Ramil Səfərovun ekstradisiyası: Bu necə
olmuşdu?
(Əvvəli ötən şənbə
sayımızda)
İlk dəfə səsini eşitdiyim Ramilin fikirlərini
dəqiq və sərrast ifadə etməsi, təmkini,
danışıq tonundakı sakitlik və gümrahlıq diqqətimi
çəkdi.
Anladım ki, telefon xəttinin o biri
başında dayanan gənc illərdən bəri dörd
divar arasında saxlanmasına baxmayaraq, kifayət qədər
dözümə, gücə, təqdirəlayiq iradi keyfiyyətlərə
malikdir. Xalq arasında deyildiyi kimi, dili varsa, dilçəyi
də var... Çətinliyə sinə gərməyi
bacarır. Şikayətlənməyi,
yazıqlıq donuna girməyi qətiyyən özünə
rəva görmür. Başqalarının
da ona belə mövqedən yanaşmasını qəbul
etmir.
Yadımdadır ki, ümumi şeylərdən
danışdıq. Ramil yeni təyinatımla bağlı məni
təbrik etdi. Əvvəlki səfirdən
və bütünlükdə Səfirliyin münasibətindən
razılığını bildirdi. Polşadakı
diplomatik fəaliyyətimi və mətbuatdakı
yazılarımı izlədiyini (!) dedi. Taleyi ilə
yaxından maraqlanacağıma ümid etdiyini söylədi.
Həyatımda ilk dəfə idi ki, həbsxana
kamerasında oturan adamla telefonda danışırdım. Təskinlik
sözləri deməyə, ürək-dirək verməyə
çalışdım. Onu möhkəm və
səbirli olmağa, həyatının nə zamansa mütləq
yaxşılığa doğru dəyişəcəyinə
inanmağa çağırdım. Yadımdadır
ki, hətta sonda özümdən asılı olmayaraq
çox da xoşuma gəlməyən şablon ifadə
işlətdim, "Azadlıqda görüşənə qədər!"
- dedim. Bu sözləri dilə gətirərkən
səsim, intonasiyam özümə saxta göründü.
Amma həqiqətən nə deyirdimsə,
hamısı ürəkdən gələn sözlər idi. Aktyorluğu heç
vaxt bacarmamışam.
Həmin gündən Vətənə ekstradisiya olunana qədər
Ramil mənə ayda 1-2 dəfə zəng vururdu. Bəzən
hansısa məsələ ilə bağlı məsləhət
almaq istəyirdi. Bəzən sadəcə
hal-əhval tutmaq niyyəti ilə telefon
açdığını deyirdi. Bəzən
macar radiosundan, yaxud televiziyasından dinlədiyi ölkəmizlə
bağlı hansısa o qədər də obyektiv olmayan xəbəri
çatdırır, səfir kimi münasibətimi bilmək
istəyirdi. Və bu söhbətlərin
hamısında olmasa da, iki-üç dəfədən bir
sanki elə-belə, sözarası "işinin" nə
yerdə olduğu ilə maraqlanırdı. Əslində isə hər dəfə bunu dilə gətirməsə
də, bütün telefon zənglərinin arxasında mütləq
"İşimdən təzə nə xəbər var?"
- sualının gizləndiyini yaxşı
başa düşürdüm. Belə məqamlarda
özümü Frans Kafkanın məşhur "Proses"
romanının qəhrəmanının
düşdüyü aləmdə hiss edirdim. Ümidverici
bir yenilik yox idisə, danışmaq da asan olmurdu. Daim təkrarlanan təskinlik sözləri saxta səslənirdi.
Ona görə də gizlətmirəm: həbsxana kamerası
ilə rahat kabinet arasında cərəyan edən mütəmadi
telefon danışıqları mənim üçün həmişə
çətin, üzücü idi.
