Milli sənətşünaslıqda müstəsna imza -  professor Kərim Kərimov

 

 

Azərbaycanın milli sənətşünaslıq məktəbinin təkmilləşdirilməsində böyük rol oynayan şəxsiyyətlər sırasında tanınmış alim, AMEA-nın müxbir üzvü, professor Kərim Kərimovun adı xüsusi vurğulanmalıdır. Görkəmli alimin bizim üçün xüsusi əhəmiyyət kəsb edən dəyərli tədqiqatları əsl sənətşünas hissləri ilə yoğrulub. Həmin axtarışlar Azərbaycan incəsənətinin qədimliyini, onun bənzərsiz bədii üslublarda təzahürünü gözlərimiz önünə sərir. Azərbaycan rəssamlıq sənətinin müxtəlif istiqamətlərində axtarışlar edən alimin elmi irsində milli miniatür sənətimizin öyrənilməsi xüsusi yer tutur ki, məhz alimin elmi nailiyyətlərinin əsas hissəsi bu yöndədir. Təbriz Qəzvin miniatür məktəblərinin üzə çıxarılması elmi cəhətdən əsaslandırılması, onların Yaxın Orta Şərq İncəsənətinə təsirinin öyrənilməsi məhz K.Kərimovun adı ilə bağlıdır. Alimin bu yöndə apardığı tədqiqatları nəticəsində aşkarlanmış bir çox materiallar sənətşünaslıq elminin tarixini zənginləşdirib.

 

 Aydındır ki, bir zamanlar Təbriz miniatürlərinin Azərbaycan incəsənətinə məxsus olduğuna şübhə ilə yanaşanlar az deyildi. Görkəmli sənətşünas K.Kərimovun araşdırmalarının uğurlu nəticələri ona milli miniatür sənətimizin özünəməxsusluğunu dəfələrlə bəyan etmək imkanı verib alim bu yolda sözün əsl mənasında mübariz olub. K.Kərimov sadəcə sözlə yox, elmi əsaslarla Təbriz miniatürlərinin Azərbaycan incəsənətinə məxsus olduğunu sübut etmişdi.

 

 

 

Sənətşünas kitablarından birində "Yaxın Orta Şərq xalqlarında kitab miniatürünün ən erkən nümunələrinin Azərbaycan şəhərləri olan Təbriz, Xoy, Marağada yaradılmasını qeyd edərək, bu fikrini elmi əsaslarla sübuta yetirmişdi. Görkəmli sənətşünas Ərtegin Salamzadə öz məqaləsində bu barədə yazır: "K.Kərimovun Azərbaycan miniatürünü Orta əsrlər Şərq incəsənətinin ümumi konteksindən çıxarmaq, onu "müsəlman incəsənəti" kimi amorf müəyyənləşdirmələrdən ayırmaq cəhdləri ilk zamanlar bəziləri tərəfindən birmənalı qəbul edilmir, hətta düşməncəsinə qarşılanırdı. Lakin K.Kərimov Təbriz miniatürlərinin milli mənsubiyyəti məsələsindəki mövqeyini qətiyyətlə müdafiə etdi öz opponentlərini buna inandırmağa nail oldu".

 

Milli miniatür məktəbimizin onun əsas təmsilçilərindən olan Soltan Məhəmməd, Sadiq bəy Əfşar kimi rəssamların yaradıcılığının layiqincə araşdırılmasında K.Kərimovun əldə etdiyi nailiyyətlər bu gün göz qabağındadır.

 

 

 

Görkəmli alimin əldə etdiyi digər bir uğuru isə Təbriz miniatür məktəbinin bir qolu kimi qəbul edilən Qəzvin miniatür məktəbinin müstəqil bir məktəb olduğunu sübuta yetirməsi idi. Beləliklə, deməyə haqqımız çatır ki, miniatür rəssamlığının tədqiqi ilə maraqlanan çox rəssam olub, lakin K.Kərimov qədər miniatür sənəti ilə yaxından tanış olmağı, geniş müşahidələr aparmağı, hadisələrin mahiyyətini duymaq gələcək əsərləri üçün kifayət qədər material toplamağı onların çox az bir qismi bacarıb. Hətta sonralar bu sahədə axtarışlar edən sənətşünaslar  etiraf etmişlər ki, "qəlbimizdə miniatür sənətinə məhəbbəti məhz K.Kərimov yaradıb".

 

K.Kərimov sənətşünaslıq sahəsində ciddi fikir söyləməyə layiq mütəxəssis idi, onun bu sahədəki nəzəri müddəaları bir çox alimlər tərəfindən məmnunluqla qəbul edilirdi. Sənətşünasın elmi araşdırmalar irsinin zirvəsini məhz orta əsrlər Azərbaycan miniatür sənətinin onun nümayəndələrinin yaradıcılığının öyrənilməsi təşkil edir. Lakin alimin araşdırmaları bununla bitmirdi. Sənətşünas miniatür sənətindən əvvəlki sonrakı dövrün mövzularına da toxunmuş, Azərbaycan incəsənət tarixində az bəlli olan ya bəlli olmayan səhifələri vərəqləmişdi. Nümunə üçün qeyd etməliyik ki, tədqiqatçını rus rəssamlarının yaradıcılığında Azərbaycan mövzusu xüsusilə maraqlandırmışdı. Həmin əsərlərdə tarixi-memarlıq abidələrimizin görünüşləri, məişətimiz öz əksini tapıb ki, məhz bu araşdırma K.Kərimovun vətəndaşlıq mövqeyinin ilkin təzahürlərindən idi.

