Vətən təyinatlı
...Azad
İsazadə, Yusif Ağayev, Zahid Cəfərov, Camal
Hacıyev, Vüqar Qarayev, Rafiq Əsədov Bakıda - psixoloq
kabinetində toplaşıb Hacı Əsədovu yada
salırlar. Söhbətin gedişində bir cəhəti də
qeyd eləyirlər: Hacı Əsədov mütaliəyə
çox bağlı adam olub.
Rafiq
Əsədov: "Həmişə oxuyardı, öz üzərində
işləyərdi".
Yusif
Ağayev: "O dövrdə hərdən tam savadsız əsgərlərə
rast gəlmək olurdu. Yəni üzündən
oxuya bilməyən əsgərlər vardı. Bəzisi uşaq vaxtından evi saxlamağa,
mala-qoyuna getməyə məcbur olmuşdu, ona görə təhsildən
tam uzaq düşmüşdü. Hacı
776-nın komandiri olanda hərbi hissədə belə əsgərlər
üçün məktəb açmışdı. Əsgərlər orda yazıb-oxumağı öyrənirdilər.
Bundan başqa, Hacı hərbi hissəyə
idman ustalarını çağırırdı ki, xüsusi
təyinatlılara əlbəyaxa döyüş
qaydalarını öyrətsinlər. Nazirliyin
təşəbbüsü deyildi bunlar, Hacının öz təşəbbüsü,
öz təşkilatçılığıyla görülən
işlər idi".
Hacı Əsədovun təhsilə verdiyi qiymətə
Sovet dövründən də misal var. Onun Uzaq Şərq Hərbi
Dairəsində vzvod komandiri olduğu vaxt hərbi hissədə
Babaconov soyadlı bir tacik əsgər xidmət eləyirmiş. Rusca bir kəlmə
də bilmirmiş. Hərbi hissədə
hamı ondan əlini üzübmüş, deyirmişlər
qoy 2 ilini - xidmət müddətini birtəhər yola verib
getsin. Amma Hacı Əsədov ayrı fikrə
düşür. Rusca bilən bir başqa
tacik əsgərin köməyi ilə Babaconova hərbi
texnikayla davranmağın qaydalarını öyrətməyə
başlayır. Nəticədə Babaconov
PDM sürən əsgərə - mexanik-sürücüyə
çevrilir. Hərbi hissənin rəhbərliyi
qarşısında uğurla imtahan da verir. Babaconov imtahanı əla qiymətlə başa
vurandan sonra Uzaq Şərq Hərbi Dairəsinin qəzetində
bu barədə yazı dərc olunur. Yazıda
Hacı Əsədov çox təriflənir.
Qayıdaq çağdaş dövrümüzə.
2004-cü ildə Müdafiə Nazirliyi xüsusi təyinatlı
hərbi hissələri ləğv eləyib bir briqadada - 052
saylı Yaşma briqadasında cəmləşdirir. 776 saylı hərbi
hissənin də şəxsi heyəti briqadanın tabeliyinə
keçir. Bundan sonra Hacı Əsədov
"Şəmkir korpusu" kimi tanınan ordu korpusunun əməliyyat
idarəsinə rəis müavini göndərilir. 2008-ci iləcən burda xidmət eləyir. Dostları deyir Qazaxdan tutmuş Murovdağa qədər
elə yüksəklik yox idi ki, Hacı orda olmasın, gedib əsgərlərə,
komandirlərə baş çəkməsin. Azərbaycanın
öz istehsalı olan irikalibrli "İstiqlal" snayper
tüfənginin ilk təcrübələrindən biri də
burda - Şəmkir korpusunda reallaşır: "İstiqlal"
düşmən texnikasını vurub aşırır. Bu uğurda korpusun əməliyyat idarəsinin rəis
müavini Hacı Əsədovun xüsusi rolu olur.
43 yaş
nədi ki... Amma Hacı Əsədovun Cəmşid
Naxçıvanski adına Hərbi Məktəbdə
oxumağa başladığı vaxtdan hesablasaq, bu, həm də
27 illik hərb həyatı deməkdi. Yaşının
43-cü, hərbçi ömrünün 27-ci ilində -
2008-ci ildə polkovnik-leytenant Hacı Əsədov təqaüdə
göndərilir.
