Dul qadının tənhalığı  

(Əvvəli ötən şənbə sayımızda)

 

Gələcək Baş nazir, ilk milli hökumətin başçısı olacaq Cavahirləl Nehrunun atası Motiləl Nehru görkəmli advokat olmaqla yanaşı, Milli Konqress partiyasının rəhbər xadimlərindən biri, Mahatma Qandinin yaxın silahdaşı idi. Mahatma bir gün ingilisdilli Dehli qəzetlərinə nəzər yetirərkən, birinci səhifəni bəzəyən, əllərində şərab qədəhi tutmuş Hindistanın vitse-kralı ilə Motiləl Nehrunun şəklini görəndə dik atıldı, elə bil ki, onu ilan vurmuşdu. Bu necə ola bilərdi ki, o, hindliləri ingilis mallarını almamağa, boykot etməyə çağırdığı bir vaxtda onun yaxın silahdaşı və dostu ingilis vitse-kralı ilə birgə badə qaldırır. O, Motiləl Nehrunu bir daha görmək istəmədiyini bildirdi, az qala onu partiyaya və özünə qarşı xəyanətdə ittiham edirdi. Motiləl Nehru hər cür vasitələrə əl atırdı ki, Qandi onu bağışlasın, onlar barışsınlar. Nəhayət, Mahatma onu qəbul etməyə razılıq verdi, lakin ona olan hirsi soyumamışdı. Motiləl Nehru ona izahat verməyə başladıqda, özünün bu məsələdə günahı olmadığını, bütün günahların Hafizdə olduğunu dedikdə, Mahatma onun ağlını itirməyindən şübhələndi və dedi ki, sənin vitse-kralla şərab içməyinin böyük fars şairinə nə dəxli vardır.

 

Nehru bildirdi ki, gözəl bir qız gəlib şərabı qədəhlərə süzdü, bu vaxt Hafizin qəzəlindəki bir misra yadıma düşdü: "Kim belə gözəlin süzdüyü şərabdan imtina edə bilər?" və hər şeyi unudub, qədəhi qaldırıb, İngiltərənin dövlət xadimi ilə şərab içdim. Hafiz olmasaydı, mən bu ağılsızlığı etməzdim.

 

Mahatma onu bağışladı, lakin bu məşhur hindli mübariz az sonra həyatla vidalaşdı. Oğlu Cavahirləl Nehru isə hindlilərin ingilis ağalığına qarşı mübarizəsinin fəal iştirakçısı olmaqla, çox illər ərzində dustaqxanada yatdı və 1947-ci ildə Hindistan müstəqillik qazandıqda, onun ilk Baş naziri oldu.

 

Ruhiyyə böyük fars şairi Hafizi yada salmasından istifadə edib, özünün fars dilindən tərcüməyə marağının düzgün başa düşülməməsi ehtimalını nəzərə alaraq, buna aydınlıq gətirməyə cəhd etdi. Güman edirəm ki, bəziləri fars ədəbiyyatına müəyyən vurğunluğu bizim dövlət siyasətinin əksliyi kimi qiymətləndirə bilər. Lakin bu, yanlış münasibətdir. Xoşbəxtlikdən bizdə mədəniyyət, incəsənət sahəsi siyasətə qarışdırılmır. İranda isə bu məsələlər siyasətin girovuna çevrilir. İran hökuməti regionda dominant rol oynamaq iddiasında olduğundan çox sayda ölkələrin işinə "beşinci kolonnaları" vasitəsilə müdaxilə edir. Bizim dövlətimizə qarşı da mehriban qonşuluğa yad olan soyuq, təzadlı, bəzən heç cür anlaşılmayan siyasət aparır. Buna baxmayaraq, bizdə fars ədəbi irsinə həmişə olduğu kimi, yenə də hörmətlə yanaşılır. Təcavüzkar şiə məzhəbinin hücumlarının yer aldığı nümunələr istisna olmaqla, fars dilindəki incilərə xoş münasibət pozulmur. Mən dünyagörüşümə görə radikal dindarlığın əleyhinə olduğumdan, ona həsr olunmuş əsərlərə də mənfi münasibət bəsləyirəm. Ona görə də qoy heç kəs məni fars şovinizminin və ya İranın dövlət siyasətinin ruporu, təbliğatçısı hesab etməsin. Bunlar mənə tamamilə yaddır və bu sahədəki mümkün ola biləcək təsir  cəhdləri də uğursuzluğa düçar olacaqdır.