Macarıstana ölkə həyatında mühüm
siyasi dəyişikliklərin baş verdiyi vaxtda gəlmişdim. Apreldə
parlament seçkiləri keçirilmişdi. Artıq
kifayət qədər gənc yaşında bir dəfə
baş nazir olmuş Viktor Orbanın rəhbərlik etdiyi
sağ mərkəzçi siyasi qüvvə -
FİDES-Macarıstan Vətəndaş İttifaqı
partiyası Avropa Birliyi ölkəsi üçün gözlənilməz
nəticə göstərib qanunverici orqanda konstitusion
çoxluq və hökuməti təkbaşına
formalaşdırmaq səlahiyyəti qazanmışdı. Bunun macarlar üçün nə dərəcədə
faydalı olacağını deyə bilməzdim. Amma azərbaycanlı
zabitin gələcək taleyi baxımından baş verən
dəyişiklik o qədər də əhəmiyyətsiz amil
sayılmamalı idi. Çünki vahid lider və
yekdil hakimiyyətlə dialoq qurmaq həmişə bir
neçə nəfərlə, yəni koalisiya ortaqları ilə
dil tapıb anlaşmaqdan daha asan olur.
İş
elə gətirdi ki, Viktor Orban ikinci dəfə baş nazir
kimi hökumətə rəhbərlik etməyə
başlayandan bir neçə ay sonra - 2010-cu il
sentyabrın 13-də ölkəmizə işgüzar səfərə
gəldi. Həmin vaxt Bakıda Azərbaycan, Gürcüstan,
Rumıniya prezidentlərinin iştirakı ilə Xəzər
qazının Gürcüstan və Rumıniya üzərindən
Avropaya nəqlini hədəf alan AGRİ
layihəsi ilə bağlı ilkin razılaşma və niyyət
protokolunun imzalanma mərasimi keçirilirdi. Danışıqlar
bir neçə ay ərzində Bakıda və Brüsseldə
aparılmışdı. Həlledici mərhələdə
Macarıstan da layihəyə maraq göstərdi. Çünki sosializm dövründən Rumıniya
ilə bu ölkə arasında indi istifadəsiz qalan boru kəməri
vardı. Əgər layihə gerçəyə
çevrilsəydi, Macarıstan həm özünün təbii
yanacağa olan ehtiyacının bir hissəsini ödəyər,
həm də Mərkəzi Avropada qaz
paylaşdırıcı ölkəyə çevrilə bilərdi.
Çox güman, bu səbəbdən də
Rumıniya prezidenti Troyan Basesku ilə söhbətdən dərhal
sonra Viktor Orban Bakıya səfər etmək qərarı
vermişdi.
Adətən, işlədikləri ölkənin dövlət
və hökumət başçılarını öz
paytaxtlarına gətirmək səfirin nüfuz və əlaqələrinin,
uğurlu fəaliyyətinin nəticəsi kimi qəbul edilir. Amma əslində,
Macarıstan Baş nazirinin Azərbaycana ilk səfərinin təşkilində
mənim heç bir rolum yox idi. Sadəcə,
təsadüf nəticəsində belə
alınmışdı. Odur ki, hələ
üzünü görmədiyim macar Baş nazirlə də
ilk dəfə Bakı hava limanındakı qarşılama mərasimində
tanış olub özümü təqdim
etdim. Cənab Orban ünsiyyətə
açıq, sadə və səmimi insan təsiri
bağışlayırdı. Bu, ətrafındakılarla
rəftar və davranışında da aydın nəzərə
çarpırdı. Hər sözündən,
hərəkətindən həyatsevərlik, nikbinlik sezilirdi.
Protokol incəliklərinə o qədər də
əhəmiyyət vermirdi. İlk dəqiqələrdən
özünü sırf rəsmi qonaq kimi yox, dostlar arasında
olan bir adam kimi aparırdı.
