Bu Qələbə bəşərilik qələbəsidir...
Həsrəti olanlara elə gəlir ki, zaman ləng
ötüşür. Min illər belə yaşanılıb.
Zalım da belə yaşayıb, zalıma
qılınc sıyıranlar da. Zalım
zalımlığının səfasına
sığınıb, qılınc sıyıranlar
sıyrılmış qılıncların bir-birinə
sarılan işığına. Qılınc
sıyırma mübarizə əzmidi, qılıncların
işığının bir-birinə
çulğaşması mübarizə yolunun uğuru.
28 ildi mahiyyəti 2020-ci ilin sentyabrının 27-si olası
günü arzulayırdıq; düşmənin
danışıqlardan yayınması atəşi heç
zaman kəsməyən atəşkəsin birdəfəlik
silkələnməsini, elan edilmədən başlayan və
28 il davam edən müharibəni Azərbaycanın
ədalətli müharibə kimi davam etdirməsini zəruriləşdirmişdi.
İşğaldan
azad edilən ərazilərimizdə də Azərbaycan
bayrağı dalğalanır - Zəfərin nəticəsi
kimi...
Vətən müharibəsindən əvvəl məqalələrimdən
birində mahiyyəti 27 sentyabrın mahiyyətinin eyni
olası günü milli-xəlqi ruhun döyüş əzminin
kükrəyiş günü, həmin fəsili milli-xəlqi
ruhun fəsili adlandırmışdım. Ruhumuzun fəslinin tezləşməsini
necə arzulayırdıq, necə! - bu niyyət
yuxularımızda gecələyirdi, gecələri bu niyyətlə
səhər eləyirdik...
Vətən müharibəsinə kimi səngərlərdə
kəlmələşəndə nə deyirdi əsgərlər? - Ali Baş
Komandanın əmriylə döyüşmək,
torpaqlarımızı işğaldan azad edənlərin
sırasında olmaq istədiklərini, İsa
bulağından bir ovuc su içməyə, Cıdır
düzündən üç çiçək dərməyə
(niyə üç? - əsgərlərdən
biri demişdi ki, birini müəllimimə verəcəm,
birini evimizə aparacam, birini... Fikrini
tamamlamamışdı...) murazlı olduqlarını...
Vətən müharibəsinə kimi əsgərlərimizin
döyüş əzmi, qələbə ruhu gündüzlər
səngərlərin sinəbəndinə, gecələr
işığına dönürdü. Bu əzm, bu ruh təmas xəttinin
haləsiydi, Ana, Vətən, Ana Vətən deyənlər bu
haləni məmləkətin niyyətinin eyni bilirdi...
Vətən
müharibəsi labüd idi...
Vətən müharibəsi başladı.
Azərbaycan
əsgəri hər döyüşü son döyüş
bilib döyüşürdü...
Vətən
müharibəsi vətənpərvərliyin
işğalçılığa qarşı müharibəsiydi,
xalqın müharibəsiydi, azərbaycançılığın
erməniliklə döyüşüydü, sevginin nifrətlə,
Xeyirin Şərlə qazavatıydı, min illərin o
üzündən dikələn ruhumuzun müharibəsiydi...
Vətən
müharibəsində Azərbaycan əsgərinin
döyüş hazırlığı da, mənəvi-psixoloji
hazırlığı da düşməni diz
çökdürəcəkdi...
Döyüşlərin
ilk günlərində Azərbaycan Ordusu düşmənin
illərlə hazırladığı, möhkəmləndirdiyi,
təkmilləşdirdiyi müdafiə sədlərini
darmadağın etdi...
2016-cı
ilin aprelində Lələtəpənin zirvəsində
qürurla dalğalanan bayrağımıza bağır
basmışdım, bu anların zəmanətiylə
yazdığım "Lələtəpə"
poemasını Lələtəpəyə xitabən
Sağın
da, solun da yollardı,
Burdan
Şuşaya aparan yollar görünür
- misralarıyla tamamlamışdım. O misralar bir
istəyin göyqurşağı kimi 56 ay bir niyyətimin
qılıqcısı olmuşdu. Onda
Şuşaya da, işğaldan azad ediləcək
rayonlarımıza da aparacaq yolların hamısının
yolçusu olmaq keçmişdi könlümdən. İndi o yollardan biri ilə Cəbrayıla, Zəngilana,
Qubadlıya gedirik. Vətən müharibəsində
iştirak etmiş döyüşçülərimizlə
işğaldan azad edilmiş ərazidə kəlmələşməyə
- döyüşləri döyüşlər getmiş ərazilərdə
xatırlayanların əllərini əllərimdə isitməyə...
Yollar boyunca maşında
alışmadığımız bir səs eşidilir. Maraqlanırıq.
Mayor Faiq Mehdiyevin dedikləri düşüncələrimi
bürüyür: Vətən müharibəsində
döyüşlərə gedən ağır texnikaların
da yolu buralardan başlayıb. Döyüş
maşınlarının keçdiyi yollarda
tırtılların izi qalıb. Eşitdiyimiz
səs maşınlar ötüb-keçəndə həmin
izlərə dəyən yelin səsidi. "Nə
gözəl avazdı!" - deyirəm.