Həmin il o, Şəmkirdən Bakıya qayıdıb
Biləcəridə yenicə tikdirdiyi evdə ailəsi ilə
birgə yaşamağa başlayır.
Qardaşı
Rafiq deyir: "Bir müddət işsiz qaldı. Cavan adam, özü də daim hərəkətdə
olan adam - işsizlik ona pis təsir eləyirdi. Bir az idmançı görkəmini itirməsinə
- azca kökəlməsinə də dilxor olurdu. Sonra Bakıda "Kroon Oil" şirkətində
işə düzəldi. Həm işdən qorxan adam deyildi, həm də daim ailəsini necə
saxlamışdısa, yenə o cür saxlayırdı - halal
zəhmətiylə. Hacı üç qız,
bir oğul atasıdı. Həyat
yoldaşı pedaqoqdu, Uşaq Psixonevroloji Mərkəzində
işləyir. Ömrü boyu əl-ələ
verib övladlarını halal zəhmətlə
böyüdüblər. Dörd övladlarının
dördünə də ali təhsil veriblər.
Uşaqları daim atalarıyla qürur duyublar.
İndi də belədi. Həmişə
Hacıdan, onun sevgisindən, qayğısından fəxrlə
söz açırlar".
2020-ci ildə Hacı Əsədov özünə
avtomobil alır. Avtomobilin alınmasında övladları
da ona kömək eləyirlər. Bir gün həyat
yoldaşını da götürüb bu avtomobillə
Türkiyədə təhsil alan
övladlarına baş çəkmək onun şirin
arzularından birinə çevrilir.
Hacı Əsədov Türkiyəyə gedir, amma
başqa səbəbdən. Onda xərçəng
xəstəliyi aşkarlanır. Türkiyəyə
əməliyyata yollanan Hacı elə öz
övladlarının yanında müalicə almağa
başlayır. Ailəsi daim yanında
olur, onun qayğısını çəkir, ona dayaq durur.
Hacı Əsədov Türkiyəyə gedəndə
2020-ci ilin avqust ayı idi. Biz yada salaq
sentyabrı və ondan sonrakı ayları.
Sentyabrın 27-də Azərbaycanla Ermənistan
arasında yenidən müharibə başlanır. Bu müharibə
tarixə Vətən müharibəsi adıyla
düşür. Hərbi əməliyyatların ilk
günü - sentyabrın 27-si Füzuli rayonunun 4, Cəbrayıl
rayonunun 2 kəndi, Ağdərə və Murovdağ istiqamətlərində
yüksəkliklər azad olunur.
Oktyabrın 3-ü keçmiş Ağdərə
rayonunun 2, Cəbrayılın 5, Füzulinin 1 kəndi azad
olunur.
Oktyabrın 4-ü Cəbrayıl şəhəri və
rayonun 9 kəndi azad olunur.
Oktyabrın
5-i Cəbrayılın 3 kəndi, oktyabrın 9-u Xocavənd
rayonunun Hadrut qəsəbəsi və 1 kəndi, Cəbrayılın
4, Füzulinin 2, keçmiş Ağdərə rayonunun 1 kəndi,
oktyabrın 14-ü Füzulinin 3, Xocavəndin 5 kəndi,
oktyabrın 15-i Xocavəndin 4, Füzulinin 1, Cəbrayılın
1 kəndi, oktyabrın 16-sı Xocavəndin 3 kəndi,
oktyabrın 17-si Füzulinin 7 kəndi və Füzuli şəhəri
azad olunur.
Oktyabrın 18-i qədim Xudafərin körpüsü
üzərində Azərbaycan bayrağı
qaldırılır.
Oktyabrın
19-u Cəbrayılın 13 kəndi, oktyabrın 20-si Zəngilan
rayonunun 6 kəndi və Zəngilan şəhəri,
Füzulinin 6, Cəbrayılın 7, Xocavəndin 5 kəndi,
oktyabrın 21-i Zəngilan rayonunun Mincivan qəsəbəsi və
13 kəndi, Cəbrayılın 5, Füzulinin 3 kəndi azad
olunur.