Ertəsi gün qısa da olsa söhbət etmək
imkanı yarandı. Dünənki zənnimdə
yanılmadığıma inandım. Heydər
Əliyevin hakimiyyəti dövründə bir müddət
xarici işlər naziri vəzifəsini tutduğumu bilən
Viktor Orban mərhum Prezidentin şəxsiyyəti və idarəçilik
üsulları ilə bağlı bəzi suallar verdi, Macarıstanda Azərbaycan icmasının
tərkibi və sayı, ölkə haqqındakı ilkin təəssüratım,
tarixi-mədəni əlaqələrimiz, hətta səfirliyimizin
Budapeştin hansı rayonunda yerləşməsi ilə
maraqlandı. Sonuncu sualı isə mənim
üçün həqiqətən də gözlənilməz
oldu. Macar Baş nazir "What is about yours solgier in
prison?" ("Sizin həbsxanadakı hərbçinizdən
nə xəbər var?") - deyə
konkret ad çəkmədən Ramil Səfərovu
soruşdu. Təbii ki, siyasi xadim və hökumət
başçısı kimi altı il əvvəl
Budapeştdə baş verən səs-küylü qətldən
xəbərsiz deyildi. Maraqlı olan bu məsələni
Bakıda xatırlaması idi. Bir neçə cümləlik
qısa məlumatımı dinləyəndən sonra "İt
is a tragedy" - "Bu, faciədir" - dedi.
Zaqulbada, qonaqların şərəfinə verilən
işçi nahar zamanı münasib fürsət
yarandığını görüb Viktor Orban barəsindəki
təəssüratlarımı Prezident İlham Əliyevlə
bölüşdüm. Macar Baş nazirlə bütün
mövzuları, eləcə də məhbus zabitin ölkəmizə
ekstradisiya məsələsini müzakirə etməyin
mümkünlüyünü bildirdim. Təbii
ki, dövlət başçısı nəyə əsaslanaraq
belə qənaətə gəlməyimlə maraqlandı.
Gətirdiyim dəlillər - Viktor Orbanın hökumətə
rəhbərlik dövrünün əsas siyasi-iqtisadi istiqamətlərindən
biri kimi "Şərqə
açılım" siyasətini elan etməsi və bu
prosesdə Azərbaycana önəm verməsi, Azərbaycan
liderinə xüsusi ehtiramla yanaşması, hökumət rəhbəri
kimi mövqelərinin qüvvətli olması, insan kimi sadəliyi
və səmimiliyi, hər cür dialoq üçün
açıq görünməsi Prezidentə o qədər də
tutarlı amil təsir bağışlamadı. "Bilirsiniz, - dedi, -
dövlət başçısı kimi bu məsələ ilə
bağlı mən yalnız bir dəfə müraciət edə
bilərəm. Onu da o zaman etmək olar ki,
müəyyən hazırlıq işləri
görülsün, müsbət nəticə barədə
siqnallar alınsın. Yoxsa, indi
danışsam, çox güman, qarşı tərəf də
ümumi şəkildə "Baxarıq,
araşdırarıq" - cavabını verəcək və
beləliklə də məsələ bağlanacaq. Elə etmək lazımdır ki, həqiqətən
də baxsınlar, araşdırsınlar, hansısa bir nəticəyə
gəlsinlər, dialoqa müəyyən qədər hazır
olsunlar. Yəni sadəcə, protokol tələblərinə
uyğun, yaxud etika xatirinə bizi cavabsız qoymamaq
üçün "baxarıq" deməsinlər. Predmetli, konkret söhbət getsin. Yalnız belə vəziyyətdə, yəni
qarşı tərəfin təklifimizə pozitiv münasibəti
ilə bağlı müəyyən məlumatımız
olduğu təqdirdə, əlbəttə, mən də
dövlət başçısı kimi müraciət edə
bilərəm. Yoxsa tələsik məsələ
qaldırmaq hələ uğur qazanmaq deyil".
