağı mən ucaltmışam. Bütün bunlar
bizim üçün
böyük fəxr idi. Rayonun mərkəzi küçələrində
xeyli dolaşdıq.
Çox
maraqlı söhbətlər
oldu".
Elvin Əlizadə "Ağıllı" kənd layihəsi çərçivəsində yenidən qurulan doğma Ağalı kəndindən də bəsh edib: "Cənab Prezident vurğuladı ki, ola bilsin, bu ilin sonu, gələn ilin əvvəlində Ağalı kəndinə - "Ağıllı" kəndə böyük qayıdış baş tutacaq. Kəndimizdə bütün işlər tamamlanmaq üzrədir".
Gənc qələm adamı Qarabağın azadlığının bədii yaradıcılığına böyük təsiri barədə danışıb. O qeyd edib ki, parlaq zəfərimiz bizi məğlub ölkənin yazarlığından xilas elədi, qalib ölkənin qələm adamına çevirdi: "Qarabağ zəfəri ədəbiyyatda obrazları, mahiyyəti, motivləri dəyişdi. Əvvəl bədbin ruhda şeirlərə üstünlük verirdik. Hətta, bir çoxlarının Qarabağa qayıtmaq ümidi ölmüşdü. Amma mən və mənim kimi bir çox insanın qəlbində, hələ də, böyük bir inam var idi. Mən bilirdim ki, gec-tez o torpaqlara qayıdacağıq, haqq-ədalət qələbə çalacaq. Zəngilandan qayıdandan sonra bir şeir yazmışdım - "Dünən Zəngilana getmişdim, ata"... Qalib ruhda yaradıcılıq nümunələri ərsəyə gəlməlidir. Səfər zamanı kamança ustası Elnur Əhmədovla bu haqda söhbətimiz oldu. Əvvəl el şənliklərimiz "Qarabağ" şikəstəsi ilə başlayırdı: "Aləm cənnətə dönsə, yaddan çıxmaz Qarabağ!". Söz, sənət, musiqi Qarabağın unudulmamağına xidmət edirdi. Biz bundan sonra elə əsərlər yaratmalıyıq ki, daha möhtəşəm olsun. Qələbə ruhlu şeir yazmaq bədbin şeir yazmaqdan daha çətindi. Qələbə haqqında ən böyük şeiri əsgərlərimiz, şəhidlərimiz yazıb. Biz nə yazacağıqsa, onların kölgəsində qalacaq. Amma hər bir mədəniyyət adamı, qələm sahibi Qarabağ zəfərinə rəng qatmağa çalışmalıdır".
Elvin Əlizadə sonda vurğulayıb ki, Zəngilan tam abadlaşandan sonra mütləq doğma torpağına qayıdacaq: "Dövlətimiz tərəfindən indiyə kimi bizə hər cür qayğı və diqqət göstərilib, müəyyən imtiyazlar verilib. Bundan sonra da Zəngilanda müxtəlif iş yerləri yaradılacaq. Mən də, bir mədəniyyət işçisi kimi, orada işləməyə, yazıb-yaratmağa hazıram. Bu mənim borcumdur".
Zəngilanlıların sevincinə şərikik. Nəinki zəngilanlılar, bütün Azərbaycan o torpaqların azadlığına görə qürur hissi keçirirlər. İnanırıq ki, Qarabağ əvvəlkindən də yaxşı - innovativ standartlara cavab verən bölgəyə çevriləcək.
Nadir YALÇIN
525-ci qəzet.- 2021.- 22 oktyabr.- S.7.