Sabaha ümidimizi
artıranlar
Bu il tələbə
adı ilə birlikdə prezident təqaüdü də
qazanan abituriyentləri tanıyaq
(3-cü yazı)
Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində ən yüksək nəticə əldə edənlər gəncliyimizin qızıl fondunu təşkil edirlər. Onların təcrübəsi həm cəmiyyətdə, həm də məktəblərdə güclü təsirə malik nümunə rolunu oynayır. Yüksək nəticələr əldə edən tələbələrə qayğı göstərmək, onların təhsil alması üçün daha əlverişli şərait yaradılmasını təmin etmək və təhsilə olan həvəslərini artırmaq dövlət tərəfindən daim diqqət mərkəzində saxlanılır.
Prezident İlham Əliyevin Sərəncamı ilə 2021-2022-ci tədris ilində də Azərbaycanın ali məktəblərinə daxil olaraq yüksək bal toplayan tələbələrə Prezident təqaüdü verilir. Azərbaycan gəncliyinin intellektual elitasına göstərilən bu diqqət maddi stimuldan çox güclü mənəvi dəstək, ruhlandırıcı amil rolunu oynayır, təhsildə sağlam yarış mühitinin yaranmasına təsir göstərir.
Bu il də Prezidentin müvafiq sərəncamı ilə 102 tələbəyə Prezident təqaüdü verilib. 2021-2022-ci tədris ilinin Prezident təqaüdçüləri ölkənin 28 müxtəlif şəhər və rayonlarını təmsil edirlər.
Prezident təqaüdçülərindən 33 nəfər Bakı Ali Neft Məktəbinə, 25 nəfər Azərbaycan Tibb Universitetinə, 15 nəfər Bakı Dövlət Universitetinə, 12 nəfər ADA Universitetinə, 8 nəfər Azərbaycan Dövlət İqtisad Universitetinə, 4 nəfər Dövlət İdarəçilik Akademiyasına, 2 nəfər Birgə Azərbaycan-Fransız Universitetinə (UFAZ), 2 nəfər xüsusi təyinatlı ali təhsil müəssisəsinə, 1 nəfər isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə qəbul olunub.
Prezident təqaüdünə
layiq görülən tələbələrdən
biri İsmayıl Əsədov Gəncə
şəhər 27 nömrəli tam orta məktəb-liseyin məzunudur. O, 674 bal toplayaraq Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) maliyyə
ixtisasına qəbul olub. İ.Əsədov deyir ki, qəbul
imtahanına hazırlaşdığı
müddətdə tək
hədəfi qəbul
imtahanında ən yüksək nəticə
göstərmək olub:
"Düşünürdüm ki, balım nə qədər yüksək olsa, o qədər yaxşıdır.
Doğrusu, məndən çox
müəllimlərim bu
təqaüdə düşəcəyimə
inanırdılar və
bunu gözləyirdilər.
Yəni mən işin sadəcə çalışmaq
hissəsinə diqqətimi
cəmləmişdim, gözlənti
hissəsi isə müəllimlərdə idi.
Onlar buna inanırdılar".
İ.Əsədovun sözlərinə
görə, o, məktəbin
ən yaxşı oxuyan şagirdlərindən
biri olub: "Fənlər arasında elə də fərq qoymurdum. Amma Tarix, Coğrafiya,
Riyaziyyat kimi fənləri daha çox sevirdim. Elə bu fənlərə olan sevgim II qrupu seçməyimə səbəb oldu. Mənim hazırlıq müddətində
ən çox məşğul olduğum
şey araşdırmaq
idi. Müxtəlif mənbələri, uğur qazanan insanları araşdırır,
onların metodların
sınayırdım. Bu
metodların mənə
təsiri, onların aldığı effekti mənim də ala bilməyim maraqlı gəlirdi. Nəticə olaraq öz
çalışma planlarımı
daha ağıllı və sistemli şəkildə qurmağa
çalışırdım. Bu tip araşdırmalar apararaq öz fəaliyyətlərinə
diqqətlərini daha
yaxşı istiqamətləndirə
bilərlər".