 

Ruhiyyənin sonrakı görüşləri də uğurlu oldu. Onunla digər televiziya kompaniyasında da bir neçə filmi tərcümə etmək barədə müqavilə bağlandı. Nəşriyyatlar isə bildirdilər ki, farsşünas mütəxəssislər ilə məsləhətləşdikdən sonra ona ədəbi əsərləri tərcümə etmək barədə sifariş verəcəklər. Hər yerdə onu hörmətlə qarşılayır, kofeyə və şirniyyata qonaq edir, onunla olduqca ehtiram çərçivəsində davranırdılar.

 

Evə qayıdanda oğlunu öpüb dedi ki, hər şey yaxşı olacaq, sən ən bahalı məktəbdə təhsil alacaqsan. Bu, atanın arzusu idi, onun həyata keçməsi üçün də o, bizə lazım olduğu qədər sərvət qoyub getmişdir. Oğluna bunu deyirdi ki, bilsin ki, atası həyatı tərk etdikdən sonra da ona və anasına qayğı göstərməkdə davam edir. Ona görə də biz ona daim minnətdar olmalıyıq, bir an da olsa onu yaddan çıxarmamalıyıq, həm də onun xatirəsinə layiq olan qaydada yaşamalıyıq. Əgər buna xilaf çıxsaq, onun bizə bəxş etdiyi və ondan asılı olmayaraq yarımçıq qalan xoşbəxtliyə xəyanət etmiş olarıq. Oğlu ilə söhbət etsə də, elə bil ki, xeyli adam qarşısında danışırdı, Hüseynin xidmətlərini hamıya bildirmək, bütünlüklə etiraf etmək istəyirdi. Mən özümün xilasıma və səni mənə bəxş etdiyinə görə ölənə qədər ona minnətdar olacağam. Mən istəyirəm, sən biləsən ki, mənə münasibətdə, o, həqiqətən müqəddəs bir insan idi. Bircə dəfə də olsa mənə xətrimə dəyən bir söz deməmişdi, mənim səhvimi də bağışlamağı bacarırdı.

 

Sonra düşüncələrində özü-özü ilə danışmağa başladı: "Mən ondan aldığım hərarəti heç günəşdən də almamışam və ala bilmərəm. O, mənim qaranlıq həyatıma gur işıq saldı, təkcə mənimlə ailə qurmadı, mənim könül sarayımı da yenidən tikdi, mənə əsl insan həyatını yaşamağın yolunu göstərdi. O, təkcə məni yoxsulluqdan xilas etmədi, mənə firavan həyat bəxş etmədi, mənim həyata olan itmiş inamımı bərpa etdi, öz məhəbbəti ilə məni şah sarayında yerləşdirdi. Mən onunla birgə yaşadığım evi, bu o qədər də böyük olmayan mənzili əsl məhəbbət məbədi və özümü isə bu məbədin rahibəsi hesab edirdim. O, mənim könlümdəki pası öz alovlu hissləri ilə tamamilə təmizlədi, saflaşdırdı. Əslində, onun təsiri ilə mən yeni insana çevrildim və ilk dəfə olaraq xoşbəxt ana adını daşımağa başladım. O, məni qalvanlaşmağa məruz qoydu, mənə yeni həyat verdi, fiziki cəhətdən olmasa da, mənən ölmüş bir adamı diriltdi. Onun ürəyinin bu genişliyini, məni reinkarnasiyaya məruz qoyduğunu bütün dünyanın nemətlərinə dəyişmərəm. Nağıllarda fil sümüyündən tikilən saraylardan söhbət gedir, real həyatda, gerçəklikdə o, məni məhz belə bir sarayın sakininə çevirmişdi.

 

Təbiət, valideynlərim məni dünyaya gətirmişdilər, uşaqlıqda, gəncliyimdə çəkdiyim dözülməz dərdlər məni normal yaşamaqdan, rahat nəfəs almaqdan məhrum etmişdi. İkinci dəfə mənim həyata gəlməyimə, yenidən, özü də bir insan kimi yaşamağıma məhz Hüseyn səbəb oldu. O olmasaydı, mən həyatda xoşbəxtliyin nə olduğunu bilməzdim, dünyanı insanlar üçün yerüstü cəhənnəm, bədbəxtliklər səhnəsi hesab edərdim. Çinlilərdə qadının, qızın ərə getməsi ikinci anadan olma hesab olunur. Hüseynə ərə getməyimlə mən yenidən doğuldum, ikinci dəfə həyata gəldim.

