İstedadlı musiqiçi, virtuoz ifaçı  

 

Məhərrəm Nəcəfzadənin sənət yoluna bir nəzər

 

Məhərrəm İsmayıl oğlu Nəcəfzadə 1966-cı il noyabrın 30-da Bakıda anadan olub. Ailənin digər övladları kimi o da gözünü açandan, ağlı kəsəndən evdə ziyalılıq, halallıq, mehribanlıq, səmimiyyət, dürüstlük, valideynlərinin biri-birinə hörmətini, balalara xüsusi qayğısını, nəvazişini görüb və onların öyüd-nəsihətini eşidərək kamil insan kimi böyüyüb. Bu ailə daim ruzi-bərəkətli, süfrəsi açıq, qonaq-qaralı olub.

 

Nəcəfzadələr ailəsi həmişə qollu-budaqlı, sanballı bir şəcərənin davamçıları kimi öz ad-sanlarını qoruyublar. Bu nəsil Xızı mahalında kök atıb, şaxələnib, yayılıb və ucalıb. İsmayıl kişinin ailəsində musiqiyə böyük həvəs, dərin hörmət olub. Odur ki, ailənin oğullarının hər biri bu sahədə öz izlərini qoyublar.

 

Məhərrəm Nəcəfzadə 1973-1981-ci illərdə keçmiş Oktyabr (hazırda Yasamal) rayonunda 172 saylı məktəbdə oxuyub. 1981-ci ildə A.Zeynallı adına Musiqi Texnikumunun tar sinfinə daxil olub və təhsilini 1986-cı ildə başa vurub. Burada ona ixtisas-not üzrə Fikrət Əbdülqasımov, muğamdan Sabir Ələkbərov dərs deyib. O, təyinatla Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki uşaq musiqi məktəbinə göndərilib. Sonralar əmək fəaliyyətini müxtəlif yerlərdə davam etdirib. Xırdalan qəsəbəsində (hazırda şəhər) Abşeron Mədəniyyət Sarayında ansambl rəhbəri, Müəllimlər Mərkəzində konsertmestr, Dövlət Muğam Teartrının muğam-studiyasında xanəndə Mürşüd Məmmədovun sinfində müşayiətçi, tarzən-konsertmeystr, "Şəms" instrumental ansamblının yaradıcısı və bədii rəhbəri olub.

 

Məhərrəmin qardaşları Abbasqulu, Mehdi, İlham da istedadlı, ali təhsilli, hərtərəfli inkişaf etmiş musiqiçilərdir. Onlar 1988-ci ildə "Qardaşlar" kvarteti yaradıblar və bu qrup indiyə qədər öz missiyasındadır. Yarandığı zaman Xalq artisti, bəstəkar Süleyman Ələsgərov (1924-2000) bu qrup haqqında yüksək fikir söyləmişdir. Abbasqulu Nəcəfzadə kamança, violin (skripka), tar, ud, milli nəfəs alətlərini, ümumilikdə, səksən musiqi alətini ifa edir. Mehdi Nəcəfzadə tar, saz, bas tar, ud, domra və elektrogitaranı, İlham Nəcəfov klarnet, saksofon və milli nəfəs alətlərini, Məhərrəm müəllim isə, tarı, digər simli və milli nəfəs alətlərini ifa edir.

 

Qrupun hər bir üzvünün solo ifaları dərhal diqqəti cəlb edir. Sadəcə onlara müşayiətçi lazım olduğu üçün Abbasqulu Nəcəfzadə qardaşlarla birgə "Günaydın" instrumental ansamblını yaradıb. Məhərrəm Nəcəfzadə "Günaydın"ın tərkibində tar, saz, ney, tütək, zurna, ud çalğı alətlərini ustalıqla ifa edir.

 

Yüksək sənət enerjisinə, böyük istedada, dərin sənət həvəsinə, peşə sevgisinə malik olan M.Nəcəfzadə ilk gənclik illərindən başlayaraq müxtəlif ansamblların tərkibində çalışıb, böyük sənətə qaynayıb-qarışıb, püxtələşərək xeyli təcrübə qazanıb. O, 1983-1984-cü illərdə "İrs" foklor, 1981-1989-cu illərdə "Dastan" folklor, 1988-ci ildən "Meyxana" instrumental ansambllarında nəfəs və simli alətlər ifaçısı kimi xüsusi fəaliyyət göstərib. Xanəndə, Əməkdar artist (sonra Xalq artisti) "Dastan"ın rəhbəri Baba Mahmudoğlu (1940-2006) yaşının az olmasına baxmayaraq, ansamblın məşqlərində, yaradıcılıq işlərində, aranjeman məsələlərində Məhərrəmin təklif, fikir və tövsiyələrindən istifadə edirdi. Burada maraqlı məşqlər və geniş yaradıcılıq işi var idi. Və bu işdə Məhərrəm daim fəallığı ilə seçilirdi. Baba onun fəhmi, ağlı, düşüncəsi və dərrakəsinə heyran qalır, musiqi barədə fikirləri ilə razılaşırdı.

