Ruhun Zəfər təntənəsi -
“Qarabağa dönüş”
İlk cəhd ondan gəlməliydi və gəldi də. Böyük şairimiz Sabir Rüstəmxanlıdan. O Sabir Rüstəmxanlıdan ki, "Ömür kitabı" ilə nə üçün ömür sürməli olduğumuzu bizə ustalıqla anlatmış, insanımızın milli mənlik şüurunu riqqətə gətimişdi. O zaman hesab edirdim ki, hətta başqa bədii, elmi-publisistik əsərlər yazılmasaydı da, tək bircə "Ömür kitabı" əsəri milli istiqlal hərəkatımızı rövnəqləndirmək üçün kifayət idi. Bu gün isə o qənaətdəyəm ki, bundan sonra hər hansı digər poeziya nümunələri yazılmasa belə, Vətən müharibəsi ilə bağlı bir çox mətləblərin mahiyyətini anlamaq üçün Sabir Rüstəmxanlının "Qarabağa dönüş" poemasını oxumaq bəs edər.
Bütövlükdə söz sənəti prizmasından yanaşsaq, "Qarabağa dönüş" ədəbiyyatımızın Vətən müharibəsinə son dərəcə böyük ərməğanıdır. Müəllif bu əsəri ilə həm də ədəbiyyatımızın digər istiqamətləri üçün məsuliyyət həddini müəyyənləşdirir. Yəni milli davamız barədə ədəbi-bədii ruhda yazılacaq nümunələr onun yaratdığı qədər möhtəşəm olmalıdır.
"Qarabağa dönüş" yalnız poema deyil, həm də tarixə ibrətamiz səyahətdir. Sabir Rüstəmxanlı qələmində bu səyahət ağrılarımızı dilə gətirir, bu ağrı get-gedə şiddətlənərək müqavimət hissi ilə əvəzlənir. Şair ağrıya bələddir, onu iliyinədək içinə çəkib. Yəni özünün də bildirdiyi kimi, Bakının, Təbrizin, Ərdəbilin yana-yana dayanmısını, Arazın xəcalət çəkməsini hamımızdan çox duyub. Bu baxımdan "Qarabağa dönüş"dəki girişi uzaq tarixlə yaxın tarix arasındakı bağlantı adlandırmaq da mümkündür və xalqın müqavimət hissi də həmin zaman kəsiyində formalaşaraq pik nöqtəsinə çatır.
Budur, o müqavimət hissinin boğulmasına göstərilən cəhd:
Gəldi
Sovet ordusu, dişinə vursun bizi,
Tanklar, toplar, mərmilər bükmədi dizimi.
Bəli, müqavimət, dirəniş hissimizi
qırmağa çalışanlar hadisələrin
sonrakı davamını erməni avanturasında gördülər. Gördülər
və Qarabağı bizdən qopardılar. Otuz ilə yaxın davam edən həsrət, nisgil
dövrü başlandı. Bu, elə bir
dövr idi ki, onu sıxılaraq yaşadıq. Hər dəfə qaçqın və məcburi
köçkünlərimizin məskən saldıqları
çadır şəhərciklərinə baxanda utandıq,
Xocalı dəhşətinə cavab verə bilmədiyimizi
görüb xəcalət təri tökdük. O şəhərciklərdə
neçə-neçə ürəyimiz tab gətirmədi. Buna dözmək deyilirsə, dözdük. Dözərək öz anımızı gözlədik
və o anın yetişəcəyinə inandıq.
"Qarabağa dönüş" Vətən
müharibəsinin xalqımız üçün misilsiz
yaşantısıdır. Əlbəttə,
müharibə faciədir, ağrıdır, dərddir. 44 gün müddətində bunları
yaşadıq. Amma müharibə həm də
dəhşətli romantikadır. Sabir
Rüstəmxanlı qələmi Vətən sevgisini
ölümsüzləşdirən romantikanın əyninə
sanki dərin yaşantı geyimi toxuyur. O geyim əsgər
libasıdır. Yaşantının ilhamverici
qüvvəsi Azərbaycan əsgəridir. O əsgər
ki, müharibə müddətində xalq onunla oldu. Harda onu gördüsə, ayaq saxladı,
bağrına basdı. Xalq əsgərə
hər cür qayğını göstərdi, onu
düşünərək yuxuya getdi, səhəri onun çəkmələrinin
səsinə açdı və tələsdi. Müəllif də xalqın əsgərlə
bağlı narahatlığını göstərmək
üçün tələsir. Tələsdiyi
üçün əsgəri də tələsdirir:
Tələs igid əsgərim, havalar soyuqlaşır.
Təpələr çallaşmaqda bir azdan qış gələcək.
Sabir Rüstəmxanlı
yaradıcılığında ikiyə
bölünmüş Vətən həsrəti dərd dilləntisidir,
yara acısıdır. Vətən müharibəsi günlərində
Arazın bu tayı kimi, o tayı da dilləndi. Dərd acısını unutmaq üçün zəfərə
təşnə oldu. Biz Azərbaycanı
bütöv gördük. Biz Vətəni bu qədər
bütöv görməmişdik:
Əl
edir Qarabağa qaradağlı qardaşlar,
Qırx milyon insanıyla ora da bir Vətəndir.
