Bu Qələbə bəşərilik qələbəsidir...  

 

 

(İkinci yazı)

 

Ermənistan Azərbaycanda minlərlə uşağın uşaqlığını, yeniyetmənin yeniyetməliyini, minlərlə qocanın qocalığını işğal etsə də (erməniliyin əzablarını erməni uşaqları, erməni yeniyetmələri, erməni qocaları daha ağrılarla yaşayacaq, həm də illərlə...), heç birinin ruhuna, ruhunun əsgəri olan vətənpərvərliyinə yaxın düşə bilmədi; qadirlik ocaqdı - yad nəfsini, yad nəfəsini tanıyır, tanıdığına görə yandırıb külə döndərir. Təbiət də bu qadirliyin yedəkçisinə dönür - əsən yellər coşqudu, daşan sellər qəzəbdi. Bu coşqu, bu qəzəb 28 il zəngilanlıların da ümidinə ümid, inamına inam kimi bir qətiyyətin min illərlə yaşadılmış kəsəri oldu: İşğalın ömrü vətənpərvərlik qılıncı sıyrılanacandı. Vətənpərvərlik qılıncı ermənililiyin qollarını kəsdi, bir də tərpənsə, boynunu vuracaq...

 

İşğal sıxılcım deməkdi. Dərdinə dirsəklənənlər dərdin ağrı-acılarını həmişə ümidinin, güvəncinin tərcümanı olan bir bayatıyla yumşaldıb, zəngilanlılar da onların sırasında:

 

...dərdi dara,

Dərdi üz, dərdi dara ...

Ömrüm-günüm, üzüldük,

Çəksənə dərdi dara...

 

28 il gecələrini bu bayatıyla səhər eləyənlərin - dərdəcar anaların şükranlığını eşitməyə niyyətliyəm. Yurdunda ocaq çatan ana görüncə nəfəsimi nəfəsinə yetirəcəm, əllərindən öpəcəm, kövrəkliyini qılığa tutacam: "Dərd dara çəkildi, ay ana, oğullar dərd gətirəni dərdə saldı.., erməniliyin murazı gözlərində qaldı...", - deyəcəm. Ana gözaltı göy üzünə baxacaq...

 

İşğal müddətində ermənilər gediş-gəlişlərini asanlaşdırmaq üçün kəndin üst tərəfindən saldığı yolla gedirik (ermənilər bu yolu nə məqsədlə salıb görəsən? - işğal niyyətinin tərkib hissəsi kimi...). Bir xeyli aralıda təzə yol çəkilir. Bu yol işğaldan azad edilmiş rayonlarımızı bir-biriylə, hamısını Mərkəzlə rahatlıqla birləşdirəcək...

 

Babaylı kəndindəyik. Bir ömürün timsalında min ömürlərin göy üzünə çəkilmiş işığına gəlmişik. Bu işıq xatirə biçimli işıqdı, 28 il qaranlıqla mücadilə aparmış işıqdı. Bu işığı göy üzündən Şəri zəbun edənlər endirib. Bu işıq evlərin daşına-divarına sarıldığını necə duymayasan?.. 

 

Yoldan o qədər də uzaqda olmayan bir tikili görünür. El arasında Günbəz kimi tanınan bu tikili neçə yüz illərin tikilisidi. Deyilənə görə, burdan itib-batmış Şəhri-Şərifana yeraltı yol var (Şərifan və Şabran adları arasında bunca doğmalıq könlümü telləndirir, düşüncələrimi tərpədir. Belə təsadüf olurmu?!). Başqa bir gümana görə burda övliya dəfn edilib. Hər iki halda, Günbəz tarixi abidədi. Uzaqdan Bababaylı kəndinin nişanvericisinə bənzədirsən. Tarixini nəzərə alanda Babaylının Günbəzini də tarixin bələdçisi bilirsən...

 

Babaylının görkəmi könül qübarlandırır. Yaxınlaşdıqca ucalığı aydınlığıyla sezilən uçuq binanın məscid olduğunu az sonra biləcəm. İşğala qədər Qarabağda, ətraf rayonlarda 67 məscid olub. Ermənilər o məscidlərin 63-nü tamamilə dağıdıb, 4-nü yararsız hala salıb. Yararsız hala salınmış məscidlərdən biri də Babaylıdadı. 1993-cü ilin noyabrından üzü bu yana azan səsi gəlməyən məscidin divar daşları da tökülüb, Görəsən, təmirə qədər duruş gətirə biləcəkmi? 28 il "Allahu-Əkbər" möcüzə bu kənddə də eşidilməyib; doğmaları yoxuydu, yadlar düşməniydi. İlk azan verilən gün bu məscid dünyaya yenidən gələcək...

