Sabaha ümidimizi artıranlar  

 

Prezident İlham Əliyevin Sərəncamı ilə 2021-2022-ci tədris ili üzrə Prezident təqaüdünə layiq görülən tələbələrdən 33 nəfəri Bakı Ali Neft Məktəbində (BANM) təhsil alır. İllərdir bu təhsil müəssisəsi qəbul göstəriciləri, Prezident təqaüdçülərinin sayı ilə liderliyini qoruyub saxlayır.

 

Prezident təqaüdçüsü olan 33 tələbədən biri Qubadlı rayon H.Quliyev adına Texniki fənlər təmayüllü Çaytumas məktəb-liseyin məzunu Nurlan Pirizadədir. O, 2004-cü il may ayının 14-də Sumqayıt şəhərində anadan olub. Ailəsi Qubadlı rayonundan məcburi köçkün düşərək Sumqayıtda məskunlaşıb. Nurlan qəbul imtahanlarında 681,3 bal toplayaraq, BANM-in Kompüter mühəndisliyi ixtisasını seçib.  

 

 

 

N.Pirizadənin sözlərinə görə, doğma torpağı Qubadlını işğaldan azad olunması ona böyük motivasiya verib, qəbul imtahanlarında yüksək nəticə göstərib, Prezident təqaüdçüsü olması üçün çalışma əzmi yaradıb: "Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu 44 gün ərzində torpaqlarımızı azad edərək bizə böyük zəfər yaşatdı. Mən bu tarixə şahidlik etdiyim üçün çox xoşbəxtəm. Əsgərlərimizin şücaətini, qəhrəmanlığını gördükcə, mən də vətənimin, torpağımın adını ucaltmaq üçün çalışacağıma söz verdim. Bunun üçün bir şagird olaraq edə biləcəyim dərslərimi yaxşı oxumaq, ali məktəbə yüksək balla qəbul olunmaq, Prezident təqaüdünə layiq görülmək olardı. Mən də əzmlə çalışaraq yüksək bal topladım və Prezident təqaüdünə layiq görüldüm. Qubadlının azad olunması məni Prezident təqaüdçüsü etdi. Qubadlının adını yüksəltdiyimə görə çox sevinirəm".

 

O deyir ki, tələbəsi olduğu Bakı Ali Neft Məktəbi haqqında yaxınlarından eşitdikdən sonra, onun rəsmi saytından, sosial şəbəkə hesablarından araşdırmağa başlayıb və təhsilin yüksək səviyyədə olduğunu öyrənib: "Bakı Ali Neft Məktəbində tədrisin ingilis dilində aparılması da mənim seçimimdə böyük rol oynadı. Düşünürəm ki, bu Ali Məktəbdəki təhsil mənim gələcək karyerama müsbət təsir göstərəcək, peşəkar mütəxəssis olaraq yetişməyimə imkan yaradacaq. BANM Azərbaycanda peşəkar mühəndis kadrların hazırlanmasında liderdir. Ali Məktəbdə tədris prosesi istehsalatla sıx əlaqədə həyata keçirilir, tədris proqramlarının, nəzəri predmetlərin daha dərindən mənimsənilməsi məqsədilə tələbələr bp, Statoil, Total, Schlumberger, ABB, Halliburton, Atenau Ltd, Schneider Electric, Microsoft, Baker Hughes, Confidence Capital, Emerson Process Management, Avandsis Group, Maire Tecnimont, Nəzarət və ölçmə cihazları MMC, Türkiyədə fəaliyyət göstərən PetkimStar kimi qurumlarda yayistehsalat təcrübəsi keçir, hesabatlar hazırlayır və müdafiə edirlər. Bu amil tələbələrin sənayenin qabaqcıl mütəxəssisləri ilə effektiv münasibət qurmasına, beynəlxalq standartlara uyğun kadrlar kimi yetişməsinə, təminatına və uğurlu karyeranın əsasını qoymağa böyük imkanlar yaradır".