Nə sərhəd
çəkilməklə millətim ayrılacaq,
Nə birləşmək arzusu, nə də sevgi bitəndir.
"Qarabağa dönüş" düşmənə
qarşı amansızdır. Bu amansızlıq isə
tarixdəki acı dərslərimizdən qaynaqlanır. Ermənilərin zaman-zaman başımıza
açdıqları oyunları sadalayan Sabir Rüstəmxanlı
"döyüşə yolladığı əsgəri"
hər şeydən öncə tarixlə silahlandırır,
onu ideoloji cəhətdən yetkin insan kimi təsvir edir.
Müəllifin düşmənə
amansızlıq çağırışı kin və nifrət
deyil, əslində, düşüncə süzgəcindən
keçmiş nəticə, bitkin qənaət kimi meydana
çıxır. Biz 30 ilə yaxın
müddətdə dünyaya torpaqlarımızın iyirmi
faizinin Ermənistan tərəfindən işğal
olunduğunu anlatmaq istədik. Lakin
gördük ki, torpağımıza qəsb olunması
dünya üçün əhəmiyyətsizdir. Gördük ki, beynəlxalq aləm XX əsrin ən
böyük faciəsi olan Xocalı soyqırımına
münasibətdə etinasızdır, biganədir, ona layiqli
qiymətini verib erməni vəhşiliyini qınamır.
Buna görə də "Xocalı uşaqlarına" əmr
verdik:
Əsgərin silahı yox, əmrin özü
silahdır.
Əmrin özü qanaddır, qaldırır
uçurumdan.
Düşmən
gözünü açır, görür bir körpə
ruhu,
30 yaşa dolaraq gəlibdir Xocalıdan.
Müharibə günlərində Azərbaycan ictimaiyyəti
cəbhə xəbərləri ilə yanaşı,
gözünü dünyaya dikmişdi. Xalqımız
əsəbləri tarıma çəkilmiş halda
hansısa əcnəbi siyasinin
çıxışındakı bizə zidd məqamları
izləyir və durumun necə olacağını
düşünürdü. Narahatlıq
dolu fikirlər yetərincəydi. Xalqa rahatlıq və əminlik
verən isə o idi: Prezident, Ali Baş Komandan cənab
İlham Əliyev.
Dövlətimizin
başçısı müharibə dövründə xarici
mediaya 30-dan çox müsahibə verdi. Həmin müsahibələrdə savaşın ilk
günlərində əleyhimizə olan informasiya axını
önlənir, həqiqətlər ifadə olunur,
haqqımız həm peşəkarlıqla, həm də qətiyyət
və prinsipiallıqla dilə gətirilirdi. Və əlbəttə ki, qələbə tvitləri.
Sabir Rüstəmxanlı Prezident İlham Əliyevin
müharibə dövründə paylaşdığı tvitlərini
ümumxalq gözləntisi kimi təqdim etməkdə
çox haqlıdır. Görəsən, bu gün neçə kənd, şəhər,
qəsəbə düşməndən azad ediləcək?.. Şair həm də o tvitlərə
ictimai məzmun qazandırır, onları Zəfər
tariximizin müjdə simvolu kimi əbədiləşdirir.
Tvitlər həm də dünyada mövcud olan ermənipərəstliyə,
ədalətsizliyə qarşı sipər məzmunu
qazanır:
Ax
dünya, qəddar dünya, əsiridir yalanın,
Başını
əzib keçmir bu zəhərli ilanın,
Köhnə
Səlib havası dolaşdıqca başında
Neçə ölkə səf tutur yenə din
savaşında.
Tanrı da əsir düşüb siyasətə, sirr
deyil.
O,
özü bir olsa da, elçiləri bir deyil.
Şükür,
yıxıb dağıdır bu çürüyən
bütləri
Qanımdan qanad taxan qələbə tvitləri.
...Və
nəhayət, Şuşa zəfəri.
"Qarabağa dönüş"də, fikrimcə, ən
mühüm hissə Şuşa ilə
bağlıdır. Şairin Şuşa təsviri
üçün Üzeyir Hacıbəyov və
Bülbülün yada salınması xarakterikdir. Azərbaycan əsgəri bu dahilərin yurdunu
düşmən tapdağından qurtarmaq üçün qol
çırmayır. Deməli:
Şuşa
- Bülbülün səsi, Şuşa -
səsin bülbülü,
Sözün İsa bulağı, muğamın zənguləsi.
Bəstəkar
yetirməsə bundan sonra min il də
Min il diri qalacaq Üzeyir bəyin səsi.
Və Azərbaycan
əsgəri:
Qalaya girməlidir,
hava kimi ruh kimi,
Tankın, topun üstünə boş əllə getməlidir.
Qonşusunun
yurduna soxulmağın sonunu
Otuz il qanmayana bu gün öyrətməlidir...