Təsviri incəsənət tariximizin bütün sahələrində yorulmadan, həvəslə axtarışlar edən  K.Kərimov ona görə əvəzsiz sənətşünas idi ki, tədqiq etdiyi bütün mövzulara uyğunlaşmağı bacarırdı. Alim "Divar üstü boyakarlıq" əsərində demək olar ki, əsl memar kimi çıxış edirdi. Lakin sənətşünas Azərbaycan divar boyakarlığı sənətinin miniatür sənətimiz ilə müəyyən qədər əlaqəli olduğunu da nəzərə çatdırmağı unutmamışdı. Tədqiqatçı alim Şəki Xan Sarayının divar rəsmlərinin təhlili zamanı sarayın ikinci mərtəbəsindəki salonun friz hissəsində çəkilmiş müharibə ov səhnələrini təsvir edərək yazır: "Süjetin təfsirindən tutmuş detalların təsvirinədək bütün obraz quruluşu miniatür boyakarlığının təsirini əks etdirir".

 

Qeyd etmək lazımdır ki, dəyərli alim onun üçün doğma olan Naxçıvan torpağının yetirdiyi rəssamlar haqqında da dəyərli fikirlər söyləmiş, hətta realist rəssamlıq məktəbinin görkəmli nümayəndəsi Bəhruz bəy Kəngərli haqqında qiymətli əsər ərsəyə gətirmişdi.

 

 

 

Alimin görkəmli fırça ustası haqqında qələmə aldığı həmin əsər 1963-cü ildə rəssamın anadan olmasının 70 illiyinin qeyd olunduğu bir vaxtda işıq üzü görüb.

 

Naxçıvan teatr tarixini böyük həvəslə öyrənən Kərim Kərimov çıxışlarının birində qeyd etmişdi ki, Naxçıvan teatrının uğurlarında rejissorlar aktyorlarla bərabər, rəssamların da payı az deyil: "Mən bu kürsüdən, böyük iftixar hissi ilə deyə bilərəm ki, Naxçıvan rəssamları Azərbaycan realist sənətkarlığının banisi, vaxtilə neçə-neçə teatr tamaşasına bədii tərtibat vermiş Bəhruz Kəngərlinin ənənələrini davam etdirirlər. Əməkdar incəsənət xadimi Şamil Qaziyevin, Adil Qaziyevin, Əyyub Hüseynovun, Yuran Məmmədovun müxtəlif tamaşalara verdikləri bədii tərtibat özünün realist həlli ilə dərin məzmunu ilə seçilmişdir. Mən tez-tez işlətdiyim ifadəni bu gün bir daha təkrarlamaq istəyirəm ki, Azərbaycanda səhnədən söz deyə bilən, adı böyük hərflərlə yazılası üç teatr rəssamı tanıyıram. Onlardan ikisi Bakıda-Nüsrət Fətullayev Elçin Aslanov, üçüncüsü isə Naxçıvanda Məmməd Qasımovdur".

 

Fasilələrlə 30 ildən artıq bir müddət ərzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərən alim naxçıvanlı rəssamlar Hüseynqulu Əliyev, Elman Cəfərov, Əlövsət Allahverdiyev kimi dəyərli rəssamlara miniatür sənətinin sirlərini öyrətmişdi. Görkəmli alim 110-dan artıq elmi əsərin, o cümlədən, 12 monoqrafiyanını müəllifidir. O, "Soltan Məhəmməd və onun məktəbi", "Azərbaycan miniatürləri", "Divar üstü boyakarlıq", "Azərbaycan incəsənəti", "Bəhruz Kəngərli", "Sadiq bəy Əfşar" və başqa əsərləri ilə sənətşünaslıq elminə böyük töhfə verib. Bütün həyatını, elmi fəaliyyətini əsl ziyalı alimə yaraşan bir tərzdə keçirən sənətşünas K.Kərimov yaradıcılığını Azərbaycanda bir çox sənətkarların və sənət əsərlərinin aşkar edilməsi və ilkin tədqiqi işinə həsr edib. K.Kərimovun apardığı tədqiqatlar Azərbaycan  rəssamlıq sənəti sahəsindəki boşluqları doldurmuş, eyni zamanda, milli miniatür sənətimizin tarixi baxımdan ardıcıl mənzərəsini ərsəyə gətirmişdir.

 

Sənətşünasın bizlərə miras qoyduğu kitablar, onun Azərbaycan təsviri sənət tarixinin yaradılması, orta əsr miniatür sənətinin araşdırılması uğrunda keçdiyi zəhmətli yolların bariz nümunəsidir. K.Kərimovun uzun illər ərzində Azərbaycan incəsənətinin müxtəlif istiqamətlərdə tədqiqinə yönəlmiş çoxşaxəli yaradıcılığı bu gün milli rəssamlıq sənətimizin dünya miqyasında tanıdılması üçün qiymətli mənbə kimi istifadə olunur.

 

 

Şəmsiyyə ZALOVA

AMEA Naxçıvan bölməsinin əməkdaşı

 

525-ci qəzet.- 2021.- 23 oktyabr.- S.19.