Prezidentin dialoqun şərtləri haqdakı dəlilləri
inandırıcı idi. Söhbət zamanı məhbus zabitin
mümkün ekstradisiyası ilə əlaqədar müvafiq
yollar aramaq, vəziyyəti öyrənmək, bir sözlə,
bu istiqamətdə işləmək barədə
razılıq aldım. Bəlkə də
deyə bilərlər ki, həmin işi görmək səfirin,
diplomatik missiyanın, yaxud əlaqədar sahəyə cavabdeh
olan şəxsin birbaşa vəzifəsidir, daha burada əlavə
tapşırığa, icazəyə nə lüzum var?
Məndən əvvəl də bu istiqamətdə
müəyyən addımlar atılmışdı. Amma yeni səfir kimi macar rəsmiləri ilə
danışıqlar üçün belə yüksək səviyyəli
razılığın olması zəruri idi. Eləcə də bizim müvafiq qurumlar məhz
dövlət başçısı səviyyəsində
göstəriş verilmədiyi üçün hətta məsələnin
öz aramızda müzakirəsinə də maraq göstərmirdilər.
Müxtəlif instansiyalara göndərilən məktub
və müraciətlər çox vaxt cavabsız
buraxılırdı. Hələ onu demirəm
ki, bəziləri Ramil Səfərovun ölkəyə
qaytarılmasının xoşagəlməz eksseslərə
yol açacağı, guya müxalifət qüvvələrinin
onu əldə bayraq edəcəkləri ilə bağlı
proqnozlar verir, yanlış təəssürat
yaradırdılar.
Beləliklə,
Baş nazir Viktor Orbanın Azərbaycana ilk səfəri
ekstradisiya məsələsinin qeyri-rəsmi də olsa,
gündəliyə gətirilməsinə təkan verdi. Bu səfər zamanı
Prezident İlham Əliyevlə Macarıstan rəhbəri
arasında nəzərəçarpacaq dərəcədə
açıq, səmimi münasibətlərin yaranması da
ümidli olmağa əsas verirdi.
Səfir
kimi Polşada çalışdığım illərdə
ölkə həbsxanalarında cəza çəkən iki nəfər
həmvətənimizin vətənə qaytarılmalarına
nail olmuşduq. Lakin onlar adi məişət
cinayətlərinə görə məhkum edilmişdilər,
həbs müddətinin yarısı arxada qalmışdı.
Üstəlik də, cəzalarını sona qədər
və mütləq Polşada çəkməyi tələb
edən maraqlı qüvvə, üçüncü tərəf
yox idi. Ramil Səfərovun işi isə
kifayət qədər beynəlxalq rezonans doğurmuşdu, Ermənistan
əsas iddiaçı kimi çıxış edirdi. Deməli, burada məsələni sakit, səssiz-küysüz
yoluna qoymaq mümkün olmayacaqdı. Amma
istənilən halda cəhd göstərmək lazım idi.
Dövlət öz vətəndaşına sahib
çıxmalı idi...
***
Budapeştə qayıtdıqdan sonra yollar axtarmağa
başladım. İlk növbədə əlaqədar
macar qurumlarının diqqətini məsələyə cəlb
etmək üzərində düşündüm. Lakin necə, hansı yolla? Rəsmi
müraciətin bir faydası olmayacaqdı. Ən yaxşı halda məhkəmənin qüvvəyə
minmiş qanuni hökmünü yada salacaqdılar. Digər
tərəfdən, bir dəfə üz tutduğun şəxsə,
yaxud təşkilata ikinci dəfə söz demək imkanı itiriləcəkdi.
Ona görə də məsələni şəxsi
müstəvidə, birbaşa və açıq ünsiyyət
yolu ilə müzakirə etmək, imkan daxilində sözlə
inandırmaq variantına üstünlük verdim.
