Müqəddəsliyin şəhid zirvəsi
"Şəhid"
sözü dünyanın bütün dillərinin leksikonunda
hər millətin özünə məxsus ana dilində
müxtəlif cür səslənsə də,
hamısında bir məna kəsb edir: müqəddəslik mənası!
Son yüzilliklərdə "Şəhid" adı
müharibədə-cəbhədə həlak olmuş əsgərə
verilib. Amma
döyüşdə həlak olmuş əsgər o zaman
şəhid adını alır ki: birincisi, bu müharibə
haqq, ədalət müharibəsidir: ikincisi, əsgər məhz
bu haqqı, ədaləti bərpa etmək, qorumaq amacı ilə
həlak olur. Deməli, başqasının
torpağını zəbt etmiş dövlətin ordusunda
qırılan "əsgər" şəhid adına layiq görülə bilməz. Şəhid adı yalnız öz torpağı
uğrunda həlak olan əsgərə verilir.
Dünyanı odlara qalamış, bütün Avropaya yiyələnmək
iddiası ilə İkinci Dünya müharibəsini törətmiş
Hitler Almaniyasının bu ambisiyanı gerçəkləşdirmək
iddiasında olan milyonlarla əsgəri sadəcə
qırıldı, məhv oldu, yəni müqəddəs
"şəhid" epiteti onlara verilə bilməzdi.
Beləcə, xarici işğala, xarici müdaxiləyə
məruz qalan xalqın bu tip azğın dövlətlərə
qarşı müharibəsi "ədalətli müharibə"
anlayışı ilə tarixə düşür.
Ermənistan "dövləti" tarixən saxta
yollarla formalaşmışdır. Bu "dövləti"
formalaşdıran güc dövlətləri onu özünə
forpost kimi bir toplum elədi. Bu "dövlətin"
başında oturdulan hər kəs xarici havadarlarının
yağlı vədlərinə uydu və zaman-zaman qonşu
dövlətlərlə müharibələrə sövq
edildilər. Sövq olundular və öz
xalqını "Böyük Ermənistan" xülyası
ilə şirnikləndirib qırğınlara düçar
etdilər. Saxta tarixlərində həmin
dövlətin "min illər əvvəl
yarandığı" iddia edilən bu marionet ölkənin
bəs niyə heç vaxt uzağı üç-dörd
milyondan artıq əhalisi olmayıb? Bu
sualı da onlara verən yoxdur. Belə bir
sual ona görə verilmir ki, bu marionetkanın, bu forpostun
heç iki yüz illik tarixi də yoxdur. Amma
bu qısa tarixdə başqa torpaqlara iddialar içində hər
dəfə müəyyən qədər dirçəlməkdə
olan milləti yenidən qırğına veriblər. Hər dəfə də
işğalçılıq niyyətinə görə
törətdikləri müharibələrdə qırılan
əsgərlərə "şəhid" adı vermək
mümkün olmayıb.
Bu marionet dövlətin son bir əsrdə ən ciddi
torpaq iddiaları Azərbaycana yönəlik olub. Və
sözügedən iddia 1980-ci illərin ortalarında
SSRİ-ni, öz Rusiyasını belə ağlar günə
qoyan Mixail Qorbaçovun təhriki ilə özünün pik
həddinə çatdı. O zaman bütün Sovet
respublikaları, o cümlədən, Azərbaycan müstəqillik
uğrunda ayağa qalxmışdı. Lakin Azərbaycan
müstəqillik əldə etdikdən dərhal sonra hakimiyyət
çəkişməsinin qurbanı oldu və ölkəmizin
vəziyyəti faciəvi bir şəkil aldı. Bu faciə necə və nəyə görə
yarandı? Bu suala cavab tapmaq üçün uzağa
getmək lazım deyil: Prezident İlham Əliyevin Kəlbəcər və
Laçına səfəri zamanı orada xalqa müraciətlə
söylədiyi nitqini xatırlamaq bəs edir. Müstəqilliyin
ilk illərində Azərbaycanın ağır çəkişmələr
şəraitindən sui-istifadə edən Ermənistan
Qarabağı işğal etdi. Öz
torpaqlarımızı qorumaq amalı ilə vuruşan
yüzlərlə könüllülərimiz həlak oldu.