Oktyabrın
22-si Zəngilanın 13 kəndi və Ağbənd qəsəbəsi,
Cəbrayılın 4, Füzulinin 3 kəndi, oktyabrın
23-ü Xocavəndin 2, Cəbrayılın 5, Zəngilanın
2, Qubadlı rayonunun 4 kəndi, oktyabrın 25-26-sı Zəngilanın
4, Cəbrayılın 6, Qubadlının 7 kəndi və
Qubadlı şəhəri azad olunur.
Oktyabrın
28-i Zəngilanın 4, Füzulinin 1, Cəbrayılın 5,
Qubadlının 3 kəndi, oktyabrın 30-u Cəbrayılın
4, Zəngilanın 2, Qubadlının 3 kəndi, noyabrın
2-si Cəbrayılın 3, Zəngilanın 2, Qubadlının
3 kəndi, noyabrın 4-ü Cəbrayılın 2, Zəngilanın
2, Qubadlının 3 kəndi, noyabrın 7-si Füzulinin 6, Cəbrayılın
2, Qubadlının 3, Zəngilanın 1, Xocavəndin 2,
Xocalı rayonunun 2 kəndi azad olunur.
Noyabrın
8-i Şuşa şəhəri azad olunur.
Noyabrın
9-u Füzulinin 17, Xocalının 6, Şuşa rayonunun 1, Xocavəndin
13, Cəbrayılın 11, Qubadlının 15 kəndi, Zəngilanın
5 kəndi və Bartaz qəsəbəsi, Laçın
rayonunun 3 kəndi azadlığa qovuşur.
Noyabrın 10-na keçən gecə Azərbaycan
Prezidenti, Ermənistanın Baş naziri və Rusiya Prezidenti
birgə bəyanat imzalayırlar. Hərbi əməliyyatlar
dayandırılır. Bəyanata uyğun
olaraq Ermənistan Ağdam, Kəlbəcər və
Laçın rayonlarını Azərbaycana qaytarmaq öhdəliyi
götürür. Noyabrın 20-də
Ağdam şəhəri və rayonun işğal altında
qalan kəndlərinin hamısı, noyabrın 25-də
bütün Kəlbəcər rayonu, dekabrın 1-də
Laçın rayonunun böyük hissəsi Azərbaycana
qaytarılır.
Laçın şəhəri və rayonun 6 kəndi
üçtərəfli bəyanat əsasında Azərbaycana
gətirilən Rusiya qoşununun nəzarətinə verilir. Rus qoşunu bura təkbaşına,
işğalda qalan başqa ərazilərə (Xankəndi
şəhəri, Şuşa rayonunun 1 qəsəbəsi və
36 kəndi, Xocavənd şəhəri, rayonun 1 qəsəbəsi
və 45 kəndi, Xocalı şəhəri, rayonun 1 qəsəbəsi
və 44 kəndi, Ağdərə şəhəri və
keçmiş Ağdərə rayonunun 35 kəndi) isə
separatçı erməni qoşunuyla birgə nəzarət
eləməyə başlayır.
2020-ci ilin Vətən müharibəsində Azərbaycan
3 min nəfərə yaxın şəhid verir. İki aydan bir az çox müddətdə - əvvəlcə
hərbi əməliyyatlar, sonra üçtərəfli bəyanat
nəticəsində Azərbaycan 30 ilə yaxın
işğal altında saxlanan torpaqlarının böyük
hissəsini azad eləyir.
Təqaüddə olan polkovnik-leytenant Hacı Əsədov
bütün bu hadisələri xəstə yatağında izləyir. Deyir, kaş mən
də orda olaydım. Deyir, cərrahiyyə
əməliyyatı olmasaydı, könüllü gedəcəkdim
müharibəyə. Müharibəyə
könüllü yazılanların arasında vaxtilə onunla
birgə xidmət eləmiş neçə-neçə hərbçi,
köhnə döyüşçülər də var.
44 gündə misilsiz fədakarlıqlar göstərən
neçə-neçə xüsusi təyinatlını
Hacı Əsədov şəxsən tanıyır. Başda
xüsusi təyinatlılar olmaqla döyüşçülərimizin
Şuşanı dağlara dırmana-dırmana azad elədiyini
eşidəndə Hacı Əsədov deyir bizimkilər əməliyyat
üçün ən düzgün metodu seçiblər,
"sızma əməliyyatı", "sızma metodu"
Şuşanı azad eləməyin ən yaxşı yoludu.
