Nizami Gəncəvi irsi Almaniyada təbliğ olunur
Oktyabrın 20-də başlayan Frankfurt Beynəlxalq
Kitab Sərgisi zəngin proqramı və əməkdaşlıq
görüşləri ilə
dünyanın bir çox ölkələrindən
minlərlə mütəxəssisi
qonaq edib.
Mədəniyyət Nazirliyindən 525.az-a bildirilib
ki, sərginin ikinci günündə ölkəmizə aid stenddə
Mədəniyyət Nazirliyinin
təşkilatçılığı ilə dahi Azərbaycan
şairi və mütəfəkkiri Nizami
Gəncəvinin 880 illiyinə
həsr olunan tədbir keçirilib. Azərbaycan
Respublikasının Almaniyadakı
səfiri Ramin Həsənov və Azərbaycan Mədəniyyət
Nazirliyinin Kitab sənayesi şöbəsinin
müdiri Akif Marifli çıxışlarında
"Nizami Gəncəvi
ili"ndə ölkəmizdə
və onun sərhədləri xaricində
Nizami irsinin tanıdılması ilə
bağlı görülən
işlərdən bəhs
ediblər. Tədbir zamanı Nizami
yaradıcılığının hər dövrdə yenidən öyrənilməsinə
və dünyada təbliğinə zərurət
olduğu vurğulanıb.
Yazıçı, publisist Orxan
Aras "Nizami Gəncəvi
ili"ndə nəşr
edilən, müəllifi
olduğu "Nizami Gəncəvinin aforizmləri
alman dilində" adlı kitabı və Nizami irsinin tədqiqatçısı
Sevil Fuksun alman dilində hazırladığı 1798-ci ildən
günümüzə qədər
dünya ədəbiyyat
xadimlərinin Nizami ilə bağlı yazılarının toplandığı
"Nizami nəsrdə
və poeziyada,
1798-2021" adlı kitabı
təqdim edib.
Tədbirdə səfirliyin birinci
katibi Elman Muradov, nazirliyin əməkdaşları
İslam Hüseynov və Lalə Məmmədova tədbir çərçivəsində milli stenddə Nizami Gəncəviyə və 44 günlük Vətən müharibəsində
tarixi qələbəmizə
həsr olunan guşələr haqqında
qonaqlara məlumat veriblər.
Tədbirin bədii hissəsində Alman-Azərbaycan
Ziyalılar Birliyinin sədri Naibə Tural və tədbirin aparıcısı İrem Karaboğa Nizaminin şeirlərini Azərbaycan və alman dillərində səsləndiriblər. Almaniyada yaşayan Azərbaycanlı musiqiçilərin
ifaları ilə yekunlaşan tədbir sərgi
iştirakçılarının və ziyarətçilərin
marağı ilə qarşılanıb.Qeyd edək ki, Frankfurt Beynəlxalq Kitab Sərgisi oktyabrın 24-dək işini davam etdirəcək.
525-ci qəzet.- 2021.- 23 oktyabr.- S.13.