Bunker

 

hekayə

 

 

Neçə müddətdir əziyyətə qatlaşıb handan-hana axırına çıxdığın işi sübh obaşdan gəl indi bir də binədən başla. Nə zillətlə qazdığın xəndək gecə uzunu evin damından axıb tökülən selləmə suyun altında qalsın.

 

Leysan yağış gecə səhərəcən nəfəs dərməyib. Hələ qış girməmiş bunun yağmağına bax.

 

Qonşum deyir, nə qədər ki, soyuqlar düşməyib, qazıb qurtarmaq məsləhətdir. Özüm də təkəm, köməyim yoxdur. Arvadım oğlumuzu da götürüb Yerevana, qardaşıgilə gedib. Deyir, bir müddət keçsin, fürsət yaranan kimi ordan da Amerikaya gedəcək. Bu Amerika söhbəti beyninə yaman düşüb.

 

- Gör mənə nə desə yaxşıdır? Oğlumuza yazığım gəlir, buralarda qalsa, qəfil gülləyə tuş gələcək. Götürüb gedəcəm, qoy amerikalı olsun.

 

Təsəvvür edirsənmi, Albert can, ermənidən amerikalı düzətmək istəyir. Ölsəm, bundan yaxşıdır.

 

- Samvel can, bəs nə bilmişdin? Qadınlar balalarını göz görə-görə ölümə göndərməkdən cana doyublar.

 

- Bəs vətən?

 

- Nə vətən e? Yaxşısı budur, hər şeyi burax, sən də çıx get onların yanına. Heç olmasa dünyanı görərsən. Gör neçə gündür elə hey qazırsan. Uzaq olsun, elə bil, qəbirdir.

 

- Kaş elə qəbir qazaydım. Bacarmıram, başa düşürsənmi, ta belə yaşamağı bacarmıram. Ömür boyu nifrət hissiylə yaşamaqdan ürəyim partlayır. Bax, onları görürsənmi, necə toy-bayram edirlər, necə sevinirlər? Guya ki, qalib gəliblər. Hələ bilmək olmaz sonda qalib kim olacaq?

 

- Yaxşı, bəs indi nə qədər qazacaqsan?

 

- Nə qədər lazım olsa, o qədər. O xəndək mənim bunkerimdir. Ora girib gizlənəcəm, pusquda durub gözləyəcəm, azərbaycanlı gələn kimi bir-bir işini bitirəcəm.

 

- Gəlsələr də, tək gəlməyəcəklər, axı.

 

- Qoy gəlsinlər, hamısını qıracam, neçəsinə gücüm çatsa, öldürəcəm. Nifrət eləyirəm hamısına.

 

- Nə isə, mən gedim. Biz də yır-yığış edirik, axı. Arvad deyir ki, Rusiyaya, xalasının yanına gedək. Deyir, gərək çoxdan gedəydik, heç olmasa, bu yaşdan sonra adam kimi yaşayardıq.

 

- Bəs vətən?

 

- Hansı vətən e? Biz buralara 90-cı illərdə gəmişik. Elə siz özünüz də. Guya bilmirsən ki?

 

- Mənim babam bu torpaqlarda yaşayıb.

 

- Samvel can, sən babanı tanıyırdın ki? Heç atanın da üzünü görməmisən. Rəhmətlik Marqo xala səni ər evinə qarnında aparmışdı. Özün ki məndən yaxşı bilirsən.

 

- Ey, bura bax, sən yeri get öz Rusiyana!

 

- Yaxşı, qonşu, hirslənmə. Ta mən getdim.

 

- Yeri, yeri get. Sən də elə Nikol kimi satqının birisən. Hamınız satqınsınız. Qoy bunkeri qazım qurtarım, hamıdan qisasımı alacağam.

 

***

 

Gecə səhərəcən yağış yağıb. Arvadım da oğlumuzu götürüb Yerevana gedib. Neçə gündür telefon əlaqəsi də yoxdur. Qonşu kənddə danışırdılar ki, düşmən bizim rabitə xəttini bağlayıb. Mən boş yerə bunlara nifrət eləmirəm ki. Özümünkü olanı geri qaytarmaq əsl erməni kimi başımın borcudur. Səhər bunların bir əsgərini gördüm, buralardakı bir itlə oynayırdı. Sonra öz yeməyindən ona da verdi. İti çağırıb bir təpik vurdum. Tfu sənə. Qanmır ki, düşməndən heç nə götürmək olmaz.

