"Aprel döyüşləri"ndən Şuşaya

BAŞ LEYTENANT  ŞAHGƏLDİ ATALIZADƏ:  "ƏRƏBŞÜNAS" OLACAQDIM, AMMA QƏLBİMDƏ BAŞQA BİR ARZU VARDI - HƏRB!"

 

Ötən ilin bu vaxtları Azərbaycan özünün yeni tarixinin ən şərəfli səhifələrini yaşayırdı. Qəhrəmanlıq dolu bu səhifələri yazanlar, əsgər və zabitlərimiz erməni varvarlarının əlində olan yurdlarımızı, torpaqlarımızı geri almaq üçün gecələrini gündüzə qatırdılar. Qarabağla yaşayan, Qarabağla nəfəs alan təkcə ordumuz deyildi, bütün ölkə qələbə arzusu, inamı ilə yaşayırdı. Hamının içindən eyni arzu keçir, hamı eyni şeyi istəyirdi: Qələbəni... Qarabağı...

 

Qələbə havalı o günlərdə hər kəs öz bacardığını elədi, hər kəs öz fədakarlığını göstərdi. Siyasətçilərimiz diplomatik cəbhədə, əsgər və zabitlərimiz orduda, mətbuatımız beynəlxalq ictimaiyyətin qarşısında, sadə insanlarımız arxa cəbhədə, Ali Baş Komandan isə hər yerdə savaşırdı. O günlərdə hərə öz payını, öz töhfəsini verdi bu qələbə üçün...

 

Ötən ilin bu günlərində qələbəmiz üçün savaş verənlərdən biri də Şahgəldi Atalızadə idi - Cəbrayılın Mehdili kəndindən olan baş leytenant Atalızadə. Bütün qarabağlı uşaqlar kimi, onun da uşaqlığı və gəncliyi qaçqınlıq həyatının çətinlikləriylə keçmişdi. Ata-anasının həkim olmasına baxmayaraq, onların  başqa məcburi köçkünlərdən fərqləri yox idi. Total kədər, xaos, kasıblıq, köç içində keçən o keşməkeşli illəri Atalızadələr ailəsi də yaşayırdı.

 

"O illərdə köçkün, qaçqın olmayanların bu böyük faciədən ayrı qalmaq, özlərini bu prosesdən təcrid etmək imkanı yox idi. Özləri qaçqın, köçkün olmayanların da ya ailə üzvləri, qohumları köçkün olurdu, ya qonşularına qaçqınlar köçürdü, ya oxuduğu məktəbə qaçqınlar yerləşirdi. Bir  günün içində hər şeyini itirmiş, illərlə çəkdiyi zəhmətin bəhrəsi olan ev-eşiyini, mal-qarasını, varidatını itirmiş adamlardan ibarət nəhəng bir toplum çöllərdə, çadırlarda, vaqonlarda heç nəsiz qalmışdı. O adamlar bizim dörd yanımızda idi..."

 

Şahgəldi Atalızadə özü qaçqın olmadığı halda, bu taleyi yaşayanlardan, müharibənin acı nəticələrini gözləri ilə görüb, öz dərisində yaşayanlardan biri idi. Çünki ata ocağı Mehdili kəndi işğal edilmiş, az qala bütün qohumları qaçqın düşmüş, pərən-pərən olmuşdular.

 

Orta məktəbi bitirdikdən sonra, ərəb dili və ədəbiyyatını öyrənmək üçün Qafqaz Universitetinə qəbul olundu.

 

"Amma qəlbimin dərinliklərində başqa bir arzu da vardı. Bu istək içimdəki hər şeydən daha güclü idi. Universiteti bitirdikdən sonra əsgərliyə getdim. Vətənə borcumu verdikdən sonra, çoxdandan içimdə böyütdüyüm arzumu həyata keçirmək istədim".

