"Şuşa zəfəri"
əsərim Azərbaycanın böyük
qələbəsinə həsr olunub"
BATALİST RƏSSAM
CƏMALƏDDİN İSMAYILOV: "AZƏRBAYCANDA BATALİST
MƏKTƏBİN YARADILMASI ÜÇÜN İSTEDADLARIN
AŞKARA ÇIXARILMASI ZƏRURİDİR"
"Şuşa zəfəri"
əsərim Azərbaycanın böyük
qələbəsinə həsr olunub"
- Cəmaləddin
Təsviri sənətdə batal janrı müharibə və hərbi mövzulara həsr olunmuş əsərləri
əhatə edir. Bu janrda qanlı savaşlar, döyüş
səhnələri olduğu
kimi əksini tapır.
Azərbaycanın ilk və yeganə batalist rəssamı Azərbaycan rəssamlıq
məktəbinin görkəmli
nümayəndəsi, AMEA-nın
Tarix İnstitutunun əməkdaşı Cəmaləddin
İsmayılovdur.
Nizami Gəncəvinin
850 illik yubileyi ilə əlaqədar keçirilən sərgilərdə
Ulu öndər Heydər Əliyev onun əsərlərini yüksək qiymətləndirib. Dədə Qorqudun
yubileyi çərçivəsində
Dədə Qorqudun portretini işləyib və yubiley münasibətilə çap
olunan "Kitabi-Dədə
Qorqud" kitabına nəfis tərtibat verib. O, Heydər Əliyev Fondunun təşkil etdiyi bir çox layihələrdə yaxından
iştirak edir.
Əsərlərində əsasən batal janrına üstünlük
verən fırça
ustası Cəmaləddin
İsmayılovla müsahibəmizdə
rəssam dünyanın
müxtəlif ölkələrində
sərgilənən əsərlərindən,
gələcək planlarından
danışıb.
***
- Cəmaləddin müəllim,
ictimaiyyət arasında
böyük marağa
səbəb olan "Renesans" adlı rəsm əsərinizdə
bütün dünya incilərini bir araya toplamısınız.
Dəyəri 500 min manat olaraq
qiymətləndirilən bu
əsərdə intibah
dövrünün əhatə
edən məşhur rəsmlər, heykəllər,
kitablar əks olunub. Əsərdə Azərbaycanı necə təsvir etmisiniz?
- "Renesans" əsərinin
tamamlanmasına təxminən
üç il
vaxt sərf olunub. Bu əsər
Azərbaycanın UNESCO-ya
üzvlüyünün 25 illiyi
tamam olması ərəfəsində ölkəmizin
dünya mədəniyyətində
yerini göstərmək
məqsədilə hazırlanıb.
Əsərdə italyan dilində
sənətin yüksək
pikə çatdığı
inkişaf pilləsi anlamına gələn renesansın Şərqdən
Avropaya gəlişinin
təsviri verilib.
Azərbaycan da bu inkişafdan geri qalmayıb, ölkəmiz yüksək inkişaf etmiş mədəniyyətə
və incəsənətə
malik ölkələrdən
biri olmaqla dünyaya əvəzsiz əsərlər bəxş
edib. Əsərdə bu kimi dünya mədəniyyəti
inciləri arasında
Azərbaycanın yerini
təsvir etməyə
çalışmışam.
Azərbaycan sənətkarları Şərqdə
ilk dəfə miniatür
sənətinin əsasını
qoyub, fərqli ornamentlərlə bəzədilmiş
xalçalar ərsəyə
gətirilib. Təbriz, Ərdəbil, Gəncə,
Şəki, Qusar, Xaçmaz xalça məktəblərində hazırlanan
müxtəlif bölgələrə
xas olan ornamentlərlə bəzədilmiş
xalçalar dünyanın
müxtəlif muzeylərində
qorunub saxlanılır.