Prezident
təqaüdçüsü Gülcan Məmmədova II ixtisas qrupu üzrə
675 bal toplayaraq
Bakı Ali Neft Məktəbinə daxil olub. Bakıdakı 163 nömrəli tam orta məktəbin məzunu artıq ingilis dilində "Biznesin idarə edilməsi" ixtisası üzrə təhsil alır: "Aşağı siniflərdən
daim öyrənməyə,
araşdırmağa meyilli
olmuşam. Dərslərim hər zaman
mənim üçün
hər şeydən öndəydi. Oxumağa o qədər
maraqlıydım ki, tətillərdə, istirahət
günlərində də
başımı kitabdan
qaldırmırdım. Məktəbə çox bağlı
bir şagird olmuşam. Ən çox riyaziyyatı
sevirdim. Saatlarla oturub
məsələlər, misallar
üzərində çalışırdım.
Müəllimlərimin mənimlə bağlı
gözləntiləri həmişə
böyük olub, müxtəlif layihələrə,
olimpiada və müsabiqələrə cəlb
ediblər. Etimadlarını doğrultmaq üçün
əlimdən gələni
eləmişəm. Dəfələrlə informatika və riyaziyyatdan məktəbdaxili
və şəhərlərarası
yarışlara qatılmışam.
İştirak etdiyim müsabiqələr
də mənim inkişafımda mühüm
rol oynayıb. VI-IX siniflərdə ildə 2-3 dəfə Beynəlxalq Aptis İmtahanlarına qatılır,
özümü sınayırdım.
Bunun sayəsində ingilis dilinə münasibətim
dəyişdi, dil biliyimi necə inkişaf etdirəcəyimi
öyrəndim".
G.Məmmədovanın sözlərinə
əsasən, qəbul
olunduğu ixtisasa son illərdə qərar verib və nəticədə
ixtisas qrupunu dəyişib: "Əvvəllər
texniki fənləri daha çox sevirdim. Amma IX-X sinifdə oxuduğum bəzi kitablar, məqalələr maliyyə,
biznes, iqtisadiyyat kimi sahələrə marağımı artırdı.
Bu da o demək
idi ki, II ixtisas qrupunu seçəcəkdim. Universitetə hazırlıq çox böyük məsuliyyət
tələb edir və son anda verdiyim bu qərardan
peşman olmamaq üçün yaxşı
hazırlaşmalıydım. X-XI siniflərdə mənə doğru yolu göstərəcək,
düzgün istiqamətləndirəcək
dəstəyi aldım.
Müəllimimin verdiyi istiqamətdə
məsuliyyətlə hazırlaşdım.
Bir neçə aydan sonra coğrafiyaya
nəinki marağım
artdı, hətta respublika fənn olimpiadalarına qatılaraq
final mərhələsinədək yüksəldim. İyun ayında Avropa Coğrafiya Olimpiadasında
ölkəmizi təmsil
edən əsas komandada çıxış
etmək şansı belə qazandım. Qəbul imtahanlarında isə bu fənn üzrə
100 faiz nəticə göstərdim".
Prezident təqaüdünə layiq
görülən tələbələrdən
biri 70 nömrəli məktəb-liseyin məzunu
Məhəmməd Qurbanzadədir. O, 2021-2022-ci tədris
ili üçün
ali təhsil müəssisələrinə qəbul
imtahanlarında 679 bal toplayaraq
Bakı Ali Neft Məktəbində dövlət
sifarişi əsasında
təhsil almaq şansı qazanıb. İngilis dilində təhsil
alan M.Qurbanzadə proseslərin avtomatlaşdırılması
mühəndisliyi ixtisasına
yiyələnəcək.
Orta məktəbdə təhsil
alan zaman
güclü yaddaşı
ilə şagird yoldaşlarından fərqlənib:
"Göz yaddaşım
çox güclü idi. Hələ məktəbə getmir, oxumağı-yazmağı
bacarmırdım, amma
gördüyüm rəqəmlərin,
hərflərin şəklini
kibrit çöpləri
ilə çəkirdim.
Məktəbə gedəndə isə
artıq oxuduqlarım
və eşitdiklərim
də yaddaşıma
həkk olunurdu. Çox asan qavrayır, yaxşı mənimsəyirdim.
Riyaziyyat,
fizika, biologiya fənlərinə qarşı
hələ uşaqlıqdan
çox böyük marağım vardı.
Bu fənləri maraqla oxuyurdum".
O deyir ki, oxumaq
onun düşüncələrini
məşğul edən
hər fikirdən önə çıxıb,
hətta oxuya-oxuya işləmək istəyindən
belə: "Oxuya-oxuya
işləməyi də
düşündüm. Amma sonra
qərarımı dəyişdim.