Ermənistanın havadarları
qarşısında bu məğlubiyyət labüd idi. Və "Birinci Qarabağ müharibəsi"
adlandırılan o döyüşlərdə həlak olan hər
döyüşçümüz şəhidlik zirvəsinə
yüksəldi. Ona görə ki, bizim
döyüşçülərimiz haqq, ədalət
uğrunda canlarını verdilər. Yalnız
bu kontekstdə həlak olan əsgər şəhidlik zirvəsinə
yüksəlir və bu ilahi məqam Qurani-Kərimdə də
əksini tapmışdır.
Otuz il sürən erməni işğalı bir
mövzu kimi nə qədər başımızı qatsa da,
"şəhid" sözü, şəhidlik o günlərdən
başlayaraq mediamızın müqəddəs mövzusu oldu.
Gələcək mətbuat tarixçilərimiz,
yəqin ki, mətbuatda şəhid mövzusunun tədqiqinə
o illərdən başlayacaqlar. Şəhid
mövzusu xüsusi bir ağrı ilə qəlbimizi
yandırdı. Təsəllimiz o idi ki, beynəlxalq təşkilatlar,
o cümlədən, ATƏT-in Minsk Qrupu, BMT və s. ədaləti
bərpa etmək üçün "münaqişə"
adlandırılan bu problemi sülh yolu ilə həll edəcəklər.
Amma olmadı. Azərbaycan Prezidenti, Ali
Baş Komandan İlham Əliyev bu "sülh"
qurumlarının saxta vədlərinin axırını əvvəlcədən
gördü və ədalətli müharibədən, haqq-ədalət
müharibəsindən başqa yolun olmadığı qənaətindən
sonra, Ermənistanın Tovuz təxribatının ardınca əks-hücum
barədə əmr verdi. Ali Baş Komandan bu müharibənin
lap ilk günündə xalqa müraciətlə dedi:
"Bildiyiniz kimi, bu gün səhər tezdən Ermənistan
silahlı qüvvələri Azərbaycana qarşı
növbəti hərbi təxribat törətmişdir. Bu təxribat nəticəsində itkilərimiz var, həm
mülki əhali, həm də hərbçilər
arasında. Bu, bir daha onu göstərir ki,
Ermənistanın Azərbaycana qarşı
işğalçılıq siyasəti davam edir və bu siyasət
Ermənistanın faşist mahiyyətini bütün
dünyaya göstərir. Səhər tezdən məlumatı
alan kimi, mən müdafiə naziri, digər
aidiyyəti qurumların rəhbərləri ilə əlaqə
saxladım, müvafiq göstərişlər verdim və bu
göstərişlər əsasında hazırda Azərbaycan
Ordusu genişmiqyaslı əks-hücum əməliyyatına
başlamışdır".
Beləliklə, İkinci Qarabağ savaşı
başlandı. Bu müharibə bir xalqın işğal olunmuş
torpaqlarını yağı düşmən
tapdağından xilas etmək, tarixi ədaləti bərpa etmək
məqsədilə başlamışdı və belə
müharibənin "ədalətli müharibə" statusu
almağa beynəlxalq hüququ var. İkinci Qarabağ
müharibəsi öz məzmununa görə "Vətən
müharibəsi" kimi müqəddəs bir status aldı. Dünya
təcrübəsi göstərir ki, Vətən müharibəsi
statusu mütləq ədalətli müharibənin
haqlılıq xarakterindən doğur.
Otuz illik doğma torpaq həsrətilə yaşayan Azərbaycan
xalqı bu savaşa bütün təbəqələri ilə
qoşuldu. Prezidentin, Ali Baş Komandanın təklifi ilə
ölkədə bu savaşa qoşulmaq üçün minlərlə
könüllü ayağa qalxdı. Müxalif
qüvvələrin, müxalif partiyaların 98 faizi ordumuza dəstək
olmaq, bu müharibə dövründə iqtidar-müxalifət
cəbhələrini birləşdirmək təklifini irəli
sürdü. Xalqın bütün
nümayəndələri - ayrı-ayrı fərdlərdən
tutmuş böyük müəssisələrədək - hər
kəs ordumuza dəstək nümayiş etdirdi.