 

Hərbi kurslara yazıldı. "Kişinin vətəni işğal altındadırsa, onun yeri cəbhədir..." dedi. 2016-cı ildə "Aprel döyüşləri"ndə iştirakı onun özünə inamını artırdı. Həmin gündən də onun zabit həyatı başlandı. Çoxları hərbi həyatın çətinliklərindən şikayət eləsə də, Şahgəldi bu sahədə özünü suda balıq kimi hiss edirdi. Çünki hərbçi nizamı, səliqəsi, möhkəmliyi onun xarakterinə çox yaxın idi. Onu nə çətinliklər, nə də düşmən qorxudurdu.

 

44 günlük Vətən müharibəsi başlayan kimi yollandı cəbhəyə. Savaşın ilk günlərindən əlinə silah aldı. Elə ilk gün, sentyabrın 27-də Horadiz istiqamətində Şahgəldi Atalizadənin də tərkibində olduğu taboru minamyot atəşinə tutdular. Onlarla yanaşı vuruşan taborun ilk saatlarda üç şəhid verməsi qalan əsgər-zabitləri özlərinə sığınacaq axtarmağa məcbur etdi.

 

Üç gün içərisində müdafiə olunan tabor yenidən atəşlərə məruz qalsa da, təslim olmaq fikrində deyildi. Döyüşə hazırlıq əmiri alan əsgər və zabitlər ikinci dəfə Füzuli rayonunun N saylı hissəsində hücuma keçdilər. Aşağı və Yuxarı Seyidəhmədli kəndlərinin ətrafında qızğın döyüşlər başlandı. Aşağı Seyidəhmədli kəndində taborun verdiyi şəhidlər və yaralananlar onları məyus etmədi. O gün yağışlı havadakı hücumda düşmənin də itkisi az deyildi...

 

"Həmin ərazilərdə döyüşmək çox çətin olsa da, ermənilər daha çox itki verirdi. Sonradan bəlli oldu ki, bu ərazi məhşur silah-sursat bunkerinin olduğu yerdi. İllərlə döyüşə hazırlanmış səngərlər qarşı tərəfi müdafiə edirdi.  Buna görə hissənin rəhbərliyi qərara aldı ki, bu yerə düşmənın başını qatmaq üçün başqa bir tabor yerləşdirilsin. Hissənin döyüşçülər isə arxadan düşmənə zərbə endirsin".

 

Amma bu, o qədər də asan deyildi. Arxadan hərlənib gəlmək üçün həmin sahələri də təmizləmək lazımdı. Buna görə çox çətin bir yol qət etməli oldu qəhraman Azərbaycan əsgər və zabitləri. İlandağa gedən yollardakı postları almaq üçün neçə döyüşlər getdi...

 

Bu döyüşlərin birində hissənin komandiri ağır yaralandı və komaya düşdü. İki gün ağır gedən vuruşmadan sonra, Şahgəldinin hissəsi İlandağa yetişdi. Gecəgözlü kəndindəki döyüş heçasan olmadı. Oktyabın 21-də ermənilərin gözlənilməyən hücumu zamanı ordumuz ağır itkilər verməli oldu. Həmin gün taborun döyüş komandiri ağır yaralandı və idarəetmə Anar Əliyevlə Şahgəldi Atalızadəyə keçdi.

 

"Bilirsiniz, idarəetmə asan deyil. Ora ölüm-dirim meydanıydı. Səhvə yol vermək olmazdı. Buna görə də, baş leytenant Anar Əliyevlə nə edəcəyimizə ciddi diqqət edirdik. İşin tərsliyindən həmin gün o da qolundan ağır yaralandı. Buna baxmayaraq, təxliyyə olunmadı. İdarəetməni rabitə vasitəsiylə davam etdirdi".

 

Səkkiz saatdan çox davam edən döyüşü dayandırmaq olmazdı. Qəfil edilən bu hücumun qarşısını almaq lazımdı. Zabit yoldaşı  Murad Rzayevlə onların səngərinə girməyi qərara aldılar. Çox təhlükəli olsa da, başqa yol qalmamışdı.