 

Bir vaxtlar sobalarının tüstüsü göy üzünü pərdələyən - göy üzünün örpəyinə dönən Babaylıda ruhun ittihamı bildiyim bir sükut vurnuxmaqdadı. Bu sükut kənd yenidən qurulanacan, Babaylılar Babaylıya qayıdanacan tövşüyəcək...

 

Babaylıda bircə salamat ev yoxdu, bircə qapı qalmayıb ki, döyəsən, ağrı-acını yumşaltmaq üçün ev yiyəsini səsləyəsən. 28 il kənd sükutun əsiri olub, sükut - işğalın. Sükut işğaldan qurtuldu, kənd sükutdan qurtulur, qurtulacaq.

 

Kəndi bu görkəmdə görəndə "Fəryad" bədii filmindən bir məqamı (görüntünü) xatırlayıram: balaca erməni Mamikonun təsadüfən yandırdığı evi əsir düşmüş azərbaycanlı (İsmayıl) söndürür. Bu görüntü azərbaycançılığın erməniliyə mənəvi ittihamıydı. Bəşərilik naminə faciələrə səbəb olmasın deyə erməniliyin yandırdığını azərbaycançılıq söndürür. Ötən əsrin sonlarında erməniliyin yandırdığı işğal ocağını Azərbaycan Ordusu döyüşdə, döyüşlərlə söndürdü. Birdəfəlik söndürdü... 

 

Yol yoldaşım (və iş yoldaşım) Vahidgilin evlərini ötüb-keçmişik.

 

Vahid geri qayıdır. Mən də onunla dabanbasaraq...

 

Gözləri dolub-boşalır Vahidin. Çaşqınlıqla sağa baxır, sola baxır, arxaya baxır. Məscidi görəndə dayanır. Və dodaqlarını bir yanıqlı "ah" yandırır. "O, Qasım dayının evidi. O, İbrahim dayının evidi, yuxarıdakı ev Fərmanındı, bizim evimiz odu, odu bizim evimiz...", - pıçıldayır. Bu pıçıltıda bir gizilti də var, sızıltı da - ata yurdunun görkəminə görədi bu sızıltı, gizilti. Bu pıçıltı dünyanın üzqaralığının ifadəsidi...

 

Bu məqamlarda M.Şoloxovun "İnsanın taleyi" əsərini xatırlayıram. Vahidin hisslərini Sokolovun keçirdiyi hisslərin eyni bilirəm. Var səsimlə qışqırmaq istəyirəm: ermənilik xisləti səbəbindən insan evini tapa bilmir, ay Allahını sevənlər! Düşmənin düşmənçiliyi onun kəndini, kəndin evlərini uçurub-dağıdıb, tanınmaz hala salıb...

 

Sokolovun çaşqınlığı alman faşizminə, Vahidin çaşqınlığı erməni faşizminə ittihamdı. Sokolovun ittihamının hökmünü İkinci Dünya müharibəsində qazanılan qələbə verdi, Vahidin ittihamının hökmünü Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı Zəfər...

 

Bu düşüncələrlə baş-başayam...

 

Həsrətlilər yoldan doqqazlarına çatınca elə bilir ki, bir ömürlük yol yorub...

 

Vahid evlərinin qənşərində diz çökür, torpağı öpür, baxışları göy üzündən, əlləri uçub-dağılmış evin divarlarından üzülmür. Daşı-divarı öpür Vahid: bu, atamın ruhunun yerinə, bu, anamın ruhunun yerinə, bu, Əvəzin, bu, Qulunun, bu, Loğmanın yerinə, bu, özümün yerimə. Bağışla bizi, ata yurdum, bağışla, səni qoruya bilmədik, qada bəd gətirdi. Zərrəcə günahımız olmasa da, bağışla... Bağışla...

 

Vahid 28 il doğma səsə, doğma nəfəsə tamarzı qalan tut ağacına sarılıb. Onu ana əvəzi bağrına basıb hönkür-hönkür ağlayır: "Anam əkmişdi səni, səni anam beşinci oğlu bilirdi. Qaçqınlıqda fikri-zikri sənin yanındaydı. Anamız yoxdu, ağac qardaşım, anamızı qaçqınlıq sıxıntıları, qaçqınlıq dərdi apardı...", - ürəklə dinlənilərsə, eşidilən pıçıltıdı...

 

Vahid həyətlərində uşaqlığının, yeniyetməliyinin izlərini axtarır sanki. Tapa bilməyəcəyini gümanlasa da, axtarır...

 

Qəlbim qana dönür. Minlərlə Vahidlər bu günə düşüb, düşür, düşəcək. Ata yurdu ömrün başlanğıcıdı. Ömrünün başlanğıcını bu görkəmdə görənlərin ruh qardaşı kimi o ağrıları mən də yaşamışdım, indi həmin ağrı-acıları tifaqı dağılan, odu 28 il əvvəl söndürülən ocaqla diz-dizə, göz-gözə yaşayıram...