 

N.Pirizadənin dediyinə görə, onun kompüter elmlərinə böyük marağı var: "Həm də bilirəm ki, Kompüter mühəndisliyi ən çox tələb olunan, gələcəyi parlaq sahələrdən biridir. Bu sahədə peşəkar mütəxəssis olaraq uğurlar əldə etmək mümkündür. Ona görə bu ixtisası seçdim".

 

Qəbul imtahanlarına necə hazırlaşması barədə danışan N.Pirizadə qeyd edib ki, ilk başda sistemsiz hazırlaşdığı üçün çox yorulurmuş: "Sonra bu üsulun səmərəli olmadığını anladım. Çünki çox yorğun olmaq dərslərdə səmərəliliyi azaldır, oxuduqlarını qavramaqda çətinlik yaradır. Bundan sonra sistemlə çalışaraq həm dərslərimə, həm də istirahətə vaxt ayırmağa başladım. Anladım ki, hər ikisi balansda olanda yorulmursan. Ona  görə şagirdlərə məsləhət görürəm ki, özlərini çox yormadan sistemli şəkildə imtahana hazırlaşsınlar".

 

Onun sözlərinə əsasən, yüksək bal toplayan biri olaraq abituriyentlərə ən böyük məsləhəti hədəf seçmələridir: "Abituriyentlər hədəf, məqsəd seçdikdən sonra ona çatmaq üçün çalışsınlar. Hədəfi müəyyən etdikdən sonra çox çalışaraq ona çatmaq mümkündür. Əgər hədəf olmazsa, yüksək bal toplamaq da mümkün deyil. Bir də qəbul imtahanına hazırlaşan hər bir abituriyentdə özünə inam hissi olmalıdır".

 

Gələcək planlarından söz açan N.Pirizadə bildirib ki, onun əsas hədəflərindən biri BANM-i yüksək göstəricilərlə bitirmək, magistr təhsili almaq, peşəkar mütəxəssis olmaqdır: "Yüksəkixtisaslı mütəxəssis olaraq doğma torpağımda - Qubadlıda çalışmaq niyyətindəyəm. Mən də vətənimə layiqli övlad olmaq, onun adını ucaltmaq, peşəkar mütəxəssis olaraq töhfə vermək istəyirəm".

 

BANM-nın Prezident təqaüdçüsü tələbələrindən biri də Heydər Əliyevdir. O, 8 may 2004-cü ildə Lənkəran şəhərində anadan olub. 2010-cu ildə Bakı şəhər 45 nömrəli orta məktəbdə 1-ci sinfə gedib.  2021-ci ildə həmin məktəbin məzunu olub. O, 669 balla Bakı Ali Neft Məktəbinin (BANM) Proseslərin avtomatlaşdırılması ixtisasına qəbul olub.

 

 

 

Öz sözlərinə əsasən, ixtisas seçimi zamanı yaxınları ona Bakı Ali Neft Məktəbini seçməyi məsləhət görüb: "Robotlaşmaya böyük marağım vardı. BANM-in saytına daxil oldum, Proseslərin avtomatlaşdırılması ixtisasını gördümsonra marağım bu yöndə dəyişdi".

 

H.Əliyev vurğulayıb ki, qəbul imtahanlarında yüksək bal toplayıb tələbə adını qazanmaq üçün  imtahanlara yüksək səviyyədə hazırlaşıb: "Əsasən, gecələr və sübh tezdən oxuyurdum. Sınaq imtahanlarında çox iştirak edirdim. Günümün çox hissəsini imtahana hazırlığa sərf edirdim. Bir sözlə, imtahanlara yüksək səviyyədə hazırlaşırdım. Buna görə də ali məktəbə yüksək balla daxil olacağıma əmin idim".

