Professorun Əshabi-Kəfdəki duaları
və Cıdır düzündəki göz
yaşları
XALQ ARTİSTİ AĞAVERDİ PAŞAYEVİN 70 YAŞINA SÖZARDI
Əvvəla onu deyim ki, buradakı "sözardı" ifadəsinə
həqiqətən ehtiyac
var. Çünki professorun
70 yaşı bir
il əvvəl tamam olub. Əvvəlcə
pandemiyanın törətdiyi fəsadlardan yaranan baş qarışıqlığı, sonra 44 günlük müharibənin həyəcanları
və nəhayət, şanlı Qələbəmizdən
sonrakı iş qrafikimizin sıxlığı
nəticəsində bu
sətirlərin qələmə
alınması gözlədiyimdən
çox gecikdi.
Mən nəinki
Ağaverdi Paşayevi
necə, harada, hətta nə vaxtdan tanıdığımı
bilmirəm. Amma onu bilirəm
ki, hər ikimiz ötən əsrin son otuz ilini, bu əsrin
isə ilk 21 ilini mədəniyyət aləmində
bərabər addımlamışıq.
O, necə deyərlər,
mədəniyyət nümunələri
yaradan şəxs kimi, mən isə həmin nümunələrin "istehkaçısı"
və təbliğ edəni kimi. On dəfələrlə eyni tədbirdə iştirak etmişik, eyni tribunanı paylaşmışıq, səfərlərdə
olmuşuq.
Onu da bilirəm ki, hər dəfə
Ağaverdi müəllimin
rəhbərlik etdiyi kollektivin çıxışlarına
tamaşa edəndə
Avropanın intibah dövründə yaşamış
ensiklopedik alim, rəssam, heykəltəraş,
memar, musiqiçi və yazıçı
Leonardo da Vinçinin
məşhur kəlamlarından
birini xatırlamışam:
"Ruhun əl ilə birlikdə çalışmadığı yerdə kamil sənət yarana bilməz". Sanki italiyalı müdrik on beşinci əsrdə bu ifadəni mənim bugünkü dostum Azaverdi üçün demişdir.
O, sözün həqiqi
mənasında ruhunu əlləri ilə birlikdə çalışdırmağı
bacaran sənətkarlarımızdandır.
Ağaverdi Paşayev təkcə
tarzən, dirijor, müəllim, mədəniyyət
xadimi, musiqi tədbirlərinin təşkilatçısı,
proqram tərtibatçısı,
kollektiv rəhbəri
və sadə insan, dəyərli dost deyil.
O, həm də ölkənin ictimai-siyasi hətatında baş verən bütün prosesləri əsl azərbaycanlı məsuliyyəti
ilə izləyən,
istənilən məsələyə
öz münasibətini
bildirən vətəndaşdır.
Cəmi otuz yaşı olan gənc müstəqil dövlətimizin
bütün uğurlarına
sevinən bu ziyalı soydaşımız
tez-tez öz ürək sözlərini
mənim çalışdığm
"Xalq qəzeti"nə
göndərir.
Etiraf edək
ki, həmin yazıların hamısı
qənaətbəxşdir. Ancaq onun ötən il - İkinci
Qarabağ müharibəsinin
ilk günündəki uğurlarımıza
sevinərək redaksiyamıza
göndərdiyi sətirlər
daha gözəl idi. "Bu xəbəri şəhid analarına çatdırın..." sərlövhəsi
ilə qəzetimizdə
verilmiş yazıda oxuyuruq:
"Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov sentyabrın 27-də
keçirilən brifinqdə
deyib ki, Füzuli-Cərbayıl istiqamətində
Qaraxanbəyli, Şərvənj,
Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı,
Böyük Mərcanlı
kəndləri azad edilib. Bundan əlavə, Ağdərə
rayonu və Murovdağ istiqamətlərində
düşmən postları
darmadağın edilib,
hakim yüksəkliklər nəzarətə
götürülüb.
Xəbəri eşidəndə ağlıma
gələn ilk cümlə
belə oldu: "Bu məlumatı şəhid
analarına çatdırın!"
Ağaverdi PAŞAYEV, professor".
Yuxarıda qeyd etdiyim kimi,
onunla bir neçə dəfə səfərdə olmuşuq. Yadımdadır,
2014-cü il iyunun 20-də Qubada görkəmli yazıçı,
alim və ictimai xadim Abbasqulu
Ağa Bakıxanovun
220 illiyinə həsr
olunmuş təntənəli
yubiley tədbiri keçirilirdi. Rayon mərkəzindəki Yaşıl Teatrda təşkil edilən tədbirdə -
orada mədəniyyət
və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Quba Rayon İcra Hakimiyyətinin başçısı
Mübariz Ağayev,
AMEA-nın Fəlsəfə,
Sosiologiya və Hüquq İnstitutunun direktoru, fəlsəfə
elmləri doktoru İlham Məmmədzadə,
Azərbaycan Yazıçılar
Birliyinin katibi Rəşad Məcid və çoxsaylı ziyalılar iştirak edirdilər - mən ön sıralardan birində əyləşmişdim.