Bundan başqa, bu gün Bakı şəhərinin simvollarına
çevrilmiş memarlıq
abidələri, Mikayıl
Abdullayev, Tahir Salahov, Səttar Bəhlulzadə kimi dünya şöhrətli
rəssamlar tərəfindən
əvəzsiz təsviri
sənət nümunələri
hazırlanıb.
"Renesans" əsərində
Azərbaycan bu kimi möhtəşəm
mədəniyyət və
incəsənət nümunələri
ilə təmsil olunur. Əsərin
Azərbaycanla bağlı
hissəsində Dədə
Qorqudun rəsmini, Nizami Gəncəvi və Çingiz Abdullayevin kitabını, qədim musiqi alətlərimiz olan qopuz, tar və dəfi, ustadım Mikayıl Abdullayevin rəsm əsərini təsvir etmişəm.
- Ümumilikdə neçə
əsər ərsəyə
gətirmisiniz? Bir əsərinizin
tamamlanmasına təxminən
nə qədər vaxt sərf olunur?
- Təhsil Nazirliyində
baş rəssam kimi çalışdığım
müddətdə nazirliyin
nəzdində dərslik
və bədii kitabların tərtibatı
ilə məşğul
olmuşam. Ölkə Prezidentinin sərancamı
ilə dünya ədəbiyyatının latın qrafikası ilə yenidən nəşr olunmasında,
o cümlədən, Azərbaycan
Dövlət Ensiklopediyasının
tərtibatında yaxından
iştirak etmişəm.
Lakin tarixi hadisələrə olan marağım bu işlərdən uzaqlaşmağıma,
batal janrda əsərlər ərsəyə
gətirməyə olan
həvəsimi artırdı. Son 10 ildir ki, bu
janrda əsərlərin
hazırlanması ilə
məşğulam. Hazırda
əsərlərimin böyük bir qismi Avropanın bir çox ölkələrində sərgilərdə
nümayiş olunur, bir qismi ölkəmizlə
yanaşı, Almaniya,
Türkiyə, Böyük
Britaniyada, Fransada, Rusiyada şəxsi kolleksiyalarda saxlanılır.
Xalq şairi Bəxtiyar Vahabzadənin portreti isə hazırda Nizami Gəncəvi adına
Milli Azərbaycan Ədəbiyyatı Muzeyində
saxlanılır.
Bir çox
əsərlərimin ərsəyə
gəlməsinə illərlə
vaxt sərf olunub. Bunlardan biri olan, türk dünyası üçün dönüş
nöqtəsi hesab edilən və Türkiyənin tarixində
böyük rol oynayan Malazgird döyüşünə həsr
olunmuş əsərim
5 ilə tamamlanıb.
- "Alazan döyüşü",
"Qavqamela döyüşü",
"Malazgirt döyüşü"
kimi batal janrında rəsm əsərlərini yaratmaq
ideyası hansı zərurətdən meydana
gəldi?
- Azərbaycanın müxtəlif
dövrlərində müstəqillik
uğrunda baş verən döyüşləri
təsvir etmək üçün batal janrda əsərlər ərsəyə gətirməyə
başladım. İlk olaraq
Azərbaycan tarixində
böyük bir hadisə kimi qiymətləndirilən Alazan
çayı sahilində
baş vermiş döyüşə dair əsər hazırladım.
Həmin
döyüşdə albanlar
böyük şücaət
göstərərək o dövrün
ən güclü ordularından biri olan Roma ordusunun qarşısında mərdliklə
vuruşmuşdular.
Hazırda "Alazan döyüşü"
əsəri Londonda saxlanılır.
Daha sonra dünya tarixində ən məşhur döyüşlərdən biri
olan "Qavqamela döyüşü" üzərində
2 ildən çox işlədim. Bu döyüş
Makedoniyalı İsgəndərin
III Dara üzərində
qələbə çalması
nəticəsində Əhəməni
imperiyasının sonuna
səbəb olması
ilə seçilir.