 

H.Əliyevin söylədiyinə görə, qəbul imtahanında topladığı bal ona istədiyi ixtisası seçmək imkanı verib: "Hesablamamı da buna uyğun apardım. Topladığım bala görə ölkə üzrə sıralamada yerimi bilirdim və kimlərin hansı ixtisasları yazacaqlarını təxmin edirdim. Mənim balım 669 idibilirdim ki, ölkə üzrə sıralamada 51-ci yerdəyəm. Təxmin etdim ki, çoxluq informasiya texnologiyaları (İT) və kompüter ixtisaslarını seçəcək və digər yer Proseslərin avtomatlaşdırılması ixtisasına qalırdı. Bu da istədiyim ixtisas idi. Elə birinci Bakı Ali Neft Məktəbinin Proseslərin avtomatlaşdırılması ixtisasını yazdım  və arzuladığım ali məktəbin arzuladığım ixtisasına daxil oldum. Təxmin etməyimə baxmayaraq, BANM-in tələbəsi adını qazanmağım təsdiqlənəndə böyük sevinc hissi yaşadım".

 

Gələcək palanlarından, arzularından söz açan H.Əliyev vurğulayıb ki, onun əsas hədəfi ixtisası üzrə əsl mütəxəssis kimi yetişməkdir: "Bir hədəfim var ki, Qafqazda proseslərin avtomatlaşdırılması haqqında nəsə soruşanda ilk ağıla gələn mən olum. Bu yöndə çalışıram və çalışacam. Hələliksə, öncəliyim BANM-in uğurlu məzunu olmaqdır. BANM-da təhsil üçün yaradılan şərait intellektual kontingentə tam uyğundur. Bu o deməkdir ki, Azərbaycanda təhsil alıb, savadlı, b acarıqlı olmaq üçün hər bir şərait yaradılıb. Ali məktəbin kitabxanası tələbələrə bir çox tədris materialları və hesablama texnikası ilə yanaşı, həmçinin, lazımi məlumatın əldə olunmasına yardım edəcək mütəxəssis məsləhətləri təklif edir. Bundan əlavə, tələbələrə Heriot-Vatt Universitetinin kitabxanasının elektron resurslarından istifadə etmək imkanı yaradılmışdır. Burada tələbələr elektron bazalarda axtarış aparmaq, e-jurnal, e-kitab, konfrans materialları və s. sənədləri istifadə etmək və yükləmək imkanına malikdirlər".

 

H.Əliyev qeyd edib ki, adını rəhmətlik nənəsi qoyub: "Bizim ailədə Ümummilli lider Heydər Əliyevə hər zaman çox böyük sevgi, hörmət bəslənib. Soyadımız Əliyev, atamın adı isə Əlirzadır. Ulu öndərin doğum günü mayın 10-dur, mənim doğum günüm mayın 8-dir. Mən dünyaya gələndə nənəm bu uyğunluğa çox sevinibUlu öndərə ehtiram əlaməti olaraq adımın Heydər olmasını istəyib. Valideynlərim də çox seviniblər və buna məmnun olublar. İnsanlar bu uyğunluğu biləndə çox təəcüblənirlər. Hətta deyirlər ki, buna görə şanslıyam. Sənədlərimi harasa təqdim edəndə üzümə baxırlar və bir neçə dəqiqə gözlərini çəkmədən dayanırlar və təəccüblə təkrar edirlər ki, - "Heydər Əlirza oğlu Əliyev!" İnsanların üzündəki ifadəni, o təəssüratı görmək çox maraqlıdır. Bu cür reaksiya məndə xoş hisslər yaradır. Özüm də necə bir şəxsiyyətin adını daşıdığımın fərqindəyəm. Heydər Əliyev müasir Azərbaycanın memarı, qurucusu və xilaskarıdır. Ölkədə sülh, əmin-anamlıq yaradıb. Mən belə bir tarixi şəxsiyyətin adını daşıdığıma görə qürur duyuram, bu adı şərəflə daşıyıram. Hər zaman bu adın məsuliyyətini dərk edirəm və buna uyğun davranıram. Çalışıram və hər zaman çalışacam ki, bu ada layiq olum".

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2021.- 28 oktyabr.- S.10.