NİZAMİNİN ƏDALƏT
XÜTBƏSİ
Nizami Gəncəvi -
880
AMEA
Nizami adına Ədəbiyyat İnstitutu
“525-ci qəzet”in
özəl buraxılışı - 2
Buraxılışın
elmi redaktorları:
Professor
Almaz Ülvi Binnətova
Dosent
Aygün Bağırlı
Siracəddin
Hacı AMEA Nizami adına Ədəbiyyat
İnstitutunun aparıcı elmi işçisidir, türk, rus,
fars, ərəb, ingilis dillərini bilir. Nizami Gəncəvi
irsi ilə bağlı on iki cildlik şərh
yazmışdır. Qurani-Kərimlə
bağlı iyirmi cildlik şərhi çapa hazırdır.
Beş yüzdən çox məqaləsi Azərbaycanda
və xaricdə nəşr edilmişdir. Radioda Qurani-Kərimlə
bağlı beş yüzdən çox
proqram hazırlamışdır, tələbələri
dünyanın məşhur universitetlərində təhsil
alırlar.
***
I
NİZAMİ GƏNCƏVİNİN KİMLİYİ:
"Nizami
deyir ki, hədəfim yer üzündə rəhmət evi tikməkdir"
- Nizami Gəncəvinin kimliyini hansı
ölçülərlə tanıda bilərsiniz?
- Nizaminin
əsl adı Cəmaləddin əbu Məhəmməd
İlyas bin Yusuf bin Zəkiəddin bin Müəyyəddin əl-Gəncəvidir,
Azərbaycanın siyasi, iqtisadi, elmi düşüncə mərkəzlərindən
biri olan Gəncədə doğulmuşdur,
xanımının adı Afaq, oğlunun adı Məhəmməddir,
Böyük Səlcuqlu dövlətinə bağlıdır,
Azərbaycan türküdür, müsəlmandır,
bütün varlığı ilə Allaha bağlıdır,
dərin mədrəsə təhsili var, bütün elmləri
öyrəndiyini yazır, oxumağı çox sevir, deyir ki,
oxumadan, yeni şeylər öyrənmədən yatmaq
haramdır, türk, fars, ərəb dillərini bilir, yunan və
yəhudi qaynaqlarını araşdırır, Qurani-Kərimi,
hədisləri, İslam alim və filosoflarının əsərlərini dərindən öyrənmişdir,
düşüncəsinin mayası İslam dini və mədəniyyəti
olsa da, xristianlığı, musəviliyi, İncili,
Tövratı, zərdüştlüyü, türk, fars, ərəb,
yunan, hind, Çin mədəniyyətlərini, tarixi, folkloru,
musiqini, şeiri, əruzu diqqətlə
araşdırmış, elm xəzinəsi ortaya qoymuşdur,
şairdir, böyük iddiası var, deyir ki, dünyada
şairlik Nizami ilə bitmişdir.
Nizami irfan məktəbinə bağlıdır,
şeyxdir, aşiqdir, arifdir, alimdir, mürşiddir, müridləri
var, zühd əhlidir, qənaət sahibidir, təvazökardır,
özünü yetişdirmək üçün riyazət
üsulundan istifadə etmiş, çiləxanalarda çilələr
çəkmişdir. Nizami ağıla çox önəm
verir, deyir ki, ağıl mayadır, insanı seçən,
üstün qılan ilahi nemətdir, insan ağlından
doğru istifadə etsə, hər şeyi olar. Nizami
böyük siyasət adamıdır, siyasəti,
diplomatiyanı gözəl bilir, onun lirik şeirləri,
"Sirlər xəzinəsi", "Xosrov və
Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl",
"İsgəndərnamə" adlı beş məsnəvisi
dünya mədəniyyətinin şah əsərləri
sırasında yer tutur. O, məktəb yaratmış,
dünya ədəbiyyatına ciddi təsir göstərmişdir,
onun məsnəviləri əl-əl gəzmiş, insanlar bu əsərlərə
bərəkət qaynağı kimi baxmışlar. Dünyanın önəmli kitabxanalarında Nizaminin
əsərləri var, bu əsərlər dünya dillərinə
tərcümə olunmuşdur.
Hindistanda
təkcə "Sirlər xəzinəsi" məsnəvisinin
yüz yeddi nüsxəsini olduğunu bilirik...
- Sizcə,
Nizami irsi dünya mədəniyyətinə nə
qazandırmışdır?
- Bu,
çox geniş cavab tələb edən sualdır. İmkanımıza uyğun olaraq bunları deyə
bilərəm. Nizami insanlığın
şairidir, min ilə yaxın bir vaxt keçsə də,
Nizaminin məsnəviləri dəyərini itirmədi.
Bunun səbəbləri var: onun məsnəviləri
içində həqiqət daşıyır, Nizami insanlara hər
zaman doğru yol göstərən dəyərləri təbliğ
etmişdir. İçində həqiqət
olmayan, dəyər daşımayan heç bir əsər
qalıcı olmaz, təsir göstərməz, sevilməz.
Nizaminin təbliğ etdiyi dəyərləri - insanı insan
edən dəyərləri belə sıralaya bilərəm:
tövhid - şair deyir ki, bu, ən böyük dəyərdir,
insanlar tövhidi doğru anlasalar, bütün
sıxıntılar həll olunar, Nizami tövhidi insan
azadlığının əsası kimi
tanıtmışdır. Ədalət - Nizami
deyir ki, ədalət iki dünyanın sərmayəsidir, ədalət
hər varlığı ilahi təyinatına uyğun yerdə
tutmaq, hər kəsə, hər varlığa layiq olduğu
haqqı verməkdir, tövhid insanla Allah, ədalət insanla
insan münasibətlərinin əsasıdır. Mərhəmət - Nizami deyir ki, mərhəmət
olmasa, insanlıq ölər, ilahi rizanı qazanmaq mərhəmətlə
mümkündür. Elm - Nizami deyir ki, elm güc
qaynağıdır, elmi olmayan Allahı tanımaz, inkişaf
etməz, həlak olar, dəyərlərini itirər.
Barış - bu, insanların bir arada yaşamasını təmin
edən dəyərdir, şair deyir ki, fərqlilik ayədir,
nemətdir, zənginlikdir, ona sayğı duyun ki, bir arada,
hüzur içində yaşaya biləsiniz. Rifah
- Nizami deyir ki, yoxsulluq parçalayır, zənginlik birləşdirir.
Şair zənginliyin əsasına
halallığı qoyur, deyir ki, halal yaşamaq igidlikdir.
Sevgi - Nizami sevgini münasibətlərin
mayası kimi tanıtmışdır.
Nizami
Qurani-Kərimdən çıxış edərək
dövlət idarəçiliyinin əsasına altı dəyər
qoymuşdur: həqiqət - dövlət doğru dəyərlər
üzərində qurulmalı, doğru olan işləri
gerçəkləşdirməlidir; ədalət - dövlətin
imanı ədalətdir, bir dövlət küfürlə
deyil, zülmlə yıxılar; məşvərət -
dövlət məsləhətlə idarə olunmalıdır;
ləyaqət və əhliyyət - iş işi bilənə
verilməlidir; mərhəmət - Nizami deyir ki, dövlət
vətəndaşlarına mərhəmətlə
yanaşmalı, onların sıxıntılarını həll
etməli, bağışlama yolunu tutmalıdır; ümid - dövlət vətəndaşına
qorxu deyil, ümid verməlidir, ümidin anası ədalət,
meyvəsi sevgidir. Nizaminin dövlət idarəçiliyi ilə
bağlı ən gözəl ölçüsü budur:
hakimiyyətin şükrü ədalətdir. Dünya
dövlətlərinin əsasında Nizaminin təsbit etdiyi dəyərlər
olsa, yer üzündə savaş, kin, nifrət, aclıq,
yoxsulluq, göz yaşı zülm olarmı?
- Nizaminin
İslam dininin dəyərlərinə
bağlılığını hansı ölçülərlə
qavramaq olar?
- Nizaminin
düşüncəsinin mayası İslam dinidir. O, ən
çox hansı dəyərləri təbliğ edib desəniz,
mən tövhid və ədalət cavabını verərəm.
Nizami deyir ki, mənim torpağıma tövhid
inancının toxumu səpilmişdir. Şair
insan azadlığının əsasına tövhid
inancını qoymuşdur, o deyir ki, Allaha təslim ol ki, azad
olasan. Nizami Allahı tanıdır, bu məqsədlə
varlıqları iki yerə ayırır: Yaradan və
yaradılanlar. Şair deyir ki, Yaradan Allahdır, O, təkdir, tək
olmaq ancaq Onun haqqıdır, O, vacibul-vücüddur, yəni
var olmaq üçün bir başqa varlığa möhtac
deyil, əbədidir, ehtiyacsızdır, hər
varlığın ehtiyacını təmin edəndir,
bütün mükəmməlliklər Ona aiddir, nöqsan sifətlərdən
uzaqdır, bir tək İlahdır, ibadət, itaət, dua
ancaq Onadır, heç bir varlığa bənzəməz,
varlığın mütləq hakimidir, mərhəmətlidir,
mülkün gerçək sahibidir, ölümü və həyatı
yaradan Odur, hüzur qaynağıdır, güvən və
iman verir, mütləq diridir, hər şeyi bilir, eşidir,
görür, qullarına əsla zülm etməz, şərəf
və etibar qaynağıdır, axirətin tək sahibidir, hər
kəsdən hesab soruşacaq.
Nizami
tövhid inancını doğru öyrətmək
üçün yaradılanları da tanıdır: onlar
çoxdurlar, yaradılmışlar, var olmaq üçün
bir yaradıcıya möhtacdırlar, ehtiyacları var,
fani-ölümlüdürlər. Nizami Allahı doğru
tanımağın yolunu da öyrətmişdir: o deyir ki,
insan Allahın zatını qavraya bilməz, belə ki, Allah
sınırsız, insan sınırlı varlıqdır,
sınırlının sınırsızı qavramaq
imkanı yoxdur, Allahı tanımağın iki yolu var:
birincisi, Onun yaratdıqlarını tanı, yaradılanlardan
yaradana doğru get, ikincisi, Allahın gözəl
adlarının anlamını öyrən (əzbərləmə,
öyrən). Şair bütün məsnəvilərinin
əvvəlində Allahın gözəl adlarını bədii
dillə bir-bir tanıtmışdır. Nizami hədəfini
belə açıqlamışdır: yer üzündə Rəhmət
Evi tikmək istəyirəm, bu, sevgi, barış, xeyir, rəhmət,
bərəkət, hüzur evidir, insanlıq üçün
tikiləcək bu ev dörd dayaq - dörd
dəyər üzərində dayanacaq: tövhid, ədalət,
elm, mərhəmət. Nizami Allah Rəsulunu - son Elçini,
aləmlərə rəhmət olaraq, gözəl əxlaqı
tamamlamaq üçün göndərilmiş hz.Məhəmmədi
sevə-sevə tanıtmış, hər məsnəvisinin əvvəlində,
tövhid bölməsindən sonra Ona yer vermiş, Onun gözəl
örnəkliyini önə çıxarmış, Onu
tanıtmaq üçün gözəl məcazlar
seçmiş, oğlunun adını da Məhəmməd
qoymuşdur. Nizami insana ikidünyalı həyat
təklif edir, deyir ki, axirət dünyanın ruhudur, axirət
inancı olmasa, insan da, bu dünya da anlamını itirər.
Nizami insana şükrü, dini,
yaradılışı, savabı, günahı, tövbəni,
dünyanı, qəlbi, ümidi, əməyi, anlamlı həyatı,
sərvəti tanıdır. Deyir ki, hər
insan yer üzünün xəlifəsidir, onu işi yer
üzündə tövhid, ədalət, xeyir, mərhəmət,
barış, rifah üçün çalışmaqdır.
İnsan olmağın şükrü Allaha təslim
olmaqdır. Anlamlı həyatın
ölçüsü budur: insan ilahi təyinatına uyğun
yaşamalı, Allahın buyruqlarını yerinə yetirməlidir.
- Nizami ilə
bağlı son araşdırmalarınız haqqında bir az bilgi istəyirik.
- Öncə
onu deyim ki, bizim Nizamini anmağa deyil, anlamağa
ehtiyacımız var. Kimliyimizi, dəyərlərimizi
tanımaq, inkişaf etmək, azad olmaq, ədalətli cəmiyyət
qurmaq, dünya mədəniyyətinin öncüllərinin
sırasında yer tutmaq istəyiriksə, Nizami irsini dərindən
öyrənməli, dəyərlərini günümüzə
daşımalıyıq. Bu böyük işi gerçəkləşdirmək
üçün də bir sıra şərtlərə
ehtiyac var: birincisi, Azərbaycan mədəniyyətinin, o
sıradan Nizaminin islami kimliyi qəbul olunmalı, Nizami
bağlı olduğu dəyərlər əsasında öyrənilməlidir.
İkincisi, Nizami irsi yenidən tərcümə
olunmalı, bədii və sətri tərcüməsi
hazırlanmalıdır. Üçüncüsü,
bu böyük işi gerçəkləşdirmək
üçün ayrı-ayrı elm sahələrinin mütəxəssislərindən
ibarət elmi heyət formalaşdırılmalıdır.
Dördüncüsü, Nizaminin hər
misrasına şərhlər yazılmalı, onun irsi ilə
bağlı ciddi elmi işlər ortaya qoyulmalıdır.
Beşincisi, Nizaminin təbliğ etdiyi dəyərlər
həyatımıza daşınmalıdır.
Biz də gücümüz ölçüsündə
işlər gördük. Elmi fəaliyyətimizin
iki əsas istiqaməti var, biri Qurani-Kərimlə, o birisi
Nizami ilə bağlıdır. Nizamini aid olduğu dəyərlər
işığında öyrənməyə
çalışdıq, onun əsərlərinə on iki cild
şərh yazdıq, işlərimiz davam edir, bu il "Yeddi gözəl" məsnəvisi ilə
bağlı, min iki yüz səhifəlik, iki cildlik şərhimiz
çap olundu. Dünya nizamişünaslığında ilk dəfə
olaraq şairin iki məktubuna yüz əlli səhifəlik
şərh yazdım, "Nizaminin iki məktubu: dünya siyasət
və diplomatiya tarixinin iki şah əsəri" adı ilə
çap etdim. İndi "Nizaminin ədalət
xütbəsi" adlı elmi işimi tamamlamışam.
İşlər davam edir, Allah ömür versə,
Nizami irsinin hamısını şərh edəcəyəm.
Hərəkət bizdən bərəkət
Allahdandır.
NİZAMİ
GƏNCƏVİ DEYİR Kİ, HANSI ÖLKƏDƏ
ƏDALƏT OLSA, O ÖLKƏDƏ:
- qıfıllı qapılar açılar;
- nəfəs üçün hava yolu qoyular;
- qısır inəklər doğar;
- çaylarda su çoxalar;
- ağacların barı artar;
- pulun dəyəri olar;
- düyünlər çözülər;
- qarışıqlığa son qoyular;
- ölkə sərvətə hamilə olar;
- sərvət aşıb-daşar;
- hər kəsə layiq olduğu verilər;
- kasıblar sevinər;
- qaçqınlar öz yerinə qayıdar;
- qoyunlar canavarların zülmündən
qurtarar;
- çalağan göyərçinlə dost
olar;
- fitnə ölər;
- əliuzunların (rüşvətxorların) əli
qısalar;
- ölkənin düşmənləri qorxuya
düşərlər;
- dostlar sevinərlər;
- hakimiyyətin mərkəzinə insana xidmət
qoyular;
- cinayətkara belə işgəncə verilməz;
- xalq hakimiyyəti sevər;
- xalq dövlətinə bağlanar;
- kimsə ac qalmaz;
- kədərin yerini sevinc tutar;
- üzlərə təbəssüm qonar;
- hakimiyyət xalqın nazını çəkər;
- ölkənin xəzinəsi dolar;
- qılınc və şallaq (zülm, qorxu,
şiddət) ölkədən sürgün edilər;
- ağaclar çiçək açar,
yaşıllaşar;
- insanların əli pulla oynayar;
- bolluq, bərəkət bütün evlərin
qapısını döyər;
- hakimiyyət ədalətli olanlara dəyər
verər, onların önünü açar, zalımlarla
savaşar, zülmün qapısını bağlayar;
NİZAMİ
GƏNCƏVİNİN UCA ALLAHA DUASI
Ey mənim
ürəyimi müalicə edən, ALLAHIM!
Məni
kimsəyə möhtac etmə!
Məni
möhtac olanlara möhtac etmə!
Məni
ancaq Özünə möhtac et!
Mənə
nur ver!
İşlərimi
asanlaşdır!
Qoyma
başım kiminsə qarşısında əyilsin!
Halal ruzi
ver!
Qəlbimi
uca Allah sevgisi ilə doldur!
Mənə
yeni söz xəzinələri bəxş et!
O xəzinələri
açmaq gücü ver!
AMİN!
NİZAMİ
GƏNCƏVİNİN UCA ALLAHA DUASI
EY UCA
ALLAHIM:
- məni Allahdan başqa kimsəyə möhtac
etmə!;
- ruzi ver!;
- qocalanda əlimdən tut!;
- məni bu dünyanın köləliyindən
azad et!;
- qulluğumu qəbul et!;
- məni qoru!;
- başımı ucalt!;
- bu dünyada başıma qənaət və
riza tacı qoy!;
- axirət səadəti nəsib et!;
AMİN!
NİZAMİ
GƏNCƏVİ DÖVLƏT BAŞÇISININ
ÖZƏLLİKLƏRİNİ AÇIQLAMIŞDIR:
- ağıllıdır;
- güclüdür - iradəlidir;
- səbirlidir;
- ölkəsini qoruyur;
- dövlətinin xəzinəsi insanlara xidmət
edir;
- qayğıkeşdir;
- əvəz istəmədən nemətlər
verir;
- cəsur sərkərdədir;
- insanları rifah içində yaşadır;
- saleh əməlləri ölkəni
yaşıllığa - cənnətə çevirir;
- sıxıntıları həll edir - düyünləri
açır;
- ədaləti minlərlə ölmüş qəlbi
dirildir;
- xeyir işlərin arxasınca gedir;
- xeyirxahdır;
- uca Allahı unutmur;
- axirətə inanır;
- insanların arzularını yerinə yetirməsi
üçün şərait yaradır;
- səxavətlidir;
- mərhəmətlidir;
- bağışlamağı çox sevir;
- verdiyi sözü yerinə yetirir;
- doğru danışır;
- vəfalıdır;
- fatehdir - ədaləti ilə qəlbləri,
qılıncı ilə ölkələri fəth edir;
- elmlidir;
- alimləri sevir;
- məsləhətə önəm verir;
- işi iş bilənə tapşırır;
II "Yeddi gözəl" məsnəvisində
Bəhram obrazının inşa mərhələləri
Nizami
"Yeddi gözəl" - "Bəhramnamə" məsnəvisində
Bəhram Gur obrazını addım-addım inşa etmiş,
ona bağlı olan hər şeyi hədəfə uyğun
biçimdə dəyərləndirmiş, siyasi lider
yetişdirməyin yollarını göstərmişdir:
- Bəhram
Gurun atasına yer vermiş, aralarındakı fərqləri
göstərmişdir: ata daş, oğul gövhərdir, ata
zalım, oğul insaflıdır, ata acımasız, oğul mərhəmətlidir;
- münəccimlər Bəhram Gurun taleyindən
xəbər verirlər: o, fateh olacaq, ədaləti, əzəməti
ilə aləmi nurlandıracaq;
- o, şahın tək övladıdır;
- Bəhram
Gurun uşaqlığı Ərəbistanda - Yəməndə
keçir;
- Yəmən
hakimi ona siyasətin - şahlığın elmini, ədəbini
öyrədir;
- O,
dörd yaşında cəsur şir olur;
- Bəhram
Gurun sağlam böyüməsi üçün havası, təbiəti
gözəl olan özəl yer seçilir;
- Bəhram
Gur üçün özəl saray - Xəvərnəq qəsri
tikilir;
- bu sarayın ustası Rum ölkəsinin məşhur
memarı Simnardır;
- Nizami bu
sarayın gözəlliyini parlaq məcazlarla təsvir
etmişdir;
- Bəhramın
özəl dayəsi, özəl müəllimi var;
- Onun elm
öyrənmək marağı güclüdür;
- çox ağıllıdır, dərin
qavrayışı var, məsələləri tez və
düz anlayır;
- ərəb, fars, yunan dillərini öyrənir;
- dil müəllimi bir atəşpərəst
muğu idi;
- astronomiyanı dərindən öyrənir;
- həndəsəni, riyaziyyatı çox sevir,
çətin məsələləri tez qavrama gücü
var;
- irfan bilgi sistemini öyrənir;
- müəllimi ona göylərin, yerin sirrini
açır;
- nitq mədəniyyətinə, bəlağət
elminə yiyələnir;
- Bəhram
Gur bütün elmlərin mahiyyətini öyrənir;
- dinləmə mədəniyyətinə sahib
olur;
- savaş elminin sirlərini öyrənməyə
çox maraq göstərir;
- silah oynadır, at çapır, ox atır;
- çox cəsurdur, şirlərin pəncəsini,
qurdların boynunu sındırır;
- nizə oynatmaqda tayı-bərabəri yoxdur;
- mahir oxatandır, qranit daşları oxla
bir-birinə tikir, ox atarkən bütün oxları eyni
nöqtəyə vurur;
- daşı qılıncla parçalayır;
- nizəsinin ucu ilə darını deşir;
- oxu ilə tükü yarır;
- ona şir deyirdilər;
- bəbirin üstündə at
çapırdı;
- qızmış şirlə oynayırdı;
- elmi güclə hərbi gücü
özündə birləşdirmişdi;
- ov etməyi sevir, vəhşi gur ovlayır;
- Nizami Bəhramın
atını, oxunu, yayını, ov məharətini incəliklərinədək
təsvir edir;
- o, dörd yaşına çatmamış
gurları ovlamır, onların qanını haram sayırdı;
- Bəhram
Gur bir oxla guru və onu ovlamaqda olan (onun belinə minmiş)
şiri öldürür;
- bir dişi gur Bəhramı arxasınca
mağaraya aparır, onun balasını yemiş əjdahanı
öldürməsini, qisasını almasını istəyir;
- bu hadisə vasitəsi ilə həm Bəhramın
cəsarəti, məharəti təsvir olunur, həm də
zülm edən hər kəs cəzasını alacaq
ölçüsü tanıdılır, ədalətli ol
mesajı verilir;
- Nizami Bəhram
Gurun qorxunc əjdahanı öldürməsini bütün incəlikləri
ilə təsvir edərək bu mesajları da vermişdir:
Allah ədalətli, cəsur, mərhəmətli olanlara
böyük mükafat hazırlamışdır, məzlumun
ahı zalımı həlak edər, zalımın deyil, məzlumun
yanında ol, məzlumların bu dünyasını xilas et ki,
Allah da sənin axirətini qurtarsın, ananın balasına
sevgisi qeyri-adidir, o, balasını qurtarmaq üçün
canını verər;
- rəssamlar Bəhram Gurun hər zəfərinin
rəsmini qəsrin divarına nəqş edirlər;
- Bəhramın
Xəvərnəq qəsri çox gözəldir, şahzadə
ona yaraşan sarayda yaşayır;
- Bəhram
o sarayda özəl bir otaq görür, orada yeddi ölkəni
təmsil edən yeddi gözəl qızın şəkli
otağın tavanına çəkilmişdi, Bəhram Gurun rəsmi
dairəvi biçimdə sıraya düzülmüş
qızların rəsminin ortasında idi, Günəşin ətrafına
planetlər düzülmüşdü, ulduzların
hökmü də divara yazılmışdı: Bəhram o
yeddi gözəl qızı yanıma gətirəcək;
- Bəhramın
atası vəfat edir, İran hakimiyyətində təmsil
olunanlar Yəzdigürdün zalım olduğunu əsas
göstərərək monarxiya idarə üsulunun tələbini
pozur, hakimiyyəti haqqı olan Bəhrama deyil, yaşlı,
müdrik bir insana verirlər, ərəb tərbiyəsi
görmüş Bəhramın İranı idarə etməsini
istəmirlər;
- Nizami bu
hadisədən yararlanaraq Bəhramın bir sıra özəlliklərini
önə çıxarır: a) övladlıq borcunu yerinə
yetirir - atasına yas tutur; b) hakimiyyət haqqının əlindən
alınması ilə barışmır; c) qərarlı və
iradəlidir, deyir ki, indi yas vaxtı deyil, hakimiyyət
uğrunda mücadilə vaxtıdır; d) ağıllı və
cəsurdur - bilir ki, hərbi gücü olmasa, hərbi
güclə diplomatik güc birləşməsə, hakimiyyət
haqqını əldə edə bilməyəcək; e)
bacarıqlıdır - yüz minlik seçmə ordu
hazırlayır, yenilməz sərkərdə kimi Yəməndən
İrana doğru hərəkət edir;
- Nizami Bəhramın
ordusunun fiziki və mənəvi gücünü göstərmək
üçün bütün incəliklərə yer verir,
gözəl məcazlardan yararlanır: əsgərlər zireh
geyimli, dəmir çeynəyən, düşmən
yıxan, div bağlayan, qalalar fəth edən idilər, ordunun
nəmi balığa, tozu Aya çatdırdı,
bürünc küplərin naləsi ödü
parçalayırdı, düşmənə olan kin cəhənnəm
odu kimi qızmışdı...;
- Bəhram
hərbi gücünü göstərir, ancaq hakimiyyət məsələsini
diplomatik yolla, qansız həll etmək istəyir, belə ki,
gələcəkdə idarə edəcəyi iranlılarla
düşmənliyin artmasının onun ziyanına
olduğunu bilir;
- İranı idarə edənlər Bəhramın əzəmətli
ordusundan qorxuya düşür, çıxış yolu
axtarır, qərara gəlirlər ki, Bəhrama məktub
yazsınlar, məktub yazır, onu din xadimlərindən ibarət
nümayəndə heyəti ilə Bəhrama göndərirlər. Onlar Bəhramın hərbi
hərəkatını dayandırmaq üçün məktubda
bu fikirləri önə çıxarırlar: din duyğusunu
hərəkətə keçirir, dindaş olduqlarını
vurğulayırlar, Bəhramı tərifləyir, onun hakimiyyət
haqqını tanıyırlar, dövlət idarəçiliyinin
çətinliyini göstərirlər, atasının
zülmünü özəlliklə qabardır,
iranlıların Yəzdigürdə nifrət etdiklərini
söyləyirlər, maddi yardım təklif edirlər, vaxt
istəyir, gələcəkdə İranın
şahının Bəhram olacağını bildirirlər;
- Bəhram
iranlılara cavab məktubu yazır, Nizami bu məktub vasitəsi
ilə onun kəskin siyasi zəkasını, diplomatiya
bacarığını, liderlik imkanlarını, uzaqgörənliyini,
ağlının gücünü ortaya qoyur;
- Bəhram
deyir ki, hakimiyyət haqqından əsla əl çəkməyəcək,
İranın şahı olmaq onun halal haqqıdır, o, bu
halal haqqını ya savaş, ya da barış yolu ilə
qazanacaq;
- O,
şahı olacağı İran xalqına əziyyət vermək,
onların nifrətini qazanmaq istəmir, ona görə də barış
yolunu seçir;
- Bəhram
cavab məktubunda iranlıların qəlbini qazanmaq,
ağıllı, cəsarətli, iradəli, ədalətli
olduğunu göstərmək üçün bu
anlayışları önə çıxarır: din
bağı qurur - Allaha inandığını söyləyir,
atası ilə arasına məsafə qoyur, onun zülmünə
görə üzr istəyir, vədlər verir, deyir ki, mənim
hakimiyyətim zamanı qəddarlıq,
özbaşınalıq olmayacaq, ədalət bərpa ediləcək,
vergilər azaldılacaq, hər kəsin canı, malı,
şərəfi qorunacaq, qərarlar məsləhətlə qəbul
olunacaq, vəzifələr ağıllı adamlara veriləcək,
yeni fəthlər olacaq, İran xalqı zənginləşəcək,
Allahın və insanların rizasını qazandıracaq
işlər görəcəyəm, O, İranı idarə
etmiş nəslinin böyük şahlarını yada
salır, İranın şahı olmaq mənim
haqqımdır deyir, güclü, qətiyyətli olduğunu
ifadə edən sözlər seçir, deyir ki, kimsənin Bəhramın
hakimiyyətə gedən yolunu kəsmək imkanı,
gücü, haqqı yoxdur, artıq hər kəs bilsin ki, Bəhram
İranın şahıdır;
- Bəhram
hakimiyyət uğrunda mübarizənin barış yolu ilə
həll olunmasının yolunu açmaq üçün iti zəkasının,
sarsılmaz cəsarətinin, uzaqgörənliyinin göstəricisi
olan bir təklif irəli sürür, deyir ki, iki vəhşi,
itipəncəli, acıqlı, ac, alovlu ağzından
tüstü püskürən, nərildəyən şirin
ortasına şahlıq tacı qoyulacaq, mərasim
insanların gözü qarşında təşkil olunacaq,
kim o şirlərin arasından tacı götürsə,
İranın şahı sayılacaq;
-
İranı idarə edənlər bu təklifi qəbul etmək
məcburiyyətində qalırlar, belə ki, rədd etsələr,
savaşmalıdırlar, savaşmaq imkanları da yoxdur,
düşünürlər ki, tacı ilk olaraq Bəhram
götürməlidir, bu zaman o, ölə bilər, hakimiyyət
də onlara qalar;
- iyirmi
iki yaşı yenicə tamamlanan Bəhram Gur iki azğın
şirin başını ayaqları altında tutur, pəncələrini
parçalayır, dişlərini qırır, öz
başını və tacı xilas edir, şir olan Bəhram
taxta oturur, tülkülər taxtdan yıxılırlar;
-
İranın şahı olan qoca Bəhramı
"bütün iqlimlərin şahı",
"dünyanın şəhriyarı" adlandırır;
- din xadimləri ona "cahanın
şahı" deyirlər;
- şahlar ona "şahlar şahı"
adını qoyurlar;
-
İranın siyasi, hərbi, dini elitası Bəhramın
şahlığını qəbul edir - könüllü qərar
verən də var, məcbur olan da;
- Bəhramın
siyasi zəfərinin səbəbləri bunlardır:
ağıllı, cəsarətli, iradəlidir, siyasəti,
diplomatiyanı gözəl bilir, idarəçiliyi bacarır,
hədəfi var, özünə güvənir,
çalışqandır;
III "Bəhramın ədalət
xütbəsi" adli bölmənin şərhi
GİRİŞ
"Yeddi
gözəl" məsnəvisinin "Bəhramın ədalət
xütbəsi" alı bölməsi
orijinalda da, tərcümədə də iyirmi iki beytdir. Bir fərq var ki, orijinal mətndə bu adda ayrıca
bölmə yoxdur. "Bəhramın
öz atasının yerində taxta əyləşməsi"
adlı bölmə var, adını çəkdiyimiz hissə
də bu fəslin içindədir.
