Cavidan Kəsəmənli :"Müharibədə yaşanan hisslər
heç vaxt soyumur"
Böyük Zəfərin birinci ildönümü
tamamlanmaq üzrə olsa da, Vətən müharibəsinə
dair xatirələr nə yazılmaqla bitir, nə söyləməklə. Xüsusən,
şəhid ailələri, qaziləri, müharibə
iştirakçılarımız üçün müharibənin
ildönümü günləri daha çətindir,
şübhəsiz. Acılı-şirinli
xatirələr bu günlərdə daha çox dilə gətirilir.
Bu dəfə aktyor, Vətən müharibəsi
iştirakçısı Cavidan Kəsəmənlinin xatirələrini
dinlədik. Unudulmaz şairimiz Nüsrət Kəsəmənlinin
nəvəsi olan, incəsənət yönümlü ailədə
doğulan və özü də bu yolu davam etdirən Cavidan Vətən
müharibəsində əsl Azərbaycan oğlu kimi
vuruşub, dövlətimiz tərəfindən üç
medalla təltif olunub. Qalanını özü
danışsın...
- Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin Dram aktyorluq
ixtisasını bakalavr pilləsi üzrə 2016-cı ildə
bitirmişəm. 2018-2020-ci ildə isə həmin
universitetdə magistratura pilləsində təhsil aldım.
Təhsilimi tamamladıqdan sonra 2020-ci il
iyulun 23-də hərbi xidmətə yollandım. Beyləqan rayonunda divizyonda xidmət edirdim.
Müharibə ərəfəsində biz əsgərlər
üçün artıq psixoloji hazırlıq mərhələsi
başlamışdı. Mən ağır artilleriyada xidmət
edirdim. Bizi Füzuliyə göndərmişdilər.
Top səngərləri qazırdıq. Yavaş-yavaş
özümüzü olacaq hadisələrə kökləyirdik.
Çünki bizə deyilməsə də,
yüksək rütbəli zabitlər, məsul şəxslər
yaxın zamanda əks-hücum olacağını bilirdilər.
Biz isə həm mənəvi, həm psixoloji cəhətdən,
həm də düşdüyümüz ixtisas üzrə
daha yaxşı təkmilləşmək üçün
hazırlıqlar, təlimlər keçirdik.
Sentyabrın 21-22-dən günlərlə topun
sığınacağında yatdıq. Sentyabrın
27-si səhərə yaxın atəş əmri verildi.
Təbii ki, bunu gözləyən də
vardı, gözləməyən də. Amma
hamımız bilirdik ki, bu, nə vaxtsa olmalıdır. Qismətdən bizim xidmət etdiyimiz zamanda oldu.
Əlbəttə, kimsə anadan hərbçi
doğulmur, ya da müharibəyə tam hazırlıqlı vəziyyətdə
olmur. Əmr veriləndən sonra atəşlərə
başladıq və qarşı tərəfdən də eyni
atəşlər yağırdı. İlk
zamanlarda psixoloji olaraq nisbətən çətinlik çəkdik.
Nə qədər hazırlaşsaq da, bir anda həmin
situasiyanın içərisinə düşmək insanda
çaşqınlıq yaradır.
Bizim artilleriya atəşimizdən sonra piyadalar, zirehli
texnika, tanklar irəliyə getməyə başladı və
tam mənasıyla dərk etdik ki, bu, müharibədir. Ondan sonra
müharibənin ab-havasına tam daxil olduq.
- Ailənizlə
danışmışdınızmı?
- Hər
kəs kimi mənim də gözləyənlərim vardı. Öz ölümümdən daha çox, onların
yaşayacaqları məyusluq, kədər məni incidirdi.
Çox çətinliklə olsa da, müharibənin
ilk günü evlə danışa bildim. Nənəmlə
bağlılığımız tam ayrıdır. Çünki mən uşaqlıqdan nənəmlə
babamın himayəsində yaşamışam. Babam rəhmətə getdiyi üçün ilk nənəmə
zəng elədim. Hələ ki, mətbuatda
məlumat yayılmamışdı deyə, nənəm mənə
inanmadı. Elə bildi zarafat edirəm.
Mənsə, sadəcə dedim ki, haqqınızı halal
edin, qorxmayın. Bilin ki, burdayam, qismətdə
nədir, onu da yaşayacağıq. Kövrəldiyini
eşidib pis oldum, dəstəyi asdım.
Müharibə vaxtı da bacardıqca ailəmə zəng
edirdim. Amma təxminən 17 gün ərzində, müharibənin
yarısını heç əlaqə saxlaya bilmədim.
Onda ailəm çox böyük təlaş
keçirib, hətta şəhid olduğumu da
düşünüb, şəhidlərin siyahısında
adımı axtarıblarmış.