 

Düz bir həftədir yağış tökür. Amma yenə mən öz bunkerimi tikirəm. Sement də almışam, bircə qurusaydı. Deyirlər, havalar yaxşı olmalıdır. Arvadım zəng vurmuşdu, deyirdi, qohumları söz veriblər, Amerikaya getməyə kömək edəcəklər. Oğlum da deyirdi ki, darıxır.

 

- Darıxırmış. Ay əclaf, qaxılıb oturaydın öz torpağında də. Ananın dalına düşüb getdin. Nədir, ana uşağısan? Sən burda qalıb Vətən yolunda ölməliydin.

 

- Mən niyə ölməliyəm e? Hansı vətən? Nə verib mənə o vətən? Anam deyir ki...

 

- Sənin anan ömür boyu gic-gic danışıb. Sənsə, qorxağın yekəsisən, bir də bura zəng eləmə!

 

Sonra arvadım mesaj yazdı ki, mən axmağın biriyəm, mənə ərə gəldiyinə görə peşmandır.

 

Mən öz işimdəyəm, qazıram...

 

Düşmən əsgəri səhər iti yenə yemələyirdi. Nə qədər çağırsam da, mənə tərəf gəlmədi. Əclaf it özününküləri satıb düşmən tərəfə keçib.

Telefon əlaqəsi yenə yoxdur. Qonşu kəndə gedib soruşdum. Hamı özün birtəhər aparırdı. Gedə bilənlər çıxıb gedib. Qalanlar da qisas haqqında heç düşünmür də. Bu adamlara nə olub, baş açmıram.

 

Gündüz Albert yerdə qalan əşyalarını aparmağa gəlmişdi. Mən görüşmək istəmədim, o, özü yanıma gəldi.

 

- Hə, necəsən, Samvel can?

 

- Gördüyün kimi, təslim olmuram. Bunkerimi tikirəm. Silahım da var. İstəyirəm bunkeri tikib qurtaran kimi, o əsgəri güllələyim. Amma qabaqca iti vuracam!

 

- İti niyə?

 

- Düşmən tərəfə keçib əclaf.

 

- Bəsdir sən allah, Samvel can! Belə getsə, dəli olacaqsan!

 

- Necə dəli olmayım, görmürsən, torpağımda yadlar gəzir?

 

- Sənə baxıb mat qalıram, Samvel can. Biz səninlə bir yerdə böyümüşük, analarımız rəfiqə olublar. Allah onlara rəhmət eləsin! Axı, Marqo xala...

 

- Bilirəm e, bilirəm, yüz dəfə eşitmişəm. Amma bunun heç bir əhəmiyyəti yoxdur.

 

- Yaxşı, hirslənmə. Di salamat qal, mən gedim. Özünü qoru!

 

- Oldu...

 

***

 

Deyirlər, çox keçməz, qar yağar. İndi belə çıxır ki, mənim bunkeri tikməyim yazacan uzanacaq?.. O əsgərin yerinə başqası gəlib. Deyəsən, gedəndə iti də özüylə aparıb. Cəhənnəm olsunlar. Qoy bunkeri tikim, hamısını güllələyib gizlənəcəm. Hələ bəlkə, bomba da atdım. Heyif ki, mina qalmayıb, yoxsa gecələr aparıb basdırardım. İstəməyə də bir adam yoxdur. Düzdür, buralarda hərbçilər var, sülhməramlı deyirlər, nə deyirlər, bilmirəm. Yəqin onlar verməzlər. Qorxaqdırlar axı, ehtiyat edirlər. Əşşi, nə isə, bilmək olmaz, bəlkə, bir yerdən tapdım. Hamısına nifrət eləyirəm. Biçəsən hamısını bir nəfər kimi. Uşaq vaxtı anam milçəyi tutub ovcunda sıxaraq deyirdi: "Samvel can, görürsən, bunlar türklərdir, onların hamısını bax bu cür əzmək lazımdır". Atam 90-cı illərdə döyüşürdü, anam o vaxt məni buraxmadı. Hə, atam vuruşdu, sonradan da içkiyə qurşandı...

