Ukraynada tatar nəfəsi

 

yol qeydləri

 

 

Qərbi Ukraynada təzəcə məskunlaşdığım otel otağında televizor pultuna ona görə əl atdım ki, bəlkə rus dilində yayım yapan bir kanal tapam və dünyadan xəbər tutam. Lakin Ukrayna televiziya şəbəkəsinin 56 (əlli altı!) dalğası arasında rusca verilişlər yayımlayan kanala rast gəlməsəm də, daha asan qavradığım Krım-tatar türkcəsindəki verilişlər (ATR kanalında) qarşılaşdığım boşluğu doldurdu və bir anda məni Qərbi Ukraynada - Polşa, Çexiya, Macarıstan sınırının beş addımlığında tatar nəfəsi, tatar havası vurdu.

 

Krım tatarlarının tarix boyu və xüsusən ötən yüzillikdə üzləşdikləri məhrumiyyətlərdən xəbərdarsansa, damarında türk qanı axırsa, sənə bir köynək yaxın təhkiyəni, ləhcəni eşidəndə necə kövrəlməyə bilərsən?..

 

Sözün açığı, mən o günəcən Krım-tatar türkcəsinin (Osmanlı türkcəsindən sonra) bizim Azərbaycan dilinə bu qədər yaxın, məhrəm olduğunu bilmirdim və sonsuz maraqla, fasilə vermədən, bir neçə verilişə tamaşa eləyəndən sonra bu sonuca gəldim ki, Krım-tatar türkcəsi Azərbaycan və Türkiyə türkcələri arasında təşəkkül tapmış bir dildir. Onlar özlərini də, dillərini hər gün Ukraynanın Tatar kanalında belə təqdim edirlər: "Mən Krım tatarıyım, dilim də Krım-tatar dili".

 

Əsasən, Qıpçaq türklərinin (Oğuzlarla çiyin-çiyinə) Krım yarımadasında yaratdıqları türk dövlətlərindən, türk xanlıqlarından və bu xanlıqların müstəqillik mübarizəsindən, daima nəhəng imperiyalar arasında hərb meydanına çevrilməsindən danışmaq fikrim yoxdur, mən sadəcə, demək istəyirəm ki, Ukraynanın Krım-tatar türkcəsində sutka ərzində bir-birindən maraqlı yayımlar yapan ATR kanalı məni "Almaz" otelində yaşadığım iki həftə ərzində darıxmağa qoymadı, daha doğrusu, mən darıxmağa macal tapmadım. Qürbətdə də bunca şirin daha nə ola bilər?..

 

Krım tatarları, tarix boyu öz yerində, ən dəhşətli məhrumiyyətlə İkinci Dünya müharibəsinin sonlarında üzləşdilər; milyonlarla Krım vətəndaşı (tatar olduğuna görə) "Ellər atası"nın sərəncamı ilə, bir neçə günün içində Orta Asiyaya, əsasən, Özbəkistana sürgün olundular. Səbəb nə idi? Bu sualın cavabı hələ də çözülməkdədir. Bu suala cavab verməli olan quruluş isə tarixə gömülüb.

 

Ukrayna dövlətinin, Sovet rejimi dağılandan sonra, tarixi fürsətdən istifadə eləyib Krım yarımadasına qayıda bilən bir ovuc Krım tatarı üçün ayrıca telekanal ayırması, əlbəttə, siyasi məsələdir. Çünki Krım tatarı bu tribunadan dünyaya həqiqəti söyləyir... Amma məsələ bundadır ki, bu gün Krım tatarı dünyayaya bu tribunadan həqiqəti söyləsə də, rus pasportu almağa məhkumdur, çünki əks halda o, yenidən ana yurdunu tərk etmək zorunda qala bilər. Axı, bu gün onun Vətəni yenə rus idarəsi altındadır.

 

Ukraynanın Qərbinə yola düşməmişdən qabaq Kiyev şəhərində, Azərbaycan səfirliyində yazıçı dostum, səlahiyyətli səfir Elmira Axundova ilə görüşməyim isə, sırf yaradıcılıq məsələləri ilə bağlı idi. Hələ Elmira xanım Ukraynada səfir kimi yenicə fəaliyyətə başlayanda, mənə səfirliyin qayğılarından, qarşısına çıxan çətinliklərdən yazırdı, amma inamla onu da vurğulayırdı ki, o, bu işləri yoluna qoymalıdı.