Mən etiraf edirəm ki, əzablarımın hesabına özümü kor hesab edirdim, bu nəcib insan mənim gözlərimi açdı, könlümü onu basmış mamırdan, kifdən təmizlədi. Adamlar çətinliyə düşəndə çıxış yolunu tapmaq üçün dini məbədlərə, pirə üz tutur, xüsusi təsir qüvvəsi olan adamlara müraciət edirlər. Onların hamısının birlikdəki məcmu belə məni bədbəxtliklər mühitindən qopara, azad edə bilməzdi. Bunu Hüseyn etdi, mən onu çoxlarının sitayiş etdiyi müqəddəslərdən də uca bilirəm. Mənim müqəddəslərə hörmətsizlik etmək niyyətim yoxdur, hər kəs inancına, inamına görə onlara müraciət edir, onlardan kömək diləyir. Mənə isə gözləmədiyim halda Hüseyn xilas kəməri atdı, məni boğub məhv edəcək burulğandan xilas etdi".

Ruhiyyə həm də iş tapması, əlavə qazanc əldə etməsi perspektivinə görə çox şad idi, çünki Hüseyndən miras qalan pulu Hamnet üçün sərf etməli idi ki, o, özünü yetim hiss etməsin. Axı onun özü yetimliyin acı təcrübəsinə malik idi, bu susuz səhra həyatının dəhşətlərini görmüşdü. O, özünü Azərbaycanda yaşayan tuareq hesab edirdi. Tuareqlər su qıtlığından əziyyət çəkdiklərindən, heç vaxt su ilə yuyunmurlar, bu məqsəd üçün yalnız qumdan istifadə edirlər. Ruhiyyənin ehtiyacları isə ağırlığına görə tuareqlərininkini də geridə qoya bilərdi.

 

Digər tərəfdən o, pensiyadan başqa heç bir gəliri olmayan anasının və tələbə bacısının yaşamasına kömək etməli idi. Axı uşaqlıqdan ağır və sonra isə pozğun məşğuliyyətə də xeyli dərəcədə onlara görə girişmişdi.

 

Bu fikirlər onu o qədər də məşğul etmirdi, yenə də baş verən ağır itkinin - əri Hüseynin ölümünə qayıdırdı. O, heç gözləmirdi ki, onun həyatına daxil olmuş xoş dəyişiklik belə tez başa çatacaq, sona yetəcəkdir. Görünür, bu bədbəxt qız dünyaya dərd çəkmək üçün gəlmişdir. Çiynindəki ağır xaçla edam olunmaq üçün Qolqofaya gedən İisus Xristos da belələrinin bədbəxt günlər görəcəyini nəzərə alaraq, yol üstündəki bu adamları sakitləşdirmək üçün demişdi ki, mənə görə ağlamayın, öz gələcək ağır günlərinizə, dəhşətlərlə üzləşəcəyinizə görə ağlayın. Axı insan əzabları gözləmək və əzablarla keçən həyatı yaşamaq istəmir, o, hətta anasının bətnində qalmaq istəyir, bilir ki, həyat onu öz tufanları ilə sınağa çəkəcəkdir. Doğulandan bir gün əvvəl və doğum günü körpə özünü pis hiss etməyə başlayır. Doğum günü aydın olmayan səbəblərə görə o, bir qədər titrəyir. Yəqin ki, dünyaya göz açan uşaq elə bir əqlə sahib olmasa da, həyatda onu nələr gözlədiyini instinkti vasitəsilə anlayır. Axı yumurtadan çıxan tısbağa və ya timsah balası qızmar günəşin istisinin onu məhv edəcəyini hiss edib, böyük əziyyətlərə dözməklə dənizə tərəf tələsir və suda öz xilasını tapdığını düşünür. Bu bədbəxtlərin dənizdə onları məhv edə biləcək təhlükələrdən xəbərləri olmur, ilk növbədəki təhlükədən uzaqlaşmağı özlərinin sağ qalmaq şərti hesab edirlər, lakin sudakı ömür də, onları yeməyə çalışan düşmənlərlə üzləşdirir. İnsan da həyata xoşbəxt yaşamaq, ömür sürmək üçün gəlsə də, az sonra yanıldığı qənaətinə gəlir. Valideynlərin himayəsinə qısılan uşaq ətcəbala quşları xatırladır, əgər ana quş dimdiyində ona qurddan ibarət qida gətirməsə, tezliklə məhv ola bilər. Toyuq cücələri yumurta qabığından çıxdıqda, çıxmamışdan əvvəl udduğu yumurtanın sarısı hesabına - bu, qüvvətli zülaldır, - üç gün ac qala bilir. Sonrakı həyatı isə qidalanmaqdan asılı olur.

 

(Ardı var)

 

Telman Orucov  

 

525-ci qəzet.- 2021.- 23 oktyabr.- S.22.