"Vətən mənə oğul desə..."

 

Vətən ona oğul desə, mamır olub qayasında bitməyə hazır olan gənclərdən idi. Anası Zeynəb xanım deyir ki, sirdaşı o idi. Mehriban, qayğıkeş övlad olub. İşdöyüş yoldaşı kimi də həmkarları və silahdaşları ondan həmişə razı olublar...

 

MAXE Ülvi İbrahimovu xatırlayırıq - postmüharibə dövrünün daha bir şəhidini. Hərbçi həyatının altı ili Lənkəranda keçib. Arada ata yurduna, Saatlı rayonunun Qara Nuru kəndinə qayıdıb. Amma vətənin təhlükəsizliyini təmin edənlərdən biri olmaqdan başqa, heç bir iş-peşə onu cəlb etməyib. Ötən ilin payızında Vətən müharibəsi başlayanda cəbhəyə yollanıb. Döyüşçüləri vaxtlı-vaxtında zəruri ləvazimatlarla təmin etməkdən başqa, əsl döyüş yoldaşı olaraq komandiri erməni gülləsindən qoruyub, yaralı əsgəri çiynində döyüş meydanından çıxarıb tibbi məntəqəyə çatdıraraq həyatını xilas edib... Özü sinəsindən və ayağından yaralansa da, hospitalda müalicə olunmağı ar bilib deyirmiş ki, orda həkimlər elə ağır yaralardan əziyyət çəkən döyüşçüləri xilas etmək üçün çarpışırlar ki, mənim yaralarım heç nədir, qoy bütün səylərini ordakı ölümlə çarpışan döyüşçülərə sərf etsinlər...

Belə fədakarlıqla bu il avqustun sonlarınadək, Xocavənd-Şuşa yolunda hərbi avtomobilinin qəzaya düşməsi nəticəsində aldığı yaralardan iyirmi gün komada yatandan sonra dünyasını dəyişənədək seçdiyi yolun yolçusu olub. İndi iki bacının bir qardaşı Ülvidən qalan hərb həyatındakı, döyüş meydanındakı dəyanətinə görə təltif edildiyi dörd medal və xatirələrdir.

 

Samirə BEHBUDQIZI 

 

525-ci qəzet.- 2021.- 26 oktyabr.- S.15.