Söz musiqiyə verildi və dirijor Ağaverdi Paşayev səhnədə
öz yerini tutanda yanımda əyləşənlərdən biri öz dostundan
soruşdu: -- Görəsən,
nə üçün
dirijorların əksəriyyəti
belə zəif bədənli olur?
Bu maraqlı adamın həmsöhbəti heç
zaman mənim ağlıma gəlməyən
cavab verdi:
- Çünki adi musiqiçilər ancaq öz "yüklərini
çəkirlər", dirijor
isə orkestrdəki əlli-altmış adamım
hamısının məsuliyyətini
daşıyır.
Bu cavabın təsdiqini
həmin gün açıq havada təşkil edilən çay süfrəsi zamanı da gördüm və heyrətləndim. Ağaverdi müəllim eynilə dirijor
pultunda olduğu kimi ayaqüstdə idi. O, orkestrin bütün üzvlərinin
rahat əyləşməsinə,
onların çayının,
çörəyinin verilməsinə
əmin olunca əyləşmədi. İki saat
əvvəl qubalı
kişidən eşitdiyim
"orkestrdəki əlli-altmış
adamın hamısının
məsuliyyətini daşımaq"
ifadəsinin məişət
müstəvisində də
təsdiqini gördüm.
Başqa bir səfər haqqında. Həmin il iyulun 2-də Naxçıvanda
da Abbasqulu ağa Bakıxanovun 220 illik yubileyi qeyd olunurdu. Cəlil Məmmədquluzadə
adına Naxçıvan
Dövlət Musiqili
Dram Teatrında keçirilən
tədbirdə
Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin
sədri Vasif Talıbov, Bakıxanovlar nəslinin nümayəndəsi,
böyük bəstəkar
Tofiq Bakıxanov, AMEA Naxçıvan Bölməsinin
sədri, akademik İsmayıl Hacıyev, Naxçıvan Muxtar Respublikası Yazıçılar
Birliyinin sədri Asim Əliyev (Yadigar) və Naxçıvan elitasının
görkəmli nümayəndələri
iştirak edirdilər. Tədbirdən
sonra məhz Ağaverdi Paşayevin
təşəbbüsü ilə (proqrama görə Batabata getməli idik) Əshabi-Kəf ziyarətgahına
yollandıq. Ağaverdi
müəllim pilləkənlərin
lap yuxarısında xüsusi
yaradılan yerdə
namaz qıldı.
O anlar mən onun yanından çəkilmədim. Namazı qurtarandan
sonra Allaha yalvarırmış kimi beş-alti istəklə dua etdi. Həmin dualardan biri belə idi:
"Ya Allah, Sən
bizə Qarabağa qayıtmağı qismət
elə, mən də Şuşanı görüm!"
Həmin
günlər xəstə
olduğuna, bir tərəfdən də oruc tutduğuna görə xeyli zəif göründüyünə
görə duada səsləndirdiyi "Mən
də Şuşanı
görüm!" sözləri
məni kövrəltsə
də, o, Əshabi-Kəfdə
namaz qıldığına
görə övladının
toyuna sevinirmiş kimi xoşbəxt görünürdü.
...Dostlarımdan biri danışdı ki, Ağaverdi Paşayev Şuşada, Cıdır
düzündəki konsert
zamanı dirijor pultuna doğru gedəndə əvvəlcə
səmaya baxdı, sonra dağlara, sonra isə gözlərinin yaşını
silib orkestrin önünə keçdi.
Dostum həmin vəziyyəti söyləyəndə
mən dərhal əlavə etdim: "Elə olacağını
yeddi il qabaqdan bilirdim".
...Ağaverdi Ağaəli oğlu Paşayev 1950-ci il oktyabrın
27-də Bakıda anadan
olub. Erkən yaşlarından musiqiyə
böyük məhəbbət
bəslədiyini görən
atası ona balaca bir tar alıb. 1960-cı ildə, atası onu 12 saylı musiqi məktəbinin tar sinfinə qoyur. Hələ 12 saylı musiqi məktəbinin III sinfində
oxuyarkən Respublikada
"Oxu tar", "Sən
nəğmələr qoş"
, "Oxu bülbül" müsabiqələrində
laureat olub. Onun tar alətində
ifaçılığı püxtələşdikcə bu
sənətə sevgisi
daha da artırdı.