Çünki torpaqdan pay olmaz. Çünki Vətən
bölünməz. Çünki
işğalçı düşmən "Qarabağ Ermənistandır
və nöqtə" kimi özündən müştəbeh,
arxayın və xalqımızı təhqir edən bir nadan
cümləsi ilə Cıdır düzündə rəqs
etmişdi. Azərbaycan Prezidentinin güc dövlətlərinin
də iştirak etdiyi bir tədbirdə "Qarabağ Azərbaycandır
və nida" cümləsi 30 il təhqir
olunmuş xalqı birləşməyə
çağırdı. Xalq birləşdi və
44 günlük savaş faktı "Vətən müharibəsi"
kimi haqlı statusla tarixə düşdü. Bu
müharibə öz formatına görə, 30 il
müddətində düşmənin qurduğu
hücum-müdafiə istehkamlarına görə dünyada bənzəri
olmayan bir savaş idi. Bu müharibə cəmi
44 gün davam etdi. 44 günün hər
günü Prezidentimizin, Ali Baş Komandanımızın qələbə
müjdəsi verən bir xəbərlə, xalqa müraciətilə
bitirdi. Düşmənin təkcə
özünün yox, həm də daha çox
havadarlarının vasitəsilə yaranan yüzlərlə istehkam,
keçilməz görünən cəbhə xətti 44
gün müddətində necə tar-mar oldu? Bu
sualın aydın cavabı var: Ali Baş Komandan, ordu və
ümumxalq birgəliyi! Bu birgəliyin
yaradıcısı öz xalqına sevgi, məhəbbət
dolu bir hisslə fəaliyyət göstərən Prezident
İlham Əliyev oldu. Döyüş cəbhəsində
vuruşan əsgərimizin Vətənə sədaqəti,
Ali Baş Komandana inamı oldu. Və bir də
bütöv bir xalqın yağı düşmənə
qarşı vuruşan əsgərlərimizə sevgisi!
Bu müharibədə ordumuzun hər əsgəri "Vətən"
deyib canını verməyə hazır oldu. Vətən müharibəsi
zamanı 3 minə yaxın əsgərimiz şəhidlik zirvəsinə
ucaldı Milli
mediamız müharibə günlərində ordumuzun
yanında olduğu kimi, əsgərlərimizin qəhrəmanlığını
həm də gələcək tarix üçün mətbuat
səhifələrinə yazdı. "Şəhid"
sözü dilimizin leksikonunda ən müqəddəs
anlayış oldu. Mediamız Ali Baş
Komandanın "şəhid" sözünü ifadə edərkən
keçirdiyi duyğuları tarixə yazdı. Mediamız şəhid analarını, şəhid
doğmalarını, şəhid övladlarını bir-bir
xalqa təqdim etməkdədir. Azərbaycan
televiziyasının "Xəbərlər" proqramı,
digər proqram formatları şəhid anasının
qürurunu uca tutan verilişlər ərsəyə gətirməkdədir.
Bütün müharibə dövründə
ordumuzun yanında olan "REAL" televiziyası şəhidlərimiz
haqqında saysız-hesabsız sənədli filmlər
hazırladı və hazırlamaqdadır. Bu televiziyanın müntəzəm efirə
çıxan "Vətən haqqı" proqramı şəhidlərimizin
portretini ən yadda qalan peşəkarlıqla bizə təqdim
edir. Bütün telekanallarımız bu
müqəddəs mövzunu daim diqqətdə
saxlamaqdadır. REAL TV təkcə "Vətən
haqqı" proqramında deyil, digər proqramlarının,
xüsusilə "Xəbərlə"nin
bütün buraxılışlarında şəhidlərimizin
qəhrəmanlıq faktlarını tamaşaçıya
çatdırmaqdadır. Şəhid sujetlərinin hər
birində bu şəhidin doğmaları anaları, ataları öz
övladları haqqında qürurla söhbət
açırlar.
Ənənəvi mətbuatımızın şəhid
mövzusuna diqqəti xüsusi qeyd olunmalıdır. Müharibənin
gedişində və ondan sonra "525-ci qəzet"
özünün xüsusi qoşa səhifəsi ilə şəhid
tarixi yazmaqdadır. Bizcə, bu qəzetdə jurnalist
Şahanə Müşfiqin hazırladığı həmin qoşa səhifələri
nəinki bu günə, bəlkə, daha çox gələcək
yüzilliklərə ünvanlanır. "525-ci
qəzet" Vətən müharibəsində qəhrəmanlıqla
həlak olmuş şəhidlərimiz barədə "Şəhidlər
ölməz, Vətən bölünməz!" rubrikası
altında "Əbədiyyətdəki əziz
ünvanlarımız" başlığı ilə hər
dəfə iki qoşa səhifəlik yazı dərc etməkdədir.