 

"Uduzmaq fikirimiz yoxdu. Ya şəhid olacaqdıq, ya da qələbə çalacaqdıq. Səngərə girənlər gözlərinə inanmırdılar. Ermənistan ordusunun paltarını geyinmiş yekəpər kişilərin heç biri onlara bənzəmirdilər..."

 

Amma bunlar Azərbaycan igidlərini qorxutmadı. Cəsarətlə döyüşüb, həmin gün düşməni geri çəkilməyə məcbur etdilər. Amma döyüşlər hələ bitməmişdi. Təxminən bir həftəyə yaxın gedən müharibədən sonra Qırcagözlü kəndi alındı. Bundan sonra artilleriya dəstəyi gələn döyüşçülər arxadan hucuma keçərək, silah-sursat bunkerini ələ keçirdilər. Azərbaycanın şanlı bayrağını vurulmuş erməni tankının üzərinə sancdılar.

 

Bu tarixi qələbədən sonra baş leytenant Şahgəldi Atalızadənin döyüşdüyü hissə Hadrut Xocavənd istiqamətində hücumlara keçdi. Meştağlar Çanaqçılar kəndini azad etdilər. Burda da itkilər verməli oldular. Bir neçə yaşayış məntəqəsini azad etdikdən sonra Topxana meşəsiylə 23 saat piyada yol gedərək, Sığnaq kəndini ələ keçirdilər. Ordansa 1501 yüksəkliyə gəldilər. Çatdıqları bu yüksəklikdən Daşaltı istiqamətiylə 13 saata Şuşaya, Laçın koridoruna nəzarət üçün yüksəkliyə çatıb, oranı tutdular. Sonra da gözəl Şuşanın fəthində canla-başla vuruşdular.

 

"Şuşadakı döyüşlər başqalarından seçilirdi. Çox şəhid verdik bu şəhərdə. Fəxr edirdik ki, bizimaz əməyimiz olmadı oranın azad edilməsində. Döyüşlər bitdikdən sonra yorulmağımıza baxmayaraq, elə bilirdik ki, yenicə istirahətdən dönmüşük. Bilirsiniz, insanın içi rahat olanda, heç nə düşünmürsən. Mənəvi dinclik olanda özünü göylərin yeddinci qatında hiss edirsən. Gözün-könlün doyur. O da ola, Şuşada. Deyilmişkən varmış Şuşa. Havası-suyu, torpağı dərmandı. Günlərlə tamaşa etsən, doymazsan. Qarabağın hər qarışı gözəldi, amma Şuşanın gözəlliyi bir başqadı..."

Qələbədən sonra baş leytenant Şahgəldi Atalızadə Prezidentin sərəncamı ilə "Füzulinin azadlığı uğrunda", "Şuşanın azadlığı uğrunda" və "Vətən uğrunda" medallarıyla təltif olunub.

 

Hərbçi olmaq başqa işlərdən seçilir. Gərək hər zaman, hər an ayıq-sayıq olasan. Necə deyərlər, gözünün biri yuxuda olsa da, o birisi açıq olmalıdı. Gənc baş leytenant da belə fikirləşir.

 

"Vətən torpağını, onun azadlığını şərəfin bilməlisən".

 

Qoy, düşmənlərimiz sizin kimi igidlərin qarşısında daima məğlub olsunlar. Allah sizləri qorusun, yolunuz açıq olsun! Hər zaman qəlbiniz vətən eşqiylə aşıb-daşsın. Hara getsəniz, su kimi gedin, su kimi qayıdın. Saçlarınızı günəş yandırmasın, canınızı yağmur islatmasın, büdrəməyəsiniz, cənab baş leytenant!

 

Ulduz QASIM     

 

525-ci qəzet.- 2021.- 28 oktyabr.- S.15.