Tərcümədə
başlığa çıxarılmış "nitq"
sözü də orijinalda yoxdur, onun yerinə "xütbə"
qəlibi var. Bu söz mətnin məzmununa, Bəhramın
dövründəki siyasi anlayışa, adət-ənənəyə
uyğundur. Belə ki gələnəyə
uyğun olaraq yeni şah xütbə oxuyur, hakimiyyətinin yol
xəritəsini, idarəçiliyinin əsaslarını
açıqlayır, xalqla ünsiyyət qururdu. Onu da
bildirək ki, "xütbə" sözü ərəbcədir,
"x-t-b" kökündəndir,
"danışıq",
"gözəl danışma", "dini məzmunlu
söhbət" (imam cümə günü, cümə
namazında, namazdan öncə möminlərə xütbə
oxuyur, onlara öyüd verir, gözəl
danışığı olan da "xətib" adlanır)
anlamlarını daşıyır.
Nizami niyə məhz "xütbə"
sözünü seçmişdir? Səbəbləri sıralayaq: hər
danışıq/nitq xütbə deyil, xütbə çox
önəmli mövzuları / məsələləri əhatə
edir, İranda çox önəmli, tarixi hadisə baş
vermiş, zalım Yəzdigürd ölmüş, dövlət
idarəçiliyində söz sahibi olan siyasi, dini, hərbi
zümrə (elita) monarxiya idarəçilik sisteminin
qanunlarını pozaraq hakimiyyət haqqı olmayan bir
qocanı şah elan etmiş, Bəhram da hərbi, siyasi,
diplomatiya gücünü birləşdirərək halal
haqqı olan şahlığı geri almışdır, vəziyyətin
yenidən dəyərləndirilməsinə ehtiyac var, xalq,
keçmiş siyasi, dini, hərbi zümrə həyəcan
içindədir, hər kəs yeni şahın - Bəhramın
nə deyəcəyini, hansı addımları atacağını
gözləyir, insanların çoxsaylı sualları var: Yəzdigürdün
zülmü davam edəcəkmi? Bəhram verdiyi
sözləri tutacaqmı? O, bağışlama, mərhəmət,
ədalət, islahat, rifah yolunu seçəcək, yoxsa dar
ağacları quracaq, qisas alacaq, zülm edəcək? Yoxsulluq, didişmə, parçalanma, nifrət,
soyğunçuluq davam edəcəkmi? İran
dövlətinin taleyi necə olacaq, zülm,
qarışıqlıq nəticəsində dağılacaq,
yoxsa ədalət və milli birliklə güclənəcək?
Elə buna görə də Bəhramın proqramını,
ölkənin inkişaf yolunu açıqlamasına ehtiyac
var. Bu önəmli mesajları əhatə edən
çıxışın adı da xütbədir, o,
sıradan bir söz deyil, anlayışdır, içində
siyasi, dini, hərbi, iqtisadi, mədəni, sosial anlamlar
daşıyır. Nizami elə bir söz /
anlayış seçmişdir ki, bu qəlib həm tarixi hadisə
baş verdiyini, həm də çox önəmli, hər kəsi
düşündürən mesajların olacağını
ifadə edir.
Nizami "Bəhramın ədalət xütbəsi"
deyir. Yeni məqamda Bəhram Gur qəlibindəki
"gur" sözünü atır, onu "şah" kimi
tanıdır. Bu təqdimat biçiminin seçilməsinin
səbəblərini sıralayaq: artıq keçmiş bitmişdir,
gur ovlayan, gününü məclislərdə keçirən
Bəhram Gur yoxdur, öz siyasi kimliyini, ağıllı, cəsur,
iradəli olduğunu, siyasət və diplomatiya
bacarığını göstərmiş Bəhram şah
var, gur sözünün ixtisarı siyasi anlam yüklənmişdir,
bir dövrün bitib yeni bir dövrün
başladığını ifadə edir, artıq gurları
deyil, xalqın qəlbini ovlamağa ehtiyac var, gurları oxla,
yayla, xalqın qəlbini ədalətlə ovlamaq olar, o,
artıq İranın şahıdır, İranın siyasi, hərbi,
dini təbəqəsi (elita) və xalqı onu şah kimi qəbul
etmiş, üstəlik, Bəhramı "bütün iqlimlərin
şahı", "dünyanın şəhriyarı",
"cahan şahı" adlandırmışdır, o, indi
bir dövlətin, xalqın siyasi lideridir, bu siyasi yükün
anlamını ifadə edən adlandırma Bəhram Gur deyil,
Bəhram şahdır, onun şah titulu sadəcə nəsildən
gələn bir miras deyil, öz gücü ilə
qazandığı siyasi kimlikdir, halal haqdır, mən
şahlığı əməyimlə haqq etmişəm
mesajıdır, sən şahlığı əməyinlə,
siyasi, hərbi, diplomatiya imkanlarınla, ağıl, elm, iradə,
cəsarət və gücünlə qazansan, xalq
şahlığını qəbul edər, səni istəməyənlər
belə razılaşmağa məcbur qalar, o, gerçək
şahdır deyər.
"Bəhramın
ədalət xütbəsi" başlığında "ədalət"
sözü var. İranın şahı olan Bəhramın
iyirmi iki beytlik ilk tanıtma xütbəsinin göbəyində
ədalət anlayışı yer tutur, hər beyt, hər
söz, hər məcaz, hər obraz bu anlayışın bir
yönünü açıqlayır. Bəhramın İran
xalqı, siyasi, hərbi, dini çevrələrlə ilk
üzbəüz təmasında ədalət
anlayışını önə
çıxarmasının, xütbəsini bu
ölçüyə uyğun qurmasının səbəbləri
var:
- "ədalət"
ərəb sözüdür, "ayn-d-l" kökündəndir,
ədalət hər kəsin, hər şeyin haqqını
vermək, onları layiq olduğu yerdə tutmaq, hər
varlıqdan ilahi təyinatına uyğun istifadə etməkdir,
ziddi zülmdür, o da bir şeyi yerindən etməkdir;
- ədalət həm də siyasi
anlayışdır, idarəçiliyin əsasıdır;
- dövlətin varlıq səbəbi ədaləti
təmin etməkdir, bizdən öncəkilərin dediyi kimi,
dövlətin imanı ədalətdir, bir dövlət
inancsızlıqla deyil, zülmlə çökər;
- Bəhram
xütbəsində ədalət anlayışını
önə çıxararaq çoxyönlü mesajlar verir;
- ilk mesajı keçmişlə bağlıdır,
o, atası Yəzdigürddən hər çeşid zülm
görmüş İran xalqına deyir ki, artıq
zülmün qaranlığı bitmiş, ədalət
günəşi doğmuşdur;
- ey cəfakeş İran xalqı, Bəhram
atasından fərqlidir;
- sizin ən
çox ədalətə ehtiyacınız olduğunu bilirəm,
onu təmin edəcəyəm;
- siyasi, iqtisadi, mədəni, dini zülmün
kökünü kəsəcəyəm;
- Bəhram
xalqla sağlam siyasi bağ qurmağın ən gözəl
yolunun ədalət olduğunu bilir;
- İran
xalqının güvənini qazanmaq, Bəhramla bağlı
şübhələrini yox etmək, onları birləşdirmək,
öz tərəfinə çəkmək istəyir;
- onlara ümid verir, ədalətin ən önəmli
özəlliyi ümid, güvən verməsi, cəsarətləndirməsidir;
- deyir ki,
ədalət ölkəmizə barış, mərhəmət,
sevgi, güvən, bolluq gətirəcək, kini, düşmənliyi,
yoxsulluğu, didişməni, nifrəti yox edəcək, hər
birinizin haqqını qoruyacaq, milli birliyə yol açacaq,
dövlətimizi gücləndirəcək, xalqla dövləti
bir-birinə bağlayacaq, dövləti xalqın xidmətçisinə,
qoruyucusuna çevirəcək;
- ey İran xalqı, bilin, yüzdə yüz əmin
olun ki, Bəhram ədaləti təmin etmək
üçün var;
Nizami Bəhramın
ədalət xütbəsini "təptəzə
dürr" (parlaq, canlı, diri) adlandırır, belə ki,
dürrün əmələ gəlməsi çox
ağrılı işdir, ədaləti təmin etmək də
çox çətindir, ədalət dürr kimi səbir istəyən
nemətdir, ədalət mənəvi nur qaynağıdır,
dürr kimi parlaqdır, ədalət zülmün
qaranlığını yox edir, ədalətin işi toplumu
diriltməkdir, ədalət
dürr kimi çox dəyərlidir...
"Yeddi
gözəl" məsnəvisinin "Bəhramın ədalət
xütbəsi" adlı iyirmi iki beytlik bölməsini bir
neçə hissəyə ayıra bilərik:
- Bəhram
öncə hakimiyyəti qazanmasını Allahın
lütfü kimi dəyərləndirir (səbəblərini
şərh zamanı sıralayacağıq);
- o, Allahın yardımı ilə əldə
etdiyi hakimiyyət nemətinə görə Ona
şükür edir;
- deyir ki, bu nemətin şükrü ölkəni
ədalətlə idarə etməkdir;
- Allaha
söz verir;
- bilir ki, Allahın rizasını
qazanmağın yolu insanları razı salmaqdır;
- insanların qəlbini, dəstəyini, güvənini
qazanmağın şərti də ədalətli olmaqdır;
- Bəhram
ədaləti necə təmin edəcəyinin yollarını
açıqlayır;
- deyir ki, məndən ancaq günahkarlar, oğrular,
canilər, yolkəsənlər inciyəcək;
- işini bilən insanlarla işləyəcəyəm;
- hər kəsdən düzlük tələb
edəcəyəm;
- işini yerinə yetirməyən cəzalanacaq;
- itaətim ancaq Allahadır, Onun
buyruqlarını yerinə yetirəcəyəm;
- insanlara gözəl əməllərimlə
ümid verəcəyəm;
- hər kəsin təhlükəsizliyi təmin
olunacaq;
- işlər məsləhətlə yoluna
qoyulacaq;
- ədaləti təmin etməyin nə dərəcədə
çətin olduğunu bilirəm, kimsə iradəmi
sındıra bilməz, dirənəcək, qalib gələcəyəm;
- Bəhram
ədalətin təmin olunmasına qarşı
çıxanlara bəddua edir: onlar sevinc görməsinlər;
- o, hər kəsə ədalət, hər kəsə
mərhəmət, hər insana xidmət hərəkatına
başlayacağına, bu yolla da hakimiyyət nemətinin
şükrünü yerinə
yetirəcəyinə inanır;
BİRİNCİ BEYTİN
ŞƏRHİ:
TANRI
VERƏN NEMƏT MÜBARƏK OLSUN!
O dedi:
"Tacı mənə Tanrı bəxş etdi,
Bu
Tanrı verən nemət mənə mübarək olsun!
Bəhram
iki vəhşi, itipəncəli, acıqlı, ac,
ağzından alov çıxan, nərildəyən şirin
arasından tacı götürdü, şahlıq
haqqını geri qaytardı, təbrikləri qəbul etdi,
heç ara vermədən ədalət xütbəsini
söyləməyə başladı, bu hal bir sıra mesajlar
verir: Bəhram baş verən hadisənin nə dərəcədə
önəmli olduğunu bilir, İranda hakimiyyət dəyişir,
hər an dəyərlidir, gecikmək olmaz, İran xalqı,
başqa dövlətlər İranda baş verənləri
diqqətlə izləyirlər, o dönəmdə İran
dünyanın iki imperatorluğundan biridir, bu ölkədə
baş verənlərin daxilə - xalqa, xaricə - dövlətlərə
təsir gücü var, Bəhram vəziyyətə nəzarət
etməlidir, bunun üçün gecikmədən
proqramını açıqlamalı, xalqı öz ətrafında
birləşdirməli, gücünü, İrana tam hakim
olduğunu, dövlət (hakimiyyət) xalq birliyini göstərməlidir.
Nizami Bəhram
üçün hər anın nə qədər önəmli
olduğunu vurğulamaq məqsədi ilə birbaşa ədalət
xütbəsinə keçir, ən qısa ifadə
biçimini - "dedi" ("qoft") feilini seçir,
"o dedi", "şah dedi", "Bəhram dedi",
"ayağa qalxıb dedi", "xalqın hüzuruna
çıxıb dedi", "insanlara təşəkkür
etdi, sonra dedi" kimi vaxtı uzadan qəliblərdən imtina
edir. Bu, həm də Bəhramın nə qədər
ağıllı, hazırlıqlı, siyasət ustası
olduğunu göstərir. Belə ki, o, ədalət
xütbəsini hazırlamaq üçün vaxta, məsləhətçilərə
ehtiyac duymur, məsələnin mahiyyətini dəqiq bilir, onu
ən gözəl biçimdə ifadə etməyi də
bacarır (Bəhram iranlıların məktubuna da vaxt
ehtiyacı hiss etmədən birbaşa cavab vermişdi).
O bilir ki,
İran tarixinin həlledici dönəmlərindən biridir,
hakimiyyəti qazansa da, hələ xalqın qəlbini
qazanmamışdır, atasının zülmü İran
xalqını ondan uzaqlaşdırmışdır, bu önəmli
vaxtda İran xalqının könlünü fəth etməli,
onu öz ətrafında birləşdirib gücünü
göstərməli, İrana tam hakim olmalı, fürsət
gözləyən düşmənlərinin baş
qaldırmasına imkan verməməlidir. İran
xalqının könlünü fəth etməyin də tək
bir yolu var, o da ədalətdir. Elə bu
ehtiyaca görə də gecikmədən ədalət xütbəsini
xalqa təqdim etməlidir.
"Dedi"
feilindən sonra "ke" / "ki"
bağlayıcısı var, Nizami hər anın önəmini
göstərmək üçün bu
bağlayıcının "e" hərfini atmış,
onu özündən sonrakı sözə birləşdirmişdir.
Bəhram
dedi ki, tacı mənə Tanrı bəxş etdi. Orijinalda
"əfsər" sözü var, tac mənasını
daşıyır. Hökmdarların maddi hakimiyyət
simvollarından biri də tacdır. Tac anlamını
ifadə edən bu sözlərdən də istifadə
olunmuşdur: "dihim", "əfsər",
"külah", "börk", "imamə",
"isabə", "dəstərçə" (fərqli
məqamlara görə, hala uyğun tac biçimləri
seçilmişdir).
Nizami Bəhram dönəmində İran hakimiyyət gələnəyinə
uyğun olan "əfsər" sözünü
seçmiş, tarixi o tarixə bağlı anlayışlarla
tanıtmışdır.
Bəhram
ədalət xütbəsini - siyasi proqramını
açıqlamazdan öncə, ya da xütbənin
başlanğıcında İran xalqına, dövlətin
siyasi, dini, hərbi zümrəsinə, öz əsgərlərinə
təşəkkür etmək ehtiyacı hiss etmir, belə ki,
onların Bəhramın hakimiyyət haqqını geri
almasında əməyi yoxdur: İran xalqı onu tələb
etməyib, əksinə, atasının zülmünə
görə ona qarşı olub, İranın siyasi, dini, hərbi
seçkin zümrəsi öncə onun hakimiyyət
haqqını əlindən alıb, sonra da Bəhramın
hakimiyyətə gəlməməsi üçün
bacardığı hər şeyi edib, öz ordusu da onun
hakimiyyəti uğrunda savaşmayıb - savaşa ehtiyac
olmayıb, məsələ diplomatik yolla həll edilib. Bəhramın
anlayışı - inancı budur ki, zəfərin
qazanılması iki yolla gerçəkləşib: a) Allah
yardım edib; b) Bəhramın ağlı, cəsarəti,
iradəsi, siyasət və diplomatiya bacarığı hakimiyyətə
gedən yolu açıb; Bəhram monarxiya sisteminə
uyğun siyasi liderdir, o, zəfərinə Allahdan başqa kimsəni
ortaq etməz, bunu liderlik anlayışına
yaraşdırmaz.
Nizami də birinci beyti - ədalət xütbəsinin
başlanğıcını Bəhramın zəfərinə
yol açan bu iki anlayışa görə qurub, söz
seçimini bu ideyaya uyğunlaşdırıb. "Dedi", "ke",
"əfsər" / "tac" qəliblərindən
sonra "Xuda" - "Xoda" sözü gəlir, bu
söz Allah adının deyil, əl-İlah adının
qarşılığıdır. Allah
sözünün heç bir dildə
qarşılığı yoxdur, türk dilindəki Tanrı
sözü də Allah adının deyil, əl-İlah
adının qarşılığıdır. Allah əl-İlahdır, ibadətə layiq tək məbuddur.
Bəhram deyir ki, əfsəri/tacı mənə Xuda verdi. O, ədalət xütbəsinin
başlanğıcında niyə Allahı yada salır, Onun
haqqını təslim etmək zərurəti hiss edir. Səbəbləri
sıralayaq:
Birincisi,
Allaha inanır, iranlılara yazdığı cavab məktubunun
başlanğıcında bunu açıqca ifadə edir, bu
sözlərə yer verir: "Ata (Yəzdigürd) allahlıq
iddia etsə də, Mən Allahı sevirəm, Onun
ölçüləri ilə tərbiyələnmişəm".
İkincisi, monarxiya sistemini quranlar inanır, xalqı da
inandırırlar ki, onların hakimiyyətinin qaynağı
Allahdır, Allah insanlar arasından onları seçib. Onun
seçdiyindən başqa kimsənin hakimiyyət haqqı
yoxdur, hakimiyyət seçilmiş ailənin ortaq
malıdır, atadan oğula keçir, onlara qarşı
çıxmaq Allaha qarşı çıxmaqdır.
Üçüncüsü, Bəhram xütbəsinin
ilk addımında hakimiyyətinin qaynağı Xudadır
fikrini mərkəzə qoymaq, özəl vurğulamaq üçün
bir beytdə iki dəfə Xuda sözünə yer verir, hər
misraya Xuda sözünü yerləşdirir. Ancaq burada da
incə bir məqam var, bu, tərcümədə nəzərə
alınmayıb. Belə ki "Xoda"
sözü birinci misrada "Xodai", ikinci misrada isə
"Xoda" biçimindədir. "Xoda"
sözünün sonundakı "yə" hərfi müəyyənlik
artiklı rolunu oynayır, "Xoda" sözünə o
Allah ki, hakimiyyəti bizim nəslə verən, bizi seçən,
mənə də zəfər bəxş edən Allah
anlamlarını yükləyir, deyir ki, Onun seçdiyinin
qarşısında kimsə dura bilməz, ey İran xalqı,
ey dostlar və düşmənlər, bilin ki, bu gün
İranın şahı Allahın seçdiyi Bəhramdır.
Dördüncüsü,
Bəhram Xuda/Xoda özünə iki dəfə yer verdi, məni
Allah seçdi fikrini mərkəzə yerləşdirdi ki,
dindar İran xalqı ilə, ciddi təsir gücü olan din
xadimləri ilə könül bağı qura bilsin, onları
öz tərəfinə çəksin, mən də sizdənəm,
eyni dinə mənsubluq (zərdüştlük), eyni Allaha
inanırıq.
Beşincisi, Bəhram bu yolla həm də onu deyir ki, mənə
qarşı çıxan Allaha qarşı
çıxmış olacaq, bunun da cəzası çox
ağırdır.
Altıncısı, Allah inancının önə
çıxarılması Bəhramın ədalət vədinin
təminatıdır. Belə ki, monarxiyada hakimiyyət bir şəxsin
əlində cəmlənir, şaha nəzarət imkanı
yoxdur. Bir nəzarətçi qalır, O
da Allahdır, yəni ey İran xalqı, Allahı şahid
tutaraq söz verirəm ki, ədalətli olacağam, mənə
inana, güvənə bilərsiniz.
Yeddincisi, Allah inancının önə
çıxarılması Ona dillə şükrün ifadə
biçimidir, əməli şükrün təsdiqi isə ədaləti
təmin etməklə gerçəkləşəcək.
Səkkizincisi,
Bəhram deyir ki, əfsəri/tacı mənə Allah verdi. Allah hakimiyyəti necə verir?
Bu ölçünü necə
anlamalıyıq? Sıralayaq:
-
Allahın zəfər qanunu var, bu ilahi zəfər
yazılımının ölçüləri dəyişməz;
-
Allahın təsadüf adlı qanunu yoxdur;
- O,
heç kimə heç nəyi təsadüfən verməz,
hər şeyi bir ölçüyə bağlayar;
- qanunları əsla dəyişməz;
- Onun
qanunlarına əməl edən uğur qazanar;
-
Allahın zəfər qanununun içində bunlar var:
ağıl nemətindən doğru istifadə et, çox
çalış, peşəkar ordu hazırla, onu maddi, mənəvi
dəyərlərlə silahlandır, hərb elmini öyrən,
orduya layiq olanı lider seç, düşmənini tanı, cəsur,
iradəli ol, siyasət və diplomatiyanı dərindən
öyrən, zəfəri Allahdan bil - səndən hərəkət,
Ondan bərəkət, Allaha dua et, savaş zamanı və zəfər
qazananda həddi aşma, zəfər sərxoşu olma, məğlub
tərəfə zülm etmə;
- zəfəri özündən bilsən, onun
köləsi olacaqsan, nəticədə, Allahın məğlubiyyət
qanunu işə düşəcək, təkəbbür məğlubiyyətə
yol açacaq, zəfər əldən gedəcək, həlak
olacaqsan;
Deyə bilərik ki, Bəhram Allahın zəfər
qanununun bütün şərtlərinə əməl
etmiş, Allah da ona hakimiyyət vermişdir. Allah haqq edənə
verər. Onun verdiyi hakimiyyət nemətinin
davamı ədalətlə mümkündür, bu da ilahi
qanundur. Zülm ortaya çıxsa, nemət
əldən gedər, bu da Allahın qoyduğu
ölçüdür.