 

"Xatirə" ansamblının rəhbəri Adil Bağırov müğənnilərin səsinin radio fonduna yazılışı zamanı Məhərrəmin tütəkdə ifasından bir neçə dəfə istifadə edib.

 

Memar, musiqiçi İlqar Kərimov yazır: "İnşaat Mühəndisləri İnstitutunun tələbəsi idim. 1979-cu il idi, burada Abbasqulu Nəcəfzadənin rəhbərlik etdiyi "Arzu instrumental ansamblın məşqində tarçalan, istedadlı bir uşaq gördüm. İfa texnikası, bacarığı, bər-bəzəkli, dəyərli çalğısı nəzərimi cəlb etdi. Düşündüm ki, onun yaşı institut tələbəsi olmağa imkan vermir, kimdir bu uşaq ki, ansambla cəlb ediblər, özü də gözəl ifaçıdır. Dedilər ki, Abbasqulu müəllimin qardaşıdır. Deməli, mən həmin zaman, Məhərrəmin hələ 13 yaşı olanda onu kəşf etmişəm".

 

B.Mahmudoğlu "Leylacan" qədim bir folklor mahnısı oxuyurdu. Abbasqulu məşqdə mahnıya aranjeman əlavə etmişdi və burada Məhərrəm qısaca "Şur" çalırdı. 1985-ci il idi, Baba "Dastan"la həmin mahnını AzTV-də yeni ilin gəlişi axşamı oxumuşdu. Mahnı və Məhərrəmin ifasında muğam frazası marağa səbəb olmuşdu. Baba "Leylacan" mahnısını 1986-cı ildə AzTV-nin "Səhər görüşləri" proqramında da oxumuşdu. Səhəri gün xanəndə Səxavət Məmmədov filarmoniya bağına gələrək həmin tarzəni axtarırdı ki, bu uşaq kimdi? Beləliklə, Məhərrəm bir müddət Səxavətin toy ansamblının tərkibində tar ifa etmişdi.

 

Beləcə, gənc musiqiçi musiqi kollektivlərində təcrübəyə yiyələnir, formalaşır və musiqi mədəniyyəti üçün yetişirdi, yetişdi də... O, bu ansamblların tərkibində Bakıda və əyalətlərdə çox konsertlərdə olub. Məhərrəm "Meyxana" ansamblı ilə Respublika sarayında, Dövlət filarmoniyasında, rayonlarda, cəbhə bölgələrində verilən konsertlərdə çıxış edib.

 

1983-cü ildə "İrs" ansamblı "Qız qalası" cizgi filminin musiqi tərtibatına cəlb olunmuşdu. M.Nəcəfzadə filmdə ney, tütək, balaban, zurna, ud və rübab alətlərini məharətlə, tələbata, ssenarinin süjet xəttinə, məzmuna uyğun olaraq ifa edib. Onu "İrs" ansamblı müşayiət edib. Filmdə ansamblın solisti, gənc xanəndə xanım (hazırda Xalq artisti) Mələkxanım Əyyubova oxuyub.

 

Vaxtilə SSRİ Ali Sovetinə deputat seçkiləri zamanı respublikamızdan dünya şöhrətli bəstəkar Fikrət Əmirovun (1922-1984) da namizədliyi irəli sürülmüşdü. Onun namizədliyi Ağsu-İsmayıllı bölgəsindən idi. Namizədlə görüşün sonu konsertlə tamamlanırdı. B.Mahmudoğlu onun "Reyhan" mahnısını da proqrama daxil edərək oxuyurdu. Ansambl məşqdə aranjeman işləri görmüş və əsərə çalğı yeri əlavə etmişdi. Mahnının ortasında Məhərrəm neylə impovizə edir, əsər daha da zənginləşir, maraqlı, təravətli və təsirli alınırdı. Konsertdə F.Əmirov birinci sırada əyləşmişdi.

 

Məhərrəm Nəcəfzadə deyir: "Reyhan" mahnısının ifasında Fikrət Əmirov mənim improvizələrimə diqqətlə qulaq asırdı, gözlərini məndən çəkmirdi. Konsert bitəndən sonra o, səhnəyə qalxdı, B.Mahmudoğluya, "Dastan"ın üzvlərinə təşəkkür etdi və soruşdu ki, o neyçalan uşaq hanı? Məni çağırdılar, Fikrət müəllim əlimi sıxdı və dedi ki, Bakıya qayıdandan sonra səninlə yaradıcılıq əlaqəsi quracağam, sənin ifan üçün nəsə yazmalıyam".

 

Əfsus ki, bu baş vermədi. Böyük bəstəkar F.Əmirov 1984-cü il fevralın 20-də dünyaya əlvida dedi.

