Ölümün ədəbi
tərifi
İnsanın özünüdərkindən sonra
ömrü boyu cavab axtarmağa çalışdığı suallardan ən böyüyü "Ölüm
nədir?" sualıdır. Ölüm anlayışı
ana bətnini tərk elədiyimiz andan ta ki
sözügedən məfhuma
ulaşdığımız ana qədər yol aldığımız
bir yoldur. Bu yol bizim istək və arzularımızın təzahürü
olmamaqla yanaşı,
eyni zamanda, geridönüşü olmayan
bir sonsuzluqdur (Bəlkə də, ölüm elə son deməkdir).
Ölüm adı dünyanın bütün dillərində
və dinlərində
eyni dərəcədə
xoflu təsir bağışlayır. Antik dövrlərdən
başlayan və özünü həm Şərq, həm də Qərb fəlsəfi düşüncəsində
göstərən və
ən böyük düşündürücü meyara çevrilən ölüm adının birinci tərifi onun reallığıdır.
Ölüm insanın dərk
elədiyi ən böyük reallıqdır.
Ölüm qaçışı olmayan
və məcbur qəbullandığımız həqiqətdir. İnsanın öləcəyini bildiyi halda gələcək
üçün plan qurması,
sabahı və hətta daha da irəlini düşünməsi artıq
ölümün qaçılmaz
olduğu və insanın onunla razılaşması qənaətinə
gəlməsindən doğur.
Yəni yaşadığımız hər
şeyə rəğmən
təhtəlşüurdakı əks "ölüm həqiqətdir" reallığıdır.
Nə qədər
qəribə səslənsə
də, ölüm həm də yaşamağa stimul verən ən başlıca amildir - daha doğrusu, lazımi səviyyədə
yaşamağa stimul verən.
Ölüm həm də insana xas xüsusiyyət
və instinktlərin dərkidir. Məsələn, qorxu. Ölüm insana
qorxu hissini aşılayan ən dəhşətli faktordur.
Ölüm qorxusu isə
qorxuların ən qaçılmazıdır. Hündürlükdən qorxan
bir adam
hündür bir yerə çıxmayıb
qorxusundan qaça bildiyi halda, bəs ölüm qorxusundan necə, qaçmaq mümkündürmü?
Tolstoyun "Üç ölüm"
adlı hekayəsində
sözügedən "qaçış
faktoru" əsərin
ana xəttini təşkil edir. Vərəm xəstəliyindən
əziyyət çəkən
bir qadın və onun "ölümdən qaçma"
cəhdləri fonunda müəllif ölümün
həqiqiliyi faktorunu paralel şəkildə saxlayır. Məsələn, qəhrəman xəstə
qadın çarə
kimi İtaliyaya getməyi düşünür,
bunu cidd-cəhdlə arzulayır. Amma əri
bu inadın mahiyyətsiz olduğunu başa düşür, bunu həyat yoldaşına etiraf eləməkdə çətinlik
çəksə də,
qadını fikrindən
daşındırmaq cəhdilə,
əslində, ona və oxucuya bu həqiqəti aşılayır. Qadının
cavabı isə çox amansızdır:
"Evdə nə
var axı? - Ölüm!"
Demək, qadını həyatda tutan başlıca səbəb ümidin, yaşamaq ümidinin arxasınca qaçmasıdır. Yəni o, heç
bir vəchlə evdə sağalacağını
düşünmür, düşünə
bilmir, düşünmək
istəmir. Amma İtaliya... Amma ümidin ardınca getmək... Amma yaşamaq üçün
cəhd...
Maraqlıdır ki, Tolstoy hekayəsindəki
üç ölümdən
birini ağacın ölümü üzərində
qurub.
"Elə bil digər ağaclar hətta sevinirlər ki, yer boşaldı
və günəşin
şüası çoxaldı. Yəni yıxılan
bu ağac ölərək digər ağaclara daha çox gün işığı yaradır".
Bu hissədə, yəqin
ki, Tolstoy insanın da ölümünü bir digər fərd və şəxslərin yolunun açması kimi qiymətləndirir.
Freydin düşüncəsinə
görə, biz özümüzü
ölümü həyatdan
ixtisar etmək istəyirmiş kimi aparırıq. Bir sözlə, ölümü
ölüm kimi düşünürük, onu
olduğu kimi yox, məhz öz düşüncəmizdəki
qaramat fonda
təsvir edirik. Çünki bizim ölümü
düşünməmək kimi bir şansımız
yoxdur. Daha doğrusu, insanın
mövcudluğu boyunca
belə bir şansın bizə elə məhz biz tərəfindən tanıdılması
ağlabatan bir şey deyil.