İlkin olaraq Ədliyyə və İctimai İşlər Nazirliyinə müraciət ünvanladım. Hansı məsələləri müzakirə etmək istədiyimlə maraqlandılar. Azərbaycanlı zabitin cəzasının qalan hissəsini çəkmək üçün ekstradisiyası haqqında eşidəndə çox soyuq tərzdə bu işə məhkəmədə baxıldığını və iki müxtəlif instansiyada təsdiq olunmuş hökmü xatırlatdılar. Sözlərindən belə çıxdı ki, məsələ ətrafında müzakirə aparmaq üçün 2034-cü ili gözləmək lazımdır. Çünki əvvəldə də qeyd etdiyim kimi, hökmdən yalnız 30 il (əslində 30 il 9 ay, kamera yoldaşı olan türk əsilli dustaqla münaqişəyə görə həbsxanada cəzasının üzərinə 9 ay da artırılmışdı) sonra yenidən baxılması, seçilmiş qətiimkan tədbirinin dəyişdirilməsi ilə bağlı yeni apellyasiya şikayəti vermək mümkün idi. Digər tərəfdən məhbusun özünün, yaxud vəkilinin müraciəti olmasa, səfirin, eləcə də Səfirliyin təşəbbüslə çıxış etməsi yolverilməz sayılırdı. Şəxsi müraciət hazırlamaq, vəkil tutmaq çətin iş deyildi. Lakin mahiyyət etibarı ilə yeni müraciət də heç nəyi dəyişməyəcəkdi. Bu, sadəcə, qapalı daiərədə hərəkət olacaqdı. Vəsatətlə çıxış etsək də, sonda məhkəmə əvvəlki hökmünü qüvvədə saxlayacaqdı. Bir sözlə, əhəmiyyətli bir irəliləyişə nail ola bilməyəcəkdik. Arada müttəhim lüzumsuz mənəvi-psixoloji sarsıntılar yaşayacaqdı.
Kəşfiyyat məqsədi ilə daxili işlər naziri Şandor Piterlə görüşməyi qərara aldım. Bilirdim ki, ekstradisiya məsələsi daxili işlər deyil, ədliyyə və ictimai işlər nazirliyinin səlahiyyətinə aiddir. Lakin zahirən o qədər də diqqəti çəkməyən cənab Piter ictimai fikirdə və siyasi dairələrdə hökumətin ən nüfuzlu üzvlərindən biri kimi tanınırdı. Eyni zamanda Baş nazirə çox yaxın olduğunu, sözünün hər yerdə keçdiyini deyirdilər. Əgər istəsə, əgər onu inandırmaq mümkün olsa, bizim xeyrimizə uyğun qərarın çıxarılmasına təsir göstərə bilərdi.
Nazirliyə müraciət edib iki ölkənin - Azərbaycanla Macarıstanın mütəşəkkil cinayətkarlığa, beynəlxalq terrorçuluğa qarşı birgə mübarizə imkanları barəsində fikir mübadiləsi aparmaq üçün nazirlə görüş istədim. Müsbət cavab alacağıma o qədər də ümidli deyildim. Hər hansı müvafiq idarə rəisi, ən yaxşı halda əlaqədar məsələləri nəzarətdə saxlayan dövlət katibi ilə görüşməyimi məsləhət görə bilərdilər.
Amma heç gözləmədiyim halda razılıq verildi. 2011-ci il fevralın 1-də Macarıstan Daxili İşlər Nazirliyinə, nazirlə görüşə dəvət olundum. Nazir Şandor Piter zahirən bizim azərbaycanlılara çox bənzəyirdi. Əgər Bakıda çıxıb küçədə gəzsə, heç kəs onu əcnəbi hesab etməzdi. Balaca boylu, çevik, enerjili adam idi. Az qala hər sözü sifətinin dəyişən mimikaları ilə müşayiət olunurdu. Məni mehribanlıqla qarşıladı. Həm də aydın görünürdü ki, bu, sadəcə "protokol səmimiyyəti" deyil. Əvvəlcə ümumi məsələlərdən danışdıq. Cinayətkarlığa qarşı mübarizədə səylərin birləşdirilməsinin zəruriliyini vurğuladıq. Bu istiqamətdə birgə fəaliyyətlə bağlı bizim daxili işlər naziri ilə məmnuniyyətlə görüşüb dialoq aparmağa hazır olduğunu bildirdi. Macarıstanda kriminogen durumun nəzarətdə saxlandığını (nə qədər tanış ifadə idi!), bir vaxtlar cinayətkar dəstələrin at oynatdığı Budapeştin artıq dünyanın təhlükəsiz şəhərlərindən birinə çevrildiyini dedi. Macarıstan paytaxtında keçirdiyim bir neçə ayın təcrübəsinə əsaslanıb bunun həqiqətən də belə olduğunu təsdiq etdim.
