Bravo, Maestro!
Sən
demə, göyün, səmanın dibsizliyini pərdələyən,
göyü yerə yaxınlaşdıran buludlardan o yana tamam ayrı bir dünya varmış...
Aşağıdan
baxanda yuxarıda - səmada lopa-lopa asılmış buludlar
indi onun uçduğu təyyarənin altına sərilmiş
ağ xalıya bənzəyirdi. Səmanın
bu ikinci mərtəbəsi aşağı ilə əlaqəsi
olan birinci mərtəbədən tam təcrid olunmuşdu -
dünya elə bil bu buludlardan və sonsuz səmadan ibarət
idi...
Maestro
saatına baxdı: onu mənzil başından təxminən
bir saata qədər vaxt ayırırdı. Bir
saatdan sonra təyyarə dumanlı, çiskinli, rütubətli
Londona enəcəkdi.
İki həftə əvvəl Bakıda ona deyiləndə
ki, Çaykovskinin 6-cı simfoniyasını Kral Cəmiyyəti
simfonik orkestri ilə ifa etmək üçün Moskvanın
təklifi ilə Londana ezam olunacaq, bunu sakit, həyəcansız
qarşılamışdı. Onu nəinki SSRİ-də,
hətta onun hüdudlarından kənarda da Çaykovskinin əsərlərinin
ən yaxşı təfsirçilərindən biri kimi
tanıyırdılar. Təəccüblü başqa
şey idi: doğrudanmı şeytana papış tikən
ingilislərin içində Çaykovskinin bu əsərinin
şifrlərini hiss, duyğu ladında aça bilən bir
dirijor tapılmamışdı? Həmişə
siyasət dünyasında baş dirijor rolunu oynamağa
iddialı olan bu ölkə görəsən, Çaykovskinin
əsərlərinin dirijorunu nə üçün yad məmləkətlərdə
axtarırdı?
İngiltərəyə
ezamiyyətdən xəbər tutanda işləyəcəyi yeni
kollektiv haqqında məlumat toplamağa da ehtiyac
duymamışdı - bilirdi ki, böyük heyətə malik
bu orkestr zəngin təcrübəsi, yüksək peşəkarlığı
ilə yanaşı, adının səslənməsindən
qopan gurultunu hər yerdə nümayiş etdirməyi çox
xoşlayır, necə deyərlər, bir az dikbaş,
qabağından yeməyən
kollektivdir. Amma onun da dik başları aşağı
endirmək sahəsində təcrübəsi az
deyldi. Ona görə də içində bir
asudəlik, rahatlıq vardı. Üstəlik,
özünün "Rast", Fikrət Əmirovun
"Şur" simfonik muğamlarının
partituralarını da götürmüşdü -
mümkün olsa, bu əsərlərdən heç olmasa
birini proqrama daxil etmək istəyirdi - əlbəttə,
orkestrin başbilənləri və səfirliyin çinovnikləri
razılığa gəlsəydilər.
Narahatlıq başqa şeydən idi. Bilirdi ki, Londonun iqlimi hardasa
bir az Leninqradın rütubətli,
dumanlı iqlimini xatırladır. Həyatının
Leninqrad dövrü isə onun yaddaşında ömür
kitabının qara səhifələrindən biri kimi
qalmışdı. Maestro həyatının ziddiyyətli
məqamlarını, xoş olmayan günlərini yada salanda
birinci onu ağır xəstəliklə
"mükafatlandırıb" ağ ciyərinin
bir tayını əlindən alan Leninqrad günlərini
xatırlayırdı və dərhal da daha dodaqlarında
acı bir təbəssüm peyda olurdu. Amma içinin
hansısa bir nöqtəsindənsə süzülüb gələn
sehirli bir işıq bu təbəssümü elə
beşiyindəcə boğub qol-qanad açmağa qoymur və
bir uşaq təbəssümünə çevrilib
çöhrəsində, gözlərində günəş
şüaları kimi sayrışırdı...