-
Müharibənin ən çətin dövrü hansı idi?
- İlk vaxtlar, 15-20 gün ərzində çox
güclü atəş yağmuru vardı. Bircə an
da atəş dayanmırdı. Sonra
Yaşıltəpə adlanan istiqamətə yönəldik.
Orda toplarımızı döyüşə
verdik. Ordumuz elə səfərbər
olmuşdu ki, tarixdə görünməmiş sürətlə,
çox qısa zamanda çox böyük ərazilər azad
olunurdu. Bu da Azərbaycan Ordusunun mükəmməlliyindən,
müzəffərliyindən irəli gəlirdi. Həm psixoloji, həm mənəvi, həm fiziki, həm
də texniki qurğuların yüksək səviyyəsi
baxımından, məncə, Azərbaycan Ordusu digər
ölkələrə örnək olacaq dərəcədə
idi. Biz orda bir an belə olsun, nəyinsə
çatışmazlığını hiss etmədik. Fikrimcə, müharibənin müsbət nəticələnməsində
bunun payı çox oldu.
Sonra Cəbrayıl istiqamətinə yönəldik və
sırf bizim artilleriya qrupları ilk dəfə onda mühasirəyə
düşdü. Təpəlik ərazidən ermənilər
bizim mövqeni güclü atəşə tutdular. Hərəmiz bir tərəfə səpələnmişdik
ki, minamyot mərmisi düşsə, toplu halda şəhid
olmasın, həm də baxanda yerimiz bilinməsin. Orda yanımdakı iki əsgər yoldaşım
şəhid oldu, biri yaralandı. Şükür
ki, çətinliklə də olsa, mühasirədən
çıxa bildik. Ondan sonra Zəngilan,
sonra Hadrut ərazisinə getdik.
Hadrut və Şuşadakı döyüşlər ən
qızğın döyüşlər idi. Fikrimcə, ən
çətin azad olunan yerlər də onlar oldu. Çünki düşmən xüsusən o ərazilərdə
daha çox möhkəmlənmişdi və əldən vermək
istəmirdi.
Ümumiyyətlə, Qarabağın azad edilməsi ərazi
cəhətdən çox çətin idi. Çünki
ermənilər tərəfindən işğal olunmuş ərazilər
dağlarda, təpələrdə, yüksəklikdə yerləşir.
Düzənlikdən dağa hücum etmək, əlbəttə,
çətindir. Onlar bütün yüksəklikləri
tutmuşdular və ordan nəzarət edirdilər. Həm də onlar 30 ildir ordadılar və
bütün koordinatları bilir, ərazini bizdən daha
yaxşı tanıyırlar. Ona görə
də bizim işimiz daha çətin idi. Buna
baxmayaraq, ordumuz daha güclü olduğundan qısa vaxtda
onları qaçmağa məcbur edirdik. Ermənilər
heç nədə bizdən üstün deyillər. Bunu bu müharibədə özləri də gördü
və dərk etdi. Müharibə boyunca bir
ərazidə uzun müddət qaldığımızı
xatırlamıram. Xüsusən, ilk
günlərdə ağır artilleriya olsaq da, dayanmadan
mövqe dəyişdirir, irəli gedirdik.
- Şübhəsiz, müharibənin hər anı
ölümdür. Ancaq sizin "bu, sondur" dediyiniz
hansı məqamlar olub?
- İki dəfə ciddi şəkildə "bu,
sondur" demişəm. Çox yüksək ehtimalla öləcəyimi
düşündüm. Biri bayaq dediyim, Cəbrayıl
istiqamətində mühasirəyə düşərkən
oldu. Ondan dəhşətlisi isə
Qubadlı ərazisində düşdüyümüz
mühasirə idi. Qubadlıya yenicə
daxil olmuşduq. Müharibənin ən
qızğın, xüsusən, bizim - ağır
artilleriyanın ən çətin vaxtları idi. Təpələrə doğru irəlilədiyimizdən
artilleriyanın işi çətinləşmişdi. Həmin vaxt gecə idi, qurğularımızı
döyüşə hazırlayırdıq. Hələ qurğuları hazırlayıb bitirmədən
yerimiz düşmən tərəfindən
aşkarlanmışdı. Orda minomyotla
çox dəhşətli atəşə tutulduq. Bizdən başqa piyada, minaatan hərbi
qulluqçular da vardı. Təpələrdə
səpələnib bacardıqca başımızı əyib
uzanaraq müdafiə olunurduq. Minomyotdan
sonra qırıcı təyyarələri işə
saldılar. Başımızın
üstündən iki qırıcı təyyarə
keçdi. Qırıcı mərmilər gəldiyi an kəlmeyi-şəhadətimi oxudum. Tək mən yox, orda olan hər kəs. Çünki onlardan qurtulmaq şansı yox dərəcəsində
idi. Təəssüf ki, orda çox şəhid
verdik.