O, özü illərlə Şamaxı dağlarında
tabeliyində olan xüsusi təyinatlılarla və başqa
xüsusi təyinatlı hərbi hissələrlə birgə
dağ döyüşlərinə hazırlıq təlimləri
keçib. Əslində, o təlimlər həm də Şuşa döyüşlərinə bir
hazırlıq olub. Dostları deyir
Şamaxının təlim keçirilən kəndində
Hacını indi də xatırlayırlar. Deyirlər o yerlərdə Hacı kənd
camaatıyla o qədər mehriban davranırmış, camaata
elə qaynayıb-qarışıbmış ki, onun
başına and içirmişlər. Şəhərdə
doğulub böyümüş Hacı Əsədovun öz əsli-kökü
də dağlara gedib çıxır. O, əslən
Xızıdandı, necə deyərlər, dağlı
balasıdı.
Dostları deyir Hacı Füzulidə döyüşəndə
də yerli camaata hədsiz doğmalaşıbmış,
özünü yerlilərdən ayırmırmış. Hacı Əsədov
Füzulidən olan döyüşçü dostu,
Füzulinin işğal olunması nəticəsində
köçkün düşüb Bakıda məskunlaşmış
Zahid Cəfərova tez-tez belə deyirmiş: Sən tərəkəmə
şəhərli oldun, mən şəhərli tərəkəmə.
Yada salaq Hacı Əsədovu.
Qardaşı Rafiq deyir atam-anam onu vətənçün
yaratmışdı, iliyinəcən hərbçi idi, sənətini
balaları qədər sevirdi.
2021-ci
ilin may ayının 22-də Hacı Əsədov ailəsiylə
birgə Türkiyədən Azərbaycana qayıdır.
Bakının beynəlxalq hava limanında döyüş
yoldaşları, vaxtilə onun tabeliyində xidmət eləmiş
zabitlər, hava limanının işçiləri onu
böyük hörmətlə, hərbi salam
verərək qarşılayırlar.
Polkovnik-leytenant
Hacı Əsədov öz evində, öz vətənində
cəmi beş gün keçirə bilir. Mayın 27-də o, öz evində fani dünyaya
gözlərini yumur.
Mayın
28-i - Cümhuriyyətimizin 103-cü ildönümü
Cümhuriyyət zabiti böyük bir izdihamın,
doğmalarının, dostlarının, zabitlərinin, əsgərlərinin,
qazilərin çiynində Biləcəri qəbiristanlığında
torpağa tapşırılır. Dəfnə
toplaşan zabitlərdən birinin dediyi "Bizim komandirimizə
28 May günü - Cümhuriyyət günü torpağa
qovuşmaq yaraşardı" sözləri ürəklərə
su çiləyir.
Xəstəlik Hacı Əsədova işğaldan azad
olunmuş torpaqları, eləcə də Füzulinin azad
olunmuş torpaqlarını görməyə imkan vermədi. Amma bu gün
Hacı Əsədov həm də Füzuli torpağı
altında uyuyur. Dostları Füzulidən
torpaq gətirib onun məzarı üstünə səpiblər.
Unutmayaq Hacı Əsədovu.
Onu bir hərbçi,
bir dost, bir qardaş kimi yada saldıq, qayğıkeş ailə
başçısı - nümunəvi həyat
yoldaşı, örnək ata kimi də yada salaq. Ailə üzvləri deyir o, özündən
başqa hamını düşünərdi, ailəsinin,
uşaqlarının, qohum-əqrəbanın,
dostlarının, əsgərlərinin, bir sözlə,
hamının qeydinə qalardı. Xeyirdə-şərdə
hamıdan qabağa düşərdi ki, adama belə gündə
arxa-dayaq lazımdı.
Oğlu
Əli Əsəd atasını belə xatırlayır:
"O, mənim həmişə yaşayan əfsanəm, qəhrəmanım
olub. Baxmayaraq ki, heç vaxt bizə öz qəhrəmanlıqlarından
danışmayıb. Soruşanda da deməzdi.