Gülümsünürük.
Vətən müharibəsindən əvvəl gecə
yarısı səngərdə bir əsgərin
oxumasını eşitmişdim. O anlarda mənə elə gəlmişdi
ki, "Qarabağ şikəstəsi" gecənin içindən
keçib İsa bulağında nəfəs dərəcək,
Cıdır düzünün çiçəklərinin ləçəklərinə
sığal çəkəcək, Qarqar çayının
dalğalarına qarışacaq, orda ruhumuzun bayrağı
kimi dalğalanacaq...
Bu avaz o əsgərin
"Qarabağ şikəstəsi"nin
davamıdı elə bil...
Bu yolla
gedənlərə elə gəlir ki, Vətən müharibəsinin
döyüşlərinə burdan qoşulanların
sırasında o da olub - qürurlanır...
2016-cı ilin Aprel döyüşlərindən iki
gün sonra burda birliyin qərargah rəisinin təqdimatıyla
düşmənin 17 tankını sıradan çıxardan
gizir Tahir Misirxanovla söhbətləşmişdim. Gözlərimi və ürəyimi
həmin yer çəkir! Xatırlayıram ki,
Tahir Vətən müharibəsində düşmənin 20-dən
çox döyüş texnikasını məhv edib. Zəfər Gününün ildönümünə
kimi onunla söhbətləşməyə niyyətliyəm.
Göy üzünə baxıram. Onda həzin-həzin yaz mehi əsirdi, indi o mehə dədə
boyu verən payız küləyi əsir. Onda bu yolun davamını düşmən kəsmişdi,
indi bu yol dövlət sərhədimizdə nəfəs dərir.
Ona görə ruhumuzu bunca doğmalıqla telləndirir...
"Cocuq Mərcanlıdan Şuşaya" - yol göstəricilərindən
biri belədi.
Ötən
il sentyabrın 25-də Cocuq Mərcanlıdaydım.
Döyüş növbətçiliyindən
qayıtmış əsgərlərlə kəlmələşirdik.
Lələtəpənin o üzünün
göylərində bir topa qara bulud vurnuxurdu.
Baxışlarım yükünü yağış bildiyim
qara buluda sarı meyillənəndə mayor Haşim
Haşimovun əli yaxınlığındakı əsgərin
çiyninə enmişdi:
- O
buludları da bu igidlər dağıdacaq!,
- demişdi.
Duyğulanmışdım. Bu şirin duyğular
içində mahiyyəti 2020-ci ilin sentyabrın 27-si olası
günə sarı boylanmışdım. Mayor əlini əsgərin çiyinindən çəkmədən
"Yaxın vaxtlarda söhbətimizi Tək ağacın
yanında davam etdirərik. Döyüş yolumuz bizi ordan
Şuşaya aparacaq...", - demişdi. İndi Tək ağaca yaxınlaşırıq.
Tək ağac bu adla da tanınır. Neçə payız ötəcək,
neçə yaz gələcək, neçə yay olacaq, Tək
ağacın budaqları bir az da
böyüyəcək, gen kölgəsi bir az da genişlənəcək,
Tək ağacın kölgəsi işğaldan əvvəl
illərlə neçə-neçə yorğun yolçuya ətək
sərib, neçə yorğun yolçunun hoyuna yetib. Ermənilik bu kölgəliyi də işğal edib.
Tək ağacı 28 ilin işğal pərsənginə
görə hiddətlə xatırlayanlar onu Azərbaycan əsgərini
qələbəyə yetirən döyüş yolunun
başlanğıclarından biri kimi ehtiramla xatırlayacaq.
Neçə-neçə belə Tək ağaclar, Cüt
ağaclar da işğaldan azad edildi...
Xeyli qabaqda bir uçulmuş (uçurulmuş) tikili
var. Vətən müharibəsinə kimi düşmənin
xüsusi təyinatlılarının dayaq məntəqəsi
formatında təmas xəttinin son mövqesi olub,
"Qırmızı Vanqa" adıyla tanınıb. Vətən müharibəsinin
ilk günlərində Azərbaycan əsgəri
"Qırmızı Vanqa"nı da
çığnayıb keçib. "Qırmızı
Vanqa"dakı xüsusi təyinatlıların, onlara köməyə
gələnlərin əksəriyyəti döyüşdə
öldürülüb, sağ qalanlar qaçıb;
zamanında erməniliyin sığındığı,
döyüşdə mərmilərin
uçurub-dağıtdığı bu tikili yada düşəndə
lənətlə xatırlanacaq...
Düşmən
"Qırmızı Vanqa"dan Laçınacan 28 il əkib-biçdiyi taxıl zəmilərini
ötən il biçə bilmədi, Azərbaycan əsgərinin
Zəfəri erməniliyin murazını gözlərində
qoydu...