 

Yolçəkənlərin səsi hələ buralara çatmır...

 

Yeni yol çəkilir. Bu yol Qubadlıya aparacaq, Laçına aparacaq. Başlanğıcı ürəyimiz olan bu yolla Cəbrayıla, Zəngilana, Qubadlıya, Laçına rahatlıqla tikinti materialları daşınacaq, şəhərlər, qəsəbələr, kəndlər yenidən qurulacaq. Babaylı da yenidən qurulacaq. Babaylılar dikələn Babaylıdan - tarixin yaxşı tanıdığı kənddən  dünyaya barmaq qıcayacaq: gədələrinə yiyəlik elə, sərsəm dünya!..

 

Kəndin yollarından biri nazilib, nazilib, cığıra dönüb, cığırı ot basıb. İşğaldan azad edilmiş yüzlərlə kəndin minlərlə cığırı bu gündədi. 28 il gediş-gəlişlərə həsrət qalan yolun-izin, cığırın cücərtdiyi ota dərd otu deməyim, bəs nə deyim?

 

Gözlərə yaşa döndüm,

Çəkmədim haşa, döndüm...

Dərd cücərdən yol gördüm,

Quruyub daşa döndüm...

 

Yiyəsi ola-ola yiyəsiz qalan evlərin dərdini sözə çevirmək mümkünmü?

 

Zəfərin hökmüylə bu evlərin də yiyələri qayıdacaq, damı sökülmüş, qapı-pəncərəsi yağmalanmış, divarları uçulmuş evlər günahsız günahkarlarını qınamayacaq. Ata yurdundan iraq düşənləri 28 il gündüzlər xəyallarına, gecələr yuxularına sarılan həsrət yaşadıb. Babaylılar da 28 il bu talenin cəfakeşi olub. Məmmədqulu kişi çaylaq daşları yığıbmış həyətinə. Bir ev də tikəcəkdi. Son nəfəsi buna yetmədi. Səliqəsi pozulmayan daş qalağı Vahiddən bir yaş böyükdü. O daşlar 60 il əvvəl necə yığılmışdısa, eləcə də durur. Rəngi qaralıb daşların. Üstündən keçən illərmi qaraldıb, xiffətmi? Həsrət pərsəngli vaxt, zaman xiffət deyil, bəs nədir?..

 

"Sənin ruhunun xeyir-duasıyla evimizi tikəcəyik, ay ata. Bu daşlar təzə evimizin divarları olacaq...",  - kəlmələrini 28 yaşlı həsrətin son nəfəsindən sonra ata yurduna sədaqətin ilk niyyətidi, bilirəm...

 

Vahid həyətlərindən bir qoşa ovuc torpaq götürür. Anasına Babaylıdan göz torpağı aparacaq, anasının ruhu rahatlıq tapacaq. "Surunuz yerisin, a altımış yaşlı sonbeşiyim. Gətirdiyin bir ovuc torpaq mənim ruhuma ehsandı. Mənim qəbrimdən də bir ovuc torpaq götürərsən, atanın qəbrinə səpərsiniz,  ata yurdunun da gözləri yoldan yığılsın...",  - Vahid bu səsin doğmalığına sarılmış kimi dayanıb baxır evlərinə. Anasının ruhunun da əvəzinə baxır, qardaşlarının - Əvəzin də, Qulunun da, Loğmanın da gözləriylə baxır...

 

"Elə bil kənd balacalaşıb. Elə bil torpaq dikəlib, yollar gödəlib, bulaqlar quruduğundan ağaclar torpağın təkinə çəkilib...", - köz-köz yanan kəlmələr dərdin bürüncəyinə dönür. Bilmək olmur gileydimi, əndişədimi, bilmək olmur kimə ünvanlanıb...

 

Gözlərim Vahidin gözlərindən üzülmür. Tək olsaydı, bəlkə də bu anlarda göz yaşları yanağını yandırardı. Bayaq dizi də, üzü də, torpağa döşənəndə iki qolunun qənşərinə iki damla göz yaşı düşmüşdü. Bilmədim o iki damla yaş kövrəklik yaşıydımı, şükranlıq yaşıydımı. O yaş deyirdi ki,

30 yaşlı nar ağacım,

Gileyinmi var, ağacım?..

Səndən ayrı

günlər acı, aylar acı, illər acı...

Səni ana əvəzinə əzizləyim, nar ağacı...

 

 

Rəşid FAXRALI

 

525-ci qəzet.- 2021.- 28 oktyabr.- S.12.