Çünki anladım ki,
oxuya-oxuya işləsəm,
keyfiyyətli təhsil
ala bilmərəm. Çox yaxşı
təhsil almaq istəyirəm".
Zeybə Zeynallı 679 balla Azərbaycan Tibb Universitetinə qəbul olunub. İndi tibb ixtisası üzrə ingilis
dilində təhsil alır.
Z.Zeynallı bildirib ki, təhsil aldığı
məktəbin əlaçı
şagirdlərindən olun:
"Mən orta məktəbdə bütün
fənləri böyük
həvəslə oxuyurdum.
Olimpiadalara qatılır, müsabiqələrdə
iştirak edirdim".
Fəal şagird olan Zeybə üçün münasibət qurmaq çətin olmayıb. Həm yoldaşlarını,
həm də müəllimlərini sevib.
Ən çox isə Azərbaycan dili müəllimini: "Azərbaycan dili müəllimimi çox sevdiyim üçün şeir və inşa müsabiqələrinə
qatılırdım".
Z.Zeynallının dediyinə görə,
qəbul imtahanlarına
hazırlaşan zaman ailəsi ona böyük dəstək göstərib: "İmkanlarımızdan
asılı olmayaraq, mənə oxumaq üçün nə lazım olsa, alınıb. Təhsilimlə bağlı bütün
qərarlarımı özüm
vermişəm, ailəm
də məni dəstəkləyib".
Z.Zeynallı vurğulayıb ki, Tibb ixtisası üzrə ingiliscə təhsil almaq elə də asan deyil: "Bilirdim asan olmayacağını. Tibb özü də çətindir. Üstəlik, onu ingiliscə oxumaq çətinliyimi artıracaq. Amma bu çətinliyin öhdəsindən gəlməyə çalışıram. Nə qədər çətin də olsa, onların öhdəsindən gəlirəm. Axı beynəlxalq səviyyədə həkim olmağa qarşıma məqsəd qoymuşam. Universitetdə tədris ingilis dilində aparılır. Bu mənə beynəlxalq səviyyədə həkim olmağa imkan verəcək. Tibbin Almaniyada inkişaf etdiyini nəzərə alaraq, qarşıdakı illərdə rezidentura səviyyəsində orada oxumaq istəyirəm. Ancaq düzü, Amerika da pis olmazdı, deyə düşünürəm".
Nərgiz Cəfərova 666 balla Prezident yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi statusunu qazanıb. Burada dövlət sifarişi əsasında hüquqşünaslıq ixtisası üzrə təhsil alır: "Oxumağı çox sevmişəm. Potensialım vardı, axtarır, yeni mənbələr tapırdım. Ən çox Azərbaycan dili və ingilis dilini sevirdim. Hər ikisindən imtahanlarda 100 faizli nəticə ortaya qoyurdum".
N.Cəfərova uğura gedən yolda valideynlərinin, xüsusən anasının əməyini xüsusi olaraq vurğulayır: "Ailəmizin maddi imkanı yaxşı olmayıb. Anam çörəkçidi. Mənim ehtiyaclarımı ödəməyə çalışıblar. Ailədə çətinliyi hiss etmişəm. Ona görə daha çox oxumuşam. Mənimçün oxumaq vəziyyətdən çıxış yolu olub. Təhsil mənim üçün daha yaxşı həyata açar sayılıb. Artıq indidən oxumağımın bəhrəsini alıram. Həm dövlət sifarişli yerdə təhsil alacağam, həm də təqaüd. İnsanın zəhmətinin bəhrəsi çox şirin olur. Sumqayıt Şəhər İcra Hakimiyyətinə dəvət edərək imtahanlarda qazandığım uğuruma görə mənə noutbuk verdilər. Həmin noutbukla işləməyi çox sevirəm. Çünki öz zəhmətimlə əldə etmişəm".
N.Cəfərova yüksək hüquq təhsili almağı qarşısına məqsəd qoyub. O, təhsilini xaricdə davam etdirmək niyyətindədir. Ancaq hara getsə, yaşadığı, işlədiyi yer Azərbaycan olacaq: "Təhsilimi İtaliyada davam etdirmək istəyirəm. Xaricdə təhsil, sadəcə hüquq sahəsində ən yaxşılardan biri olmaq üçün lazımdır mənə. Həyatımı ailəmin yanında qurmaq istəyirəm".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2021.- 27 oktyabr.- S.22.