 

...Elmira xanım məni səfirliyin ərazisi ilə tanış eləyir. Burada Azərbaycanda bar verən meyvə ağaclarının, demək olar ki, hamısından var: ərik, gavalı, alma, alça, qoz, armud, ağ gilas və hətta şahpalıd. Ağacların yarpaq tökümü başlasa da, səfirliyin həyəti yaşıllıq içində üzür, elə bil yaz yenidən gəlib. Oktyabrın əvvəlləri olmasına baxmayaraq, hava da günəşli və mülayim. Hətta qızılgül kolları da ovuc içi boyda pardaqlayıblar. O anlarda şahpalıd ağacının koğuşundan bir dələ də ox kimi çıxır və otların arasında nə isə axtarır. Qan-qırmızı meyvələrini hasilə gətirmiş itburnu kolunun qarşısında ayaq saxlayıram.

 

- Belə yerdə necə darıxmaq olar?..

 

- Məni daha çox yaradıcılıq düşündürür, buraya gələndən bir cümlə də olsun, ürəyimcə yazı yaza bilməmişəm.

 

- Ulu öndərlə bağlı beş cildlik romanlar silsiləsindən sonra daha nə yazmaq istəyirsiz?

 

- Heydər Əliyevlə bağlı yeni kitab.

 

- Altıncı cild?

 

- Yox: "Naməlum Heydər Əliyev".

 

- Bu, gələcək kitabın adıdır?

 

- Yəqin ki...

 

- Bəyəm Ulu öndərlə bağlı elə anlar qalıbmı ki, Siz bu barədə yazmayasınız?

 

- Qalıb, mən də elə o anları yazmağı planlaşdırmışam...

 

...Elmira xanımın illər öncə, bu gün artıq dünyanın onlarca ölkəsində çap olunan o beşcildliklər üzərində işlədiyi vaxtlar yadıma düşür. Əslində, bizim ədəbi yollarımız da o kitablardan birinin redaktəsi zamanı kəsişmişdi.

 

- Hətta, mən Zərifə xanım Əliyeva haqqında da kitab yazmağı planlaşdırmışam... Materiallarım da, demək olar ki, hazırdı...

 

...İstəyirəm, zarafat eləyim.

 

- Şairlər demişkən, bəs bu dilbər guşədə Sizə mane olan nədir? Niyə yaza bilmirsiniz?

 

 ...Təəssüflə gülümsünür.

 

- Ukrayna bu gün dünyanın ən qaynar nöqtələrindən biridir... Hər gün bir görüşə çağırırlar və sən orada çıxış etməlisən, Azərbaycanı - Prezident

 

İlham Əliyevi layiqincə təmsil etməlisən. Bilirsən bu, nə boyda məsuliyyətdi?

 

- Yəqin ki, burada yaşayan azərbaycanlılar da, çətinə düşəndə, sizə pənah gətirirlər?

 

- Əlbəttə, onlara kömək edə biləndə rahatlıq tapıram.

 

 - Burada yaşayan azərbaycanlıların sayını bilmirsiniz ki?

 

 - Kimi deyir, yarım milyon, kimi deyir, üç yüz min, amma həqiqi rəqəm heç kimə məlum deyil, bir şey aydındır ki, ya Kiyevdən Bakıya, ya Bakıdan

 

Kiyevə uçmaq üçün azı bir ay qabaq bilet sifariş verməlisən.

 

- Hardasa oxumuşdum ki, 1992-ci ildə erməni işğalı zamanı Qubadlıdan, Zəngilandan olan bir neçə köçkün ailə gəlib Krımda məskunlaşıblar...

 

- Bu, acı da olsa, həqiqətdir...

 

Şahpalıd ağacının altında daha bir dələ görünəndə söhbəti dəyişmək qərarına gəlirəm:

 

- Bu dələlər nə ilə qidalanır, görəsən?

 

Elmira xanım, yəqin ki, cavab əvəzi, başını qaldırıb qoz, şahpalıd ağaclarına baxır...

 

Sükutu mən pozuram:

 

- Amma bu yerlərin şahpalıdları acı olur...

 

Həmsöhbətim də, yaxşı anlamda, müəmmalı dillənir:

 

- Azərbaycana baxma, burada hər meyvə ağacı şirin bar vermir...