Tara məhəbbəti, sənətə
sevgisi sayəsində
o, 1966-cı ildə A.Zeynallı
adına Musiqi Texnikumunun tar sinfinə
daxil olur. 1971-ci ildə təhsilini uğurla başa vuraraq Ü.Hacıbəyli
adına Dövlət
Konservatoriyasına daxil
olur. Həmin illər gənc
Ağaverdinin həyatında
böyük dönüşlər
yaradır. Hələ
musiqi texnikumunda oxuyarkən dirijorluqdan dərs alan Ağaverdi konservatoriyanın
ikinci kursunu bitirdikdən sonra ərizə ilə rektora müraciət
edib və İmtahan komissiyasının
müsbət qiymətləndirilməsilə
dirijorluq fakültəsinə
keçməyinə razılıq
verilib.
1976-cı ildə Konservatoriyanı bitirib hərbi xidmətə çağırılan zaman hərbi orkestrdə qulluq edir və hərbi orkestrin dirijoru olur.1979-cu ildən Ü.Hacıbəyli adına Dövlət Konservatoriyasına pedaqoji fəaliyyətə başladığı dövrdən həm də İncəsənət İnstitutunda "Xalq çalğı alətləri" kafedrasında dirijorluq fənnindən dərs deyib, tələbələrdən ibarət xalq çalğı alətləri orkestri yaradıb. O, bu təşəbbüsü 1994-cü ildən fəaliyyət göstərdiyi Bülbül adına Orta İxtisas Musiqi Məktəbində də həyata keçirərək burada da həm müəllimlik edib, həm də uşaq orkestri yaradıb. Vikipediya materialında qeyd edilir ki, Dövlət Filarmoniyasının nəzdində fəaliyyət göstərən Dövlət Xalq Çalğı Alətləri Orkestrinin yaranması da məhz Ağaverdi Paşayevin bu istiqamətdə yüksək peşəkarlığının sayəsində mümkün olub. 1999-cu ilin sentyabrında o, Filarmoniyada fəaliyyət göstərən Dövlət Mahnı və Rəqs Ansamblına rəhbər təyin edilir. Bir neçə ay bu kollektivlə işlədikdən sonra ona Dövlət Xalq Çalğı Alətləri Orkestrini yaratmaq təklif edilir. 2000-ci il martın 7-si indiki Heydər Əliyev Sarayında Beynəlxalq Qadınlar Gününə həsr olunan böyük bir tədbir keçirilirdi. Orkestr də həmin tədbirdə iştirak edirdi. Bu, Dövlət Xalq Çalğı Alətləri Orkestrinin ilk konsert çıxışı idi. Tədbirdə iştirak edən Heydər Əliyev konsertdən sonra adəti üzrə səhnə arxasına gələrək sənətkarlarla görüşüb öz fikir və tövsiyələrini bildirdi. Ulu öndər Ağaverdi Paşayev və orkestr haqqında da çox gözəl fikirlər söyləyib
Ağaverdi Paşayevin oğlu - tarzən Sahib Paşazadə Əməkdar artistdir, Prezident mükafatına layiq görülüb. Beynəlxalq və respublika müsabiqələri laureatı, AMK-nın dosentidir. "Muğam - 2007, 2011, 2013, 2015, 2017" televiziya müsabiqələrində gənc xanəndələri müşayiət etmişdir. 2017-ci ildə Özbəkistanda keçirilən 70 ölkənin iştirak etdiyi "Beynəlxalq Şərq Təranələri" müsabiqəsində ən yüksək "Qran Pri" mükafatına layiq görülmüşdür. Milli musiqimizin inkişafında böyük xidmətləri olan A.Paşayevin əməyi dəfələrlə yüksək təltiflərlə qiymətləndirilmişdir.
Ağaverdi Paşayev 2005-ci ildə Əməkdar incəsənət xadimi, 2008-ci ildə Xalq artisti fəxri adlarına layiq görülmüş, 2016-cı ildə isə Şöhrət ordeni ilə təltif olunmuşdur. 2009-cu ildən Prezident təqaüdçüsdür.
Bu qəhrəmanımızın layiq görüldüyü mükafatlar çox olduğuna görə hamısını sadalamadıq. Əvəzində onun haqqında deyilən bəzi ifadələri yada salmaq istəyirik:
Xalq artisti Tofiq Bakıxanov: - Mən Ağaverdi qədər işgüzar və məsuliyyətli musiqiçi tanımıram. Onun bütün mükafatları ana südü kimi halaldır.
Xalq şairi Nəriman Həsənzadə: - Ağaverdi Paşayev orkestrin qarşısında olarkən qağayı dənizin üzündə azad olduğu kimi sərbəst görünür. Bu sənətkardakı milli ruh məni heyran edir.
Əməkdar artist Zakir Mirzəyev: - Mən əvvəllər elə
bilirdim ki, o, tardan tamamilə üz döndərib. Sonra
gördüm ki,
tarın qazandıracağı dünya
şöhrətini oğluna
saxlayıbmış.
İttifaq MİRZƏBƏYLİ
525-ci qəzet.- 2021.- 23 oktyabr.- S.23.