Çalınmayan toy...

 

 

Xocavənd rayonunun Tuğ kəndi uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla şəhid olan Oğuz rayonu Muxas kənd sakini, Xüsusi təyinatlı qüvvələrin leytenantı, bölük komandiri Zahir Feyzullayevin xatirəsinə

 

***

 

Zahir nişanlı idi. Evi tikilmiş, toy otağı bəzədilmiş, hətta nigahı da qıyılmışdı. Toyu olacaqdı...

 

...Oğuz eli toy bayram içindədir. Hər yerdən musiqi, çal-çağır sədaları gəlir! Oğuz igidlərindən birinin toyudur bu gün. Günəşin al şəfəqləri ağacların qızılı yarpaqları arasından süzülüb torpağın üşüməkdə olan canını isidir. Deyəsən, Oğuza yenidən yaz gəlib. Təbiətin parıltısı göz qamaşdırır. Elə bil, o da bu toya qatılmaqçün xüsusi bəzənib bu gün. Ən gözəl donunu geyib, qır-qızılını taxıb, sanki gəlinlə gözəllik yarışına girib. Səma da çox gözəldir bu gün. Aydın, günəşli, parlaq...

 

Bəs necə, axı bu gün onun sevimli Zahirinin toyudur. Uşaqlıqdan səmalara vurğundur Zahir. Hər zaman böyüyüb hərbçi olacağını, səmaların qoynunda şahin kimi qanad çalacağını xəyal edərdi uşaqkən. Və böyüdü... Bütün arzuları çin oldu. Ən çox sevdiyi peşəsinə yiyələndi. Doğma anası, sevimli yarı, hələ doğulmayan körpəsi qədər çox sevdiyi Vətəninin keşiyində durdu daim! Cəsarətlə, igidliklə, mərdliklə. Səmalara da uçdu, dağları da fəth etdi, yerdə də möhkəm dayandı. Bu gün də, yerdəki Səmasına qovuşacaq...

 

Axşama doğrudur, buludlardan don geyinmiş ay üzlü gəlin aynanın önündə dayanıb gözəlliyini seyr edir, gözlərində indiyədək heç vaxt görmədiyi bir parıltı var bu gün! Daxili gözəlliyi zahirə çıxıb sanki. Bənizinə qonan xəfif solğunluq gözəlliyinə qəribə bir çalar bəxş edib sanki. Siqnal səsləri gəlir. O, bəyaz tülü aralayıb pəncərədən həyətə baxır. güllərlə bəzədilmiş maşınlar bir-bir həyətə girir.

 

Əlləri xonçalı qız-gəlinlər həyətdə rəqs edirlər! Budur, onun dağ cüssəli, dağ kimi vüqarlı Zahiri maşından enib evlərinin pilləkənlərinə yaxınlaşır. Bayaqdan olub bitənləri pərdə arxasından izləyən gəlinin həyəcandan bütün vücudu titrəyir, ürəyi sanki qulaqlarında vurur. Zahir əlindəki çöl çiçəklərindən hazırlanmış zərif çələngi elə o çiçəklər qədər zərif görünən gəlinə verir. Qol-qola girib ata ocağından yar evinə yollanır gəlin.

 

Oğuz elinin gözəl adəti var. Gəlin evinə girməmiş, qapısının ağzında ayağı ilə boşqab sındırar, bütün bəd nəzəri, pis qüvvələri dağıdar sanki bu şüşə qabın timsalında. İndi onun növbəsidir. Ayağı ilə boşqaba elə güclü zərbə vurur ki, boşqab çilik-çilik olur...

 

Qəfil çiliklənən qab səsi onu diksindirdi. Qız yuxudan dəli kimi ayıldı. Ürəyi şiddətlə döyünürdü. Ay allah, buyuxu idi? Görəsən, Zahirin başında nə var? Daha sübhə qədər gözünü yummadı. Zahirin bir arzusu vardı: Milli Qəhrəman olmaq. Amma sevgilisinə deyərdi ki, sən həyatımda olmasan, o adı da istəmirəm... O qədər çox sevirdi onu... Bu fikir onu bir az sakitləşdirdi. Zahir onu çox sevir. Heç vaxt tərk edib getməz...

 

Səhər gələn dəhşətli xəbər dünənki o toyu yarımçıq qoydu... Heç vaxt çalınmayacaq toyu... Zahir şəhid olmuşdu. O Zahir ki, müharibənin ilk günlərindən Xüsusi təyinatlıların tərkibində ön cəbhədə vuruşurdu. O Zahir ki, hər gün düşmənə qan uddururdu. Cəbhə dostları danışır ki, komandiri olduğu bölümün əsgərlərindən biri şəhid olmuşdu. Ailəli idi, körpələri də vardı. Onun gözləri önündə şəhid olmağı Zahirə çox pis təsir etmişdi. Dostunun dəfn mərasimində Zahir onun yaxınlarına zəng edirdeyir ki, onu qəbrə sallayanda xəbər edin: Şəhidi torpağa qoyarkən, onun üstünə torpaq atdıqca, Zahir burda hər atılan torpaq sayı bir erməni quldurunu cəhənnənə vasil edirbununla sanki dostunun qisasını alır.

Ölümü də gülə-gülə qarşılayıb, deyirlər. Düz qarşısında partlayan mərmi qəlpələri bədənini deşik-deşik edibmiş. Cəbhə yoldaşları onu yaralı halda döyüş mövqeyindən çıxararkən, ölüm ayağında belə onlara ürək-dirək verirmiş. "Nə olub sizə, qorxmayın, mətin olun, igidlərim" - deyə-deyə dostunun biləyindən yapışan güclü əlləri boşalıb...

 

Adətən, ailələrinə təhvil verilən şəhid tabutları açılmadan torpağa tapşırılır. Zahirin ailəsinin təkidi, xahişi ilə onun tabutu açılır. Orda olan hər kəs bu möcüzədən danışır bu gün Oğuz rayonunda. Zahir elə bil yatıbmış, heç ölməyibmiş. O qədər yara almasına baxmayaraq, nur üzlü qəhrəmanın cansız bədəni sanki işıq saçırmış. Birtabutdan yayılan gözəl ətir qoxusu ətrafı bürüyüb. Şəhidlər gül qoxar bu deməkdir yəqin...

 

Üzündə təbəssüm, qulaqlarında çalınmayan toyunun sədaları, Səmasına qovuşdu əbədiyyən qəhrəman Zahirimiz!

 

Allah rəhmət eləsin!

 

Şahrun SÜLEYMANLI

 

525-ci qəzet.- 2021.- 29 oktyabr.- S.16.