İstedadlı jurnalist, vətəndaş
jurnalist Şəhanə Müşfiqin xüsusi layihəsi ilə
hazırlanan bu qoşa səhifədə hər dəfə
azı on nəfər şəhid haqqında qısa, amma
çox tutumlu portret-oçerk təqdim olunur.
Bu
qısa portret-oçerklər, oxucunun qəlbində şəhidlərimizə
dualar ucaldır, şəhid qəhrəmanlarımızla
qürur duyduğumuzu hər kəs hiss edir.
"Şərq" qəzetinin müxtəlif janrlarda təqdim
etdiyi şəhid mövzusu bu qəzetin kollektivinin Vətən
sevgisinə, şəhid ruhuna ehtiram hissinə
bağlıdır. Vətənsevər bir redaksiya kollektivinin
nəşr etdiyi "Xalq qəzeti" Vətən müharibəsinin
gələcək tədqiqatçılarına sanballı bir
arxiv sənədidir. Medianın ən
müasir formatları olan bir sıra xəbər portalları,
saytlar da şəhid mövzusunu daim diqqətdə
saxlayırlar. APA İnformasiya Agentliyi,
"Qafqazinfo", "Modern.az", "İqtidar.az" kimi
saytlardakı şəhid mövzusu ciddi peşəkarlıq səviyyəsindədir.
Biz mediamızda şəhidlərimizin, şəhid
analarımızın, şəhid
övladlarımızın, şəhid doğmalarının
real obrazlarını görməkdəyik.
Azərbaycan radiosu müqəddəs şəhidlərimizi
xalqa tanıtmaq üçün xüsusi proqram formatları
ilə bərabər, hər gün onların bir qisminin
adlarını, doğulduqları yeri, ili
barədə qısa informasiya təqdim edir. Yüzlərlə
şəhidimiz içərisində 19, 20, 21, 22... yaşlı gənclərimiz var. Onların
doğum tarixi, gəncliyi adamda qürur hissi doğursa da, həyatdan
bu qədər tez getmələri eyni zamanda hər kəsin
ürək ağrısına çevrilir. Bu
anda Prezident İlham Əliyevin bütün
çıxışlarında qələbəmizi təmin edən
əsas qüvvənin gənclərdən ibarət
olduğunu qürurla təkrarlaması və eyni zamanda, həm
də şəhidlərimizlə bağlı ağır təəssüf
hissi keçirməsi yada düşür.
Bu gənc şəhidlərin analarını biz efirlərimizdə,
mətbuatımızda çox görürük. Onlar qəhrəmanlıq
nümunələrini göstərən övladlarına
çox yaraşan sadə insanlardır. Şəhid
analarının öz övladları haqqında kövrək
və səmimi xatirələri ürəyimizi nə qədər
ağrıtsa da,
bizdə gənclərimizə, onların vətənpərvərliyinə
inamı birəbeş artırır.
Şəhid analarının yanar qəlbindən
doğan o sözlər, övladı ilə bağlı
ağır xatirələri o qədər səmimi olur ki,
onları dinləyən hər kəs Vətən qeyrəti
ilə həlak olmuş həmin oğulları birbaşa
özününkü hesab edir.
Şəhid
övladlarının hər birinin gözündə bir
ağır ata xatirəsi var. Amma bu ağırlıq
içində onların kiçikli-böyüklü hər
birinin qürur duyğusu da yer alır, bir sıra hallarda Vətən
bayrağına bürünmüş bu övladlar
düşmənə qarşı baş verə biləcək
gələcək mübarizəmizin ön sıralarına
hazır olduqlarını dilə gətirirlər.
Biz telekanallarımızda hər gün
görürük ki, hər bir şəhidin ailəsi öz
övladının xatirəsini əks etdirən lövhələri
onun tərk etdiyi otağının bir guşəsinə
düzür.