Dedik ki, Bəhram ədalət xütbəsinin ilk beytində
(başlanğıcında) Allahı və özünü
önə çıxarır, deyir ki, hakimiyyəti (zəfəri)
verən Allahdır, O, Bəhramı seçdi, onu bu nemətə
layiq gördü, siz də Allahın seçdiyini qəbul etməlisiniz. O, seçilmiş Bəhram
tezisini vurğulamaq üçün iki yoldan yararlanır: a) mən
əvəzliyini "mənə" ("be mən")
biçimində iki dəfə işlədir, hər misraya
yerləşdirir, birinci misrada Xoda/Xuda, O Xuda ki, seçim Ona
aiddir, O, tacı-əfsəri mənə (kimsəyə deyil,
məhz mənə) verdi, ikinci misrada isə Xudanın verdiyi
(hakimiyyətin gerçək qaynağını yenə
vurğulayır) bu nemət mənə (məhz mənə)
mübarək olsun mənalarını yüklənir; b)
"mənə" ("be mən") qəlibini
açıq görünən, yadda qalan, mesaj verən yerə-rədif
mövqeyinə yerləşdirir; "Be mən" ("mənə")
vurğusunun təkrarı sevinci, gücü, haqq etməyi,
qüruru, eləcə də seçilmişliyin,
şahlığın verdiyi təkəbbürü ifadə
edir.
Bəhram
Allahın verdiyi hakimiyyət mənə mübarək olsun
deyir, mübarəkdir demir, "mübarək olsun" dua,
şükür qəlibidir, gələcəklə
bağlı arzudur. "Mübarək" sözü ilə
"bərəkət" sözü ərəbcədir,
eyni kökdəndir, bir şeyin mübarək/bərəkətli
olması içində üç məna daşıyır:
a) xeyirlidir (zərərli, haram, şər olan şeylərə
mübarək olsun deyilməz), hakimiyyət çox
böyük, xeyirli nemətdir, təyinatına uyğun istifadə
olunsa, insanlara çox xeyir verər; b) çoxdur - bərəkətli/mübarək
olan nemət çox olandır, hamıya aiddir, ondan hamıya
pay çatar, hakimiyyət elə deyilmi?; c) davamlıdır -
bərəkətli olan davamlı olandır, bir ana, dönəmə
bağlı deyil;
Allahın Bəhrama verdiyi hakimiyyət nemətinin
mübarək olması (o, mübarək olsun deyir) nəyə
bağlıdır? Cavab birmənalıdır, ədalətə.
Hakimiyyət neməti ədaləti təmin etsə,
ədalətlə mayalansa, mübarək olacaq. Ədalət nemətə bərəkət verir,
zülm nemətin bərəkətini yox edir.
İKİNCİ
BEYTİN ŞƏRHİ:
ALLAHA
ŞÜKÜR OLSUN!
Tanrıya
şükür və alqışlar olsun!
Tanrını
tanıyana afərin olsun!
Bəhram
hakimiyyət nemətinin sahibi Allahdır (ancaq bir tək Odur),
O, bu neməti məhz mənə verdi, məni seçdi
ölçüsünü gündəmdə tutur, fərqli
biçimlərdə təkrar edir ki, məsələ
yaxşıca, doğru anlaşılsın, İran xalqı bu
fikri qəbul etsin, nəticədə, Bəhramla xalqın
ünsiyyəti qurulsun, xalq ona inansın, arxasınca getsin.
Beytdə
hakimiyyəti mənə Allah verdi
ölçüsü bu yollarla təqdim olunmuşdur:
Birincisi,
Xoda / Xuda sözünə iki dəfə yer verilmiş, bu qəlib
hər misraya yerləşdirilmişdir, birincisi Xoda, ikincisi
Xodai (tanınan, bilinən, o Xoda ki, hakimiyyətin
qaynağıdır və bu neməti mənə verdi) biçimindədir.
İkincisi,
beyt Allaha şükür ifadə edən sözlərlə
doludur: "afərin" sözünə iki dəfə,
"sepas" sözünə bir dəfə yer verilmişdir.
"Afərin" sözü "afərin oxuyuram",
"afərin olsun", "sepas" sözü isə
"sepas oxuyuram" biçimindədir. "Afərin"
sözü bu mənaları əhatə edir:
şükür, tərif, alqış, sevinc. "Allaha
afərin oxuyuram", yəni Ona şükür edirəm, Ona
borclu olduğumu bildirirəm, Onun qulu olmaqdan qürur duyuram,
bunu özümə şərəf sayıram. Bu, nemətə görə şükrün dillə
ifadəsidir, saleh əməllə ifadə biçimi də
var, irəlidə görəcəyik. "Sepas"
sözü də mətndə Allaha şükrü ifadə
edir, içində bu mənaları daşıyır: təşəkkür,
razılıq, məmnunluq. "Sepas oxuyuram"
(hərfi tərcümə), yəni Allahımdan çox
razıyam, hər şeyimi Ona borcluyam, Onu nemətin sahibi kimi
tanıyıram.
Üçüncüsü, Bəhram "afərin
olsun" qəlibini Tanrını tanıyana aid edir. O, "Tanrını
tanıyanlara" demir, "Tanrını tanıyana"
deyir, özünü nəzərdə tutur. Yəni
ikinci beytdə də Allah və mən vurğusu var. Mənə
də afərin olsun, halal olsun. Birinci
misradakı "afərin" sözü Allaha
bağlıdır, şükür mənasını
daşıyır, şükür ancaq Allaha aiddir - nemətin
sahibi də, o neməti verən də Allahdır. İkinci afərin sözü Bəhrama aiddir,
şükür mənası daşımır,
daşımaz, belə ki, insana şükür edilməz, ona
görə də ikinci misrada "afərin olsun" ("afərin
bad") biçimində olan bu qəlib yaşa, var ol, halal
olsun anlamlarını yüklənir.
Dördüncüsü,
o, Tanrını tanıyana afərin olsun deyərkən,
özünü nəzərdə tutarkən "Xodai" qəlibini
seçir, "Xoda" sözünə müəyyənlik əlaməti
artırır, yəni O Tanrıya ki, o bildiyim,
tanıdığım, inandığım, sevdiyim, itaət
etdiyim Tanrıya ki, hakimiyyət nemətinin sahibidir və o neməti
mənə verdi.
Beşincisi, iki misra arasında "ke"/"ki"
bağlayıcısı var, misraları formaca, məzmunca
bir-birinə bağlayır. Bu mənanı ortaya
çıxarır: Allahı tanımaq bütün nemətlərin,
o sıradan hakimiyyətin sahibinin Allah olduğunu bilməkdir,
neməti verən də Odur, Allahı tanımaq Onun
buyurduğu kimi yaşamaqdır, Onu tanıyan (elm) Onu sevər,
Onu sevən Ona iman edər, Ona iman edən Onun buyurduğu kimi
yaşayar. Bəhram niyə özünə afərin
olsun deyir? Bu, Allaha kim
şükür edər sualının cavabıdır. Allahı haqqı ilə tanıyan Ona
şükür edər, Ondan razı olar. Bəhrama ona
görə afərin olsun, halal olsun ki, o, Allahı haqqı ilə
(doğru) tanımış, ona verilən hakimiyyət nemətinin
sahibinin Allah olduğuna ağıl və qəlbinin
bütün gücü ilə inanmış, bunu dili ilə
ifadə etmiş, ədalət əməli ilə dəstəkləyəcəyinə
söz vermişdir. Şükrün anlamı da budur: nemətlərin
sahibini tanı, onlardan təyinatına uyğun istifadə et.
Altıncısı,
Bəhram mən vurğusunu bu biçimlərdə ifadə
edir: a) beytin birinci misrasının tərcüməsi
doğru deyil, tərcümə belədir: "Tanrıya
şükür və alqışlar olsun!" Burada Allah və
Bəhram (mən) ölçüsünə uyğunsuzluq
var. Orijinal mətn belədir: "Allaha şükür və
alqış edirəm / Allaha afərin deyir, razılıq edirəm".
"Xanəm" (oxuyuram) feilinin sonundakı şəxs
sonluğu məni önə çıxarır, qeyri-müəyyənlik
yoxdur, şükür edən mənəm, belə ki, hakimiyyət
nemətinin sahibi onu məhz mənə vermişdir; b) ikinci mən
vurğusu da Tanrını tanıyana - Bəhrama afərin
olsun cümləsi ilə ifadə olunmuşdur, Tanrını
tanıyan da, tanıdığıma görə
şükür edən də mənəm.
Yeddincisi, ədalət xütbəsindəki Allah və mən
vurğusu dəyişim, dönüşüm, qorxu,
qeyri-müəyyənlik halı yaşayan İran xalqına nə
deyir? Deyir ki, Allahın seçdiyi Bəhrama inanın,
güvənin, onun ətrafında birləşin, o, sizi
zülmün qaranlığından ədalətin nuruna
çıxaracaq.
ÜÇÜNCÜ
BEYTİN ŞƏRHİ:
NEMƏTƏ
ARXA ÇEVİRMƏRƏM!
Tanrının
nemətinə arxamı çevirmərəm,
Onun nemətinə görə şükür edirəm,
niyə etməyim?
Bəhram
nemətlərin, o sıradan hakimiyyət nemətinin sahibi
Allahdır, O, məni seçdi, neməti məhz mənə verdi fikrini, Allah və mən
ölçüsünü tanıtmağa, İran
xalqının düşüncəsinə yerləşdirməyə,
bu yolla da xalqı öz ətrafında birləşdirmək
imkanları formalaşdırmağa davam edir. Bu
ölçüdə Allah yaradıcı, hər şeyin
sahibi, Bəhram isə Onun qulu statusundadır.
Üç beytdə beş
"Xoda"/"Xuda", altı "mən"
sözü fərqli biçimlərdə (Xoda, Xodai, mən,
şəxs sonluğu) işlədilmişdir.
Bəhram hakimiyyəti nemət kimi dəyərləndirir. "Nemət"
sözü ərəbcədir, "yumşaq olmaq",
"parlaq", "gözəl olmaq", "rifah içində
yaşamaq", "sevinmək" kimi anlamlar daşıyan
"nam" sözündən törəmişdir, bu mənaları
var:
-
"lütf edilən şey";
- "nemət";
-
"yaxşı vəziyyət";
-
"yaxşılıq";
-
"gözəl";
Qurani-Kərimdə "nemət" sözünə cəmi
ilə birlikdə əlli dəfə yer verilmiş, daha
çox "Allahın neməti" biçimində işlədilmişdir. Allah buyurur:
- Onun
kitab göndərməsi nemətdir;
-
Allahın iki qəbilə arasındakı düşmənliyi
dostluğa çevirməsi nemətdir;
- insana lütf edilən hər şey nemətdir;
- Onun nemətləri
saysız-hesabsızdır;
- nemətlərin maddi, mənəvi olanları
var;
-
Allahın açıq, gizli nemətləri var;
- din nemətdir;
-
Allahın ehsan etdiyi hər şey nemətdir;
- nemət verilməmiş insan, canlı,
cansız varlıq yoxdur;
Bəhram
hakimiyyətin nemət olduğunu söylədi, ancaq bu neməti
Allahdan ayırmadı, Allahın neməti dedi, bu yolla mesajlar verdi:
- bütün nemətlər, o sıradan hakimiyyət
neməti çox dəyərlidir;
- nemətləri yaradan Allahdır;
- nemətlərin sahibi Odur;
- O, nemətləri
hər an yaradır, bütün
qullarına paylayır;
- bəzi nemətlərini seçdiyi
qullarına verir, bu, onları çox sevdiyi, ya da sevmədiyi
anlamına gəlmir, O, bir sıra qullarını da hakimiyyətlə
sınayır;
- o, "nemət" sözünə iki dəfə
yer verir, onun dəyərini önə çıxarır, təkrar
önəmi, sevinci ifadə edir - insan sevdiyinin adını
dilindən düşürməz;
Bəhram Allahın ona verdiyi nemət
qarşısında tutumunu ifadə edir, qətilik bildirən
frazeoloji birləşmədən yararlanır, məcaz
seçir ki, sözü daha təsirli olsun, Allaha verdiyi vədi
yerinə yetirəcəyinə, sədaqətinə hər kəs
inansın. Elə buna görə də Allahın nemətinə
əsla arxa çevirmərəm deyir, nankor, xain
olmayacağını vurğulayır. Bu
ölçünü önə çıxarır: hər
nemətin şükrü var (şükür istəyir), bu
nemətlərin şükrü öz cinsindəndir, məsələn,
insan olaraq yaradılmağın şükrü Allaha təslim
olmaqdır, ağlın şükrü düşünmək,
qəlbin şükrü iman, vicdanın şükrü mərhəmət,
iradənin şükrü doğrunu seçməkdir, o halda,
Allahın hakimiyyət nemətinin şükrü nədir? Ədalətli, mərhəmətli olmaqdır, insana
xidmətdir, hakimiyyətin vəzifəsi ədaləti təmin
etməkdir. Hakimiyyət nemətinin
şükrü yerinə yetirilsə, nə olacaq? Nemət artacaq, davam edəcək, bərəkəti
çoxaldacaq, ədalət ölkəyə ümid,
barış, rifah gətirəcək. Allahın
hakimiyyət nemətinə arxa çevirsən, nankor, xain
olsan, hansı nəticələr ortaya çıxacaq? Öncə onu deyək ki, hakimiyyət nemətinə
nankorluq etmək onu zülm vasitəsinə çevirməkdir.
Bu halda, ölkədə nizam pozulacaq, yoxsulluq,
didişmə, parçalanma, üsyan olacaq, zorakılıq,
yalan, qorxu, cəhalət, saxtakarlıq meydan sulayacaq. Nəticədə, hakimiyyət neməti geri
alınacaq.
Nizami
"Yeddi gözəl" məsnəvisində nemətə
şükür etməməyin nəticələrini bu
ölçülərlə açıqlamışdır:
"...Allahın yaratdığı insanlar nemətə
görə Ona şükür etmədikləri zaman bolluq
onlar üçün darlığa çevrilər, onlar ruzilərini
daşdan, dəmirdən çıxararlar".
Bəhram məsələni ikiyönlü (inkar-təsdiq)
izah edir ki, mesajları doğru anlaşılsın. Öncə Allahın
hakimiyyət nemətinə arxa çevirmərəm dedi,
nankorluğu rədd etdi. İndi də
Allahın hakimiyyət nemətinə münasibətdə nə
edəcəyini (təsdiq) açıqlayır,
yanlışın yerinə doğrunu qoyur, şükrün dəyərini
önə çıxarır. Bu vasitələri
seçir:
Birincisi,
beytdə fərqli biçimlərdə üç "etmək"
("kərdən") feili var, ikisi inkarda, biri təsdiqdədir,
bu feillər şükrü borc, vəzifə, Allaha itaət
kimi tanıdır. Öncə Allahın nemətinə
nankorluq etmərəm deyir, bunun imkansız olduğunu söyləyir,
sonra ilahi nemətə şükür edərəm/etməliyəm,
mənim işim, borcum, vəzifəm budur
ölçüsünü açıqlayır, hakimiyyət
nemətinin qarşılığı ancaq şükür
olmalıdır, ağıllı insan bunu edər demiş
olar, ey İran xalqı, Bəhrama yaraşan budur, o, şükrü
seçmişdir.
İkincisi,
Bəhramın nitqində "demək" deyil, "etmək"
feili var, demək sözdür, etmək hərəkət, iş, əməldir. Öncəki beytdə
şükrün dillə ifadəsi var idi (dilin
şükrü): "Xudaya şükür olsun!" Bu beytdə
isə şükrün əməli yönü
açıqlanır: "nemətə şükür edərəm".
Öncəki beytdə oxumaq/dillə söyləmək
feili var, bu beytdə isə etmək feili seçilmişdir.
Yəni nemətə şükrümü
işimlə ortaya qoyacağam. Bu belə olacaq: birinci
misrada "etmək" feili inkardadır, deyir ki, Allahın
nemətini inkar etməyəcəyəm/ arxa çevirməyəcəyəm.
Bu inkarın əməli yönü necə
olacaq? Bəhram hakimiyyət nemətini
zülm vasitəsinə çevirməyəcək.
İkinci misradakı "etmək" feili təsdiqdədir:
nemətə şükür etməliyəm. Bu
təsdiq feilinin əməli yönü necə olacaq? Bəhram şükrünü ədaləti ilə
gerçəkləşdirəcək. Bəhramın
sözü ilə əməli birləşəcək, nəticədə,
xalq ona inanacaq, ətrafında birləşəcək, ölkəyə
barış, rifah, hüzur gələcək, onun hakimiyyəti
davamlı olacaq.
Üçüncüsü,
Bəhram bədii sual seçir niyə/niyə də etməyim
deyir, sözünün təsir, inandırma gücünü
artırır, nemətə şükrün önəmini
vurğulayır, şükürdən başqa
çıxış yolu qoymur, hakimiyyət nemətinin
şükrünü bir yolla yerinə yetirmək olar: o da ədalətdir.
Nemətə şükür etməliyəm,
niyə etməməliyəm ki? Mənim
borcum, işim, vəzifəm bu deyilmi?
Dördüncüsü,
Bəhram şükür anlayışına tərif verir (mənasını
açıqlayır): deyir ki, sözlü, əməli
şükür var, şükür nemətin Allahdan
olduğunu bilmək, ondan ilahi təyinatına uyğun istifadə
etməkdir. Şükür düşüncədə
başlayır (neməti, onun sahibi Allahı
tanı-tanımayan şükür etməz), düşüncədən
dilə axır-şükrü dillə söylə, əməldə
bitir - hər saleh əməl şükürdür. Nankorluq nemətə, onun sahibinə xəyanətdir,
nəticəsi nemətin geri alınmasıdır. Şükür nemətə, onun sahibinə sədaqətdir,
nəticəsi nemətin davamlı olması, artması, bərəkətlənməsidir.
Zülm Allaha nankorluq, xəyanət, ədalət
isə şükür, sədaqətdir.
DÖRDÜNCÜ
BEYTİN ŞƏRHİ:
ZƏFƏR
ALLAHDANDIR
İki
şirin arasından tac götürməyi,
Tanrıdan bilirəm, qılıncımın
(gücündən) yox.
Bəhram
öncəki üç beytdə şərti desək, zəfərinin
nəzəri hissəsini açıqladı, bu
anlayışların izahını verdi:
- hər şeyin, o sıradan hakimiyyətin sahibi
Allahdır;
- seçilmişlik - O, məni seçdi, haqq edən
seçilər;
- nemət - hakimiyyət ilahi nemətdir;
- şükür - hakimiyyət nemətinin
şükrü ədalət, mərhəmət, insana xidmətdir;
-
Allahı tanımaq - tanıyan şükür edər;
- Allah və
qulu - O, yaradan, Bəhram Onun quludur;
Bəhram
bu anlayışlarla İran xalqına deyir ki, hakimiyyətin
qaynağı olan Allah onu seçdi, hakimiyyəti ona verdi, siz Bəhramı qəbul edin, ona
inanın, əmin olun ki, o,
sıxıntılarınızı həll edəcək.
Bəhram (o, adını çəkmir, adını
Allahın adının yanına qoymağı doğru
saymır, layiq bilmir, sadəcə mən deyir) ədalət
xütbəsinin bu beytindən başlayaraq ilahi yardımı əyani
vasitə ilə izah edir ki, mesaj doğru anlaşılsın. Bu məqsədlə
ən önəmli hadisəni seçir, keçmişindən
danışmır, belə ki, İran xalqı onun
keçmişinə şahid olmayıb, onun keçmişində
ilahi yardımı izah edəcək elə bir hadisə də
yoxdur, onun keçmişində baş verənlər İran
xalqının bu gün və gələcəyinə təsir
imkanından məhrumdur. Elə buna görə
də Bəhram ilahi yardımı açıq ifadə edən
hadisəni seçir. Bu hadisə onun siyasi
taleyini həll etmişdir, o, tacı iki azğın şirin
arasından götürmüşdür. Mesajları sıralayaq:
- İran
xalqı bu qeyri-adi hadisəyə şahid olmuş,
inanmışdı ki, Allahın yardımı olmadan əliyalın
insan oğlu bu iki vəhşi, itipəncəli, ac,
acıqlı, ağzından alov çıxan, tüstü
püskürən, nərildəyən şirin arasından
tacı götürə bilməz. Yəni bu hadisə Allahın
Bəhrama yardımının inandırıcı,
açıq dəlilidir;
- Bəhram
hakimiyyət simvolu olan "tac" sözünü seçir
(öncə "əfsər" sözünə yer
vermişdi). O, Allahın yardımını, onu seçməsini
vurğulamaq üçün "iki şirin arasından
tacı götürməyimi" demir, götürməyi
deyir, öz rolunu sıfırlayır, ancaq və ancaq ilahi
yardımın bilinməsini istəyir, O, istəməsə
idi, bu iş olmazdı;
- o, bu iş ilahi yardımsız olmaz fikrini
bildirmək üçün hadisəni böyüdür, məcazi
danışır, təsiri artırır, nə dərəcədə
çətin bir iş olduğunu göstərir. Bu məqsədlə "kam" sözünə
yer verir, bu sözün "ağız" mənası var,
bir mənası da arzu, istəkdir. Tərcümədə
ciddi yanlışlığa yol verilib, nəticədə, məna
çox zəifləyib. Belə ki, Bəhram iki şirin
arasından tac götürmək demir, iki
şirin ağzından tac götürmək deyir. Bu məcazi
ifadə biçimi həm tac götürməyin
çətinliyini, həm də ilahi yardımın
böyüklüyünü daha güclü ifadə edir.
İran xalqına deyir, onları düşündürür
ki, sizcə, Allahın yardımı olmasa idi, Bəhram iki
azğın şirin ağzından tacı götürə
bilərdimi?;
- Bəhram
Allahın yardımını əyani göstərdikdən
sonra İran xalqının düşüncəsini yönləndirir,
deyir ki, bunu Xudadan bilirəm;
- o, ilahi yardımı mərkəzə qoymaq,
onsuz bu iş olmazdı ölçüsünü önə
çıxarmaq, İran xalqının məsələləri
bu cür qavramasını təmin etmək üçün
bir addım da atır, deyir ki, bu işi qılıncımdan
bilmirəm/qılıncımdan deyil, Xudadan bilirəm. Beytdə "şəmşir" sözü var,
gücün, savaşın, cəsarətin simvoludur. Bəhram
bu simvol vasitəsi ilə İran xalqına deyir ki, siz də
gördünüz, məsələni qılıncla həll
etmədim, əlimdə qılınc yox idi, ya da bu mənanı
da çıxara bilərik, hakimiyyət haqqımı ordunun
gücü ilə geri almadım, Allahın yardımı
olmasa idi, qılıncsız, savaşsız, ordusuz hakimiyyət
haqqını geri almaq mümkün olardımı?;
- ikinci misrada "onu" deyir, iki şirin
ağzından tacı götürməyə işarə
edir, barmağını bir daha o qeyri-adi hadisəyə
tuşlayır, bu işin Allahın yardımı ilə
olduğunu vurğulayır. Allah Bəhrama necə
yardım etdi? O, zəngin ailədə, şah ailəsində
doğuldu, Allah ona iti ağıl verdi, seçmə müəllimləri
oldu, üç dil öyrəndi, elmləri, o sıradan
hakimiyyət, siyasət, diplomatiya, savaş elmini dərindən
öyrənmək üçün çox
çalışdı, ağlından doğru istifadə
imkanlarını, düşünmə qabiliyyətini
artırdı, iradəsini gücləndirdi, Allah ona cəsarət
bəxş etdi, Allahın zəfər qanunun şərtlərini
yerinə yetirdi, güclü ordu hazırladı,
diplomatiyasının arxasına hərbi gücü qoydu, ancaq
iranlılarla savaşdan imtina etdi, gözəl plan qurdu,
planını İranının idarəçilərinə qəbul
etdirdi, iki şirin ağzından tacı götürdü, bu
yolla İran xalqını heyrətə gətirdi, onu
inanmağa, qəbul etməyə məcbur etdi, məsələni
qan tökmədən, ölkəni xaraba qoymadan həll etməsi
ona rəğbət və hörməti artırdı, bəli,
bu işi Allah etdi, dedirtdi;
- Bəhramın
zəfər Allahdandır, O, ilahi zəfər qanununa əməl
edəni seçər ölçüsünü bu
biçimdə, israrla, bədii, təsirli dillə
vurğulamasının səbəbi İran xalqı ilə
ünsiyyət qurmaq, onları öz ətrafında birləşdirmək,
ümid, güvən verməkdir. Bəhramı
Allahın seçdiyinə inanan xalq onun ardınca gedər, əmin
olar ki, onun sıxıntılarını Allahın
seçdiyi həll edəcək. Bəhram
lideri olduğu İran xalqını qılıncın, zorun,
qorxunun, həbsxananın, ölümün gücü ilə
deyil, imanın və ədalətin gücü ilə
özünə tabe etmək istəyir. Nizaminin də
idealı budur: ey hökmdarlar, xalqla aranıza
qılıncı deyil, ədaləti qoyun;
BEŞİNCİ
BEYTİN ŞƏRHİ:
ONUN
XOŞUNA GƏLƏCƏK İŞLƏR
GÖRƏCƏYƏM
Mən
uca taxt və taca yetişərək,
(Yalnız)
Tanrının xoşuna gələcək
işlər görəcəyəm.
Bəhram ədalət xütbəsinin nəzəri hissəsini
bitirdi. Bu
bölmədə üç addım atdı: a) Allahı
tanıtdı, gerçək hakimiyyət Onundur dedi; b) hakimiyyət,
nemət, şükür, ilahi yardım
anlayışlarını izah etdi - insan ağlı belə
düşünür: təsəvvür anlayışlarla
çalışır, anlayışların mənası
doğru olanda təsəvvür də doğru olur, təsəvvür
bizim hadisələr, əşyalar, varlıqlarla bağlı
bilgimizdir, təsəvvür bu bilgiləri ağıla
ötürür, təsəvvür doğru olanda ağıl
da doğru qərar verir, ağılın qərarı əxlaqa,
əxlaq da davranışa yön verir. Sıralama belədir:
anlayış-təsəvvür-ağıl-əxlaq-davranış.
Davranışı dəyişmək istəyən
anlayışı dəyişməyə məcburdur,
anlayış dəyişməsə, davranış dəyişməz.
İran xalqının Bəhramla bağlı təsəvvürü
necədir? O, zalım Yəzdigürdün oğludur, ərəb
tərbiyəsi ilə böyüyüb, gəncdir, idarəçiliyi
bilmir, o da atası kimi bizə zülm edəcək, hərbi
gücü var, siyasətdə təsadüfi adamdır,
şübhəmiz, tərəddüdümüz var, qorxuruq,
sıxıntıların altında əzilirik, ümidsiz və
çarəsizlik. Bəhram hakimiyyət
haqqını geri alsa da, daha çətin bir sıxıntı
ilə üz-üzədir. Bu
sıxıntı mənəvidir, onun hakimiyyətə tam yiyələnməsinə,
iqtidarının davamlı olmasına mane olur. Bu ciddi sıxıntının adı İran
xalqının onunla bağlı təsəvvürü,
anlayışıdır. Bu mənəvi,
fikri, ruhi dirənişi qırmaq şərtdir, yoxsa İran
xalqının qəlbini fəth etmək imkansız olacaq.