Bizim bu barədə nəsə
danışmağımıza da icazə verməzdi. Biz dörd övlad onu həmişə özümüzə
örnək bilmişik. Bir addım atanda
özümüzdən çox onu
düşünmüşük, onun başını uca tutmaq
istəmişik, onun fikri bizdən ötrü hər şeydən
önəmli olub. Atam bir hərbçi
kimi vətəni üçün, ailə
başçısı kimi ailəsi üçün əlindən
gələni eləyib. O, bizə bir olmağı,
dürüst olmağı, vətəni sevməyi, ən ali insani keyfiyyətləri aşılayıb.
İş-gücə görə aramızda məsafə
yaransa da, bu, nə ona olan sevgimizə, nə də bizə
verdiyi tərbiyəyə mane ola bilib. Atam bizdən savadlanmağımızı və əsl
insan kimi formalaşmağımızı gözləyib.
Dördümüzü də oxudub. Bu gün artıq ikimiz - iki bacım alitəhsillidi.
Mən və bir bacım hələ ali təhsilimizi
davam elətdiririk. Həmişə deyərdi
oxuyub bitirin, qayıdın Vətənə, xeyriniz Vətənə
dəysin. Adamların bir çoxu istər-istəməz
çəkinərdi ondan, amma onun sərtliyinin arxasında təmiz
qəlb, dünyaya sığmayacaq qədər mərhəmət
yatırdı.
Hər kəsin beynində bir ideal modeli olur, həmişə
ondan özünə örnək götürür. Mənim
idealım atamdı. Həm bir Vətən oğlu, həm
ata, həm də bir qardaş, dost kimi. Hərçənd
deyərdi sən özün kiminsə idealı ol,
özünü elə yetişdir ki, səni örnək
götürsünlər. Xəbəri yox
idi ki, bu dediklərini özü eləmiş Hacı Əsədov
mənim idealıma çevrilib.
Bugünkü ayrılığı, boşluğu
sözlə ifadə eləmək çətindi. Amma bu
ayrılıq da əslində, heç nəyə əngəl
deyil, o, yenə bizim ən sevimlimizdi. Biz
onu yenə səngərdə, işdə bilirik, bir gün
hamımızı yenə başına yığacağı
günü gözləyirik və o günə kimi ona layiq
olmağa, onun arzularını gerçəkləşdirməyə
çalışacağıq. Həmişə
ona bizdən ötrü elədiklərinə görə minnətdar
olacağıq".
Hacı
Əsədovla Rəna Əsədova 32 il
ömür-gün yoldaşı olublar. Rəna Əsədova
bir qərinəlik ömür-gün yoldaşını belə
xatırlayır: "Onu ilk gündə necə
tanımışdımsa, son günə kimi elə qaldı. Mənim həm atam oldu, həm qardaşım, həm
dostum, həm də yol yoldaşım.
O,
çox gözəl ailə başçısı olub. Mənə dörd dəyərli övlad miras qoyub
gedib. Mənə bu gün onun
yetişdirdiyi həmin dörd övlad dayaq olur. Onları elə özü kimi yetişdirib. Onun kimi əzmli, onun kimi güclü, onun kimi
gözütox, tərbiyəli, bir sözlə, o cür ataya
layiq övladlar.
Onun gedişi bizdə böyük bir boşluq
yaradıb, təsəllimi dörd balamızda tapıram. Bir də nəvələrimizdə.
O, həm də gözəl baba olub. İlk
göz ağrısı Dənizi elə öz qızı kimi
böyüdüb. Hamı bir
qırağa, Dənizi bir qırağa. Dənizin
də, sonrakı nəvəmiz Adəmin də adını
özü qoyub. Nəvələrini də
balaları kimi sevib böyüdürdü. Bu gün mən onlarla təskinlik tapıram. Çox xoşbəxtəm ki, onun kimi bir insanı
tanımışam. Hər ata
övladına belə başucalığı, belə
qürurlu, fəxrli miras qoyub getmir.