Bu lövhələrdə o şəhidlərin
gülər üzləri bizim hər birimizin qəlbinə
hopur və bu anda kövrək göz yaşlarını
dayandırıb onlara qürur hissilə baxırıq. Bütün hüznə, kədərə baxmayaraq,
onlar torpaqlarımızın azad edilməsi sevinci ilə
Prezident, Ali Baş Komandan İlham Əliyevə dəfələrlərə
təbrik məktubları yazmışlar və
yazmaqdadırlar. Bu müqəddəs məktublar
mediamızda da yer almaqdadır.
Şəhid anaları, şəhidlərin həyat
yoldaşları, övladları həm də bir Tanrı
sevgisilə zəngin zümrədir. Onların televiziya çəkilişlərindəki
sinxronları nə qədər səlis, nə qədər məntiqli,
nə qədər dözümlüdür! Bu səlislik,
bu məntiq, bu dözümlülük ilahi bir vergidir.
Əks halda o ağır dərdin altında səlis və məntiqli
danışmaq, bu qədər dözümlülük
mümkün olmazdı...
"Şəhid" sözü müqəddəs
olduğu qədər "Şəhid ailəsi" ifadəsi
də o qədər məsum və müqəddəsdir. Şəhid
ailəsinə dövlət qayğısı özü də
müqəddəsliyə xidmət sayılır. Şəhid ailələrinə dövlət
qayğısı həmişə və birbaşa Prezident
İlham Əliyevin nəzarəti altında olur. Bu ailələrə indiyədək mənzil təqdimatının
hamısında Prezident şəxsən özü iştirak
etmişdir. Avqustun 26-da yenə də
çoxsaylı mənzillərin şəhid ailələrinə
və qəhrəman qazilərimizə təqdim olunması mərasimində
Prezident İlham Əliyev həmin adamların
qarşısında tutarlı bir çıxış etdi. Onun bu çıxışında
Ermənistanın təcavüzkar dövlət kimi tarixdən
bu günə olan xarakteri, bizim xalqa düşmənçilik
siyasəti, zaman-zaman əsassız torpaq iddiaları, dövlət
səviyəsində terrorçu xisləti və Azərbaycanın
bütün bunlara görə düşməni cəzalandırması
kimi məqamları tutarlı faktlarla dilə gətirdi:
"Müharibə dövründə Azərbaycan hərbçiləri
həm peşəkarlıq, həm rəşadət, cəsarət,
qəhrəmanlıq, eyni zamanda, fədakarlıq göstərmişlər,
sözün əsl mənasında, ölümə gedirdilər.
Şəhidlərimizin əziz xatirəsi hər
birimiz üçün müqəddəsdir. Biz əməliyyatları
planlaşdıranda, ilk növbədə, mümkün olan
itkilər haqqında düşünürdük və
müqayisə apardıqda Azərbaycan məhz buna görə
az itki verib. Hər bir şəhidin
həyatı təkrarolunmazdır, hər bir şəhidin həlak
olması onun yaxınları, qohumları üçün faciədir,
böyük bir dərddir". Prezidentimiz
Ermənistanın gizlətməsinə rəğmən, 8 minə
yaxın əsgərinin məhv edilməsi, baş verənlərin
günahkarının isə yalnız özləri olmasının
da məntiqi dəlillərini göstərdi.
Və ən əsası Prezident Azərbaycan
xalqının sınmış qürurunu özünə
qaytaran, torpaqlarımızın azadlığı uğrunda
canından keçən şəhidlərimizin heç vaxt
unudulmayacağını qeyd etdi.
Dövlət
başçısı həmin çıxışında həm
də hökumətin şəhid və qazi ailələrinə
diqqətinin prioritet məsələ olduğunu diqqətə
çatdırdı: "Bu günə qədər dövlət
siyasəti olaraq şəhid ailələri, müharibə əlilləri
üçün çox böyük işlər
görülmüşdür. Onu demək kifayətdir
ki, bu kateqoriyadan olan 10 minə yaxın insan dövlət tərəfindən
mənzillərlə, fərdi evlərlə təmin
edilmişdir. Təkcə keçən il
1572 mənzil verilmişdir, bu il 3 minə yaxın mənzil
veriləcəkdir və beləliklə, növbədə
duran vətəndaşların problemi öz həllini tapacaq. Eyni zamanda, bu gün 50 avtomobil təqdim ediləcək.