Elə buna görə də Bəhram işə doğru yerdən
başlayır, hakimiyyətlə bağlı təməl
anlayışları bir-bir izah edir, İran xalqının
yanlış anlayışını silir, yerinə yenisini
qoyur: İran xalqının o, hakimiyyəti ələ
keçirdi fikrinin yerinə hakimiyyət Allahındır
anlayışını qoyur, məni Allah seçmişdir
deyir, Allahın seçdiyi təsadüf olmaz - Onun təsadüf
adlı qanunu yoxdur, Onun seçdiyi sizə zülm etməz. Bu
iki tezis (anlayış) İran xalqının təsəvvüründəki
şübhəni, qorxunu, çarəsizliyi yox edir, əminlik,
ümid, güvən verir, onlara deyir ki, ey İran xalqı, Bəhram
sənin qədərindir; c) seçilmişlik
anlayışını önə çıxarır,
İran xalqına mən haqq etdim, Allah da məni seçdi
fikrini verir.
Bəhramın İran xalqını ikiyönlü fikri
inşası (yanlışı yıx, doğrunu onun yerinə
qoy) nəzəri hissədir, dəyişimin əsasıdır,
belə ki, hər dəyişim təsəvvürdə
başlayır, mayalanır, anlayışlara çevrilir. Ancaq bu fikri mücadilə
İran xalqını inandırmaq üçün yetərli
deyil, doğru siyasi vədlərə, İran xalqının
sıxıntısını həll edəcək işlərə
ehtiyac var. Elə buna görə də hədəfi olan, siyasət
ustası Bəhram proqramının ikinci hissəsinə
keçir: ədaləti təsis edəcək vəd və
işlərini bir-bir açıqlamağa başlayır,
öncə fikir, sonra iş ölçüsünü qoyur,
proqramını iki yerə ayırır: a) təsəvvür
inşası; b) ədaləti təmin edəcək işlər;
Əmindir ki, bu ikisinin bir arada olması onu hədəfinə
qovuşduracaq, bilir ki, İran xalqının güvənini
qazanmadan islahatları gerçəkləşdirmək
imkansızdır. Sənə inanmayanı tərbiyə
edə bilməzsən.
Bəhram
proqramının ikinci hissəsinə - ədaləti təmin
edəcək işlər bölməsinə keçərkən
bu yolları seçir:
- sözə
"çon" qəlibi ilə başlayır, bu
sözün "o zaman ki", "elə ki", "o halda
ki" kimi mənaları var, zaman yüklüdür. Bəhram bu sözə niyə ehtiyac duyur, onu niyə
nitqinin başına qoyur? Səbəbləri
sıralayaq: a) ədaləti təmin edəcək işlər
üçün zamana ehtiyac var, hakimiyyətə gələn
kimi sıxıntılarınızı həll edəcəyəm
anlayışı yalandır, Allahın verdiyi hakimiyyət nemətinə
xəyanət, İran xalqına
sayğısızlıqdır; b) Bəhram gerçəkdən
İran xalqına yardım etmək istəyir, ona qarşı
səmimidir, doğru olanı söyləyir, gerçək
işlər üçün İran xalqından zaman istəyir;
c) Bəhram gerçəkçidir, bilir ki, ölkədə ədalətin
təmin olunması üçün hakimiyyətə tam yiyələnməli,
xalqın güvənini qazanmalı, ölkəni
atasının zülmünün ağır yükündən
qurtarmalı, kadrlar hazırlamalı, islahatlar keçirməlidir
- zamana ehtiyac var; d) Bəhram İran xalqına deyir ki, mənim
sehrli çubuğum yoxdur, sizin dəstəyinizə və
zamana ehtiyacım var, səbirli olun; e) o, xalqın güvənini
qazandıracaq önəmli addım atır: doğru və
açıq danışır, güvən və zaman istəyir;
- Bəhram
zamanı sınırsız tutmur, bəlli vaxt qoyur. Vaxt təyini vicdanlı, səmimi olduğunu göstərir,
güvən qazandırmağa xidmət edir. Belə ki, qeyri-müəyyənlik insanlarda
şübhəyə, qorxuya, bu ikisi də tərəddüdə,
inamsızlığa yol açır. Bu
vaxtın müddəti nə qədərdir? Hakimiyyətə tam yiyələnədəkdir.
Tam yiyələnmək budur: İrana tam hakim olacağam,
bütün sahələri zülmə bulaşmış məmurlardan
təmizləyəcəyəm, güvəndiyim məmurlarla
işləyəcəyəm, islahat proqramı hazırlayacaq,
onun mərkəzinə ədaləti yerləşdirəcək,
həyata keçirəcəyəm. Yəni iki işim var: a)
öncə ölkəni zülmün pisliklərindən təmizləyəcəyəm
- zülmün çürütdüyü İran var,
zülmün təmsilçiləri mənə dirənəcəklər;
b) ədaləti təsis edəcəyəm; İranda ədalət
təmin olunanda mən də ölkəyə tam hakim
olacağam. Elə buna görə də zamana, səbrinizə
ehtiyacım var;
- Bəhram
ədalətin təmin olunacağı ilə bağlı vədini
açıqlayarkən hakimiyyətin iki ən önəmli
simvolundan istifadə edir: taxt, tac. Bu, öncəki zaman yüklü "çon" qəlibi
ilə bağlıdır, hakimiyyətə tam yiyələnməyi
ifadə edir. Yəni Bəhramın
tacı var, hakimiyyət haqqını geri alıb, ancaq o, hələ
İrana tam hakim deyil, bir növ tacı var, ancaq taxtı
yoxdur, hakimiyyəti var, ancaq hələ İranda tam söz
sahibi deyil, proqramını gerçəkləşdirəcək
gücü yoxdur. İran xalqını nə
vaxtadək gözləməyə dəvət edir? Həm taca, həm də taxta sahib olanadək, hakimiyyətə
tam, şəriksiz yiyələnədək. Düşünün, siz şahsınız, ancaq
heç bir məmur sizin deyil. Təsadüfi
deyil ki, misrada öncə "taxt", sonra "tac"
sözü gəlib. Yəni taxt həm də
oturmağı, yerləşməyi, rahat nəfəs
almağı ifadə edir. Ey İran
xalqı, mənə İrana tam yerləşmək
üçün vaxt verin ki, mənə də ədaləti təmin
edim. Taxtı olmayan - özünü güvəndə
hiss etməyən (güvəndə hiss edən oturar, rahat
olar) tac kimə lazımdır, hansı işləri görə
bilər ki, özü güvəndə olmayan
başqalarına güvən verə bilərmi?;
- Bəhram
sadəcə taxt, tac demir, "uca taxt və
tac" deyir ("bolənd"). Səbəbləri
sıralayaq: a) hakimiyyət böyük nemətdir, uca olandan -
Allahdan gəldi; b) hakimiyyət o vaxt ucalığını
qoruyur ki, ədaləti təmin edir; c) hakimiyyətin
gücü, imkanı çoxdur; d) ey İran xalqı,
Allahın Bəhrama verdiyi hakimiyyətin sizin
sıxıntılarınızı həll etmək
gücü var, buna əmin olun, ona güvənin; d) Bəhram
uca olan hakimiyyətin ucalığını ədaləti ilə
qoruyacaq, bu da zülmün qaranlıq quyusunun dibində olan
İran xalqını o qorxunc zülm quyusundan
çıxaracaq, onu ucaldacaq;
- Bəhram
ədalət təmin olunacaq, bu yolla Allahın hakimiyyət nemətinin
şükrü yerinə yetiriləcək, nəticədə,
Onun və insanların rizası qazanılacaq fikrini ifadə
etmək, İran xalqının güvənini qazanmaq
üçün bir addım da atır: uca hakimiyyətinin vəzifəsini,
hədəfini açıqlayır, bu zaman "iş"
demir, "işlər" ("karha") deyir, sözün cəm
biçimini seçir. Niyə? İşlər
çoxdur, İran xalqını sevindirir, bir zümrənin
deyil, hamının sıxıntısı var, onlar yoluna
qoyulacaq, zamana, səbrə, iradəyə, cəsarətə,
əməyə, yardıma, İran xalqının maddi, mənəvi
dəstəyinə ehtiyac var. Bəhram sadəcə
"işlər" ("karha") də demir, bu
sözün sonuna "yə" hərfi artır, müəyyənlik
anlamı yükləyir: "o işlər ki, "o bilinən
işlər ki" demiş olur, yəni zülmü
sıradan çıxaracaq, ədaləti təmin,
sıxıntılarınızı həll edəcək
işləri nəzərdə tuturam, çətinlikləriniz
çoxdur, bilirəm, səbəbi zülmdür, dərdinizin
dərmanı da ədalətdir, mən də zülmü yox
edib ədalətə yol açan işləri yerinə yetirəcəyəm;
- Bəhram
"konəm" deyir, etməliyəm, edəcəyəm kimi
qətilik bildirən söz seçir, yəni ədaləti təmin
edəcək addımlar atmaq mənim əsas işim, borcum, vəzifəmdir,
bundan başqa işim yoxdur. Bəhram "deməliyəm",
"deyəcəyəm" kimi nitq feili seçmir, "etməliyəm",
"edəcəyəm" kimi iş feili seçir, yəni ədalət
sözlə olmaz, işlə gerçəkləşər, mən
söz deyil, iş vəd edirəm, əmin olun ki, İrana ədalət
gələcək;
- Bəhram
beytdə "Xuda" sözünü də müəyyənlik
əlaməti ilə işlədir: "Xodai", yəni O
Allah ki, hakimiyyətin sahibidir, məni seçdi, hər
şeyimi Ona borcluyam, borcumu ədalətimlə ödəyəcəyim
Allah;
- Bəhram
bir addım da atır: "o işləri ki" qəlibi ilə
hansı işləri nəzərdə tutduğunu
açıqlayır: Allahın bəyənəcəyi
işləri edəcəyəm/etməliyəm deyir. Bu işlər ədalət, barış, mərhəmət,
rifahdır. İnsanları razı salan
Allahın da rizasını qazanmış olacaq. Hakimiyyət
nemətinin şükrü də budur, söz deyil, işdir,
saleh əməllərdir, ədalət hakimiyyətlə
xalqı bir-birinə bağlayan ən etibarlı,
qalıcı körpüdür;
ALTINCI
BEYTİN ŞƏRHİ:
MƏNDƏN
İNCİMƏSİN
Allah
qoysa, mən elə edəcəyəm ki,
Heç kəs məndən inciməsin.
Bəhram ədalət xütbəsinin nəzəri hissəsini
bitirdi. Allah,
hakimiyyət, nemət, seçilmişlik, şükür
anlayışlarını izah etdi, hər nemətin, o
sıradan hakimiyyət nemətinin sahibi Allahdır, O, bu nemətini
haqq edənə - Bəhrama verdi dedi. Sonra
İran xalqının qəlbini fəth etməyin bir yolu var,
o da ədalətdir ölçüsünü qoydu, ədalətin
təmin olunması üçün görəcəyi işləri
sıralamağa başladı, vurğuladı ki, ancaq
Allahın rizasını qazandıracaq işlər görəcəyəm,
Onun rizasını qazanmağın şərti də
insanları sevindirəcək işlər etmək, onların
duasını almaqdır.
Bəhram hər işinin mərkəzinə Allahı
qoyur, hərəkət bizdən, bərəkət Ondandır
anlayışını tanıdır, "Allah qoysa"
deyir. Bu, ərəbcə olan "inşallah"
sözünün qarşılığıdır.
Allaha xalis imanın daşıyıcısı olan bu
anlayışın içindəki nemətləri sayaq:
- dua var - Allah qoysa (inşallah) deyən arzusunu,
görəcəyi işləri dilə gətirmiş olur. Ey İran xalqı, sizinlə bağlı gözəl
işlərim olacaq, arzum sizin xoşbəxtliyinizi təmin etməkdir,
Allahdan güc istəyirəm, O, izn versə, ədaləti təmin
edəcəyəm. Gözəl arzusu, planı, işi
olmayan Allah qoysa deməz;
- Allaha təvəkkül
var - təvəkkül budur: əmək, tədbir, sonra təvəkkül.
Təvəkkül Allahı vəkil etmək,
Ondan qoruma, xeyir, bərəkət istəməkdir. Yəni
Bəhram İran xalqı üçün əlindən gələn
hər şeyi edəcək, nəticənin Allahdan olduğunu
da biləcək;
- Allaha
güvən var - Bəhram inanır ki, Allah xeyir
üçün çalışanın yolunu açacaq, ona
yardım edəcək. Allah izn verməsə, deməli, xeyirli
olan bu imiş, mən Onun təqdirinə razıyam;
- səbir var - səbir oturub gözləmək
deyil, dirənişdir, əməkdir, mücadilədir, Bəhram
deyir ki, mən ədalətin təmini üçün sonadək
dirənəcəyəm, Onun qərarına razı
olacağam, əsla üsyan etməyəcəyəm;
- Allah
qoysa, izn versə, inşallah qəlibi insanın Allah
şüurunu diri/canlı tutur, deyir ki, o, hər şeyi
görür, bilir, eşidir, hər an həyata müdaxilə
edir; Bəhram İran xalqının qəlbini fəth etmək
üçün çox səmimi davranır, edəcəyəm,
sıxıntılarınızı ortadan qaldıracağam, hər
şey gözəl olacaq, hamınızı xoşbəxtliyə
qovuşduracağam kimi içində təkəbbür
daşıyan cümlələr qurmur, qəti təminat
vermir, Allah izn versə, qoysa, edəcəyəm deyir, Allahla
insan arasındakı bağı kəsmir.
Bəhram
yenə iş, hərəkət, əmək,
çalışma bildirən "etmək" feilini
seçir, ilk altı beytdə fərqli biçimlərdə
işlənmiş beş "etmək"
("kərdən") feili var. "An konəm" onu, o
işləri edəcəyəm, etməliyəm, həm də
elə yerinə yetirəcəyəm ki... "Gər" /
"əgər" şərt bağlayıcısı gəlir,
bu şərtlə ki, Allah izn versin. "Etmək" iş
feili deyir ki, Bəhramın ədalət vədi sözdə
qalmayacaq, saleh əməllərlə təsdiq olunacaq.
"Ke"/"ki" bağlayıcısı həm
iki misranı, həm Allahın iradəsi ilə insanın əməyini
bir-birinə bağlayır, deyir ki, əmək səndən,
zəfər Allahdandır.
Bəhram "heç kəs", "heç bir kəs"
deyir, istisnaya yer qoymur, İran xalqının hər fərdini
əhatə edən söz seçir. Yəni ədalətim
bəlli bir zümrəyə/kəsimə aid olmayacaq, ədalət
anlayışımda imtiyazlı təbəqə yoxdur. Belə ki, imtiyaz varsa, ədalət olmaz. Hər kəsin layiq olduğu haqq ona veriləcək. Beytdə iki "mən"
vurğusu var, Bəhramı nəzərdə tutur, biri şəxs
sonluğu, o birisi "mən" biçimindədir. Şəxs sonluğu "etmək" feilinə
artırılmışdır, yəni İran xalqının
yükü Bəhramın çiynindədir, şah odur,
İranda ədaləti təmin edəcək biri var, o da Bəhramdır.
İkinci "mən" də deyir ki, məsuliyyət
Bəhramın üzərindədir, ölkədə haqqı
verilməyən bircə şəxs olacaqsa, buna cavabdeh Bəhramdır.
Güclü siyasi liderin ən önəmli özəlliklərindən
biri də odur ki, o, məsuliyyəti öz üzərinə
götürür, bəhanələr uydurmur,
başqalarını ittiham etmir. Bəhram da bu
anlayışa uyğun olaraq deyir ki, İran xalqının hər
bir fərdinin məsuliyyətini daşıyıram,
Allahın izni ilə ədaləti təmin edəcəyəm,
sözüm sözdür, o, saleh əməllərimlə təsdiq
olunacaq, cavabdeh də mənəm.
Bəhram "mən" deyir, tərəddüdə,
şübhəyə, yanlış anlaşılmağa yol
aça biləcək sözlərdən qaçır. Bilir ki, xalq tərəddüd
edən, qorxan, məsuliyyətdən qaçan liderə
inanmaz, onun arxasınca getməz. Beytdəki
mən vurğuları Bəhramın cəsarətini, qətiyyətini,
özünə güvənini göstərir, xalqın təsəvvürünə
o, dediyini edər fikrini yerləşdirir.
YEDDİNCİ
BEYTİN ŞƏRHİ:
İNCİYƏNLƏR
DƏ OLACAQ
Yalnız
günahkar olan kimsələrdən başqa,
Oğru, cani və yolkəsənlərdən başqa.
Bu, öncəki beytin davamıdır, Bəhramın ədalətin
təmin olunması üçün görəcəyi işləri
sıralayır. O, öncə dedi ki, Allah qoysa, elə işlər
görəcəyəm ki, heç kəs məndən inciməyəcək.
Ancaq istisnalar da var, təbii ki, inciyənlər də olacaq, belə ki,
zülm olan yerdə haqqı yeyilənlər olduğu kimi,
haqqı yeyənlər də var. Bəhram onları dörd
qrupa ayırır:
- günahkar olan - bu, dini anlayışdır, Bəhram
ondan inciyəcəklərin birinci sırasına
günahkarı "yazır". Bu, səbəbsiz deyil: o,
xalqın dini duyğularını oyadır, onunla arasında
din bağı qurur, İran dövlət idarəçiliyində
və xalqın üzərində din xadimlərinin
güclü təsiri olduğunu bilir, onlara mesaj verir, deyir ki,
dinimizin (zərdüştlük) hökmlərini pozanlar
ağır cəzalandırılacaqlar. Allaha
inanıram, dinimi sevirəm, onun hökmlərinin pozulmasına
yol verməyəcəyəm. Bu
ölçü Bəhramın xalqla, din xadimləri ilə
bağını gücləndirir. Təsadüfi
deyil ki, birinci misrada cəzalandırılacaqlar
sırasında ancaq günahkar var, ikinci misrada isə
üç qrupa yer verilmişdir. Bəhram deyilən səbəblərlə
günahkarı ayrıca vurğulamaq ehtiyacı hiss
etmişdir;
- oğru - bütün sözlər təkdədir
(günahkar, oğru...), bu, beytin tələbidir, ancaq cəm mənasını
ifadə edir, oğrular deyir. Zülmün əlamətlərindən
biri də budur ki, o, hamını oğruya çevirir, elə
şərait yaradılır ki, hamı oğru olsun, belə
ki, oğru gözükölgəlidir. Onu
idarə etmək asandır, etiraz, üsyan imkanı yoxdur,
oğurluq harama yol açır, haram insanın mayasını
pozur, mayası xarab olanın əxlaqı sıradan
çıxır, davranışı dəyişir,
sürüləşir, sürünü idarə etməyə
nə var ki? Zülm yoxsulluğa yol
açır, yoxsulluq oğurluğa, əxlaqsızlığa
səbəb olur. Hər kəs oğurlayır: dövlət
adamları xalqın malını, hakim günahkarın, müəllim
tələbənin, polis cinayətkarın, həkim xəstənin...
malını oğurlayır, insanların can, mal, şərəf
güvənliyi yoxdur, dərəbəylik hökm
sürür. Əməkçinin min bir əziyyətlə
yetişdirdiyi, hər növ məhsulu oğrular talayırlar.
Bəhram deyir ki, onlara ağır cəza var, sizin can, şərəf,
sərvət güvənliyiniz təmin olunacaq;
- cani
("xuni", qatil) - canilər, Bəhramın atasının
zülmü dərəbəyliyə yol
açmışdır, güclü olan haqlıdır,
zorakılıq, şiddət, qətl var, öldürülənin
qanı batır, qatillər dövlət adamları ilə əlbir
çalışırlar, ölkənin hüquq-mühafizə
sistem çökmüş, terror alətinə
çevrilmiş, anarxiya hüzuru yox etmişdir, insanlar qorxu
içində yaşayırlar, gücsüzün bir haqqı
var, o da ölməkdir. Bəhram deyir ki, qatillərə aman
yoxdur, qatillər at oynadan ölkədə ədalət olmaz;
- yolkəsən
(quldur) - zülmün ortaya çıxardığı, ədaləti
yox edən, haramı çoxaldan bir qrup da yolkəsənlərdir,
bu sözə iki məna verə bilərik: a) onlar ölkənin
can damarı olan ticarətin, iqtisadi inkişafın
önünü kəsirlər, karvan yollarına nəzarət
edir, tacirlərin malını yağmalayır, xərac
alırlar, siyasi sabitlik, yol güvənliyi olmasa, ticarət
olmaz, nəticədə, bahalıq ortaya çıxar, xalq
yoxsullaşar, aclıq, dilənçilik, oğurluq, əxlaqsızlıq
çoxalar; b) zülm özü yolkəsəndir,
rüşvət, qohumbazlıq, cəhalət istedadlı,
bacarıqlı, ağıllı, vicdanlı, əməkçi
insanların inkişafına imkan verməz, fərdi, milli
inkişafın önünü kəsər. Bəhram deyir ki,
ədalətimlə yolkəsənlərin yolunu kəsəcəyəm;
SƏKKİZİNCİ
BEYTİN ŞƏRHİ:
DÜZGÜN
OLUN!
Ey mənim
sarayımın xas şəxsiyyətləri,
Mənim
(düzgün) yolum kimi düzgün olun!
Bəhramın
siyasətinin iki yönü var dedik: a) nəzəri yön; b)
praktik yön; O, proqramının ikinci hissəsində ölkədə
ədalətin təmin olunması üçün görəcəyi
işləri təqdim edir. Qarşısında atası Yəzdigürdün
zülmü ilə ölmüş, bərəkəti
qaçmış, günahkar, oğru, qatil və yolkəsənlərin
əlinə keçmiş İran var. Bəhram deyir ki,
işimin iki yönü var: ölkəni öncə pisliklərdən
(zülmdən) təmizləyəcək, sonra da zülmün
yerinə ədaləti qoyacağam. O, görəcəyi
işlərin bir qismini sıraladı: Allahın
rizasını qazandıracaq işlər görəcəyəm,
kimsəni incitməyəcəm, dörd qrupa qarşı
amansız olacağam: günahkarlar, oğrular, qatillər, yolkəsənlər...
Bəhram ədalət xütbəsinin yeni beytində məmurlara
üz tutur. Öncə onu qeyd edim ki, beytin tərcüməsi dəqiq
deyil. Belə ki, Bəhram məmurların
düzgün olmasını tələb etmir, ona qarşı
(onunla) düzgün olmalarını tələb edir, "ba mən"
("mənimlə") deyir, tərcümədə bu qəlib
ixtisar olunub, nəticədə, məna itib (incəlikləri
irəlidə açıqlayacağam).
Bəhram məmurlara niyə özəl yer
ayırır, ayrıca müraciət edir? Qeyd edim ki,
üç beytin ideyası məmurlara müraciət üzərində
qurulmuşdur. Səbəbləri sıralayaq:
- dövlət idarəçiliyini yaxşı
bilir;
- bilir ki, dövlətin idarəçilik
nizamı məmurlardan asılıdır;
- zülm sistemində məmurlar günahkarlarla,
oğrularla, qatillərlə, yolkəsənlərlə əlbir
olurlar;
- məmurlar düzəlməsə, idarəçilik
düzəlməz;
- balıq başdan iylənər;
- ədalətin təsisi üçün ədalətə
inanmış, onun üçün mücadilə edən məmurlara
ehtiyac var;
- məmurların seçimində sədaqət
deyil, əhliyyət əsasdır, iş işi bilənə
verilməlidir;
- məmurların işinə nəzarət
şərtdir;
Bəhram məmurlara "seçilmişlər"
("xasqan") deyir, yəni dövlət idarəçiliyində
sizin yeriniz ayrıcadır, sizə tapşırılan işə
görə məsuliyyət daşıyırsınız,
seçilib təyin olunursunuz. O, məmurlara sadəcə
"seçilmişlər" demir, xitabın önünə
"ey" çağırış nidası da
artırır. Bu nida ilə mənalar yüklənir:
- müraciət dəyəri, önəmi ifadə
edir;
- Bəhramın,
dövlətin, xalqın sizə ehtiyacı var deyir;
- məmurlara məsuliyyətlərini
xatırladır;
- xəbərdar edir - işini yerinə yetirməyənin
cəzası ağırdır deyir;
- qorxudur - cəzadan qurtuluş yoxdur;
- gözüm üstünüzdədir mesajı
verir;
Bəhram bir addım da atır, ey sarayımın
seçilmişləri deyir, yəni Onun müraciəti
bütün məmurlara deyil, ayrıca bir qrupa - saray məmurlarınadır. Onları niyə
ayırır? Belə ki, onlar həlledici məqamdadırlar,
məsələn, onlar rüşvət almasalar, o biri -
aşağıdakı məmurlar rüşvət almağa cəsarət
etməzlər, rüşvət zənciri qırılar,
ötür-ötür oyunu bitər. Saray məmurları
Bəhramla birgə, eyni məkanda çalışırlar,
ona xəyanət, sui-qəsd etmək imkanları çoxdur,
saray məmuru işini yerinə yetirməsə, bu, birbaşa
Bəhramın adına yazılar.
"Ey
seçilmişlər" xitabından bir də onu anlaya bilərik
ki, Bəhram zalım atası ilə işləmiş məmurların
yerinə təyin edəcəyi məmurları nəzərdə
tutur, məmur seçmək siyasətinin bu əsaslarını
açıqlayır:
- əhliyyət və ləyaqət - məmur
işinin ustası olacaq, onu ləyaqətlə yerinə yetirəcək;
- həm işini biləcək, həm də əxlaqı
gözəl olacaq;
- seçiləcək, seçim
üçün imtahan ediləcək (Bəhram onlara
"seçilmişlər" deyir);
- ədalətə inanacaq;
- çalışqan olacaq;
- qərarlar məşvərətlə
alınacaq;
- davamlı nəzarət - şaha hesabat verəcək;
- məmura ehtiyacı qədər maaş veriləcək
ki, gözü başqasının sərvətində
olmasın;
Bəhram
ədalət xütbəsində üç dəfə
"mən" deyir: Birincisi, "ba mən" ("mənimlə")
biçimini seçir, bu qəlibi birinci misranı
başına yerləşdirir, sözə mənlə
başlayır, saray məmurlarına deyir ki, sizin
şahınız mənəm, əmr verən mənəm,
işinizdə mənə itaət borcunuzdur, tələbim
budur: mənimlə düz, düzgün dürüst
olmalısınız, sizin vasitənizlə xalqın vəziyyətini
öyrənirəm, mənə doğru bilgi verəcək, əmrlərimi
olduğu kimi yerinə yetirəcəksiniz, heç bir xəyanəti
bağışlamayacağam, davamlı nəzarətdəsiniz.