 

Məhərrəmin tarzən kimi ənənəli Azərbaycan muğam üçlüklərində də fəaliyyəti olub. Kamança ifaçıları Elman Bədəlov, Ədalət Vəzirov və Munis Şərifovla birlikdə xanəndələrlə çalışıb. O, bir müddət Alim Qasımovu da toy-büsatda müşayiət edib. Bu zaman bu üçlüyün kamança ifaçısı Tələt Bakıxanov olub. Xanəndə Mirməmməd Cavadov, Məhərrəm və Abbasqulu Nəcəfzadələr - muğam üçlüyü xeyli tədbirlərdə çıxış edib.

Bir zamanlar Bakıda yaranıb fəaliyyət göstərən, Azərbaycanda və SSRİ məkanında tanınan "Ozan" estrada-folklor qrupu vardı. Qrupu yaradan və rəhbərlik edən Rasim İmanov (hazırda tanınan alim Rasim Müzəffərli) idi. Nəcəfzadə qardaşları da bu qrupla yaradıcılıq əlaqəsi qurmuşdular. 1988-ci ildə Qazaxıstanın Şevçenko şəhərində keçirilən festivalda "Ozan" da iştirak edirdi. Qrupun tərkibində M.Nəcəfzadə və Əzizə Mustafazadə də var idi. Festivalda "Ozan" estrada-folklor qrupu Qram-pri almışdı.

 

Məhərrəmin qardaşı İlham Nəcəfov (hazırda Əməkdar artist) məşhur pianoçu, bəstəkar-cazmen, Xalq artisti Rafiq Babayevlə (1936-1994) onun yaradıcılıq işlərində, layihələrində çalışırdı. Ona tarzən lazım olanda İlham qardaşı Məhərrəmi özü ilə aparmışdı.

 

M.Nəcəfzadə deyir: "Tarı kökləyib, mikrofonun qarşısında əyləşdim, çalmağa başlayanda Rafiq Babayevin səsi gəldi: "Budur, mənə bu mizrablar, bu tembr, belə tar səsi lazımdır. Başqaları gəlirlər, tarı kobud səsləndirirlər, sanki tarı incidirlər, elə bil ki, alətdən qisas alırlar. İstədiyimi tapmışam, mənə belə tarzən lazımdır. Bu oğlan yumşaq, könül oxşayan, ruha toxunan tembrlə çalır, afərin. Biz səninlə çox işlər görəcəyik".

 

M.Nəcəfzadə 1991-ci ildən 1994-cü ilə qədər ustad sənətkarla iş birliyində olub. Rafiq Babayev metrodakı terror zamanı həlak olmasaydı, rəhmətliyin özünün dediyi kimi, çox iş görülə bilərdi.

 

Məhərrəmin ifa etdiyi çalğı alətlərinin sayı illər ərzində artır. Bununla yanaşı, onun sənətkarlığı da yüksəlir və populyarlığı çoxalır. O, simli alətlərdən tar, saz, türk sazı, ud, rübab, bas tar, domra, setar, dütar, nəfəs alətləri zurna, balaban, tütək və neyi ifa edir. Nəlbəkiləri yan-yana yığıb çalmağı isə başqa aləmdir. Bunun üçün özünə xüsusi repertuar hazırlayıb. Belə ki, Məhərrəmin proqramında "Mahur" və "Bayatı-Şiraz" məqamında musiqi nümunələri səslənir. "Mahur"da "Darçını" və digər bir neçə melodiya, "Bayatı-Şiraz"da "Nəlbəki" rəqsini çalır. Çoxdan repertuarında olan, tarda ifa etdiyi populyar bir yunan melodiyasını nəlbəkilərlə də işləyib meydana gətirib.

 

M.Nəcəfzadə 1997-ci ildən İ.Əbilov adına Mədəniyyət Mərkəzində işləyir, 2015-ci ildən bədii rəhbərdir. İllərlə burada keçirilən bədii-kütləvi tədbirlərin, seminarların, yaradıcılıq gecələrinin və konsertlərin təşkilatçısı kimi M.Nəcəfzadənin xidməti böyükdür.

 

Arzu edərdim ki, son vaxtlarda xüsusi enerji ilə fəaliyyət göstərən Mədəniyyət Nazirliyi Məhərrəm Nəcəfzadənin 30 ildən yuxarı səmərəli fəaliyyətini qiymətləndirərək sənətkarı daha da ruhlandırarlar. Məhərrəm Nəcəfzadə fəxri ada, mükafata layiqdir. Çünki klassik ənənələrə sadiq qalaraq ifaçılığa daim yeni çalarlar qatıb və ən əsası, öz sənətində məhsuldar olub.

 

Virtouz sənətkar Məhərrəm Nəcəfzadəyə həyat və yaradıcılığında yeni uğurlar arzu edirəm. O, çoxəsrlik sənət tariximizdə öz yeri olan mahir musiqiçi, çağdaş ifaçılıq sənətimizin dəyərli nümayəndəsidir.

 

Əhsən RƏHMANLI,

Sənətşünaslıq üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2021.- 23 oktyabr.- S. 23.