Təyyarənin trapından enəndə gözlədiyi
kimi, onu səfirliyin rəsmisi - ezamiyyət dövründə
o, həm də tərcüməçi funksiyasını
yerinə yetirəcəkdi - və orkestrin administrasiya direktoru
qarşıladı. Saçları oğlan saçları
kimi kəsilmiş, orta yaşlı, gülərüz,
yaraşıqlı xanım idi.
Səfirliyin
rəsmisi xanımı ona təqdim etdi:
- Miss Teylor orkestrin administrasiya direktorudur. Bütün təşkilat,
qastrol və maliyyə məsələlərinə o
baxır...
Sonra
üzünü xanıma tutub maestronu təqdim etmək istəyəndə,
miss Teylor şaqraq səslə:
- Ehtiyac
yoxdur, mən maestro Niyazini tanıyıram - dedi. - Onu televizorda
dirijor pultu arxasında görüb çox sevmişəm.
Bravo, mister Niyazi!
Sonra
sağ əlini irəli uzatdı. Maestro ilk
baxışdan onda xoş təəssürat yaradan bu
xanımın əlini hörmətlə sıxdı.
- Burdan
hara gedəcəyik səfirliyə, otelə, yoxsa..?
- Qərargaha
- deyə xanım
Teylor səfirliyin işçisinin sözünü
bitirməyə imkan vermədi. - Orkestrin üzvləri orada bizi
gözləyəcək. Qoy maestronu onlara təqdim edim, tanış olsunlar...
...Az
sonra onların əyləşdikləri qara "Mersedes"
aeroportdan çıxıb şəhərin mərkəzinə
yol aldı.
Maestro və səfirliyin nümayəndəsi arxa
oturacaqda, xanım Teylor isə qabaqda əyləşmişdi. Nəyə
görəsə hər üçü susurdu - elə bil hər
kəs öz aləmindəydi, nə barədəsə
düşünür, nəyisə götür-qoy edirdi.
- Maestro
Niyazi, - xanım Teylorun səsi sükutu pozdu - olar, bir şey
soruşum?
- Əlbəttə...
- Mən
sizin kapriççioya necə məharətlə dirijorluq
etdiyinizi görmüşəm. Möhtəşəmdir! Bilmək istəyirəm, rəqs elementlərini
dirijor plastikasına əlavə etmək haradan
ağlınıza gəldi? Düzü, mən
indiyədək belə bir şey görməmişdim.
Hiss elədi
ki, sinəsinə nə isə xoş bir istilik yayıldı və
oradan bədəninin bütün nöqtələrinə
axdı.
Söhbət Mərkəzi televiziyanın, necə deyərlər,
şeytanın qıçını sındırıb həmin
əsərin onun dirijorluğu ilə kinolentə
alınmış ifasından gedirdi. Amma görünür,
şeytanın hər iki qıçını
sındırıb onu birdəfəlik şikəst etmək
mümkün olmamışdı - nəyə görəsə
titrlərdə bu əsərin müəllifinin kimliyini
göstərmək yaddan çıxmışdı.
-
Kapriççio yox, xanım,
Azərbaycan
kapriççiosu! Fikrət Əmirovun yazdığı bu əsər
mənim xalqımın ruhunun simfoniyası, onun sevincinin, kədərinin,
tarixinin musiqi obrazları ilə izharıdır...
- Siz orada
elə bil musiqinin içində üzürsünüz, mister
Niyazi. Bu, möhtəşəmdir!
"Daha sualının cavabını özün verdin,
xanım. Mənim izahıma ehtiyac qalmadı" - həmin o
uşaq təbəssümü yenə maestronun çöhrəsinə
qondu.
...Vestibüldən
keçib böyük bir salona daxil oldular. Heyətinin
sayına görə bəlkə də dünyanın ən
böyük orkestrlərindən birinin üzvləri içəridə
idilər - əlbəttə, alətləri ilə səhnədə
yox, bu dəfə boş səhnənin
tamaşaçıları kimi.