-
Döyüş yoldaşlarınızdan danışmaq istərdim.
Orda sizin həyatınızı qoruya bilən, sizin də həyatlarını
qorumaqda məsul olduğunuz insanlardan...
-
Müharibə başlayanda təxminən 2 ayın əsgəri
idim. Hələ əsgər yoldaşlarımla
çox da sıx münasibətimiz yaranmamışdı.
Amma müharibə vaxtı bir-birimizə o qədər
çox bağlandıq ki, hamımızın dərdi,
problemi ortaq olmuşdu. Atəşkəs
dövründə əsgər yoldaşı olmaq
başqadır, müharibə zamanı isə tamam başqa.
Orda hamımızın bircə amalı
vardı - Qarabağ. Həyatımız
Allahdan sonra bir-birimizə əmanət idi. Münasibəti pis olan əsgərlər belə
orda çox yaxın, qardaş kimi olmuşdu. Müharibənin hər anı ölümdür.
Bizim sağ qalmağımız orda heç nə etmədiyimiz
anlamına gəlmir. Sadəcə qismət belə
oldu ki, kimlərsə şəhid oldu, kimlərsə qazi, kimlərsə
də sağ-salamat qayıtdı.
- İncəsənət nümayəndəsi kimi
müharibədə iştirak, yəqin ki, sənə digərlərindən
daha çətin oldu. Çünki sənət adamının
ruh halı başqa olur. Bu ziddiyyət orda
necə tənzimləndi?
-
Sözün düzü, nəinki müharibə, hərbi xidmətdə
olmağımı belə insanlar təəccüblə
qarşılayırdılar ki, sən aktyorsan, ədəbiyyatçı
ailəsində böyümüsən, əsgərlik necə
olar. Mənim situasiyamda başqası olsaydı,
mən də elə düşünərdim. Təbii ki, hərbi xidmət hər kişinin vətən
borcudur. Sadəcə mənim
uyğunlaşmağım digərlərinə baxanda daha
çətin idi. Amma fikrimcə, bunun
üstünlüyünü yaradıcılığımda
görəcəm. Məsələn, gələcəkdə
müharibəylə bağlı bir layihə olarsa, canlı
şahid kimi müharibə iştirakçısını ən
yaxşı canlandıran aktyorlardan biri mən ola
bilərəm.
-
Müharibə bitəndən sonra harda xidmət edirdiniz?
- Hadrutda
odlu silahlarla həmin ərazilərin mühafizəsində
idik. Sonra Qubadlıda müdafiədə olduq.
Tərxis olunmağıma az qalmış
yenidən Beyləqana qayıtdıq. 2021-ci ilin
iyulunda ordan tərxis olundum. Dövlətimiz
tərəfindən Füzulinin, Cəbrayılın və
Şuşanın azad olunmasına görə medallarla təltif
olundum.
-
Müharibədən bir il ötür. Bu prosesi necə keçirirsiniz?
-
Müharibədə yaşanan hisslər heç vaxt soyumur.
Heç ağlıma gəlməzdi ki, hərbi xidmətə
gedib müharibəyə qatılar və 30 il
işğalda olan torpaqların azad olunmasında iştirak edərəm.
İndi də orda
yaşadıqlarımızı xatırlayanda gözlərim
dolur, pis oluram. Nə vaxtsa kinoda
gördüyüm səhnələrin içində idim.
Çox pis yuxu kimi idi. Hətta
kinoda belə bu qədər dəhşətli təsvir
olunmur. Onda anladım ki, hərbçilərin
işi nə qədər çətin imiş. Sanki kəfənini boynuna salıb gedirsən. Ona görə də müharibə
iştirakçılarına, qazilərə diqqət hər
birimizin borcudur. Sevinirəm ki, dövlətimiz,
xalqımız onlara böyük diqqət göstərir.
Harda olsa, mənim müharibədə iştirak
etdiyimi biləndə hər kəs hörmətlə
yanaşır.
Sənətimə isə, hələ ki, qayıtmamışam. Müharibə psixologiyasından bir az çıxmaq üçün özümə 4-5 aylıq istirahət vermişəm. Təkliflər gəlsə də, elə də qaneedici olmadığından özümü məcbur etmək istəmirəm. Sonra inşallah, tam sürətlə işimə qayıdacam.
Şahanə
MÜŞFİQ
525-ci qəzet.- 2021.- 23 oktyabr.-
S.18.