Sabir Rüstəmxanlı qələmində
Şuşanın işğaldan azad edilməsi İstanbulun fəthi
qədər möhtəşəmdir. Sultan Mehmed İstanbulu fəth edərkən
hansı əzab-əziyyətə qatlaşmışdısa,
çətinliklərə sinə gərmişdisə, Azərbaycan
əsgərinin Şuşa fəthində
də eyni ruh var. Poemanın həmin hissələrini oxuduqca
insanı cənginə almış həyəcan hissi
artır. Bir anlıq müharibənin artıq
bitdiyini, nikbin sonun yaşandığını unudur,
sözün sehrinə düşürsən. Görəsən, sərt sıldırımlarla,
qayalarla Şuşaya doğru irəliləyən əsgər
məqsədinə çatacaqmı? Bəs
yaralı yoldaşı, onun aqibəti necə olacaq?
Şair elə o əsgərin öz dilindən yaralı
yoldaşına səslənməsi ilə suallara cavab
tapır:
Qollarımı
boynuma bərk-bərk dola, buraxma,
Səni
qaldıracağam bu daşlar buz olsa da!
Yaran da
sağalacaq, Şuşanın havasından,
Bir yerdə
gedəcəyik bu yol sonsuz olsa da!..
Hesab edirəm
ki, poemadakı bir çox misralar Azərbaycan Silahlı
Qüvvələrinin əsgərlərinin dilindən marş
kimi də səslənə bilər. Bu misralarda
qəhrəmanlıqla vətənsevərlik, şeirlə
ülviyyət bir-birini tam şəkildə tamamlayır, ruh
yüksəkliyi, döyüş əzmi və dirəniş
aşılayır.
"Qarabağa dönüş"də müqəddəs
Zəfərə aparan yol incəliklərinədək təsvir
olunduğu kimi, Zəfər sevinci, onun gətirdiyi qürur
hissi də göstərilir. Otuz illik həsrətə
44 gün ərzində son qoyan Vətən həm fəxr
duyur, həm şəhidlərinin yasını tutur, həm də
viranə qalmış yurd yerlərinə tamaşa edərək
dərindən köks ötürür. Bu anlamda
aşağıdakı sətirlərin tayı-bərabərinin
olmadığı qənaətindəyəm:
Allahın
hökmü ilə yazılmışdı bu yazı,
Millətimin zilləti axır çatmışdı
sona.
30 illik həsrətin
alınmışdı qisası,
Bir milyon
göz baxırdı öz viranə yurduna!
Viranə qalmış yurd yerləri üçün
acı çəkən müəllif nikbindir, sabaha son dərəcə
ümüdlüdür. Bax, məhəbbət atəşli romantika elə bu
ümüddədir:
"Yar-yarını istəsə!" - dağlardan
bir qız səsi,
Əbədi bir gəncliklə sevgisini oxuyar.
Yenə hər
gün Turşsuda bir Koroğlu nərəsi,
Yenə qızlar xalçada Nigar eşqi toxuyar.
"Bir vaxt Nuru paşa da gəldi qardaş hayına" deyən şair tarixin keşməkeşlərində qanad çalaraq türk toplumunun vəhdətindən söz açır. O, bu vəhdəti Türküstan adlandırmaqla nəhəng ideoloji istiqamət üçün yaradılmalı olan ədəbi bazaya son dərəcə müstəsna töhfə verir. Deməli, Sabir Rüstəmxanlı üçün Qarabağ zəfəri həm də böyük Turan ideyasının gerçəkləşməsi yolundakı keçilməsi vacib olan mərhələdir. Bu, elə bir mərhələdir ki, onda böyüyərək Turan olma da var, Turan deyəndə qorxub nifrət əkənlərin ümidini qırma da!
Və haqq davamızın dəstəkçilərinə ehtiram dolu təşəkkür nəğməsini xatırladan misralar:
Ey qoca Azərbaycan! Haqq nazilir, üzülmür,
Sənin zəfər gününə yazıram yeni dastan.
İki bitməz nəğməsi olmalı bu dastanın:
Birincisi Türkiyə, ikincisi Pakistan.
"Qarabağ dastanı. 30 ilin həsrəti -
44 günün zəfəri" toplusunda da yer almış
"Qarabağa dönüş" poeması Xalq şairi
Sabir Rüstəmxanlının sənət
dünyasının təntənəsidir. Poemanı oxuduqca
şairin daxili aləmini hiss edirsən. Hiss edirsən
ki, o, qələbəyə, zəfərə köklənmək
üçün sanki darıxmışdı. Sanki
sözü fitili çəkilməsi mümkün olmayan bomba
kimi saxlamışdı. Görəsən, o, qələbə
ruhlu sözü neçə il içində saxlayıb?
Hər halda bu müddət 30 ildən daha çoxdur. Fikrimcə,
Sabir müəllim "Qarabağa dönüş"lə o
bombanı partlatdı. Bu partlayışdan faydalanan isə təkcə
ədəbiyyatmız və xalqımız deyil,
bütövlükdə türk dünyasıdır.
Əflatun
AMAŞOV
Azərbaycan
Mətbuat Şurasının sədri
525-ci qəzet.- 2021.- 23 oktyabr.- S.14