Bir neçə saniyə sonra onlar bəlkə də
dünyanın ən böyük simfonik orkestrini rahatca öz
ağuşuna ala bilən səhnədə
dayanmışdılar.
-
Xanımlar və cənablar, gözlədiyimiz mister Niyazi
qarşınızdadır. Onun həyat və
yaradıcılıq yolu barədə müəyyən qədər
təsəvvürünüz var. - Xanım bir neçə
gün əvvəl şəxsən özünün orkestrin
üzvləri qarşısındakı kiçik
çıxışını nəzərdə tuturdu.
- Sovetlər İttifaqının ən böyük
dirijorlarından biridir. - Sonra nəzərləri ilə zalda əyləşənlər
arasında kimisə axtardı, tapan kimi əlavə elədi -
mister Ceyms, xahiş edirəm, siz də səhnəyə
qalxasınız.
Birinci
sırada sol tərəfdə - lap qıraqda əyləşmiş
ortayaşlı, eynəkli bir kişi
ayağa qalxıb özündən razı addımlarla səhnəyə
qalxdı.
- Mister
Niyazi, mister Ceyms
Çivers orkestrin birinci skripkaçısıdır. Deməli, bu
gündən həm də sizin köməkçiniz olacaq.
Əminəm ki, rahat dil tapacaqsınız.
Sizə uğurlar arzulayıram.
Maestro gülümsəyərək
başını yellədi: yəni inanmaq istərdim.
Ceyms də gülümsədi, amma onun təbəssümü
çox soyuq və ifadəsiz idi - belə şeylər
maestronun nəzərindən qaçmazdı.
...Səhər
saat düz 10-da maestro iş paltarında - həmişə
özü ilə götürdüyü geniş ağ köynəkdə səhnəyə
qalxıb əvvəlcə ifa edəcəkləri əsər
barədə kiçik bir izahat verdi, bu əsərlə
bağlı öz dirijor yozumunun əsas tezislərini səsləndirdi.
Çalışırdı ki,
çıxışı konservatoriya auditoriyasında səslənən
dərs təsiri bağışlamasın - hər halda o, bura
Çaykovskinin yaradıcılığından mühazirə
oxumaq üçün gəlməmişdi.
Nəhayət,
qollar yana açıldı, sehrli əllərdən
ilk jest gəldi və ilk melodiyalar böyük məşq
salonunun divarlarında əks-səda verdi. Dərhal hiss elədi
ki, orkestr klassik ifa üslubuna üstünlük verən təcrübəli
kollektivdir və əsəri akademik tərzdə ifa etməyə
meyillidir.
Və qəfildən
maestro gur səs selində qəlp səsi, xalı eşitdi!
- Stop -
deyib əlindəki dirijor çubuğu ilə pultu
yüngülcə döyəclədi. - Olmadı!
Məşq dayandı. Maestro sakitcə:
- Nəfəsli
alətlər qrupunda kim isə səsə nəzarəti
"itirdi" - dedi. - Belə olmaz. Bir də əvvəldən...
Amma işarə verməmişdən əvvəl nəyə
görəsə gözucu birinci skripkaçıya baxdı. Həmin o dünənki
soyuq təbəssüm yenə gəlib cənab Ceymsin sifətinə
qonmuşdu...
Bu dəfə həmin qəlp səsin
özbaşınalığına imkan yaradan xətakarı
tapdı - 5-ci cərgədə soldan üçüncü əyləşmiş
trubaçı idi.
Maestro belə şeyləri
bağışlamırdı. Məşqə alətini
necə deyərlər, sazlayıb-yağlamadan gələn,
yaxud diqqətsizlikdən "xoruz buraxan"
ifaçını ayağa qaldırıb elə
hamının gözü qarşısında tənbeh edirdi.
Hətta bir neçə dəfə
günahkarı məşqdən kənarlaşdırmışdı
da. Amma deyəsən, bu "xoruz" o xoruzlardan deyildi,
bir az fərqli "banlayırdı".