Bu günə qədər verilən
maşınların sayı 7 mini ötüb, daha doğrusu,
7200-dür. Bu gün
açılışına toplaşdığımız
yaşayış kompleksində bu kateqoriyadan olan mindən
çox vətəndaş yaşayacaq. Burada
bütün şərait yaradılıb, gözəl
yaşayış kompleksidir, əsas yollara da yaxındır.
Burada 1500 nəfərlik məktəb, - harada ki,
biz indi görüşürük, - uşaq
bağçası, işıqlı, yaraşıqlı,
rahat mənzillər inşa edilib və bu, bir daha dövlət
tərəfindən aparılan siyasəti göstərir".
Mediamız, Prezidentimizin hər zaman olduğu kimi, bu andakı nitqini də bütün təhlilləri ilə yenidən xalqa çatdırdı. "REAL" TV-də "Mirşahinin vaxtı", "Azərbaycan" TV-də Rövşən Məmmədovun "Həftə"proqramının təhlilləri ilə dövlət başçısının Vətən müharibəsindəki zəfərimizin təminatçısı olmuş şəhidlərimizə və qazilərimizə qayğısının hərtərəfli və daimi olacağı vədini xüsusi publisistik təhlillərlə tamaşaçıya çatdırdı. Ciddi planda nəşr olunan ənənəvi mediamız həmişə olduğu kimi, Prezidentin, Ali Baş Komandanın bu mövzuda nitqlərini də bütövlükdə dərc edir, həm də ayrı-ayrı fikirləri təhlillərlə oxucuya çatdırır. Bir ildən artıqdır ki, Azərbaycan mediası Vətən müharibəsi, bu müharibənin 44 günlük gedişi, ordumuzun şanlı qələbəsi, qələbəmizi təmin edən faktorlar barədə müntəzəm materiallar təqdim edir. Sentyabrın 27-də - Vətən müharibəsinin başlanmasının ildönümü münasibətilə təşkil olunan Ümumxalq "Anım günü"ndən bu yana milli mediamız daha böyük fəallıqla bu mövzuları gündəmdə saxlamaqdadır. Vətən müharibəsi ilə bağlı bütün mövzular vacib və əhəmiyyətlidir. Şəhid mövzusu isə həm də müqəddəslik kəsb edir. Elə buna görədir ki, Azərbaycan jurnalistləri bu mövzuda qələmlərini ürəklərinin qanına batıraraq ən ülvi duyğularla Vətən sevgisinə çevirir, bu günümüzün və sabahımızın xilaskarı olan şəhidlərimizin əsəbi-bədii-publisistik heykəllərini ucaldırlar.
44 günlük Vətən müharibəsi Azərbaycanın çoxəsrlilik tarixində misli görünməmiş bir zəfər faktı olduğu kimi, bu zəfəri xalqımıza qazandıran şəhidlərimizin də qəhrəmanlıq nümunələri, bəlkə, yüz il keçsə də, milli qürur hissi ilə yad ediləcək. Bir az keçəcək, hadisələr durulacaq. Gənc yazıçı və şairlərimiz mətbuatın səhifələrində tarixə düşmüş Vətən müharibəsi haqqında qiymətli nəsr əsərləri, poemalar ortaya qoyacaqlar. "Şəhid" sözü xalqımız üçün əbədi müqəddəsliyini qoruyub saxlayacaq.
Vətən müharibəsinin
gedişində olduğu kimi, ciddi mediamız bütün ciddi
sistemi ilə bu gün şəhidlərimizin ruhu
qarşısında özlərinin vətəndaşlıq,
dövlətçilik, azərbaycançılıq, milli
maraqlara xidmət fəaliyyətini bir an belə dayanmadan
müqəddəs bir borc kimi yerinə yetirməkdədir.
Cahangir MƏMMƏDLİ,
BDU Yeni media və kommunikasiya nəzəriyyəsi
kafedrasının müdiri, professor;
Kənan NOVRUZOV,
BDU Yeni media və kommunikasiya nəzəriyyəsi
kafedrasının
II kurs magistrantı
525-ci qəzet.- 2021.- 26 oktyabr.-
S.12-13.