O
torpaqları bu il biz əkdik-səpdik, biz
biçdik...
Cəbrayıl rayonunun Zeyvə, Quyucuq kəndlərinin
görünüşü ürək ağrıdır. Böyük Mərcanlı
da, Mərzə də, Niyazqullar da, ...bu
görkəmdədi. Yaxınlaşmaq, hər
evin daşına-divarına toxunmaq keçir könlümdən.
Divarlar bu toxunuşu tanımadığı yol
adamının təsəllisi bilərmi görəsən?
Görəsən, bu təsəlli onun bircə
yarasını qaysaqladarmı? Bu yaralar evlər dikələndə
qaysaqlayacaq...
Yadıma
yeniyetməliyimdə Faxralıda eşitdiyim bir deyim
düşür: "Kişinin düşməni də olar. Xoş o kişinin halına ki, düşməni
kişi adamdı". Bu sarıdan bəlkə
də dünyanın ən uğursuzu bizik. Heç bir xalqın belə nadürüst
düşməni olmayıb. Neçə
ay əvvəl belə sıxıntıları Ağdamın
Güllücə kəndində də
yaşamışdım. Bəşəriliyin
düşməni olan ermənilik ayağı dəyən yerləri
uçurub-dağıdıb. Evlərin
damları, qapıları, pəncərələri
sökülüb, aparılıb. Apara bilsəydilər,
daşlarını da aparardılar. İşğalın
ilk illərində qarət yol qapıları, evlərin qarət
qapıları, qarət pəncərələri İranın
sərhədlərə yaxın ərazilərdəki köhnə-təzə
bazarlarına necə çatdırılırdı? - düşündürücü sualdı...
Görəsən, gəlib işğaldan azad edilmiş
kəndləri görənlər qayıtdıqdan sonra təmsil
etdiyi dövlətə, dövlət qurumuna nə təklif
edir?
"Ürək
yanmasa, gözdən yaş çıxmaz...",
- deyiminin fəlsəfəsini dərk etməyənlər bu
uçurulub-dağıdılmış evlərin
harayını eşidə bilməz. Görəsən,
gördüklərinin "niyə"sini dərk etməyənlər
özündən bircə dəfə də olsa soruşubmu,
soruşurmu: Nəyə gəlmişdim? Müharibələr
tarixini xatırlasın. Bu miqyasda
döyüşlər binaları, evləri beləmi dağıdıb?
-xatırlasın, gördüklərini yadına düşənlərlə
müqayisə eləsin: faşistlər belə etməmişdi,
amerikalılar Vyetnamda belə etmənişdi, sabiq SSRİ
Əfqanıstanda belə etməmişdi, ...Cəbrayılın
Soltanlı kəndindən keçirik. Göz
tutduqca uçurulmuş evlər görünür. Bircə II Dünya müharibəsində həlak
olanlara ucaldılmış abidə nisbətən
salamatdı. Abidənin bu görkəmdə qalmasına
sevinirəm və düşüncələrimdə suallar
vurnuxur: ermənilik bunu niyə dağıtmayıb görəsən?
- Soltanlı kəndində ağır döyüşlər
gedib, düşmən bu istiqamətdə çox ciddi
müqavimət göstərib. Azərbaycan
Ordusu düşməni burda da çığnayıb
keçib. Düşmən
döyüşdən qaçanda bu abidəni
uçurmağa vaxt tapmayıb, yəqin.
Soltanlı kəndi işğaldan oktyabrın 19-da azad edildi.
Karxulu kəndində iki-üç bina uçurulmayıb. Mayor Fuad Mehdiyev deyir ki, salamat qalan binalarda erməni zabitləri yaşayırmış. O evlərin yiyələri divarlarına hopan ermənilik niyyətini təmizləməmiş evinə yiyə durmaz, gümanındayam. Yol yoldaşlarım fikrimi bəyənirlər...
Yol boyunca bütün kəndlərin ad göstəricisi görünür...
Xudafərin adı mənə ötən ilin
17 oktyabrını, bir də 2 noyabrını
xatırladır: Xudafərin körpüsünün və
Xudafərin kəndinin işğğaldan azad edildiyi tarixlərdi.
Gördüklərimiz onda yaşadığımız sevinci
azalda bilməsə də, qəlbimizi qana döndərir. Budur
ermənilik! Erməni faşizmi budur! Ay
demokratiya deyən dövlətlər, ay
işğalçıya havadarlıq edən dövlətlər,
ay bu siyasətiylə özünün şərəfini
"beş quruşa" endirlər, gəlin, Xocalıda
gördüklərinizə görə çoxunuz səsinizi
çıxartmadınız, çıxartsaydınız, ermənilik
bunca qudurmazdı! Siz də günahkarsınız, bəşəriliyə
vurulan zərbələrə görə siz də
günahkarsınız! Günahkarsınız! Görəsəni
səsim harayacan çatacaq?!.
Rəşid
FAXRALI
525-ci qəzet.- 2021.- 26 oktyabr.- S.10.