"Qavqamela döyüşü"
əsərini hazırladığım
müddətdə, eyni
zamanda, "Malazgirt döyüşü" əsəri
üzərində işləməyə
başladım. Dünya tarixində böyük
iz buraxmış Malazgirt döyüşü
ilə bağlı əsərimdə Bizans imperiyasının sonu olan və türklərin
Anadoluya daxil olmasına səbəb olan döyüş detalları ilə təsvir olunub.
Daha sonra böyük sərkərdə
Cavanşir haqqında
rəsm əsəri ərsəyə gətirmək
üçün işlərə
başladım. Hazırda bu əsər
üzərində tamamlanma
işləri gedir.
44 günlük İkinci Qarabağ müharibəsində
Azərbaycanın qazandığı
böyük Qələbə,
Qarabağın mədəniyyət
paytaxtı hesab olunan Şuşa şəhərinin işğaldan
azad olunması münasibətilə "Şuşa
zəfəri" əsəri
üzərində işləməyə
başladım və
11 ay ərzində işlədiyim
bu əsəri bu günlərdə başa çatdırmışam.
- Əsərləriniz ölkəmizdə bir neçə muzeydə sərgilənməklə yanaşı,
Böyük Britaniya, Fransa, Almaniya, Türkiyə, Rusiyada şəxsi kolleksiyalarda saxlanılır. Azərbaycanda əsərlərinizə yetərincə qiymət verilirmi?
- Etiraf edim ki,
Qərb ölkələrində
bu janrda əsərlərə maraq
daha çoxdur. Lakin ölkəmizdə də batal janrda əsərlər
böyük maraqla qarşılanır. Xüsusilə qeyd etmək istərdim ki, Ulu öndər Heydər Əliyev əsərlərimə hər
zaman yüksək dəyər verib. Məni tarixi əsərlər üzərində işləməyə
həvəsləndirən də
məhz Ümummilli liderin əsərlərimə
göstərdiyi diqqət
olmuşdur.
- Azərbaycanda batalist məktəbin yaradılması və bu janrın inkişafına nail olmaq üçün nə kimi işlər görülməlidir?
- Azərbaycanın ilk və yeganə batalist rəssamı kimi deyə bilərəm ki, ölkəmizdə batalist məktəbin yaradılması üçün rəssamlarımızda, ilk növbədə, tarixi hadisələrin içində olmağa, bu janrda işləməyə böyük sevgi olmalıdır.
Fransa, Almaniya, İtaliya, İspaniya, eləcə də Rusiyada batal janrının inkişafı böyük bir dövrü əhatə edir. Bu ölkələrin həmin sahədə təcrübəsinin öyrənilməsi üçün rəssamlarımızın üzərinə böyük iş düşür. Batal janrda əsər ərsəyə gətirmək üçün geniş dünyagörüşə malik olmaq, həmin dövrü, baş verən tarixi hadisələri dəqiqliyi ilə bilmək lazımdır. Bu sahəyə marağı olan istedadların aşkara çıxarılması batal janrının ölkəmizdə inkişafı baxımından zəruridir.
- Yaxın zamanda yeni əsərlərin hazırlanması nəzərdə tutulurmu?
- Yaxın zamanlarda İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızın azad olunması uğrunda müxtəlif istiqamətlər üzrə apardığı döyüşləri təsvir etmək üçün yeni əsərlər ərsəyə gətirməyi planlaşdırıram. Bununla yanaşı, türk ölkələri tarixində baş verən böyük vuruşmaları canlandırmaq üçün əsərlər üzərində işləmək gələcək planlarım sırasındadır. Bu əsərlərin hər birinin ərsəyə gəlməsi üçün çox vaxt tələb olunur. Əsərlər üzərində işlədiyim zaman sanki həmin dünyaya daxil oluram, real dünya problemlərindən uzaqlaşıram. Uğurlu əsərlər ərsəyə gətirməyin sirri də məhz bundadır.
Nərgiz
QƏHRƏMANOVA,
AMEA Rəyasət
Heyəti aparatının İctimaiyyətlə əlaqələr
və informasiya şöbəsinin sektor müdiri
525-ci qəzet.- 2021.- 28 oktyabr.- S.16.