 

Bu gün hava çox günəşlidir. İlin-günün bu vaxtında belə hava hər saat əl düşməz. Səhərdən bunker qazıram. Düzü, pis alınmayıb, amma bərk yorulmuşam. Qonum-qonşuda çox az adam qalıb, çoxu qocalardır, onlar da ki, kömək edə bilmirlər. Kənardan baxanda yəqin elə mən özüm də qoca görünürəm. Eh, Samvel, Samvel... Nifrət edirəm, hamısına nifrət edirəm! Həyatımı zəhərləyiblər.

 

***

 

- Samvel, Samvel can! Harda itib-batdın?

 

- Albert, əminsən ki, o burda idi?

 

- Əlbəttə, burda idi. Tövlədə bunker qazırdı. Samveeeell!

 

- Yəqin qonşu kəndə köçüb. Burda heç kim yoxdur.

 

- Bəs sən nə əcəb gəlmisən, Albert?

 

- Evin iş-gücü qurtarır ki? Arvad turşu qoyur, bankalarını istəyir. Bir turşu qoyub ki, barmaqlarını yalayarsan.

 

- Həə, qışda ləzzət eləyir turşu.

 

- Əlbəttə. Qış çıxsın, biz də köçüb gedəcəyik. Qoy ortalıq bir az sakitləşsin. Bezmişik, nə qədər müharibə olar e?! Kim istəyirsə, qoy vuruşsun, biz çıxıb gedəcəyik. Bizə bu müharibə heç lazım deyil.

 

- Hə, düz deyirsən, hamımız bezmişik. Odur e, Samvel elə bir ucdan bunker qazır, amma anası rəhmətlik Marqo xala onu elə azərbaycanlıdan doğubmuş. Rəhmətlik anam danışırdı ki, Marqonun evli bir azərbaycanlı kişidən hamilə qaldığını kənddə bilməyən yox idi. Ona görə də rəhmətlik atası Samvel kişi qızını tez ərə verib ki, camaatın içində biabır olmasınlar.

 

- Nə danışırsan? Ucundan-qulağından anam mənə də demişdi, amma ta xırdalığınacan bilmirdim.

 

- Mən səndən yaşca böyüyəm axı, ona görə dədiq xatırlayıram. Nə qədər gizlətsən də, dedi-qodu tez yayılır, özün yaxşı bilirsən...

 

- Həə, demə, demə... Bəs o azərbaycanlı kişi necə oldu?

 

- Nə bilim, deyirlər guya 90-cı illərdə döyüşlərdə ölüb. Dəqiq bilmirəm, ağızdan-ağıza eşitmişəm.

 

- Bəs Samvel özü bilirmi görən?

 

- Bilsə də, inanmaq istəmir. Heç özü-özünə də etiraf etməz yəqin. Sən ki onun xasiyyətinə bələdsən.

 

- Yaxşı, mən gedim. Heyif, bu gün Samveli görə bilmədim...

 

- Arvadına salam söylə...

 

***

 

Hardasa bir il ötmüşdü. Qış yenə qarnı burnunda idi.

 

Danışırdılar ki, Samvel xeyli soraqlaşandan sonra axırda kimdənsə tapdığı minanı aparıb düşmənə yaxın bir səmtdə basdırır. Bir gün o həndəvərdə bir it görür - həmin o "satqın" dediyi iti. İtin dalınca qaçdığı yerdə elə özü basdırdığı minaya düşüb ölür.

 

Yarımçıq qalmış bunkerdə silah, konserv qutuları, bir neçə dənə də fotoşəkil tapırlar. Onlardan biri Samvelin arvadı və oğluyla fotosu imiş. O biri foto Samvel uşaq olanda çəkilibmiş - balaca Samvel, anası, bir də atalığı.

 

Qalan üç şəkil isə Samvelin babasının, balaca Marqonun və bir də tünd rəngli pencək geyinmiş bığlı bir kişinin şəkilləri olur. Bığlı kişinin köhnəlmiş fotosunun arxasında "Marqoya" sözü yazılıbmış. Amma şəkildəki o kişi kim imiş, tanıyan-bilən olmur...

 

(Rus dilindən Şahrun Süleymanlı çevirib)

 

Nərminə Məmmədzadə

 

525-ci qəzet.- 2021.- 29 oktyabr.- S.15.