Nəhayət, mətləb üstünə gəldik. Daha doğrusu, mən sözü açdım. Uzaqdan başlayıb söhbəti azərbaycanlı zabitin neçə ildən bəri saxlandığı Kozma (burada ona göstərilən humanist münasibətə görə minnətdarlıq bildirməyi də unutmadım) həbsxanasından vətəninə ekstradisiya edilməsi məsələsinin üzərinə gətirdim. Və təbii ki, əvvəldən gözlədiyim cavabı eşitdim: bu iş onun səlahiyyət çərçivəsinə daxil deyil. Nazir əlavə etdi ki, artıq məhkəmənin hökmü var və bildiyinə görə, məhbus indiyə qədər saxlanma şəraitindən, yaxud həbsxana personalının rəftarından şikayətçi olmayıb. Hətta şikayətçi olsa da, yalnız daxili işlər nazirinin istəyi ilə belə bir addımın atılması qeyri-mümkündür. Mən cənab Piterin sözləri ilə razılaşdım. Bildirdim ki, həqiqətən də həbsxana hər yerdə həbsxanadır. Amma məşhur ifadədə deyildiyi kimi, vətəndə hətta doğma divarlar da insanı o qədər sıxmır. Ona görə də, istər humanistlik, istərsə də iki ölkə arasındakı münasibətlərin etibar və etimad mühitində inkişafı baxımından məhbus zabitin ekstradisiyası çox məqsədəuyğun olardı. Əslində, bu, hamıya bəlli bir həqiqətdir. Sadəcə, ilk addımı atmaq istəyən yoxdur. Bəs hörmətli nazir nə cür kömək edə bilər? Necə yol göstərə bilər?
Nazir Piter prinsipcə azərbaycanlı məhbusun ekstradisiyanın əleyhinə olmadığını bildirdi. Məni tamamilə əliboş qaytarmamaq üçün vəkilinin müvafiq müraciət hazırlayıb Səfirlik vasitəsi ilə göndərməsini təklif etdi. Eyni zamanda təbəssümlə növbəti müraciətin də bir faydası olmayacağını xatırlatdı. Açıq bildirdi ki, hər hansı real çıxış yolu göstərməkdən acizdir. Sadəcə onu bilir ki, məsələ öz həllini yüksək səviyyədə tapmalıdır. Mütləq ölkənin ali rəhbərliyinin siyasi qərarı olmalıdır. Yalnız bundan sonra işə başlamaq mümkündür. Onun özü də yalnız bundan sonra, həm də müvafiq tapşırıq verildiyi təqdirdə prosesə qoşula bilər. Odur ki, illüziyalara qapılmamalıyam. Çox böyük ümidlərlə yaşamamalıyam. Amma mən də geri çəkilmədim. Maraqlandım ki, bəs cənab nazir yüksək nüfuzuna arxalanıb, humanistlik göstərib məsələnin "yuxarılarda" müzakirəyə çıxarılmasına hər hansı şəkildə yardım göstərə bilərmi? Axı söhbət gənc bir insanın taleyindən gedir. Onun bütün ömrünü həbsxana divarları arasında keçirməsi macar cəmiyyətinə bir şey verməyəcək. Xeyirxahlıq isə heç zaman unudulmur. Həm də biz bunu dost və qardaş macar xalqının, Macarıstan rəhbərliyinin Azərbaycanın düşdüyü vəziyyəti anlaması, mənəvi-insani dəstək aktı kimi qiymətləndirəcəyik. Xalqlarımızın taleyində nə qədər faciəli bənzərliklər var! Macarların da başı çox bəlalar çəkib - tarixi torpaqlarının üçdə ikisini itiriblər, rumın separatçılarının etnik təmizləmə siyasətinə hədəf olublar. Odur ki, digərləri ilə müqayisədə bizi daha yaxşı başa düşməlisiniz.