Maestro yenə
də məşqi dayandırdı:
-
Xahiş edirəm, nəzərləriniz
qarşınızdakı not kağızlarında olsun. Səs heç yarım saniyə də nəzarətdən
çıxmamalıdır. Yerlərinizi tərk
etməmək şərti ilə 3 dəqiqə fasilə elan
edirəm. Alətlərinizi tam sazlayın
və notların səslənməsində təmizliyə
fikir verin.
Maestro belə
vəziyyətlərə az düşməmişdi
və heç vaxt da yanılmamışdı. Amma bu dəfə
hələ "bismillah" eləməmiş fasilə elan
eləməyi onun özünə də qəribə gəldi...
Maestronun intuisiyasına söz ola bilməzdi. Amma indi bilmirdi ki, bu saxta, qəlp səslər texniki nasazlığın, yaxud sadəcə diqqətsizliyin nəticəsi yox, dünən o, otelə yollanandan sonra cənab Ceymsin təşəbbüsü ilə keçirilən gizli, qeyri-rəsmi iclasda yekdilliklə təsdiq olunmuş planın bəndlərindən biridir. Alçaqboylu, cılız bədənli, qarabığlı, qarasaçlı bu kişinin "qırımından" nəyə görəsə Ceymsin xoşu gəlməmişdi. "Özünə çox inamlı görünən bu cılız adam bizi necə idarə edəcək? O ki ayaq üstə zorla dayanır!" - deyə orkestrin digər üzvlərinin də ürəyinə az da olsa tərəddüd, şübhə toxumları səpə bilmişdi. Elə bugünkü tamaşa da onun qurduğu ssenarinin kuliminasiya nöqtəsi idi. Gənc trubaçalana "Gur qamma səslənəndə xaric notlar burax, görək biləcəkmi? Tuta bilməsə, ondan bizə dirijor olmaz" - demişdi.
Maestro
3-cü dəfə "Getdik" işarəsini verdi...
Bu dəfə
xoruz astadan, amma pis "banladı" və maestronun səbir
kasası daşsa da, sərt, kobud jestlə reaksiya verməkdən
özünü zorla saxladı, "Stop" - deyib əlindəki
çubuğu pultun üstünə atdı, üstündə
dayandığı dirijor "pyedestalından" düşərək,
bu dramatik situasiyanın nə ilə başa
çatacağını intizar və qəribə maraqla
gözləyən ifaçıların arasından keçib
5-ci cərgəyə yaxınlaşdı, trubaçılar
qrupunda əyləşmiş oğlanın qulağına tərəf
əyilib asta səslə:
- Mister,
deyəsən, alətiniz nasazdır, sizi saya salmır,
sözünüzə qulaq asmır, - dedi. -
Əgər belədirsə, lütfən onun
könlünü alın. Yox, əgər
onda günah yoxdursa, onda özünüzü
yığışdırın. Mən
dostlarınızın yanında sizi pərt eləmək istəmirəm.
Trubaçının sifəti maestronun gözləri
qarşısında yavaş-yavaş qızarmağa
başladı və bu anlarda yer yarılsaydı,
üzünü gizlətmək üçün məmnuniyyətlə
ora girərdi.
Elə bu
dəmdə arxa sırada əyləşmiş
ifaçılardan kimsə özünü saxlaya bilmədi və
onun gur səsi divarlarda əks-səda verdi:
- Bravo,
maestro!!!
Maestro geri çevrildi və ona elə gəldi ki, təəccübdən
matı-mutu qurumuş sifətlərin, heyrətdən bərələ
qalmış gözlərin fotoları nümayiş etdirilən
sərgi salonundadır.
Bakının
azca neft qoxuyan havasını yada saldı...
Vətən üçün darıxdı...
Əlisəfdər
HÜSEYNOV
525-ci qəzet.- 2021.- 23 oktyabr.- S. 20.