İkincisi, "mənim sarayımın
seçilmişləri" deyir, yəni ayrı zamandır,
hakimiyyət dəyişdi, zülm getdi, ədalət gəldi,
siz mənim sarayımın ("dərge") məmurlarısınız,
işiniz ədaləti təmin etməkdir. Üçüncüsü, sadəcə
dürüst olmayacaqsınız, "mənim yolum kimi"
düzgün olacaqsınız. Düzgünlüyün
ölçüsünü mən müəyyən edirəm,
mənim yolum var, adı ədalətdir, ədalətə
uyğun olacaq işləriniz düz, olmayanlar əyri
sayılacaq. Buradakı "yol"
sözü ölçü, tərəzi anlamlarını
daşıyır, işləriniz ədalət
ölçüsü, tərəzisi ilə çəkiləcəyi
kimi sizə qarşı da ədalətli olacağam.
Ədalət xütbəsindəki "mən"
vurğusunun önəmini ifadə edən bir vasitə də
odur ki, üç mən əvəzliyindən ikisi rədif
mövqeyindədir. Beyt mənlə başlayır, mənlərlə bitir,
bütün sözlər mənə tabedir, mən, mən, Bəhram,
Bəhram deyir, ədalətli Bəhramın dövrü
başlamışdır, bu dövrün adı ədalətdir,
siz də onun sarayının məmurlarısınız, ona
qarşı onun ədalət yolu kimi düz
olmalısınız mesajını verir, saray məmurluğu
anlayışını izah edir, məmurların haqq və vəzifələrini
müəyyənləşdirən ölçü qoyur.
Bəhramın
ədalət xütbəsinin bu bölməsində onun
liderliyini (mən vurğusu) ifadə edən iki vasitə də
var: birincisi, o, saray məmurlarına müraciət edərkən
tələb, buyruq, əmr, məcburiyyət anlamı
daşıyan feili əmr, ya da vaciblik ifadə edən
biçimdə işlədir: "şəvid" olun,
olmalısınız. Niyə bu üslubu
seçir? Şahdır, şah məmurundan xahiş etməz,
əmr edər, göstəriş vermək
şahlığın tələbidir, iradə, qətiyyət
və gücü bildirir, əmr və qərar verə, təhdid
və tələb edə bilməyəndən
başçı olmaz, deyir ki, ədalət tələbim
çox önəmlidir, sizdən çox şey
asılıdır, bircə çıxış yolunuz var, Bəhrama
qarşı dürüst olun, bu qəlibdə tələb, təhdid,
xəbərdarlıq da var, düzgün olmalısınız,
yoxsa ağır cəza sizi gözləyir.
İkincisi, Bəhramın ədalət xütbəsində
bir önəmli söz də var ki, tərcümədə nəzərə
alınmayıb. Bu "xane" ("ev")
sözüdür. O, məmurlara deyir ki, dar mənada
saray, geniş mənada İran sizin (bizim) evinizdir. Bu evin
başçısı Bəhramdır, evdəki hər kəsin
işi var, iş vicdanla yerinə yetirilməlidir ki, evdə
hüzur, barış, xeyir olsun. "Xane"
sözü ailə mənasını yüklənir, şahla
xalq arasında körpü olur, Bəhram İran xalqına
deyir ki, siz mənim doğmalarım, ailə üzvlərimsiniz,
sizi mərhəmətlə bağrıma basacağam. İstəyirəm ki, İran rəhmət evi olsun,
bu rəhmət, barış, hüzur, xeyir evini
qurmağın da bir yolu var, o da ədalətdir. Ey saray məmurları, İranın rəhmət, ədalət,
mərhəmət, barış, xeyir, bolluq evi olması
üçün vicdanla çalışmaq sizdən tələbimdir.
- "xane" sözünü "rast"
sözünə birləşdirərək oxusaq ("rast
xane"), beytin mənasını gözəl ifadə edən
məcaz ortaya çıxar. Burada şahmatın
xanası nəzərdə tutulur. Bəhram məmurlara
şahmat oyunu üzərindən mesajlar verir: a)
şahmatın oyun qaydaları var, o qaydaları mən müəyyən
edirəm, sizin qayda qoymaq, ya da dəyişdirmək
haqqınız yoxdur; b) şahmatda hər fiqurun hərəkət
yolu var, onu da (məmurların işini də) mən təyin
edirəm; c) hər fiqur öz hərəkət yolu ilə
getməlidir, siz də işinizi qoyulan ölçüyə
uyğun yerinə yetirəcəksiniz; d) şahmatda şah var,
əsas məsələ onu qorumaqdır, şah fiquru istənilən
tərəfə hərəkət edə bilir, ancaq düz hərəkət
edir, başqa cür (əyri) hərəkət etmək
imkanı yoxdur, mən də sizin şahınızam, işimdə
düzgün olacağam, şah fiquru kimi ancaq düz hərəkət
etmək haqqım var, siz də məni örnək alacaq,
ölkədə ədalətin, xeyrin, barışın, mərhəmətin,
halallığın, rifahın təsis olunması
üçün əlinizdən gələni edəcəksiniz;
e) şahmatda oyun qaydaları öncədən bəlli olsa da,
oynamaq, qarşı tərəfi məğlub etmək
oyunçunun ağıl və bacarığından
asılıdır, yəni hər adam məmur olmaz, məmur
seçilməli, öz işini bilməli, ağıllı,
bacarıqlı olmalıdır ki, qarşı tərəfi - əyriliyi,
zülmü məğlub edə bilsin, düzlüyün, ədalətin
zəfərinə yol açsın;
DOQQUZUNCU
BEYTİN ŞƏRHİ:
İKİ
DÜNYANI DÜZLÜKLƏ QAZANIN
Yaxşısı
budur ki, əyrilikdən üz döndərin,
Nicatı (hər iki dünyada) düzlüklə
qazanın.
Bəhramın saray məmurlarına müraciəti davam
edir. O, ədalət
xütbəsində saray məmurlarına üç beytlik
yer ayırmışdır. Səbəbi
dövlət idarəçiliyində məmurların önəmli
yer tutması, məmurlar düzəlməsə, idarəçilik
doğru işləməz, ədalətin təmini imkansız
olar anlayışıdır. O, məmurlara xitabında
öyüd üslubunu seçir. Öyüdünün
içində bunlar var: a) doğru olanı göstərmək;
b) yanlışı açıqlamaq; c) doğrunu seçməyə
təşviq etmək - mükafatla müjdələmək; d)
yanlışın seçilməsi halında ağır cəza
ilə xəbərdar etmək - bu cəzanın da iki
yönü var: bu dünyada şahın cəzası, axirətdə
Allahın cəzası;
Beytdəki öyüd üslubunun təşviq
yönü "beh ke" ("daha yaxşı") qəlibinə
yüklənmişdir. İnsan seçmək imkanı olan
varlıqdır, əyrini də, doğrunu da seçə bilər,
daha yaxşı olar, ən yaxşısı budur ki, siz əyrilikdən
("əz kəci") üz döndərəsiniz. Bəhram
içində təşviq və təhdid olan
öyüdünün təsirini artırmaq üçün
məcazi danışır, bu vasitələrə yer verir:
- "əyrilikdən"
sözü bir məcazdır, mənəvi əyriliyi,
haramı, rüşvəti, yalanı, oğurluğu,
bütün pislik növlərini nəzərdə tutur;
- "beh
ke" ("daha yaxşı") qəlibi müqayisəyə
yol açır, müqayisə məcaz növüdür,
burada deyir ki, əyrilik də var, düzlük də, siz
düzlüyü seçin;
-
"üz döndərmək" frazeoloji birləşməsinə
yer verir ("ruy bərtabid"), bu da bir məcazdır, deyir
ki, əsla əyriliyə doğru baxmayın, onunla əlaqənizi
kəsin, arxanızı ona çevirin, yəni onu
aşağılayın, çirkin, təhlükəli bir
şey olduğunu bilin, o, elə həyasızdır ki, üz
versəniz, üzünüzü ona doğru çevirsəniz,
astar da istəyəcək, sizi həlak edəcək;
- beytin mesajını bədii təzadla təqdim
edir, bu da güclü məcazdır, məsələnin
doğru anlaşılması üçün birinci misraya əyriliyi,
ikinci misraya düzlüyü yerləşdirir;
- məcazlar vasitəsi ilə tərbiyə
üsulunu öyrədir, deyir ki, öncə pisliyi (əyriliyi)
təmizlə, sonra yaxşılığı
(düzlüyü) onun yerinə qoy, əyrilikdən üz
çevirməyən düzlüyə yönəlməz, hər
xəstəlik ziddi ilə sağalar, əyrilik xəstəliyinin
ziddi düzlükdür;
- ikinci
misrada "rastqari" sözü var, misra bu qəliblə
başlayır, birinci misradakı "əz kəci"
sözünün düz altında yer tutur, onunla həmqafiyədir,
ziddidir, bədii təzadın ikinci tayıdır: əyrilik,
düzlük. Şah məmurlara yol göstərir, deyir ki, əyrilikdən
üz döndərin, düzlüyə yönəlin;
-
"rastqari" sözünün "düzlük",
"təmizlik", "saflıq", "alicənablıq"
mənaları olsa da, "nicat"/"qurtuluş"
anlamı da var, bu da bir məcazdır, biz mətndəki
bağlama görə qurtuluş mesajını önə
çıxarırıq. Bəhram deyir ki, ən
yaxşısı budur ki, əyrilikdən üz çevirin /
çevirməlisiniz. Bundan sonra müjdə verir, bunu etsəniz,
sizə qurtuluş / nicat var;
- bu qurtuluş da ikiyönlüdür: a) bu
dünyada Bəhramın sevgisini qazanacaq, onun cəzasından
qurtulacaqsınız, axirətdə də ilahi rizaya nail olub
Allahın cəzasından qurtulacaqsınız;
- Bəhram
məmurlarını tərbiyə edir, onları düzlüyə,
ədalətə, xeyrə yönəltmək
üçün ikidünyalı həyat anlayışı
verir. Dediyi budur: əməlinizin
qarşılığını bu dünyada da, axirətdə
də görəcəksiniz, məsələnin hüquqi və
əxlaqi yönü var;
- sonra bir addım da atır, qurtuluşun
ölçüsünü açıqlayır, yol göstərir:
o da düzlükdür, əyrilikdə üz çevirib,
imtina edib, onun yerinə düzlüyü qoyacaqsınız. Bu
da dünya və axirət səadətinə yol açacaq;
- Bəhramın
nitqindəki "düzlük" ("rasti") sözü
də məcazi anlam daşıyır: ədaləti,
halallığı, xeyri, barışı ifadə edir, deyir
ki, əyriliyin - şərin ziddi düzlükdür - xeyirdir,
zülm ədalətlə yox olar;
- Bəhramın
nitqində bir məcaz da var: "nicat tapmaq" - nicatı
(qurtuluşu) əyrilikdən üz çevirib düzlüyə
yönəlməklə tapa bilərsən. "Nicat
tapmaq" birləşməsindəki "tapmaq"
("yabid" biçimindədir) feili "itirmək"
feilinin ziddidir, yəni əyrilik-pislik qurtuluşun itirilməsinə,
düzlük - yaxşılıq tapılmasına yol
açar. Beyt deyir ki, qurtuluş yox
olmayıb, sadəcə itib, itməsinin səbəbi əyrilikdir
- zülmdür. İtmək
anlayışında ümid var, deyir ki, tapa bilərsən.
Səndən asılıdır, istə, iradəli
ol, çalış, əmək ver, axtar ki, tapasan. Tapmağın yolu da düzlükdür - ədalətdir.
Mesaj: ədalətli olan iki dünyanın səadətinə
qovuşar;
- Bəhram
güclü şah kimi hərəkət edir, öyüd
verir, yol göstərir, eyni zamanda təhdid və xəbərdarlıq
dili də seçir. Bu məqsədlə iki əmr, vaciblik
bildirən feildən yararlanır, bu feillərin
mesajlarını gücləndirmək üçün vasitələri
var: a) onları rədif mövqeyinə yerləşdirir; b) təsirini
artırmaq üçün başqa bir sözlə bağ
qurub məcazi anlam yükləyir; c) onları bədii təzad
kimi işlədir, öncə "yox", sonra "hə"
deyir, sıralama önəmlidir; d) tərk etməsən,
qovuşa bilməzsən mesajı verir - pisliyi tərk et ki,
yaxşılığa qovuşasan; e) ikisi də frazeoloji birləşmədir;
ə) qurtuluşun ölçüsünü
açıqlayır: əyrilikdən, zülmdən üz
çevirin ki, nicat tapasınız; g) şahın xəbərdarlığını
ifadə edir: əyrilikdən üz çevirməsiniz, bu
dünyada Bəhramın, axirətdə Allahın cəzası
var;
ONUNCU
BEYTİN ŞƏRHİ:
SOL
QULAĞINIZ ÇOX AĞRIYACAQ
Əgər
dövlətə sağ qulaqla qulluq etməsəniz,
Sizin sol qulağınız çox ağrıyacaq.
Bu, Bəhramın məmurlara müraciətinin
üçüncü beytidir, dövlət idarəçiliyində,
ədalətin təsis olunmasında məmurların, özəlliklə
saray məmurlarının nə dərəcədə önəmli
olduğunu bildirir. Göstərmişdik ki, Bəhram məmurlara
müraciətində öyüd verir, doğrunu da,
yanlışı da göstərir, doğrunu seçməyə
təşviq edir, cəza ilə də qorxudur, məcazi mənalı
sözlər seçir ki, mesajları təsirli olsun, yadda
qalsın, doğru anlaşılsın. O, bu beytdə nəzarəti,
təhdidi önə çıxarır, deyir ki, gözüm
hər an üzərinizdədir, xəbərdarlığını
bu vasitələrlə çatdırır:
- beyt heç bir yanlış (əyrilik) cəzasız
qalmayacaq fikri (ölçüsü) üzərində
qurulmuşdur;
- Bəhram
dərhal cəza ilə qorxutma mesajları vermir. Onun nitqində
- tərbiyə üsulunda bir sıralama var: öncə
doğrunu da, yanlışı da öyrədir, işin önəmini
açıqlayır, ölçülər qoyur, işinizdə
düzgün olun əmri verir, sonra cəza ilə xəbərdar
edir;
- "gər"
("əgər") deyir, şərt qoyur, işin mənasını
dəqiq ifadə edən məcaz seçir, "sağ
qulağınızı (sağ) əlinizlə
tutmasanız" ifadəsinə yer verir, onun təqdimatında
sağ tərəf, sağ qulaq, sağ əl müsbəti,
xeyirli olanı təmsil edir. Sağ qulağını sağ əli
ilə tutmaq işini ləyaqətlə, vicdanla,
haqqını verərək yerinə yetirməkdir;
- misranın başındakı "gər"
şərt bağlayıcısının iki mesajı var: a)
sizin vəzifəniz işinizi düzgün yerinə yetirməkdir;
b) bunu etməsəniz, ağır cəza alacaqsınız;
- cəza ilə qorxutma mesajı "ey"
çağırış nidasına yüklənir, beytin
şərt hissəsi bitir, ikinci misrası - cəza var
bölümü bu nida ilə başlayır. "Ey"
nidası çağırır, oyadır, xəbərdar
edir, qorxudur, bax ağır cəza var ha deyir;
- cəza
ilə əyrilikdən çəkindirmə mesajı "bəsa"
qəlibinə yüklənir, bu sözün "bəs deyincə",
"çox", "lap çox", "olduqca
çox" mənaları var, məmurlara deyir ki, işinizdə
əyrilik olsa, sizə sıradan bir cəza verilməyəcək,
bu, çox ağır cəza olacaq;
- Bəhram
cəzanın ağırlığını,
acısını hiss etdirmək üçün birinci
misradakı məcazın ziddi olan ifadə seçir, bədii
təzada yer verir. "Sol qulağınız
çox ağrıyacaq" / "sol qulağınız
yorğun olacaq, çəkiləcək". Bəhramın anlayışında sol əl, sol tərəf,
sol qulaq mənfi anlam yüklənir, əyriliyi, işini yerinə
yetirməməyi ifadə edir. İşinizdə
əyrilik olsa, sol qulağınız çox ağrıyacaq.
Qulağın çəkilməsi insanın ləyaqətini
alçaldan davranışdır. İnsanın
yanına vursan, o dərəcədə inciməz, ancaq
üzünə, başına vursan, qulağını çəksən,
bu, ona çox ağır mənəvi zərbə olar.
Bəhramın qulaq obrazını seçməsinin bir
anlamı da var: qulaq (eşitmə) öyrənmə vasitələrindən
biridir, yəni mən sizi xəbərdar etmədimmi, məni
anlamadınızmı, əyriliyin cəzası ağır
olacaq demədimmi? Burada "sol qulağın yorğun
olmasını" "çox danlamaq" mənasında da
oxuya bilərik;
ON
BİRİNCİ BEYTİN ŞƏRHİ:
ƏDALƏT
QAPISINI AÇACAĞAM
Bir
neçə gün istirahət edəndən sonra,
Mən ədalət və insaf qapısını
açacağam.
Bəhram ədalət xütbəsinin yeni mərhələsinə
keçir.
Öncə bu addımları atdı: ədalətin təmin
olunmasının fikri (ideoloji) əsasını
açıqladı, iki ölçü qoydu: hakimiyyət
Allahındır, o, nemətdir, Allah hakimiyyət nemətini onu
haqq edənə verər, O, məni seçdi. Hakimiyyət
nemətinin şükrü ədalətdir. Sonra ölkədə
ədalətin təmin olunmasının ikinci şərtini
tanıtdı, dedi ki, bu anlayış əsasdır: dövlətin
mərkəzində insan olmalıdır, yəni insan dövlət
üçün deyil, dövlət insan
üçündür, kimsəni incitməyəcəyəm,
Allahın rizasını qazandıracaq işlər görəcəyəm.
Sonra ədaləti təmin edəcək hüquqi əsaslara
yer verdi, ədaləti pozanlara veriləcək
cəzaları saydı. Sonra da ədalətin təmin
olunmasına imkan verəcək idarəçilik
ölçüsünü açıqladı, məmurları
ayrıca vurğuladı, öyüd verdi,
yol göstərdi, xeyrə təşviq etdi, cəza var dedi. Şərh olunan beytdə də ədalətin təmin
olunması üçün görüləcək işlərin
zamanını və ilk addımları sıralayır.
İslahatların ən qısa zamanda
başlayacağını ifadə etmək üçün
bu vasitələri seçir:
- zaman çox önəmlidir, atası Yəzdigürddən
zülmün hər növünü görmüş İran
xalqı Bəhramdan ədalətin təmin olunması
üçün gecikmədən addımlar atmasını istəyir.
Bəhram da ən qısa zamanda işlər görməlidir
ki, ona münasibətdə düşüncəsi
qarışıq olan İran xalqına ümid verə bilsin,
onları öz ətrafında birləşdirsin, ədalət
hakimiyyətlə xalq arasında könül bağı
qursun, inam yaratsın, belə ki, xalqın dəstəyi olmadan
islahat aparmaq imkansızdır, bu, hakimiyyətin
varlığı, davamı üçün ciddi təhlükədir,
bir sözlə, gecikmək olmaz;
- Bəhram
ən qısa zamanda ədalətin təmin olunması
üçün işlər görüləcək
mesajının verilməsi üçün "ruz"
("gün") sözünü deyil, "ruzəki" qəlibini
seçir. "Ruz" sözünün sonuna
kiçiltmə əlaməti artırır.
"Güncük" biçimində tərcümə edə
biləcəyimiz bu söz qısalığı, sürəti
ifadə edir, ümid, səbir verir, xalqa deyir ki, Bəhram sizin
dərdinizi də, dərmanınızı da bilir, ən
qısa zamanda xəstəliyinizin müalicəsinə
başlayacaq, ağrılarınız azalacaq;
- o,
"ruz" sözünün sonuna "ək"
kiçiltmə, azaltma, qısaltma əlaməti qoydu, burada da
dayanmadı, "ruzək" sözünün sonuna da "yə"
hərfi artırdı: "ruzəki", "yə" hərfi
sözə müəyyənlik anlamı yükləyir, yəni
bir az istirahət etmək, düşünmək,
planlaşdırmaq üçün zəruri olan o bəlli ən
qısa zaman dilimi;
- Bəhram
ən qısa zaman dilimini ifadə etmək üçün
üçüncü əlaməti nitqinə yerləşdirir:
"çənd" deyir, yəni "bir neçə
güncük", bu qədər azca vaxta ehtiyacım var;
- Bəhram
ən qısa zamanda ədaləti təmin edəcək
addımlar atılacaq fikrinin ifadəsi üçün bir
vasitə də seçir, "çon" deyir, "elə
ki", "o zaman ki", yəni o ən qısa zaman dilimi
bitən kimi başlayacağam (Bəhram gözəl natiqdir,
bir misrada ən qısa zaman dilimini ifadə etmək
üçün dörd vasitədən istifadə edir);
Bəhram
ən qısa zaman diliminə ehtiyacı olduğunun səbəbini
açıqlayır: istirahət etməliyəm. Buradakı
istirahət anlayışının iki yönü var: a) Bəhram
böyük ordusu ilə Yəməndən İrana gəldi,
iki şir arasından tacı götürdü, ara vermədən
təbrikləri qəbul etdi, ardınca ədalət xütbəsini
oxumağa başladı, yoruldu, bir az dincəlməyə
ehtiyacı var, bu aralıqsız işlər onun ağıl,
iradə, gücünü göstərir; b) ciddi qərarlar qəbul
etmək üçün İranın halını öyrənməli,
adamları tanımalı, ədalət proqramının icra
planını hazırlamalıdır.
O, bu
qısa zaman dilimindən sonra nə edəcəyinin ip ucunu da
göstərir, maraq yaradır, həyəcanlandırır, ümid
verir, oyadır, diqqətləri toplayır, siz bir az səbirli olun, mən gəlirəm deyir. Bəhram
İran xalqına iki nemət vəd edir: a) insaf; b) ədl-ədalət;
Bunlar bir-birinə yaxın anlayışlardır. Misrada öncə "insaf" sözünə yer
verilmişdir. Bu söz "n-sad-f" kökündəndir,
anlamları var: "bir şeyin yarısı",
"ölçü", "bir şeyin ortası" (bir
şeyin ortası onun ən yaxşı yeridir), "verdiyindən
çox mənfəət qazanmamaq", "zərər
gördüyün qədər zərər vermək",
"aldığın fayda qədər faydalı olmaq",
"haqqını aramaq". Yəni kimsənin tərəfini
tutmayacağam, imtiyazlı təbəqə olmayacaq, uc nöqtələrdən
(radikallıq) uzaq duracağam, ədalətli qanunlar olacaq, hər
kəs də o qanunların tələblərini yerinə yetirəcək,
hər kəs haqqı olanı əldə edəcək,
insafın ziddi həddi aşmaq, ölçünü pozmaq,
orta yoldan uzaqlaşmaqdır.
Beytdəki ikinci anlayış da ədalətdir, ədalət
bir şeyi yerli yerində tutmaq, hər kəsə, hər
varlığa haqqını verməkdir. Allah
üçün ədalət varlıqları yerli-yerində
yaratmaq, insan üçün ədalət o varlıqlardan
ilahi təyinatına uyğun istifadə etməkdir. Ədalətin ziddi zülmdür. Zülm bir şeyi yerindən etməkdir.
Bəhram İran xalqına qarşı çox səmimidir. O, dərhal insaf və ədaləti
təmin edəcəyəm demir, bilir ki, bu çətin məsələdir,
vaxt, güc, ağıl, səbir, iradə tələb edir, mərhələli
işdir, zülmün içinə gömülmüş, əxlaqı
pozulmuş, can, şərəf, sərvət güvənliyini
itirmiş, günahkarların, oğruların, qatillərin,
yolkəsənlərin əlinə keçmiş,
ölmüş toplumu diriltmək vaxt istəyir. Ona görə
də İran xalqına belə deyir: insaf və ədalətin
qapısını açacağam. "Qapı açmaq"
frazeoloji birləşmədir, məcazdır, sözün təsir
gücünü artırır, bu mesajları verir:
- bilirəm ki, zülm hər birinizin
qapısını bağlamışdır, heç kim
halından razı deyil, kimsə
sıxıntılarını həll edə bilmir, ölkədə
barış, hüzur, mərhəmət, rifah yoxdur. Zülmlə
bağlanmış qapıları ədalətlə
açacağam;
- qapı açmaq sıxıntıları həll
etmək deyil, ilk addımı atmaqdır, bilin ki,
zülmün pisliklərini təmizləmək, ədaləti
təmin etmək uzun, çətin işdir, səbirli olun, mənə
yardım edin;
- qapı açmaq ümid verir, nuru göstərir,
bu, bir duadır: Allah qapını açsın;
- qapı açmaq dardan və zordan
qurtarmaqdır;
- qapı açmaq ədalətin,
halallığın, barışın, rifahın, mərhəmətin
zülmlə tıxanmış yollarını
açmaqdır;
- qapı
açmaq hərəkətdir, bərəkətdir,
ağıl hərəkətlənir - düşünür,
iradə hərəkətlənir - doğrunu seçir, qəlb
hərəkətlənir - sevməyə başlayır, vicdan
hərəkətlənir - mərhəmətli olur, hüquq hərəkətlənir
- ədaləti təmin edir, iqtisadiyyat hərəkətlənir
- hamı halal pul qazanır, siyasət hərəkətlənir
- siyasətçilər xalqa xidmət edirlər, zülm
gedir, ədalət gəlir, savaş ölür, barış
dirilir, insanları pərişan edən yoxsulluq sıradan
çıxır, zənginlik üzləri
güldürür;
Beytin iki
mən vurğusu var, ikisi də şəxs sonluğu biçimindədir,
qafiyə mövqeyindədir, Bəhramı önə
çıxarır, iki mesaj verir: a) azacıq istirahətə,
yenidən düşünüb daşınmağa ehtiyacı
olan Bəhramam - işimə çox ciddi yanaşıram,
insanam, bir azca dincəlmək istəyirəm; b) insaf və ədalətin
qapısını açacaq olan Bəhramam - əsas işim
budur, hakimiyyət mənə məhz bunun üçün
lazımdır;
Qeyd edim
ki, tərcümədə "sonra" sözü var, mətnin
ideyasına uyğun deyil, belə ki, Bəhram iki iş
arasında (azacıq istirahət, insaf və ədalətin
qapısını açmaq) fasiləyə yer vermir, öncə
bunu, sonra onu edəcəyəm demir, vaxtı uzatmır, tərcümədəki
"sonra" sözü vaxt itkisinə səbəb olur,
işi ləngidir, Bəhram isə azacıq istirahəti də
insaf və ədalətin təmini işinin tərkib hissəsi
kimi tanıdır. Ona görə də nitqində birinci misra
ilə ikinci iş arasında "sonra" sözü, hətta
"və" bağlayıcısı belə yoxdur. O belə
deyir:
Bir
neçə güncük istirahət edən kimi,
İnsaf və ədalətin qapısını
açacağam.