Şandor Piter bir daha səlahiyyət
bölgüsünü yada saldı. Öz tərəfindən hər
hansı təşəbbüslə çıxış edə
bilməyəcəyini dedi. Məsələnin
hökumət səviyyəsində müzakirəyə
qoyulacağı və rəyi soruşulacağı təqdirdə
mövcud qanunvericilik və praktika çərçivəsində
ekstradisiya ideyasına tərəfdar
çıxacağını vəd etdi.
Doğrudur, bu, dəryada balıq sevdasına bənzəyirdi. Amma kiçik
də olsa nəticə idi. Ən azı məsələnin
aktuallaşdırılması, gündəliyə gətirilməsi
baxımından...
Bir neçə gün sonra Ramilin keçmiş vəkilini
çağırıb ekstradisiya ilə bağlı müraciət
hazırlamasını xahiş etdim. Vəkil heç nə
demədən qovluğundan hazır mətn
çıxarıb masanın üstünə qoydu. Başa düşdüm ki, səmərəsiz təşəbbüsdür.
Amma yenə də göndərməyə qərar
verdim. Bir neçə ay sonra şablon
cavab aldıq.
Növbəti
görüşüm ölkənin milli təhlükəsizliyinə
cavab verən qurumun - Konstitusiyanı Müdafiə Komitəsinin
sədri, general-leytenant
Laslo Balayti ilə oldu. Vəsilə
ona bizim Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun məktubunu
təqdim etmək idi. Əlbəttə, sənədi
protokol xidməti vasitəsi ilə də göndərmək
olardı. Sadəcə, fürsətdən yararlanıb
mühüm güc strukturuna rəhbərlik edən Balaytinin ehtimali ekstradisiya ilə
bağlı fikrini öyrənmək istəyirdim. Söhbətimiz bir saata yaxın çəkdi.
General ölkəmizin üzləşdiyi
erməni işğalı, Dağlıq Qarabağ
münaqişəsi, gənc zabiti cinayətə sövq edən
amillər haqqında dediklərimə diqqətlə qulaq
asdı. Amma əvvəlcədən də
gözlədiyim kimi, bu görüşdən də nəticəsiz
qayıtdım.
Məsləhət
üçün üz tutduğum Macarıstanın
Rusiyadakı keçmiş səfiri (1999-2003-cü illərdə
eyni zamanda Azərbaycanda da akkreditasiya olunmuş, nazir işlədiyim
dövrdə etimadnaməsinin surətini mənə təqdim
etmişdi), həmin vaxt Xarici İşlər Nazirliyinin Qafqaz
və Mərkəzi Asiya Departamentinin direktoru Erno Keşkeni,
parlamentin vitse-spikeri Şandor Lejak da konkret yol göstərə
bilmədilər.
Baş
tutan görüşlərdən bir nəticə
çıxardım: aşağıdan heç kəs təşəbbüslə
çıxış etmək niyyətində deyil. Qərarı
yalnız Baş nazir verə bilərdi! Bakıdakı
Macarıstan səfiri Jolt Çutora, əvvəldən
tanıdığım və ölkəmizə xoş
münasibəti ilə seçilən bir sıra digər
macar rəsmiləri də diqqəti eyni nöqtəyə
çəkirdilər: müsbət nəticə əldə
etmək istəyirəmsə, məsələni Viktor Orban səviyyəsinə
qaldırmaq lazımdır. Lakin necə?