2020-ci ilin 44 günlük Vətən müharibəsi
zamanı biz Türkiyədə idik. O, müharibənin hər
günündə elə bil özü də
döyüşürdü. İlk sözü
bu oldu ki, doktor, məni tez sağalt, bizdə müharibə
başlayıb. Torpaqlarımız
işğaldan azad olunduqca, ordumuz irəlilədikcə hər
qələbə xəbərinə hədsiz sevinirdi. Hətta neçə gün qabaqcadan deyirdi ki, filan
yer alınıbsa, deməli, filan yerlər də
alınıb. Bir azdan doğrudan da, o yerlərin
azad olunduğu xəbəri gəlirdi.
Xəritəni çox yaxşı bilirdi, sanki o xəritə
boyu qarış-qarış özü vuruşurdu. Onun dostları,
vaxtilə tabeliyində olmuş zabitlər də müharibəyə
yollanmışdılar. Bir yandan narahat
olurdu, bir yandan da fəxr eləyirdi. Həmin zabitlərdən
biri şəhid oldu, Hacını dərd
götürmüşdü ki, beş
uşağı var. Gecə-gündüz, anbaan izləyirdi
müharibə xəbərlərini. Zəfər
Günümüzü xüsusi qeyd elədi. Kürəkəni
Azərə dedi ki, get mənə böyük bayraq al.
Bayrağı eyvandan asdırdı, şəklini çəkdik,
göndərdi dostlarına ki, mən də Zəfər
Gününü burda qeyd eləyirəm.
Noyabrın 9-da işğaldan azad olunan kəndlərimizdən
biri də Füzuli rayonunun Qovşatlı kəndidi. Çox istəyirdi
döyüş yoldaşlarıyla birgə o kəndə
getsin. Dostları da onun gəlişini
gözləyirdilər ki, birlikdə ora getsinlər.
Qovşatlıda özünə ev tikməyi
də arzulayırdı.
Bu müddət ərzində bizə maddi, mənəvi
dəstək verənlər çox oldu. Elə onun
öz övladları atalarını heç vaxt tək
qoymadılar, daim yanındaydılar. Dostları
Azərbaycandan gəlib Türkiyədə ona baş çəkirdilər.
Dostdan çox qardaş kimiydilər. Bu müddət ərzində "Kroon Oil"
şirkətinin rəhbəri Kamal müəllim, mənim
işlədiyim müəssisənin rəhbəri Kəmalə
xanım maddi-mənəvi dəstəklərini bizdən
heç vaxt əskik eləməyiblər".
Polkovnik-leytenant Hacı Əsədov ordudakı fədakarlıqlarına görə 2003-cü ildə ölkə Prezidentinin sərəncamıyla "İgidliyə görə" medalına layiq görülüb. Müdafiə nazirinin əmrlərinə əsasən, iki medal alıb ("Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medal və Silahlı Qüvvələrin yubiley medalı). Silahlı Qüvvələrin Baş Qərargah rəisinin və Müdafiə Nazirliyində rəhbər vəzifələr tutan başqa generalların əmrləriylə fəxri fərmanlarla təltif olunub ("Komandir hazırlığında yüksək nailiyyətlərə görə", "776 saylı hərbi hissənin 11-ci ildönümü münasibətilə döyüş hazırlığında əldə elədiyi nailiyyətlərə görə", "Silahlı Qüvvələrin sıralarında xidmət elədiyi müddətdə göstərdiyi nümunəvi xidmətinə, davranışına, döyüş və ictimai-siyasi hazırlığında əldə elədiyi nailiyyətlərə görə").
Bununla belə dostları ona sonrakı illərdə rəsmi səviyyəsində lazımınca qiymət verilməməsindən bir az gileylidilər. Hərçənd özü heç vaxt qədir-qiymət davası döyməyib. Heç vaxt təmənna ummayıb, çəkdiyi zəhməti Vətənə halal bilib, ondan ötrü çəkilən zəhmətlər də halalı olsun.
Yəqin özü sağ olsaydı, söhbət qədir-qiymət verməkdən düşsə, deyərdi qiymət qoyan da sağ olsun, qoymayan da, təki Vətən sağ olsun!
Olsun! Hacı Əsədov kimi bütün Vətən
oğullarının dediyi olsun: Vətən sağ olsun!
Azər
QARAÇƏNLİ
525-ci qəzet.- 2021.- 26 oktyabr.- S.14;15