ON
İKİNCİ BEYTİN ŞƏRHİ:
ƏDALƏTƏ
ƏDALƏTLƏ CAVAB VERƏK!
Bizim
öhdəmizə düşən vacib iş (odur ki),
Zülmə
zülm, ədalətə ədalətlə cavab verək!
Bəhram
dövlətinin, hakimiyyətinin ana hədəfini
açıqlayır: İran xalqını əzən,
haqlarını əlindən alan, onu yoxsulluğa, nifrətə,
didişməyə, əxlaqsızlığa məhkum edən,
ağlını öldürən, iradəsini sıradan
çıxaran, sürüyə çevirib kölələşdirən
zülmü ortadan qaldırıb onun yerinə xalqa ümid,
inkişaf, barış, mərhəmət, bolluq, zənginlik
vəd edən ədaləti qoymaq. O, bu ən önəmli
işi tanıtmaq üçün vasitələr seçir:
Birincisi,
"ançe" deyir, bu sözə "nə", "hər
nə", "o şey ki", "ən önəmli /
vacib iş odur ki" mənalarını yükləyir,
işarə edir, barmağı ilə göstərir, əsas
iş budur demiş olur.
İkincisi, Bəhram ədalət xütbəsində
ilk dəfə "biz" ("ma") deyir, məmurları
da işin içinə qatır. Biz vurğusu bu mesajları verir:
- zülm İran toplumunda dərin yaralar
açmışdır. Zülmün pisliklərini
təmizləmək çox çətin işdir. Bu məsələdə
sizin yardımınıza ehtiyacım var, birlikdə hərəkət
etməliyik, sağlam məmurlar olmasa, zülm bəlasından
qurtuluş yoxdur, siz buyruqlarımı olduğu kimi yerinə
yetirəcək, xalqla hakimiyyət arasında etibarlı
körpü olacaqsınız;
-
zülmün yerinə ədaləti qoymaq da çətin
işdir, müqavimətlə üzləşəcəyik,
ölkənin siyasi, hüquqi, dini, iqtisadi, sosial, mədəni
həyatında ciddi islahatlara, minlərlə əxlaqlı məmura
ehtiyac var. Sizin dəstəyiniz olmadan İranda ədalətin
təsisi imkansızdır. Biz işi, əqidəsi, əməli
ədalət hədəfinə yönəlmiş ailə kimi
olmalıyıq;
Bəhram
zülmün ortadan qaldırılıb yerinə ədalətin
qoyulmasının əsas iş olduğunu vurğulamaq
üçün "fərize" sözünü
seçir. Bu söz ərəbcədir, "f-r-z"
kökündəndir, mənaları var: "yerinə yetirmək",
"fərz qılmaq", "uyğun görmək",
"təyin etmək", "qərarlılıq",
"əmr etmək", "müəyyən etmək",
"sərt bir şeyi kəsib iz buraxmaq", "qəti
hökm", "təqdir etmək", "kəsmək".
Cəmi "fəraiz"dir, dini termindir,
Allahın qəti bir dəlillə əmr etdiyi şeydir, elə
bir şeydir ki, məcburidir, səbəbsiz tərk etməyin
cəzası var, işdir, əməldir. Bəhramın
məhz "fərize" sözünü seçməsinin
səbəbləri də bunlardır: zülmün yerinə ədaləti
qoymaq ən önəmli işdir, bu, Allahın əmridir,
insanların və Allahın rizasını qazanmağın tək
yoludur, bu hədəfin gerçəkləşməsinə
mane olanlara dünyada və axirətdə ağır cəza
var, saleh əməldir, mənim sizə münasibətimin
ölçüsüdür, olmazsa olmazdır, hakimiyyətin
ana vəzifəsidir.
Bəhram üzərimizə "fərz oldu, üzərimizə
düşdü", "fərz qılındı" deyir,
məcaza yer verir, sözünün təsir gücünü
artırır, ədalətin təmin olunmasından başqa
işimiz yoxdur, hakimiyyətin, dövlətin varlıq səbəbi
ədalətdir mesajını verir. O, görüləcək işin
yolunu, metodunu açıqlayır. Məmurlara iki
ölçü verir:
a) zülmə zülmlə cavab verəcəyik -
bu, zülm edənə zülm tətbiq edəcəyik, məsələn,
rüşvət alandan rüşvət alacağıq
anlamını daşımır, daşımaz, o halda, ədalət
olmaz. Məna budur: xalqa zülm edən hər kim
olursa olsun, haqq etdiyi cəzanı alacaq. Cinayətkara
layiq olduğu cəza verilməsə, ədalət yerini
tutmaz. Yəni ədaləti təmin etməyin
birinci yolu ədalətli cəza sisteminin olmasıdır.
Cəza sistemi olmasa, zülmün kökü kəsilməz,
anarxiya olar, xalqla dövlət arasında uçurum yaranar.
Bəhram öncə "zülmə
zülm" ölçüsünü qoyur, belə ki,
öncə pislik təmizlənməlidir ki,
yaxşılığa yer açılsın. Bu da ədalətli
məhkəmə və hüquq-mühafizə sisteminin
qurulması ilə gerçəkləşər;
b) "ədalətə ədalət
ölçüsü" - cəza və mükafat sisteminin
qurulması, yəni zülmün qarşılığı cəza,
ədalətin qarşılığı mükafatdır. Ədalətin təmin olunması üçün
vicdanla çalışan hər kəsə dəyər veriləcək.
Bəhram bilir ki, nəyə dəyər versən, o artar,
insanlar işlərinə dəyər verildiyini görsələr,
o işi təkrar edər, həvəslə
çalışar dövlətinə, xalqına sadiq olar,
harama, rüşvətə, saxtakarlığa ehtiyac duymaz, əməklə
maaş arasında uyğunluq (ədalət) varsa,
aldığı maaş ehtiyaclarını təmin edirsə,
niyə pisliyə bulaşsın, qorxu içində
yaşasın ki!;
Bəhram bilir ki, bu böyük işlərin gerçəkləşməsi
üçün ciddi nəzarətə ehtiyac var. Ona görə
nitqinin hər bölməsində fərqli biçimlərdə
gözüm üstünüzdədir deyir. İdarəçiliyini bu
ölçülər üzərində qurur: işini bilən
məmurlar seç - ədalətli qanunlar qoy - qanunları tətbiq
et - işi iş bilənlərlə məsləhətləş
- işə davamlı nəzarətin olsun - zülm edənə
cəza, ədalətli olana mükafat ver.
ON
ÜÇÜNCÜ BEYTİN ŞƏRHİ:
KİMSƏDƏN
QORXUM YOXDUR
Heç
bir insandan qorxum yoxdur,
Bircə Tanrı tanıyanlardan başqa.
Bəhramın ədalət xütbəsi davam edir. O, məmurlara müraciət
edir, dövlət idarəçiliyində məmurların
çox önəmli yeri olduğunu bilir, onları tərbiyə
etməyə çalışır. Bu beytədək məmurlara
ölçülər verdi: siz seçilmisiniz, ədalətin
təmin olunmasında çox şey sizdən
asılıdır, mənim kimi düz olacaq, yolumdan
ayrılmayacaqsınız, bu dünya və axirət
qurtuluşunuz işinizi vicdanla yerinə yetirməyinizə
bağlıdır, düzgün olmasanız, ağır cəza
alacaqsınız, hədəfimiz ölkədə insafı, ədaləti
təmin etməkdir, biz bir ailəyik, ölkənin, xalqın,
ədalətin sizə ehtiyacı var, zülm edənə cəza,
ədalətli olana mükafat veriləcək...
Bəhram doğru bir münasibət biçimi
seçir, məmurlarını qorxu və ümid arasında
tutur. Bu məqsədlə
şərh olunan beytdə özünü,
iş üslubunu tanıtmaq ehtiyacı hiss edir. Cəsarət,
iradə, qərarlılıq mesajı verir. Bunun səbəbləri
var: zülm bataqlığında boğulan, hər tərəfindən
pislik axan bir ölkəni zülmün qaranlıq quyusundan
çıxarıb ədalətin nuruna qovuşdurmaq çətin,
uzun, ağır işdir, ağıla, cəsarətə, iradəyə,
səbrə, xalqın dəstəyinə, məmurların
yardımına ehtiyacı var, zülmün yerinə ədaləti
qoymaq hərəkatının düşmənləri
çox olacaq, belə ki, zülm ölkəni, xalqı
günahkarlara, oğrulara, qatillərə, yolkəsənlərə
təslim edib, onlar mütləq islahatlara qarşı dirənəcəklər.
Bəhram
istəyir ki, onunla çalışanlar da, ona qarşı
olanlar da onun kimliyini yaxşı tanısınlar, necə cəsur,
iradəli, qərarlı olduğunu bilsinlər, bu biçimdə
tanınma dostlara ümid, güvən, cəsarət verəcək,
onları Bəhramın ədalət hədəfinə
inandıracaq, işlərini vicdanla yerinə yetirməyə təşviq
edəcək, Bəhramın yardımçısına
çevirəcək, düşmənləri də qorxuya
salacaq, dirəniş gücünü qıracaq, məğlub
edəcək, dəstəyini əlindən alacaq. Bəhramın
cəsarət, iradə, qətiyyət mesajı deyir ki, kimsənin
göz yaşına baxmayacağam, ədalətin təmin
olunmasına qarşı çıxanları əzib keçəcəyəm,
heç kim məni yolumdan döndərə
bilməz, İran xalqının səadəti
üçün mümkün olan hər şeyi edəcəyəm.
Bu qərarlılıq mesajı xalqı Bəhrama
bağlayır, belə ki, xalq cəsur liderləri sevir, onun
arxasınca gedir, bu da, təbii ki, düşmənləri dəhşətə
salır.
Bəhramın
dostların güvənini, ümidini, cəsarətini
artıran, düşmənlərə qorxu verən, dirənişini
qıran, dəstəkdən məhrum edən qərarlılıq
mesajı bu yollarla verilmişdir:
- o, sözə "nist" qəlibi ilə
başlayır, bəri başdan "yoxdur" deyir, qəti
hökm verir, heç bir tərəddüdə yer qalmır
(tərəddüd iradə zəifliyindən, məsələni
bilməməkdən, cəsarət azlığından
doğulur, şübhəyə yol açır, xalqın
lider ətrafında birləşməsinə imkan vermir);
- nə yoxdur? Qorxu yoxdur. Bəhram hökmü ilə qorxu ("həras",
qorxu, dəhşət) anlayışı arasına məsafə
qoymuşdur, "yoxdur" sözü misranın
başında, "qorxu" qəlibi misranın sonundadır.
İnsan qorxduğunu tez dilə gətirər,
yardım istəyər, nədən qorxduğunu o dəqiqə
deyər, Bəhram isə tələsmir, belə ki qorxmur.
Bəhram "qorxmuram" demir, "qorxu yoxdur" deyir,
qorxunun varlığını inkar edəcək dərəcədə
cəsurdur, olmayan bir şeydən niyə qorxum ki? Bəhram
"qorxu" sözünün sonuna mənsubiyyət şəkilçisi
artırmır (tərcümədə Bəhramın qərarlılıq
mesajını pozacaq biçimdə "qorxum"
sözünə yer verilmişdir), "qorxum" demir, deməz,
qorxu yoxdur deyir, yəni mən qorxunun nə olduğunu bilmirəm;
- orijinalda mənsubluq bildirən əlamət
(şəkilçi) "insan" sözünün
sonundadır, o, belə deyir: heç bir insandan / insanımdan
- təbəəmdən qorxu yoxdur;
- Bəhram
qərarlılıq mesajını ifadə etmək
üçün istisnaya yer vermir, "hiç" /
"heç" qəlibini seçir, yəni heç bir
insandan qorxu yoxdur, məni yolumdan çəkindirəcək
kimsə tanımıram;
- Bəhram
ikinci misrada bir istisnaya yer verir, bir təbəqəni
seçir, fərqləndirir, onların bilinməsini istəyir,
onlara ayrıca misra ayırır, bu məqsədlə
"coz" (başqa, savayı, qeyri) qəlibinə yer verir.
Deyir ki, tək bir istisnanın olduğunu bilməyinizi istəyirəm
(məhz bilinməsini istəyir): Xudanı / Tanrını
tanıyandan qorxu var;
- Bəhramın
nitqində iki "qorxu" sözü yoxdur, yəni beyt belə
deyil, heç bir insandan qorxu yoxdur, bircə / yalnız
Tanrını tanıyandan qorxu var. Beyt belədir: heç bir
insandan qorxu yoxdur, bir istisna var, o da Tanrını tanıyan
insandır /insanlardır;
- Bəhram
Tanrını tanıyanlar təbəqəsini ayrıca
vurğulayır, ehtiramını bu yollarla ifadə edir:
onları bütün insanlardan ayırır, siz fərqlisiniz
deyir, birinci misrada bütün insanlara, ikinci misrada ancaq
Tanrını tanıyanlara yer verir, istisna qəlibini
("coz") bütün insanlarla din alimlərinin arasına
yerləşdirir, ikinci misranın başına qoyur, iki təbəqənin
bir-birinə qarışmasına imkan vermir, siz özəlsiniz
demiş olur;
- Bəhram
Tanrını tanıyanlardan qorxuram / qorxu var demir, onlar
istisnadır deyir, daha yumşaq, sayğı ifadə edən
biçim seçir;
- o, möminlərdən, inananlardan, dindarlardan,
din adamlarından demir, Tanrı tanıyan deyir. Məhz
"şenaxtən" feilinin kökü olan
"şenas" sözünü seçir. Tanımaq
/bilmək anlayışını önə
çıxarır, mesajları var: hər dindar Tanrını
tanımaz, cahil və alim dindarlar var, imanın əsası
tanımaq / bilməkdir, bu, elmlə mümkündür, mən
din alimlərini, Allahı tanıyaraq Ona inananları nəzərdə
tuturam;
- Bəhram
"Xuda" da demir, bu sözün sonuna müəyyənlik əlaməti
bildirən "yə" hərfini də artırır:
"Xodai", o Tanrı ki, hər şeyin, o sıradan
gerçək hakimiyyətin sahibidir, O Bəhramı seçən,
hakimiyyət nemətini məhz ona verən Tanrı, iki
azğın şir arasından tacı götürməyi Bəhrama
nəsib edən Tanrı, hər şeyimi borclu olduğum
Tanrı, İranda ədalətin təsis olunması
üçün mənə ağıl, iradə, cəsarət,
güc verən, ədalətin təmini vəzifəsini
üzərimə yükləyən, məni zəfərə
qovuşduracaq olan Tanrı, məni sizə din bağı ilə
bağlayan Tanrı...;
Bəhram niyə Tanrını tanıyanlara - din alimlərinə
ayrıca yer verir? Səbəbləri sıralayaq:
- onu dinləyənlərin yaddaşını təzələyir,
Tanrını yada salır, güc qaynağını
xatırladır, çox güclüyəm deyir, məni
seçən məni zəfərə də qovuşduracaq
mesajı verir, qarşımda deyil, yanımda yer tutun;
- Allaha
inandığını, Onu çox sevdiyini bildirir, İran
xalqı ilə, din alimləri ilə din vasitəsi ilə
könül bağı qurur, onları öz tərəfinə
çəkir;
- İran
dövlət idarəçiliyində, xalqın üzərində
din alimlərinin güclü təsiri olduğunu bilir, onlara
sevgisini, ehtiramını ifadə edir, mənim ədaləti təsis
missiyama yardım edin deyir;
- Allah ədaləti,
ədalətli olanları sevir, buyurur ki, vəzifəniz ədaləti
təmin etməkdir. Allahı tanıyanlar Onun istəyini də
bilirlər, təbii ki, ədalət uğrunda
çarpışan Bəhrama yardım edəcəklər
mesajını verir;
- din alimlərinə mesajını din / Xuda
üzərindən verir ki, onları inandırsın,
yardıma sövq etsin;
- bu mesaj dindar Bəhramın verdiyi sözləri
yerinə yetirəcəyinin təminatıdır, Allaha inanan ədalət
sözündən dönməz;
- bir vaxtlar İran şahının məktubunu
gətirən din alimləri Bəhramın tərəfinə
keçmişdilər, onlara hakimiyyətin dinc yolla əl dəyişdirməsinə
yardım etdikləri üçün təşəkkür
edir;
- din alimlərinin iştirakı, dəstəyi
olmadan ədalətin təminin imkansızlığını
bilir;
- bircə Tanrını tanıyanlardan qorxu var
ölçüsünün mesajı budur: qorxu Tanrıya, Onu
tanıyanlara sevgini ifadə edir: sevən sevdiklərinin
sevgisini itirməkdən qorxar;
ON
DÖRDÜNCÜ BEYTİN ŞƏRHİ:
BİRCƏ
TANRIYA ETİMADIM VAR
Heç
kəsə etimadım yoxdur,
Bircə Tanrıya etimadını var.
Bəhram
bu sözləri məmurlara deyir, onları tərbiyə edir,
iş üslubunu açıqlayır, cəsarət, iradə,
qətiyyətini ortaya qoyur, ədalət xütbəsində
etimad anlayışını önə çıxarır.
Niyə buna ehtiyac hiss edir? Onun zülm bataqlığında
can verən İran xalqını ədalətin nuruna
çıxarmaq kimi böyük bir hədəfi var, bu hədəfi
ağıllı, iradəli, cəsur, siyasət və
diplomatiya ustası bir başçı ilə ona bağlı
məmurlar ordusu gerçəkləşdirə bilər. Elə buna görə də Bəhram ədalət
xütbəsinin bir yerində "biz" deyir. Etimad anlayışının içində də
güvən, sədaqət, qarşılıqlı inam var. Yəni
böyük hədəfləri gerçəkləşdirmək
istəyənlər güvən duyğusu ilə bir-birinə
bağlı olmalıdırlar. Bu təsbitlər
doğrudur, o halda, Bəhram məmurlarına niyə kimsəyə
etimad etmirəm deyir? Sırası ilə izah etməyə
çalışaq:
- tərcümədə
mətn belədir: heç kəsə etimadım yoxdur, ancaq
orijinalda Bəhram belə demir, deyir ki, heç kəsə
(kimsəyə) etimad etmirəm, yəni sizə vəzifələr
verdim, ancaq bu o demək deyil ki, sizin işinizi yüzdə
yüz yerinə yetirəcəyinizə əminəm;
- bu, bir idarəçilik metodudur, Bəhram məmurlarını
ümidlə qorxu arasında tutur, kimsənin belə
düşünməsini istəmir: Bəhram məni
tanıyır, mənə inanır, mənə vəzifə
verdi, dostumdur, mənə bir şey etməz;
- bu anlayış məmurları işinə məsuliyyətlə
yanaşmağa yönəldir;
- Bəhram
gözüm hər zaman üzərinizdədir demiş olur;
- vəzifəniz ömürlük deyil;
- işini yerinə yetirməyənin cəzası
var;
- sizə münasibətimin
ölçüsü tanışlıq, dostluq, deyil,
işinizi vicdanla yerinə yetirməkdir;
- xəbərdar edir, hər kəsdən
işinin hesabını soruşacağam;
- Bəhram
etimad anlayışına tərif verir, onu tanıdır:
etimad etmək işçini başlı başına buraxmaq
deyil, güvənmək, nəzarət etmək, məsuliyyət
yükləmək, hesab soruşmaqdır;
Bəhram
məmurları ümid və qorxu arasında tutmaq, etimad
anlayışını inşa etmək, tanıtmaq, məmurlarına
qəbul etdirmək üçün bu vasitələri
seçir:
-
"etimad" sözünə iki dəfə yer verir, biri
birinci, o birisi ikinci misradadır;
- birincisi məmurlara, ikincisi Allaha aiddir;
- birinci "etimad" sözü misranın ilk
qəlibidir, ey məmurlar, etimad anlayışını
doğru qavramaq çox önəmlidir mesajı verir, deyir ki,
etimadı yanlış anlayan peşman olar, Bəhramın cəzasına
tuş gələr;
- birinci "etimad" sözünün sonunda
müəyyənlik əlaməti var, o etimad ki, idarəçilikdə
çox önəmlidir;
- Bəhram
məmurları ilə bağlı danışarkən
istisnaya yer qoymur, "kimsəyə", "heç kimə"
deyir, heç bir məmura etimad etmirəm hökmünü
verir, imtiyaz yoxdur, fərq qoymayacağam, hər kəsə nəzarət
edəcəyəm, işini yerinə yetirməyən hər kəs
cəzalanacaq, ölçünü pozanı əlimdən
alacaq biri yoxdur;
- Bəhram
ikinci "etimad" sözünü ancaq Allaha aid edir,
"Xoda" sözünü müəyyənlik əlaməti
ilə işlədir: "Xodai", o Tanrı ki, ancaq O,
qeydsiz-şərtsiz etimada, güvənə layiqdir, belə
ki, O, qüsursuzdur, hər şeyi bilir, səhv etmək
ehtimalı yoxdur, Bəhramın gücünə, mərhəmətinə,
yardımına şahid olduğu, onu seçən, hakimiyyət
nemətini ona verən Tanrıya etimadım tamdır;
- Bəhram
nitqini bədii təzad üzərində qurmuşdur, birinci
misra "yox", ikinci misra "hə" deyir;
- Bəhram
deyir ki, insana (məmura) etimadla Allaha etimad arasında insanla
Allah arasındakı fərq qədər fərq var;
- insana etimad qeydli-şərtlidir - etimad et, ancaq əmin
olma, nəzarətdə saxla, Allaha etimad isə qeydsiz-şərtsizdir,
Allahla münasibət şübhəli, qeydli-şərtli ola
bilməz, olsa, adı güvənsizlik olar, Allaha tam etimad etməyənə
Allah da etimad etməz. Niyə? Belə ki,
insan sınırlı, qüsurlu, aciz varlıqdır, xəta
payı çoxdur, hər şeyi bilmir, hər şeyə
gücü çatmır, ona görə də insana etimad tam
ola bilməz, tam etimad edən peşman
olar, ölçü budur: insana etimad et, ancaq yoxla. Allah isə hər şeyi bilən, hər şeyə
gücü çatan, mükəmməl olan tək
varlıqdır, Onun xəta ehtimalı yoxdur. Ona görə
də Allaha etimad tamdır;
- Bəhram
"etimad" sözünü insana aid edəndə insan qəlibini
"kəs" biçimində vermiş, qeyri-müəyyənlik
ifadə etmiş, hər kəsi, hər insanı (məmuru) nəzərdə
tutmuş, ölçü hamıya aiddir demişdir, üstəlik,
insan anlayışı daşıyan sözü misranın
sonuna yerləşdirmişdir;
- o, "etimad" sözünü Allaha aid edəndə
isə Allah sözünü ikinci misranın başına yerləşdirmiş,
etimad fərqlərini məkan seçimi ilə (baş-ayaq)
gözəl ifadə etmişdir: insana etimada hara, Allaha etimad
hara?;
- "kəs"
("insan") sözündə müəyyənlik əlaməti
(artikl) yoxdur, "Xoda" sözündə isə var:
"Xodai", yəni insana etimad qeyri-müəyyən
(şübhəli, şərtli), Allaha etimad isə müəyyəndir,
şübhəsizdir, qətidir;
- insana
aid edilən "etimad" sözündə müəyyənlik
artiklı var, Allaha aid edilən "etimad" sözündə
isə yoxdur, yəni insana etimadın (o etimad ki) izaha, şərhə
ehtiyacı var, Allah etimad isə Ona tam güvənmək, tam təslim
olmaqdır, burada istisna yoxdur/olmaz;
- Bəhram
insana etimad etmirəm deyərkən "etmək" ("kərdən")
feilini indiki zamanda, inkarda işlədir: "nə konəm",
"etmirəm", "etmərəm", "etməməliyəm",
yəni insana (məmura) tam etimad etsəm, yanılaram;
- o, "etmək" feilini (etimad etmək) Allaha
aid edəndə isə bu feili şühudi keçmiş
zamanda işlədir, bu zaman qətilik, şahidlik bildirir
(şahidlikdə qətilik var): "kərdəm", etdim,
Allaha etimad etdim, iş bitmişdir, Ona tam inandım, güvəndim,
qərarımı çoxdan verdim, heç bir şübhəm,
tərəddüdüm yoxdur;
- Bəhram
Allahdan başqa kimsəyə tam etimad olmaz
ölçüsünü bir qəlibə də yerləşdirmiş,
misranın sonuna, rədif mövqeyinə "bəs"
sözü qoymuşdur: ancaq, təkcə, bircə, yalnız
Allaha etimad etdim (bu, hər zaman belə olacaq), vəssəlam,
bitdi, yetər, başqa belə bir varlıq yoxdur, olması
imkansızdır, heç bir insan / məmur məndən tam
etimad gözləməsin, hər an nəzarətdə
olduğunu bilsin, hesab soruşulacağını
ağlından çıxartmasın, işini vicdanla yerinə
yetirsin;
Bəhram ağıllıdır, çox gözəl
bilir ki, məmuruna bu biçimdə hakim olmayan lider
böyük işlər gerçəkləşdirə,
zülmdən ədalətə keçişi təmin edə
bilməz. Ona
görə də məmurlarına birmənalı, qəti, dəqiq
mesajlar verir, onları tikan üstündə, ümid və
qorxu arasında ayıq tutur: ölçülər qoyur, məmur
seçir, hədəfi, işi açıqlayır, öyrədir,
tərbiyə verir, nəzarət var deyir, xəbərdar edir.
ON
BEŞİNCİ BEYTİN ŞƏRHİ:
ALLAHA
İTAƏTİ SEVİRƏM
Heç
kəsə itaəti sevmirəm,
Bircə itaəti sevirəm, o da Tanrıya itaətdir.
Bəhram öncəki beytdə məmurlarına etimad
anlayışını izah etdi. O, ədalət xütbəsinin bu
beytində itaət anlayışını
açıqlayır. Bilir ki, dövlət idarəçiliyində
məmurlar önəmli yer tuturlar. Məmurluq hakimiyyətin
ayrılmaz bir parçasıdır, hakimiyyətdə də
üç şey var: şöhrət, sərvət, güc.