Bu sual mənə rahatlıq vermirdi. Hətta bəzən hissə
qapılıb Bakıda
dövlət başçısı
qarşısında təşəbbüs
qaldırdığıma görə özümü
qınamağa başlamışdım. Amma dərhal
da ani ruh düşkünlüyünə qarşı daxilimdə
etiraz səsi qaldırırdım. Əgər vəd
vermisənsə, yerinə yetirmək lazımdır! İstəmirdim
ki, haqqımda gücü çatmayan yükün altına
girən boşboğaz, vədəbaz adam
təəssüratı yaransın.
***
Təşəbbüs məndən gəlmişdisə,
çıxış yolunu da özüm tapmalı idim.
Hələlik rəsmi təmaslar vasitəsi
ilə heç nə alınmırdı. Ona
görə də fəaliyyətin istiqamətini dəyişmək,
məsələyə fərqli rakursdan yanaşmaq qərarına
gəldim.
Ramil Səfərova hüquqi cəhətdən bəraət qazandırmağın mümkünsüzlüyünü yaxşı başa düşürdüm. Lakin onun intellektual və mənəvi baxımdan erməni, eləcə də erməni təsiri altına düşmüş macar mətbuatının təqdim etdiyindən tam fərqli olduğunu ortaya qoymaq, adamları buna inandırmaq mümkün, hətta zəruri idi.
Mediada, kütlə arasında, ictimai-siyasi dairələrdə azərbaycanlı zabitə münasibəti dəyişdirmək onun gələcək ekstradisiyasını yüngülləşdirən amillərdən biri ola bilərdi. Erməni mətbuatının Ramil Səfərov haqqında həm əvvəllər, həm də xüsusən Vətənə qaytarılandan sonra işlətdiyi iyrənc epitetləri, gücsüzlükdən doğan təhqir və iftiraları yada salmağa lüzum görmürəm. Təəssüf ki, macar jurnalistləri də məhbus zabitə münasibətdə bir çox hallarda erməni həmkarlarının təsiri altında hərəkət edirdilər, onların fikir və mülahizələrini təkrarlayırdılar. Tək bir faktı xatırlatmaq kifayətdir ki, macar kütləvi informasiya vasitələrində Ramil Səfərovun şəxsiyyətindən, yaxud baş vermiş qətl hadisəsindən danışarkən ümumiyyətlə ad çəkməyə lüzum görmürdülər. Sadəcə "azeri baltaş gyilkoş", ("azərbaycanlı baltalı qatil") ifadəsindən istifadə edirdilər. Bu xoşagəlməz ifadə az qala macar mətbuatının brendinə və insanlarımıza münasibətin göstəricisinə çevrilmişdi. Əgər bu gün də google.hu saytında "baltaş gyilkoş" yazıb axtarış verən olsa, minlərlə biri-birindən xoşagəlməz materiala təsadüf etmək mümkündür.
Deyək ki, qızışdırıcı emosional yükə malik "baltalı qatil" ifadəsini başa düşmək mümkündü. Bəs qatilin milli mənsubluğunu hər dəfə vurğulamağa, qabartmağa nə ehtiyac vardı? Onun azərbaycanlı olduğunu mütləq yada salmaq hansı məqsədə xidmət edirdi? Məgər, macarlar bilmirdilər ki, cinayətkarın milləti, vətəni yoxdur? Məgər qətlə yetirilənin xristian erməni, qatilin müsəlman azərbaycanlı olmasının hər dəfə nəzərə çarpdırılması yüz minlərlə oxucunun yaddaşında hansı assosiasiyalar doğurduğu, hansı təsir bağışladığı onlara məlum deyildi? Bu yolla özlərini maraqlı tərəf kimi ortaya qoymalarının fərqində deyildilər?
(Davamı var)
Vilayət
QULİYEV
Azərbaycanın
Macarıstandakı keçmiş səfiri
525-ci qəzet.- 2021.- 23 oktyabr.- S.10-11.