 

Sonra Elmira xanım səfirliyin binasında aparılmış son təmir işləri ilə bağlı danışır, sanki hesabat verir, eyni zamanda, iş icraçılarından gileylənir, bürokratiyanın hər yerdə mövcud olduğunu qeyd eləyir. Və birdən gülümsünür:

 

- Truskavetsdən qayıdanda da, mütləq, səfirliyə gələrsən, söhbətimizi davam etdirərik. - Yenə gülümsünür. - Yəqin ki, yeni sualların da olacaq.

 

...İki həftədən sonra Truskavetsin - Karpat dağlarının səfalı sularından bir daha içib Kiyevə qayıdanda, Truskavets-Kiyev sürət qatarının adına "SV" deyilən xüsusi vaqonunda gəlməli oldum. Çünki Ukraynanın Müstəqillik günü ərəfəsi olduğundan, adi kupeyə bilet yox idi. İki nəfərlik kupe, əlbəttə, təmtəraqlı idi, amma ən maraqlısı kupe yoldaşımdı. O, Lomonosov adına Moskva Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirmiş Krım tatarı idi və ilk dəfə idi ki, Vətəndən uzaqlarda mənim tariximə, ədəbiyyatıma məndən az bələd olmayan insana rast gəlirdim. Adı Rəşid idi. Rəşid Qaspıralı. Arada soruşdum ki, məşhur türkoloq İsmayıl bəy Qaspıralıın nəslindən deyil ki?

 

- Yox, - dedi, - yox, bu gözəl soyad qismətdəndir.

 

Söhbət əsnasında ona daha bir sual verdim:

 

- Sizcə, Krım tatarlarının axırı bu dəfə necə olacaq?

 

O, inamla dilləndi:

 

- Bütün Krım tatarları Krıma dönəcək, intəhası gec-tezi var.

 

Və bu kəlməni elə bir inamla dilinə gətirdi ki, mənim bu barədəki gümanlarım, şübhələrim tamamilə alt-üst oldu.

 

...Mən vədimə xilaf çıxmadım. Kiyevdə qatardan düşəndən sonra birbaş Azərbaycan səfirliyinə gəldim. Yenə hava günəşli idi, yenə bazar günüydü, yenə səfirliyin bağçasında dələlər görünürdü, yeni fidanlar pardaqlamışdı. Amma məni bakılı xadimə İnessa xanım qarşıladı və vermək istədiyim sualı sanki gözlərimdən oxudu.

 

- Elmira xanım dərsə gedib, - dedi, - yarım saatdan sonra qayıdacaq.

 

Təəccüblə soruşdum:

 

- Nə dərs?

 

Və məlum oldu ki, Elmira xanım fransız dili öyrənir, həftədə üç dəfə dərsə - xüsusi kursa gedir.

 

Axşam tərəfi səfirlikdən çıxanda gördüm ki, Elmira xanım məndən qabaq maşına oturub, elə bildim, daha bir qonaqpərvərlik eləyib məni yola salmaq istəyir. Dərhal etirazımı bidirdim, amma məlum oldu ki, Elmira xanım xadiməsi ilə həftədə üç dəfə hovuza - üzməyə gedir. Ayrılıq anında zarafat etmək istədim:

 

- Bu da səfirin gündəlik iş planına daxildir?

 

O, fikirləşmədən, sanki növbəti sualımı da cavablandırmaq istədi:

 

- Əlbəttə, bəlli bir yaşdan sonra idman daha çox lazımdı insana...

 

O günəcən, mən elə bilirdim ki, Elmira xanımı, kifayət qədər yaxşı tanıyıram.

 

Borispol hava limanına yol alanda sürücü Misirxan maşının televizoruna toxundu. Və ATR - Tatar kanalının aparıcısı Gülnarə Şükürovanın artıq mənə doğmalaşmış simasını gördüm, yapışıqlı səsini eşitdim.

 

"Əcnəbi topraqda Allah olsan da,

 Səni unutmayan Vatanın olsun..."

 

Kim bilir, artıq neçənci dəfə idi ki, mən Gülnarə xanımın dilindən bu misraları eşidirdim...

 

Bakı-Kiyev-Bakı.

Oktyabr, 2021

Məmməd ORUC

 

525-ci qəzet.- 2021.- 27 oktyabr.- S.23.