Belə demək olar ki, hakimiyyət
şeytanların ən çox olduğu yerlərdən
biridir, hər məmurun şöhrət, sərvət,
güc qarşısında durması çətindir, azmaq,
yoldan çıxmaq, pisliyə bulaşmaq ehtimalları
çoxdur. Məmurlar azsa, dövlət
idarəçiliyi çökər, İran xalqını
zülmün qaranlığından ədalətin nuruna
çıxarmaq imkansız olar, Bəhramın ədalət vədi
gerçəkləşməz, o, Allahın hakimiyyət nemətinin
şükrünü yerinə yetirməmiş sayılar.
Bu təhlükənin qarşısını
almağın bir yolu var, o da məmurları tərbiyə etmək,
onlarda gözəl əxlaq formalaşdırmaqdır. Bəhram bu işi gerçəkləşdirmək
üçün öncə məmurların idarəçilik,
məmurluq təsəvvürünü inşa edir, bilir ki, təsəvvür
doğru olsa, ağıl da doğru çalışar,
ağıl doğru çalışsa, əxlaq gözəl
olar. Bəhram məmurların təsəvvürünü
inşa məsələsinə anlayışların mənasını
doğru izah etməklə başladı: onlara Allah təsəvvürü
verdi, dedi ki, məmurlar pis əməlləri ilə Allahın
sevgisini itirərlər, bunun cəzası ağırdır,
özünü tanıtdı, Allah məni seçdi dedi,
hakimiyyət, nemət, şükür, zülm, ədalət,
ilahi riza, düzlük, əyrilik, mükafat, cəza, etimad
anlayışlarını izah etdi, hədəfini
açıqladı, nə istədiyini açıq bildirdi,
ölçülər qoydu, biz anlayışı verdi, məmurların
önəmini vurğuladı, sizə nəzarətim
davamlıdır, işini yerinə yetirməyənlərin cəzadan
qurtuluşu yoxdur mesajı verdi. Bəhram məmurlarını
ümid və qorxu arasında tutur, cəsarətini, iradəsini,
qətiyyətini fərqli biçimlərdə ifadə
edir...
Sıra dövlət idarəçiliyinin önəmli əsaslarından
biri olan itaət anlayışına çatdı. Bəhram bu
anlayışı izah edəndə də məmurlarını
ümid və qorxu arasında tutur, qətiyyətini
açıq, hər kəsin anlaya biləcəyi biçimdə
göstərir, bu ölçülərin inşası
üçün vasitələr seçir:
- beytin misralarını iki yerə ayırır,
biri "yox", biri "hə" deyir;
- bədii təzada yer verir, itaət
anlayışını bu yolla öyrədir;
- itaət təslim olmaq, itaət etdiyinə
bağlanmaq, güvənmək, onun buyurduğu kimi
yaşamaqdır, məcburi deyil, şüurlu seçimdir;
- deyir ki, Allahdan başqasına itaət yoxdur;
- "itaət"
("taət") sözünə üç dəfə yer
verir, biri insana, ikisi Allaha aiddir;
- birinci "itaət" sözündə
müəyyənlik əlaməti yoxdur, ikincisində var,
müəyyənlik artiklı deyir ki, o itaət var ha, o, ancaq
və ancaq Allaha aiddir,
Ondan
başqasına itaət haramdır;
- idarəçiliyi iki yerə ayırır, idarə
edən və idarə olunanlar;
- idarə edən Bəhramdır, idarə
olunanlar məmurlardır;
- idarəçilikdə
çoxbaşlılıq olmaz, Bəhramın əmrləri
yerinə yetirilməlidir;
- Bəhram
imtiyaza, istisnaya yer qoymur, "hər kəs" deyir, heç
kəsə itaət etməyi sevmirəm, bu, əzm, iradə,
qətiyyət, liderlik bəyanıdır, kimsə mənə
əmr verə, təzyiq göstərə, yolumdan döndərə
bilməz, siz məni deyil, mən sizi idarə edəcəyəm;
- Bəhram
ikinci misraya istisna qəlibi ilə başlayır, "coz"
(başqa, savayı, qeyri...) deyir, tək bir istisna var, o da
Allahdır, Allaha itaətdir;
- Allaha
itaətin ayrıcalığını ifadə etmək
üçün bu vasitələri seçir:
a) "coz" qəlibini iki misranın ortasına
qoyur, istəyir ki, insana itaətlə Allaha itaət bir-birinə
qarışmasın, məna fərqi görünsün, yoxla
varın sınırı dəqiq cızılsın;
b) Allaha
aid itaəti müəyyənlik əlaməti ilə işlədərək
o itaət var ha, o ancaq Allahadır vurğusunu gücləndirir;
c) "ke" ("ki") gücləndirici ədatına
yer verir, o itaət ki var, o ancaq bir tək Allahadır;
d) birinci itaətə idarəçilikdə
tabeçilik anlamını yükləyir, məmurlar Bəhrama
itaət edəcəklər, yəni onun əmrlərini yerinə
yetirəcəklər. İkinci itaət anlayışına
isə Allaha təslimiyyət mənasını verir, mən
ancaq Allaha itaət etdiyim kimi, siz də yalnız Ona itaət edəcəksiniz;
e) itaəti Allaha aid edəndə bu sözə
iki dəfə yer verir: o itaət ki var, o itaət ancaq
Allahadır, yəni insan olaraq yaradılmağın
şükrü Allahdan başqa heç bir varlığa itaət
etməməkdir;
f) Allah
demir, O deyir, Ona itaət var, işarə edir, əlini
qaldırır, itaətin bir ünvanı var, Odur;
g) O qəlibini
(Allah anlamında) rədif mövqeyinə, görünən,
bilinən, yadda qalan yerə qoyur, sayğını ifadə
edir;
h) beytdə sevmək feili bir dəfə işlənib,
inkardadır, heç kəsə itaəti sevmirəm, ancaq bu
feilin təsdiqi də nəzərdə tutulub, yəni bircə
itaəti sevirəm, o da Allaha itaətdir. Bəhram Allahı
sevirəm demir, Allaha itaəti sevirəm deyir, vurğunu itaətin
üzərinə qoyur, mesaj verir, Allaha itaət mənə
şərəfdir, Ona sevgim yalnız sözdə deyil, əməldədir,
belə ki itaət söz deyil, işdir, onun buyurduğu kimi
yaşamaqdır, yəni Allah sevgimi saleh əməlimlə
ortaya qoyuram. Bəhram bu ölçü ilə məmurlara
deyir ki, sizin də mənə itaətiniz sözdə deyil,
işdə olsun, gerçək sevginin ölçüsü
söz deyil, işdir, sevən sevdiyinə itaət edər;
ON ALTINCI
BEYTİN ŞƏRHİ:
SALAM
OLSUN!
Mavi
çərx öz yerində nə qədər varsa,
Zəmanənin
yatmışlarına salam olsun!
Bəhram
ədalət xütbəsində yeni mərhələyə
keçir, bu bölmədə üç beyt var. O,
üç qrup insan seçir: ölmüşlər,
yaşayanlar, onun ədaləti təmin etmək hərəkatına
qarşı çıxanlar. Bəhram ölmüşlərə
salam göndərir, yaşayanlara ədalət,
hüzur, güvənlik, ümid vəd edir, ona qarşı
çıxanlara isə təhdid və bədduası var.
Bəhram
üçmesajlı (salam, ümid, təhdid)
yeni mərhələdə öncə ölmüşlərə
yer ayırır, onlara salam göndərmək
üçün bu vasitələri seçir:
- Bəhram
ədalət xütbəsində - məhz İranda ədalətin
təmin olunması proqramını açıqlayarkən niyə
ölmüşlərə salam göndərmək
ehtiyacı hiss edir? Səbəbləri sıralayaq: onlara dəyər
verir, davamçılarının könlünü alır,
İran xalqını ətrafında birləşdirir, vəfa
borcunu ödəyir, demiş olur ki, İranda minlərlə
insan zülmün qurbanı oldu, bu dünyada bir xoş gün
görmədi, qarın dolusu yemədi, zalım rejimin
zülmündə boğuldu, həbsxanalarda günahsız
olaraq yatdı, işgəncəyə məruz qaldı, qətl
edildi, bütün haqları əlindən alındı. Bəhram
zülmün qurbanı olmuş insanlardan halallıq istəyir,
o, ustalıqla, dolayı yolla ata Yəzdigürdün
zülmünə görə üzr istəmə ehtiyacı
hiss edir, insanlığını, mərhəmətini ortaya
qoyur, bu addım məzlum insanların
davamçılarının qəlbində Bəhrama rəğbət
duyğuları oyadır;
- insanları dəyişimə
inandırmağın yolu keçmişdə olanları
doğru dəyərləndirmək, yanlışları tənqid
etmək, doğruları göstərmək, halallıq almaq,
haqqı əlindən alınmışların haqqını
verməkdir, bunun adı tövbədir, yəni dəyişim
tövbə ilə başlayır;
- Bəhram
demiş olur ki, ey zülmün qurbanı olmuş insanlar, sizin
haqqınızı ödəmək imkanım yoxdursa da,
davamçılarınızın xoşbəxt
yaşaması üçün ədalətli İran quraraq
ruhunuzu şad edəcək, sizdən halallıq alacağam, yəni
haqqınızı ödəməyin bircə yolu var, o da ədalətdir;
- bu, Bəhramın
duasıdır, dua dəyər verməkdir, o,
ölmüşlərə "dorud bad" - salam olsun deyir,
dua üslubu (dili) seçir, ancaq Bəhramın salamı olsun
demir, daha / çox böyük, önəmli bir şey istəyir,
Allahın salamı olsun deyir (beytdə Allah sözü yoxdur,
nəzərdə tutulur);
-
"Allahın salamı olsun" duasının içində
bunlar var: Bəhram Allaha, axirətə, duanın gücünə
inanır, dua salam, hüzur, barış,
rahatlıq, rəhmət, sevgi anlamlarını
daşıyır, yəni Allah sizə hüzur versin, rəhmət
yağışı yağdırsın;
- Bəhram
duasını bəlli bir zaman diliminə bağlayır: mavi
çərx öz yerində nə qədər / nə zamanadək
varsa, salam olsun. Duanın bu biçimdə
olmasının da səbəbləri var: mavi çərx
göy üzüdür, ona göy, səma, fələk, hər
planetə aid göy təbəqəsi adları da
qoyulmuşdur, bu anlayışda hərəkət var, göy
üzündəki hər varlıq hərəkətdədir
(qeyd edim ki, Bəhram astronomiyanı dərindən bilir), hərəkət
bitəndə çöküş olur, son saat da budur,
kainatın ölüm halıdır, Bəhram Allahın
ölçülərinə inanır, o ölçülərdən
biri də budur ki, kainatın sonu var, yaradılan hər şey
fanidir - ölümlüdür, yəni çərxin / fələyin
hərəkəti bir gün dayanacaq, Bəhram ölümdən
sonra dirilişə, hesaba - axirətə inanır, elə buna
görə də duasının zamanını
sınırlı tutur, yəni son saatadək (qiyamət yox
oluş deyil, yenidən dirilişdir) Allah sizə hüzur
versin deyir, yenidən dirilişdən sonra Allahın onların
haqqını verəcəyinə ümid edir;
- beytdəki
"mavi çərx öz yerində nə qədər / nə
zamanadək varsa" ölçüsü çoxluğu,
genişliyi, sevgini də ifadə edir, hüzur genişlikdir, qəlbin,
ruhun darlıqdan, sıxıntıdan qurtarmasıdır, yəni
Allah sizə göy üzünün genişliyi qədər
hüzur versin (göy üzü obrazının seçilməsinin
səbəbi də budur), bu hüzur son saatadək - kosmik
çöküşədək davam etsin, sonrası axirətdir,
oranı bilmirəm, son qərar Allahındır, Onun sizi əbədi
hüzura qovuşdurması üçün dua edirəm, Bəhram
Allahı doğru tanıdığına görə həddini
bilir, deyir ki, dua bizim, qərar Allahındır;
- Bəhram
ölmüşlərə verdiyi dəyəri ifadə etmək
üçün bir vasitə də seçir, onlara
"ölmüşlər demir",
"yatmışlar", "zamanın
yatmışları" ("xofteqane dəhr") deyir, yəni
indi, hal-hazırda "yatmışlar". Bu sözün
seçilməsinin mesajları var: incə üsluba uyğun
sözdür, içində sayğı, sevgi, dəyər
daşıyır, həyat və ölüm
anlayışlarını izah edir: həyat, ölüm
qaçılmazdır, indi sağıq, biz də
yatacağıq, ölüm əbədi yox oluş deyil, həm
son, həm də başlanğıcdır, axirət
inancına işarə edir, yatan bir gün oyanacaq, yenidən
diriliş, hesab, cənnət, cəhənnəm var, ey insan. Bəhramın
bir mesajı da məmurlaradır, onları əyri işlərdən
çəkindirmək istəyir, ölümü, axirəti
yada salır, deyir ki, işinizi vicdanla yerinə yetirin,
Allahın hüzuruna günahlarla getməyin;
ON
YEDDİNCİ BEYTİN ŞƏRHİ:
ÜMİD
BƏXŞ OLUNACAQ
Ağ və
qaranın sayından da çox,
(Bütün) yaşayanlara bizdən (həm sənin -
amanlıq, həm də ümid (bəxş olunacaq).
Bəhram
ədalət xütbəsində insanları üç yerə
ayırdı: yatmışlar (ölmüşlər),
yaşayanlar, İranda ədalətin təmin olunmasına
sevinməyənlər (qarşı çıxanlar). O,
yatmışlara dəyər verdi, dua etdi,
Allahdan hüzur, rəhmət istədi. Sıra
yaşayanlara çatdı. Zülm
içində boğulan, çarəsiz İran xalqı qorxu
içindədir, gələcəyinin necə
olacağını bilmir. Bəhram
ağıllı liderdir, xalqı qorxudan qurtarmağın,
sevgisini qazanmağın, ətrafında birləşdirməyin
yolunu bilir, inancı budur ki, dövlətin və liderin vəzifələrindən
biri də insanlara ümid verməkdir. Ancaq
bu ümid sadəcə sözdə deyil, əməldə
olmalıdır, yoxsa qısa təsəllidən sonra xalq ətrafınızdan
dağılar, sizə qarşı çevrilər. Elə buna görə də Bəhram gerçək
ümidin qaynağını göstərir, o da ədalətdir,
ədalət təminatlı ümid vəd edir. Bəhram
ədalətlə ümidin bağını bu yollarla qurur:
- ümid gələcəklə
bağlıdır, gələcəkdə arzu edilən bir
şeylə əlaqə qurmaqdır;
-
"ümid" sözünün kök mənası
"dayaq"dır, elə bir dayaq ki, insan ondan tutub ayağa
durur, yaşayır;
- insan ümidsiz yaşaya bilməz, zülm
ümidsizliyə, ümidsizlik də intihara yol açır;
- zülm qorxu verir, qorxu insanı yorur, bezdirir,
gücünü əlindən alır;
- ədalət ümid verir, ümid insanı dincəldir,
ruhunu hüzura qovuşdurur;
- qorxu xəstəliklərə yol açır,
ümid sağaldır;
- qeyri-müəyyənlik (bilinməzlik)
qayğıya yol açır, qayğı qorxuya
çevrilir, nəzarətsiz qorxu öldürür;
- ümid qeyri-müəyyənlikdən
qurtarır, qaranlıq tuneldə işıq yandırır;
- qorxu yasa batırır, ümid sevinc verir;
- qorxu əsir edir, ümid azadlığa
qovuşdurur;
- ümid olmasa, inkişaf olmaz;
- insanlar ümid verməyən liderin arxasınca
getməzlər;
- haqq etdiyini qazanmaq ümid verir;
- dəyərli olduğunu hiss etmək ümid
verir;
- anlamaq ümid verir;
- cəhalət qorxunun, elm ümidin
qaynağıdır;
- qorxu qaranlıq, ümid nurdur;
- ümid etmək güvənməkdir;
- ümid güc qaynağıdır;
- ümid imanın meyvəsidir;
- qorxu küfrün (küfür həqiqətin
üstünü örtməkdir, həqiqətin
üstünü örtən hər kəs kafirdir)
övladıdır;
- həqiqət ümid, yalan qorxu verir;
- qorxu nifrətə, ümid sevgiyə yol
açır;
- ümid çalışmaq istəyini
artırır;
- doğru yol göstərmək ümid verir;
Bəhram ümidin qaynağının ədalət
olduğunu söyləyir, ədalət hər kəsi, hər
varlığı ilahi təyinatına uyğun yerdə tutmaq,
onlara haqq etdiyini verməkdir. Bunun yolu da insanların bütün
haqlarını qoruyacaq dövlət sistemi qurmaqdır: ədalətli
qanunlar qoyulsa, o qanunların hökmləri yerinə yetirilsə,
məhkəmələr insanların haqlarını qoruyan
orqan kimi fəaliyyət göstərsə, insanların
canı, şərəfi, malı qorunsa, ədalət
olmazmı, bu ədalət ümidə yol açmazmı,
ümid, sevgi, sayğı, mərhəmətlə
insanları bir-birinə bağlamazmı?
Bəhram
İran xalqına bir vəd də verir: əmin-amanlıq (təhlükəsizlik,
güvənlik). Dövlətin iki vəzifəsini önə
çıxarır: ümid, təhlükəsizlik. Bu iki önəmli dəyəri topluma hakim
qılmağın yolu da ədalətdir. O, İran
xalqına deyir ki, canınız, şərəfiniz, sərvətiniz
toxunulmazdır, ədalətli qanunlar, bu qanunların hökmlərini
yerinə yetirən dövlət orqanları sizə xidmət
edəcək, siz dövlət üçün deyilsiniz,
dövlət sizin üçündür. Bəhramın
bu iki önəmli, ədalət təminatlı vədi
İran xalqına ümid, güvən verir, onu Bəhrama
bağlayır, düşmənlərin müqavimət
gücünü qırır, güc qaynağını yox
edir (zülm, cəhalət, qorxu, yoxsulluq düşmənlərin
güc qaynağıdır, onların əməllərini
gerçəkləşdirməsinin yolunu açır).
Bəhram
ümidi, güvəni artıracaq bir addım da atır:
"yaşayanlar" sözünü seçir, cəmdə
işlədir, istisnaya yer qoymur, İran xalqının
bütün fərdlərini nəzərdə tutur, deyir ki, ədalət
təminatlı ümid və təhlükəsizlik hər kəsin
haqqıdır.
Bəhram
bir addım da atır, ədalət təminatlı ümid və
təhlükəsizliyi gerçəkləşdirəcək
güc qaynağını göstərir: "bizdən"
deyir, ədalət xütbəsində ikinci dəfə
"biz" qəlibini seçir, yəni ey İran xalqı,
vədlər gözəldir, ancaq bunu kim və necə
gerçəkləşdirəcək deyirsənsə,
içində şübhə varsa, bil ki, bu işin lideri mənəm,
ağıl, iradə, güc sahibiyəm, məmurlar da əmrlərimi
yerinə yetirəcəklər, vasitəmiz də həyatın
hər sahəsində ədaləti təmin etməkdir. Bəhram
vədini belə çatdırır: bizdən yaşayanlara
ümid və təhlükəsizlik olsun, o, hədəfini
şüarlaşdırır, hamının anlaya biləcəyi,
yadda saxlayacağı biçimə salır. Bilir
ki, hər hərəkatın şüarı olur, bu
şüar hədəfi açıqlayır, xalqı birləşdirir.
Bəhram ədalət təminatlı ümid və təhlükəsizlik
vədini gücləndirəcək bir addım da atır, bu
iki dəyəri çoxaldır, çoxluğa iki məna
yükləyir, miqdar və zaman çoxluğu. Sözümün təsir
(inandırma) gücünü artırmaq üçün bu məcazı
seçir: qara və ağın sayından
(ölçüsündən) daha çox ümid və təhlükəsizlik
olsun / olacaq. Qara və ağ gecə və
gündüzdür, yəni ədalətim sizə gecə və
gündüzün sayından daha çox ümid, təhlükəsizlik
verəcək, hamınıza yetəcək qədər,
davamlı ədalət olacaq. Çoxluq
ümidi də çoxaldır, ümid güvənə yol
açır, güvən xalqı Bəhramın ətrafında
birləşdirir.
Bəhram
xalqı ümid və təhlükəsizlik vədinə
inandıracaq bir addım da atır, beytə qafiyə olaraq
içində işıq daşıyan sözlər
seçir: ağ, ümid ("sepid",
"omid"), mesaj budur: ədalət işıqdır,
zülmün qaranlığını yox edəcək,
zülmün yaratdığı qorxu gedəcək, yerinə ədalətin
meyvəsi olan ümid, güvən gələcək.
ON
SƏKKİZİNCİ BEYTİN ŞƏRHİ:
SEVİNC
GÖRMƏSİN!
Mənim əməlim
alqış və ədalətdən
başqa
bir şey olmayacaq,
Bu (əmələ)
sevinməyən qoy heç sevinc görməsin!
Bu, Bəhramın ədalət xütbəsinin sonuncu
beytidir, öncəki iki beytin davamıdır. O, yatmışlara -
ölmüşlərə salam olsun,
yaşayanlara ümid, təhlükəsizlik olsun dedi. Salamı (rəhməti,
bağışlamağı) Allaha, ümid və təhlükəsizliyi
təmin etməyi bizə aid etdi. Sıra
üçüncü qrupa - İranda ədalətin təmin
olunmasına qarşı çıxanlara / çıxacaq
olanlara gəldi. Bəhram bu vasitələri seçir:
- bilir ki, heç bir böyük iş
müqavimətsiz gerçəkləşməz. İran
xalqı zülm içində yaşayır, dövlət
günahkarlara, oğrulara, qatillərə, yolkəsənlərə
təslim edilmişdir, ölkə rüşvətin,
yalanın, haramın, haqsızlığın pəncəsində
can verir, ədalətin təmin olunması çıxar
qruplarını narahat edir, haqsız qazancın yolunu kəsir.
Elə buna görə də Bəhramı
onlarla ciddi savaş gözləyir. O, bu qrupları ədalət
xütbəsinin öncəki bölmələrində bir-bir
saydı;
- Bəhram
yatmışlara (ölmüşlərə) da, yaşayanlara
da ayrıca bir beyt, ədalətə qarşı
çıxanlara isə bir misra ayırır, onlardan
qorxmadığını bildirir, onları dəyərsizləşdirir,
kiçiltmir, düşmənini kiçik görmür,
görməz, ancaq onların güclü olduqlarını hiss
etmələrinə, Bəhramın onlardan qorxduğunu
düşünmələrinə də izn vermir, müdafiədə
deyil, hücumda oynayır, düşmənləri ilə
uzlaşma deyil, savaş yolunu seçir, bilir ki, zəfərin
yolu budur;
- ədalətin təmin olunmasına
qarşı çıxanlara iki yol göstərir: a)
bağışlanma; b) savaş;
-
bağışlanma mesajını vermək üçün
birinci misrada bu vasitələri seçir: "iş"
deyir, həm də "mənim işim" biçimində
deyir, ədalət sadəcə siz, vəd deyil, işdir, Bəhramın
dövlət proqramının birinci maddəsidir, kimsə bu ədalət
işinə qarşı çıxa bilməz,
çıxmamalıdır. İstisna qəlibinə yer verir:
"coz" (başqa, özgə, ayrı), qəlib deyir ki, Bəhramın
ədalət və bağışlamadan başqa işi
yoxdur. Misrada "dorud" sözü var, bu mənaları
daşıyır: "salam", "barış",
"bağışlama", "töhfə", "bəxşiş",
"mehribanlıq". Biz bu mənaların
ortaq nöqtəsi olan bağışlamanı önə
çıxarırıq. Bəhram deyir ki,
keçmiş dönəmdə zülmə
bulaşmış olanlar peşman olsalar, tövbə etsələr,
ədalət işinə qoşulsalar, onlara da ədalətlə
yanaşacaq, bağışlama yolunu tutacağam.
Bağışlama mesajı Bəhramın əlini gücləndirir,
xalqı ona bağlayır, böyüklük edir,
güclü olduğunu göstərir (güclü olan
bağışlayar), barış təklif edir, qarşı tərəfi
zəiflədir, onları dəstəkdən məhrum edir, ən
azı onları parçalayır, bilir ki, bu
bağışlama mesajını qəbul edənlər o
olacaq. O, ədalət və bağışlama
mesajının təsir gücünü artırmaq
üçün dua üslubunu seçir, ona qətilik
anlamı yükləyir, sözümdən, vədimdən
dönməyəcəyəm demiş olur: mənim işim
bağışlama və ədalətdən başqa bir
şey olmasın, olmaz, olmayacaq;
- ədalətə qarşı
çıxanların onun addımını Bəhram bizdən
qorxur biçimində anlamamaları üçün,
onların cəsarətini qırmaq məqsədi ilə ikinci
misrada bu vasitələri seçir: öncə vəd verir,
ölçü qoyur, açıqlayır, sonra xəbərdar
edir, şərtimizi qəbul edənə bağışlama,
etməyənə cəza var deyir. "Hər ke" qəlibini
seçir, istisnaya yer qoymur, hər kim ki mənim
ədalət işimə qarşı çıxır, bu
işdən şad deyil, qoy o heç şad olmasın / sevinməsin.
Bu, bir bədduadır, içində xəbərdarlıq, təhdid,
cəza, ədalətə qarşı çıxanlar məğlub
olacaqlar, Allahın və xalqın lənəti onların
üzərinə olsun mənalarını daşıyır,
deyir ki, kimsə Bəhramı məğlub edə bilməz,
o, doğru yoldadır, Allah da, xalq da ədalət uğrunda
cihad edəni dəstəkləyər;
Beytin rədifi
var "olmasın" feilidir, əmr biçimindədir, iki
mesajı gücləndirir, qətilik anlamı yükləyir:
a) Bəhramın ədalət və bağışlanmadan
başqa işi olmasın; b) ədalət və barışa
qarşı çıxanlar şad olmasını - zəfər
qazanmasın;
ON
DOQQUZUNCU BEYTİN ŞƏRHİ: SƏCDƏ ETDİLƏR
Şah
öz ədalətini bəyan edəndən sonra,
Bütün eşidənlər şükür
üçün səcdə etdilər.
Bəhramın dili ilə təqdim olunan on səkkiz
beytlik ədalət xütbəsi bitdi. Nizaminin təhkiyəsi
başladı. Şair bu beytdə Bəhramın ədalət
xütbəsinin onu eşidənlər üzərindəki təsirini
ifadə edir, uyğun vasitələr seçir:
- "çon",
"elə ki", "o zaman ki" qəlibinə yer verir,
zamanı, onun vasitəsi ilə də Bəhramın ədalət
xütbəsinin təsir gücünü göstərir, yəni
Bəhramın xütbəsi onu eşidənlərə o dərəcədə
təsir etdi ki, o qədər xoşlarına gəldi ki, vaxt
itirmədən, dərhal ona ehtiramlarını bildirdilər;
- Nizami mətndə
ilk dəfə Bəhrama şah deyir, sevinci, qüruru, fəxr
etmək duyğusunu dilə gətirir, yəni Bəhramın ədalət
xütbəsi o dərəcədə təsirli idi ki, eşidənlər
qürur duydular ki, onların şahı Bəhramdır, əsl
şah belə olar, onun şahlığını ürəkdən
qəbul etdilər;
- mətndə "şahın öz insaf
xütbəsi" ifadəsi var, bu elə bir xütbə idi
ki, Bəhramı başqa şahlardan seçirdi, o xütbə
İranı zülmdən çıxarıb ədalətə
qovuşdurma proqramı idi, xalqa ümid verdi;
- birinci
misranın sonunda, qafiyə mövqeyində "pədid"
sözü var, "açıq-aşkar",
"görünən" mənalarını
daşıyır, bu mesajı yüklənir: şah öz ədalət
/ insaf xütbəsini o qədər açıq, sadə bir
dillə izah etdi ki, onun nə istədiyi, niyə istədiyi,
istədiyini necə gerçəkləşdirəcəyi hər
kəsə aydın oldu. Sistemli danışdı, məcazi
dil seçdi, hakimiyyətlə Allah arasında bağ qurdu,
hakimiyyəti nemət kimi dəyərləndirdi, Allahın onu
seçdiyini bildirdi, dedi ki, hakimiyyətin şükrü ədalətdir,
ədalət xütbəsinin bəndlərini bir-bir
açıqladı, ağıl, cəsarət, iradəsini
ortaya qoydu;
- mətndə "hər ke" qəlibi var
("hər kim"), istisnaya yer qoymur, Bəhramın xütbəsinin
təsir gücünü ifadə edir, yəni hər kim ki
onun xütbəsini eşitdi...;
-
"şükür səcdəsi etdi", sadəcə səcdə
etmədi, şükür səcdəsi etdi, yəni Bəhramın
ədalət xütbəsi o qədər gözəl, təsirli
idi ki, eşidənlər Bəhramı onlara şah
seçdiyinə görə Allaha şükür etdilər;
- şahın qarşısında səcdə
etmək İranın dövlətçilik rituallarından
biridir, şaha ehtiram əlaməti olaraq onun
qarşısında yeri öpürdülər;
-
şükür səcdəsi etmək bu mənaları
daşıyır: Bəhramın ədalət xütbəsi
çox təsirli idi, onu ürəkdən bəyəndilər,
çox sevindilər, Bəhrama inandılar, bu xütbənin
zülmdən çıxış yolu olduğunu qəbul
etdilər, şahla qürur duydular, ona ürəkdən
bağlandılar, ağıl, cəsarət və iradəsinə
heyran oldular, Bəhrama yardım edəcəklərinə
söz verdilər, bizim gerçək şahımız Bəhramdır
dedilər, nəticədə, Bəhram xalq birliyi təmin
olundu, düşmənlərə göz dağı verildi;
İYİRMİNCİ
BEYTİN ŞƏRHİ:
GUŞƏSİNƏ
ÇƏKİLDİ
O, bir-iki
saat taxtda oturdu,
Sonra isə xəlvət guşəsinə çəkildi.
Bəhramın
dili ilə təqdim olunan ədalət xütbəsi bitdi,
Nizaminin təhkiyəsi başladı, o, xütbəni eşidənlərin
şaha münasibətini açıqladı: ədalət
xütbəsini dinləyən hər kəs şükür səcdəsi
etdi. Nizami Bəhram obrazının inşası üçün
yeni vasitələr seçir:
- Bəhram
çox iradəli, ağıllı siyasətçi,
diplomatdır. Ağıllı, iradəli olduğunun göstəricilərindən
biri də budur: böyük ordu ilə Yəməndən
İrana gəldi, iki şir arasından tacı
götürdü, taxta oturdu, ədalət xütbəsini
açıqladı - bunların hamısı ard-arda baş verdi, Bəhram bu yolla İrandakı vəziyyətə
hakim oldu, hər hansı qarışıqlığın
çıxmasına izn vermədi. O bilir ki, siyasi gücün
arxasında xalqın dəstəyi, hərbi, diplomatik güc
olmasa, uğuru qorumaq imkansızdır, elə buna görə
də ədalət xütbəsini gecikmədən
açıqladı ki, atasının zülmü altında əzilmiş
İran xalqını öz tərəfinə çəksin,
ədaləti, ədalətin təmin olunması
üçün zəruri olan işləri o qədər
gözəl anlatdı ki, İran xalqının təmsilçiləri
ona inandılar;
- Bəhram
usta siyasətçidir, usta siyasətçilərin özəlliklərindən
biri də budur ki, onların güclü müşahidə
qabiliyyətləri olur, insanların jest və
mimikalarını doğru oxuyur, nəticələr
çıxarırlar. Bəhramın bu dərəcədə
ağır işlərdən sonra bir-iki saat taxtda
oturmasının səbəbi də budur. O, ədalət
xütbəsini dinləyənlərin
davranışlarını müşahidə edir,
sözünün təsir gücünü ölçür,
məlumat toplayır, vəziyyəti dəyərləndirir;
- sonra
olduğu məkandan uzaqlaşır, xəlvət guşəsinə
- kimsənin olmadığı yerə çəkilir, bunun da
səbəbləri var: a) dincəlmək istəyir; b) istirahət
sadəcə yatmaq deyil, təfəkkür vaxtıdır,
düşünmək üçün səssizliyə ehtiyac
var; c) Bəhram özü ilə baş-başa qalır,
özünə dönür, özünü hesaba çəkir,
indiyədək atdığı addımları təhlil edir,
xütbəsini eşidənlərin
davranışlarını dəyərləndirir, gələcək
işlərinin planını qurur;
- Nizami Bəhramın
səssizlik və düşünmə ehtiyacını iki qəlibə
yükləmişdir: a) "xəlvətə çəkilmək"
ifadəsinə yer vermişdir (qeyd edim ki, xəlvət irfani
anlayışdır, insanın ətraf aləmlə əlaqəsini
kəsib bütün varlığı ilə Allaha yönəlməsidir,
ağılı, qəlbi, iradəni səfərbər etməkdir,
dərin düşünmə fürsətidir); b) "oradan
paltarını çəkmək" məcazını
seçmişdir, bu, Azərbaycan türkcəsindəki "əl-ətəyini
çəkmək" ifadəsinə uyğundur, yəni kimsənin
olmadığı bir yerə getmək, əlaqəni kəsmək,
Bəhram taxtını tərk etdi, xəlvətə çəkildi
ki, özünü sorğu-suala çəksin, yeni işlərini
planlaşdırsın, dincəlsin;
İYİRMİ
BİRİNCİ BEYTİN ŞƏRHİ:
ALLAH RAZI
İDİ
O, ədalətlə
(hökm) edib, ədalət buyururdu,
Xalq ondan razı, Tanrı isə xoşnud idi.
Nizami hadisələri
sürətləndirir, Bəhramın İran xalqını
zülmün qaranlığından ədalətin nuruna
çıxarmaq üçün görəcəyi işləri
ədalət xütbəsinin içində bir-bir
saydığından təkrara ehtiyac qalmır, şair diqqəti
ədalət proqramına deyil, onun icrasına, nəticələrinə
yönəldir, bu vasitələri seçir:
- beytin mətninə sırası ilə
üç anlayış yerləşdirir: ədalət, xalq,
Allah, mesajı bu anlayışlar üzərindən verir;
- beytin hər sözü ədalət deyir;
- ədalət xalqla hökmdar (dövlət),
hökmdarla Allah arasındakı ən etibarlı
körpüdür;
- birinci misra "ədl" (ədalət)
sözü ilə başlayır, şair bir misrada ədalət
mənasını daşıyan iki söz seçir: "ədl",
"dad";
- bir misrada iki icra, iş feilinə yer verir, ədalət
mənalı sözləri bu feillərə bağlayır:
"ədalət edirdi", "dad buyururdu", yəni
artıq ədalət söz deyil, iş / əməl idi, Bəhram
ölkə həyatının bütün sahələrində
ədalətin təmin olunması üçün işlər
görür, addımlar atırdı;
-
"buyurmaq" feili hədəfli olaraq seçilir: Bəhramın
bütün buyruqları ədalətlə bağlı idi, ədalətlə
bağlı məsələlər buyruq, əmr, olmazsa olmaz
statusunda idi, mütləq yerinə yetirilməli idi, o, işlərə
birbaşa özü nəzarət edir, hesab sorur, göstərişlər
verirdi, onun ədalətdən başqa işi yox idi;
- şair "buyurmaq" feilinin ("ədalət
buyurmaq" biçimində) önəmini göstərmək
üçün onu qafiyə mövqeyinə keçirir;
Nizami
ikinci misrada Bəhramın İrandakı ədalət hərəkatının
nəticələrini açıqlayır, iki önəmli nəticə
var:
Birincisi,
xalq ondan razı idi, Nizami məhz "xalq"
sözünü seçir, istisnaya yer qoymur, yəni Bəhramın
ədalət hərəkatı bütün xalqı əhatə
etmişdi: ölkədə zülmə son qoyulmuş, ədalətin,
inkişafın, rifahın, bolluğun yolu
açılmışdı, xalqın canı, şərəfi,
sərvəti güvəncə altında idi, İranda qorxu
yox olmuş, ümid günəşi doğulmuşdu. Mesaj
budur: hakimiyyətlə xalq arasındakı körpü ədalətdir,
xalqın sevgisini qazanmağın, onu razı etməyin yolu ədalətdir.
İkincisi, Allah da ondan - Bəhramdan xoşnud / məmnun
idi. Mesaj
budur: Allahın rizasını qazanmağın yolu xalqın
rizasını qazanmaqdır. Allahı və
xalqı razı etməyin tək bir yolu var, o da ədalətdir,
zülm hakimiyyəti xalqdan və Allahdan
uzaqlaşdırır, ədalət hakimiyyəti xalqa, Allaha
yaxınlaşdırır. Hakimiyyət nemətinin
davamı, təhlükəsizliyi ədalətə
bağlıdır.
Nizami Bəhramı önə çıxarır, onu
verdiyi sözü yerinə yetirən siyasi lider kimi
tanıdır.
O, Bəhram ədaləti təmin edən şahdır
mesajını vermək, Bəhramın aydın görünməsinin
yolunu açmaq üçün vasitələr seçir:
beytdə üç Bəhram vurğusu var, biri "əz
u" ("ondan"), ikisi şəxs sonluğu biçimindədir:
"edirdi", "buyururdu", Bəhramın işi ədalət
idi, Bəhramın hər buyruğu ədalətlə
bağlı idi, xalq Bəhramdan razı idi, Allah Bəhramdan məmnun
idi, Bəhramın xarakteri, əməli ədalət idi, ədalət
Bəhramı həm xalqa, həm də Allaha
bağlamışdı.
İYİRMİ
İKİNCİ BEYTİN ŞƏRHİ:
MÜŞAVİRƏ
EDİRDİ
O,
böyüklərlə müşavirə edirdi,
Möhtəşəmlərlə möhtəşəmlik
edirdi.
Bu, sonuncu beytdir, təhkiyəçi Nizamidir, o, Bəhramın
İranda zülmün yerinə ədaləti qoyma hərəkatının
uğur qazanmasının səbəblərini izah etmək
üçün onun dövlət idarəçiliyinin əsaslarından
birini açıqlayır. Məşvərəti
önə çıxarır. Məsələnin
bütün yönləri ilə anlaşılması
üçün qeyd edim ki, Nizami hər hansı bir dövlət
modeli təklif etməmiş, ancaq dövlət idarəçiliyinin
altı əsasını açıqlamışdır:
- həqiqət - dövlət doğru əsaslar
üzərində qurulmalı, doğru işlər görməli,
doğru danışmalı, insana xidmət etməlidir, onun
canını, şərəfini, malını
qorumalıdır;
- ədalət - dövlətin əsas işi ədaləti
təmin etməkdir, dövlətin imanı ədalətdir,
bir dövlət inancsızlıqla deyil, zülmlə
yıxılar;
- əhliyyət və ləyaqət - iş
işi bilənə verilməlidir;
- məşvərət (şura) - qərarlar
ayrı-ayrı sahələrin mütəxəssisləri ilə
müzakirə olunandan sonra verilməlidir;
- şəfqət və mərhəmət -
dövlət vətəndaşını qorumalı, onun
sıxıntılarını həll etməli, əlindən
tutmalıdır;
- ümid - dövlət vətəndaşına
ümid verməlidir, ümid verməyin yolu bunlardır: ədalət,
mərhəmət, bolluq, rifah, təhlükəsizlik;
Nizami
beytdə dövlət idarəçiliyinin əsaslarından
olan məşvərəti önə çıxarır, onu
Bəhramın uğurlarının ən önəmli səbəblərindən
biri kimi tanıdır, bu vasitələri seçir:
- "əncümən"
sözünə yer verir, bu sözün "cəmiyyət",
"yığıncaq", "müşavirə" mənaları
var. Bəhram İranda ədalətin təmin olunması
proqramını gerçəkləşdirmək
üçün bir yol seçir, qərar verir ki, toplumun hər
kəsimini bu hərəkata daxil etsin, bunun yolu da məsləhət
qapısını açıq tutmaqdır. Məsələnin
bu biçimdə həlli nəticələr ortaya
çıxarır: a) ədaləti gerçəkləşdirmək
çətin işdir, uğur qazanmaq üçün xalq bu
işə qoşulmalıdır; b) Bəhram müzakirələr
nəticəsində qərar verərək məsuliyyəti
bölüşür; c) səhvləri azaldır; d) xalqı
hakimiyyətə bağlayır - məsləhətləşmək
dəyər verməkdir, dəyər verdiyin səni sevər;
e) işə nəzarət imkanı qazanır - məsləhətləşdiyi
adamlar xalqın vəziyyətini, nə
düşündüyünü bilir, Bəhramı xəbərdar
edirlər, ciddi nəzarətin əsası doğru məlumatdır;
ə) qorxunu azaldır, həqiqəti öyrənmək istəyir,
bunun yolu da insanlara düşünmək,
düşündüyünü danışmaq imkanı verməkdir;
i) Bəhram təvazökar olduğunu göstərir, hər
şeyi bilirəm havasına girmir, sizə ehtiyacım var
demiş olur, ağıl ağıldan üstündür
ölçüsü ilə hərəkət edir, məsləhətli
donun gen olacağına inanır;
- Bəhram
kimlərlə məsləhətləşir? Nizami
bu sualın cavabı olaraq "böyüklərlə"
sözünü mətnə yerləşdirir.
"Böyüklər" sözü ölkə həyatının
bütün sahələri ilə bağlı mütəxəssisləri,
ağsaqqalları, alimləri, qənaət liderlərini, irfan
əhlini, arifləri, aşiqləri nəzərdə tutur;
- Nizami
"etmək" feilini keçmiş zamanda ("kərd",
"etdi") rədif mövqeyinə yerləşdirir,
mesajı budur: Bəhramın məsləhətləşərək
qərar ver ölçüsü arada-sırada olan, xala xətrin
qalmasın qaydası ilə, gözdən pərdə asmaq
üçün deyildi, bu, ardıcıl davam edən bir
iş idi, məsləhət şurası dövlət idarəçiliyinin
davamlı çalışan qurumu kimi fəaliyyət göstərirdi,
yəni Bəhram ədaləti təmin etmək
üçün böyüklərlə məsləhətləşməyi
əsas işlərdən biri saydı, idarəçiliyinin mərkəzinə
qoydu;
- ikinci
misrada "ostovari" sözü var, iki dəfə işlənib,
biri "ostovar" biçimindədir, "möhkəm",
"davamlı", "qüdrətli", "möhkəmlik",
"sabitlik", "davamlılıq" mənaları var,
tərcümədə "möhtəşəm" və
"möhtəşəmlik" kimi tərcümə olunub.
Bu söz özəlliklə arifləri,
aşiqləri, irfan əhlini nəzərdə tutur, belə
ki, Nizami sıradakı bölmədə Bəhramla irfan əhlinin
bağını açıqlamışdır. Yəni
Bəhram sözü olanlarla, fikir sahibləri ilə, mütəxəssislərlə,
sözündə, işində möhkəm, davamlı, sabit
olanlarla, ariflərlə böyüklük, möhtəşəmlik
etdi, böyük ədalət proqramını onların
iştirakı ilə gerçəkləşdirdi, məşvərət
qurumu xalqla Bəhramı bir-birinə bağladı, doğru qərarlar
verildi, nəticədə, zəfərin yolu
açıldı, zülm getdi, ədalət gəldi. Mesaj
budur: ədaləti təmin etmək istəyən məşvərətə,
ağıllı adamlara möhtacdır;
NƏTİCƏ
Nizami Gəncəvinin
"Yeddi gözəl" məsnəvisinin "Bəhramın
ədalət xütbəsi" adlı bölməsi iyirmi iki
beytdir, bu mesajları verir:
- "Yeddi gözəl" məsnəvisi, o sıradan
"Bəhramın ədalət xütbəsi" adlı
bölmə bu suallara cavab vermək üçün
yazılmışdır: Allah hakimiyyəti kimə verər? Hakimiyyətin
davamlı olması nəyə bağlıdır? Hakimiyyət nemətinin geri alınmasının səbəbi
nədir? Hakimiyyət nemətinin
şükrü necə yerinə yetirilər? Dövlət idarəçiliyinin əsasları
hansılardır? Dövlət
başçısının hansı özəllikləri
olmalıdır?;
- hakimiyyət ilahi nemətdir;
- gerçək hakimiyyətin sahibi Allahdır;
- O, hər
şeyin sahibidir;
- Allah
mükəmməl idarəçidir;
- O,
hakimiyyəti seçdiyinə verər;
- Allah
hakimiyyətə gəliş qanununun tələblərini
yerinə yetirəni seçər;
- hakimiyyət nemətinin davamlı olması ədalətə
bağlıdır;
- hakimiyyət nemətinin şükrü hər
kəsə ədalət, hər kəsə mərhəmət,
hər insana xidmətdir;
- hakimiyyət zülm vasitəsinə
çevrilsə, geri alınacaq;
- zəfəri özündən bilsən, bu, təkəbbürə,
təkəbbür mənəvi korluğa, mənəvi korluq
həqiqətdən məhrum qalmağa, həqiqətdən məhrumluq
nemətin gerçək sahibini, ilahi təyinatını
unutmağa, o da nemətin itirilməsinə səbəb olacaq;
- hakimiyyəti verən də, alan da Allahdır;
- hakimiyyət imtahan vasitələrindən
biridir;
- ədalət neməti bərəkətləndirir,
zülm bərəkəti yox edir;
- bərəkət sözü üç
anlamı əhatə edir: xeyirli, çox, davamlı olsun;
-
Allahı tanıyan ona şükür edər;
- şükür nemətin sahibinin Allah
olduğunu bilmək, ondan ilahi təyinatına uyğun istifadə
etməkdir;
- şükür dillə, qəlblə, əməllə
olar;
- şükür neməti artırar;
- hər nemətin şükrü öz cinsindəndir;
- insan
olmağın şükrü Allaha təslimiyyət,
övladın şükrü gözəl tərbiyə,
ağlın şükrü düşünmək, qəlbin
şükrü iman, vicdanın şükrü mərhəmət,
sərvətin şükrü paylaşmaq, sözün
şükrü həqiqəti söyləmək, yazmaq,
insanlığın şükrü xeyri, ədaləti,
barışı, mərhəməti, əxlaqı
çoxaltmaqdır;
- hökmdar xalqla arasına qılıncı
deyil, ədaləti qoymalıdır;
- xalqı zorla, zülmlə, qorxu ilə deyil, ədalətlə
özünə bağla;
- hakimiyyətlə xalqı bir-birinə
bağlayan ən etibarlı körpü ədalətdir;
- zülmdən qorxulu - düşmən, ədalətdən
xeyirli dost yoxdur;
- ədalət hər şeyi ilahi təyinatına
uyğun yerdə tutmaq, zülm hər şeyi ilahi təyinatından
uzaqlaşdırmaqdır;
- zülm günahkarları və
günahları, oğruları və oğurluğu, qatilləri
və qətlləri, yolkəsənləri və yol kəsməyi
çoxaldar;
- zülm ağılın, iradənin,
istedadın, elmin, inkişafın düşmənidir;
- zülmün varlıq səbəbi cəhalət,
qorxu, yoxsulluqdur;
- zülm haramı, ədalət halalı
çoxaldır;
- siyasətin əsası idarəçilikdir -
siyasət idarəetmə sənətidir;
- harada nizam varsa, orada ədalət, harada qarışıqlıq
varsa, orada zülm hakimdir;
- məmurlar pozulsa, dövlət idarəçiliyi
pozular;
- məmurlar doğru seçilməli, iş
işi bilənə verilməlidir;
- balıq başdan iylənər;
- məmurlara nəzarət şərtdir;
- əmr, qərar verə, nəzarət və tələb
edə bilməyəndən başçı olmaz;
- başçı ölkəyə ailəsi
kimi baxmalıdır;
- rəhmətin, barışın, hüzurun,
sevginin, bolluğun, inkişafın əsası ədalətdir;
- düzlük iki dünyanın sərmayəsidir;
- hər xəstəlik ziddi ilə sağalar: cəhalətin
ziddi elm, zülmün ziddi ədalət, nifrətin ziddi
sevgidir...;
- ədalət iki dünyanın səadətinə
yol açır;
- dövlətin mərkəzində insan
olmalıdır, insan dövlət üçün deyil,
dövlət insan üçündür;
- nəzarət və cəza olmasa, ədalət
təmin olunmaz;
- əxlaqdan qopmuş siyasət fəlakət
qaynağıdır;
- öncə siyasət əxlaqını öyrən,
sonra siyasətlə məşğul ol;
- siyasi liderlik üçün gözəl nitq də
şərtdir;
- zalımın ən güclü müxalifəti
zülmdür, onu devirəcək;
- Bəhramın
idarəçilik üsulu budur: ədalətli qanunlar qoy,
işini bilən məmurlar seç, onları qorxu və
ümid arasında tut, qəbul etdiyin qanunları tətbiq et, icraya nəzarət sistemi qur, hesabat tələb
et, mütəxəssislərlə məsləhətləş,
cəza, mükafat qurumunu çalışdır,
işçilərinə örnək ol, sözünlə
işin üst-üstə düşsün;
- ciddi islahatlar müqavimətlə
qarşılaşacaq;
- böyük ağlı, elmi, insan sevgisi, siyasəti,
cəsarəti, iradəsi olmayan ciddi islahatlar gerçəkləşdirə
bilməz;
- cəsarət dosta ümid, düşmənə
qorxu verir;
- ədalət dostları sevindirər,
düşmənləri yasa batırar;
- diplomatiyanın arxasında siyasi, hərbi,
iqtisadi güc, xalqın güvəni dayanmalıdır;
-
Allahın rizasını qazanmağın yolu insanları
razı salmaqdır, insanları məmnun etməyin yolu da ədalət
və mərhəmətdir;
- lider ümid verən insandır;
- ümidin anası ədalət, meyvəsi
sevgidir;
- dövlət idarəçiliyinin altı əsası
var: həqiqət, ədalət, əhliyyət və ləyaqət,
məşvərət, mərhəmət, ümid;
- lider bağışlama qapısını
açıq tutmalıdır;
- ədaləti təmin etmək
üçün ağıllı, elmli, arif, əxlaqlı, cəsur,
iradəli, mərhəmətli insanlarla işləmək zərurətdir;
Nizami bu
anlayışların mənasını izah etmişdir: Allah,
hakimiyyət, nemət, seçilmişlik, şükür, ədalət,
zülm, məmurluq, mərhəmət, məşvərət.
Mətndə
ən çox işlənən sözlərin
sıralaması belədir: Bəhram, onun adı mətndə
yoxdur, "mən", "o", "şah", şəxs
sonluqları vasitəsi ilə tanıdılmışdır
(21 dəfə), Allah - Xuda, Xodai, O biçimlərində (12 dəfə),
ədalət - ədl, dad, insaf biçimlərində (8 dəfə).
Məsnəvidə
hakimiyyət simvolu olan bu sözlər var: əfsər (tac), tac, taxt, saray (dərge).
Mətndə
İran dövlətçilik ənənəsinin bir əlamətinə
(ritualına) yer verilmişdir: iranlılar şaha ehtiram əlaməti
olaraq qarşısında əyilərək yeri
öpürdülər.
Mətndə
üç rəng adı var: mavi, ağ
(gündüz anlamında), qara (gecə mənasında). Bəhram
sözünün təsir gücünü artırmaq
üçün məcazlar seçmişdir, məsnəvidə
bu frazeoloji birləşmələr var:
-
"arxa çevirmək";
- "iki
şirin ağzından tac götürmək";
- "üz döndərmək";
- "şahmat fiquru kimi öz yolu ilə hərəkət etmək" (düz olmaq);
- "nicat tapmaq";
- "sağ qulağını sağ əli ilə tutmaq" (düzgün olmaq);
- "sol qulağı ağrımaq" (cəzalanmaq);
- "ədalət və insaf qapısını açmaq";
- "üzərinə düşmək";
Nizami sağ ələ, sağ tərəfə, sağ qulağa düzlük, xeyir, bərəkət, sol ələ, sol tərəfə, sol qulağa əyrilik anlamı yükləmişdir.
Mətnin açar anlayış
və sözləri bunlardır: ədalət (ədl),
xütbə, Xuda, əfsər (tac), mübarək, afərin,
razılıq, nemət, şükür, tac, şir, şəmşir,
Allah qoysa, günahkar, oğru, qatil, yolkəsən, dərge
(saray), ev, yol, seçilmişlər, əyrilik, düzlük,
sağ qulaq, əl, sol qulaq, insaf, zülm,
dad (ədalət), fərize (fərz olan), qorxu, Allah
tanıyan, etimad, itaət, çərx, yatanlar (ölülər),
dəhr (zaman), mavi, ağ, qara, yaşayanlar, əman, ümid,
şükür səcdəsi, şah, saat, taxt, xəlvət,
xalq, əncümən, böyüklər, möhkəm, möhkəmlik.
Siracəddin
HACI
525-ci qəzet.- 2021.- 27 oktyabr.- S.7 -18.