Məsələn, ən adi hal
kimi gündəlik həyatımızda dəfələrlə
eşitdiyimiz, şahidi
olduğumuz, hətta bir andaca onun
parçasına çevrilə
biləcəyimiz avtomobil
qəzalarını götürək. Bu qəzaların dəhşəti
fonunda ağla gələn ilk şey məhz ölüm və onun dərkidir.
Tolstoyun
qəhrəmanı da
xəstəliyindən dolayı
gecə-gündüz ölümü
və ölümünü
düşündüyü, ondan qaçış yolunun olmadığını
anladığı üçün
(istədi, ya istəmədi, bu, həqiqətdir) çıxış
yolu kimi ən azından "İtaliya cəhdi"ni görür.
Əgər biz ölümü həyatın
fonunda təsəvvür
ediriksə (yaxud da, bunu "qəbul ediriksə" də deyə bilərik), ədəbi müstəvidə bu iki anlayış paralel şəkildə təhlil və tədqiq edilir. Ən əsası
isə ədəbiyyat
bizə həyatın
bitməsi anlayışını,
eyni zamanda, tükənəcəyi kimi
qavratdırır. Həyat və
insanlıq bir gün varsa, bir gün də
mütləq şəkildə
yox olmağa məcburdur. Var olan heç bir şey əbədiliyə
məhkum deyil, amma yox olmağa,
məhv olmağa - hər ikisinin cəmi kimi ölməyə məhkumdur.
Həmin
ölümə gedən
yol isə tükənməkdən doğur.
İnsan
tükənir, zaman tükənir və həyat tükənir.
Nəticənin adı "ölüm"dür.
Kamyu "Yad"
romanına girişi
"Dünən anam öldü" kimi verir. Üç sözdəki mahiyyət
və faciə, eyni zamanda, bu
faciəvi mahiyyətə
obrazın soyuqqanlı
yanaşması da insanın ölümü
həqiqət kimi qəbul eləməsi anlamına gəlir. Yəni müəllifə
görə "Dünən
anam öldü" ilə "Dünən bizdən beş
məhlə o tərəfdə
yaşayan bir nəfər öldü"nün
insan adına, insanın dərki adına o qədər də fərqi yoxdur.
Həm obrazın
anasının ölümü,
həm də romanda olmayan, amma ölə biləcək hər bir kəsin ölümü insanlıq
üçün eyni dərəcədə ölçüyə
gələcək bir şeydir. Və reallıqdır.
İnsan doğulur, böyüyür,
yaşa dolur, həyatı dərk eləməyə çalışır,
həyatı axtarır,
həyatda qalmağa çalışır və
ölür. Bu xırda
zaman çərçivəsində
həllini tapmağa çalışdığımız suallar, əslində, bizə verilən zamanın xərclənməsindən
başqa bir şey deyil.
Zen buddist fəlsəfəsinə
görə bizim "həyat" adı verdiyimiz bu boşluq,
əslində, ölümümüzdə
qısa fasilədir. Həyat dediyimiz
bu fasilə hər nə qədər qısa olsa da, biz varlığımızı
yalnız və yalnız bu dünyaya bağladığımız
və digər bir dünyanın olub-olmamasını tam reallığı
ilə dərk etmədiyimiz üçün
bütün fəaliyyətimizi
buraya sığdırmağa
çalışırıq.
Maraqlıdır, insan ölümün də bir "yaşam" olduğunu qəbul etsə, onda necə olardı? O biri dünya üçün də plan qurardımı? Amma sözügedən faktorun insan tərəfindən dərki də çox təhlükəli nəticələrə yol aça bilər. Tolstoy özünün "Etiraf"ında qeyd edir ki, bir gün o birdən-birə yer üzündə varlığının tamamilə mənasız olduğunu başa düşür. Niyə? Çünki öləcəyini bilirdi, dərk edirdi. Bu reallığın dərkindən sonra isə yuxarıda vurğuladığımız təhlükəli nəticələrin sual forması ortaya çıxır: Yaxşı, çox varlı mülkədar oldum, dörd min, altı min, lap iyirmi min desyatin torpağım oldu - bəs sonra? Axı mən öləcəyəm. Lap məşhur bir yazıçı oldum, Şekspirdən də məşhur oldum. Hə, nə olsun? Onsuz da öləcəyəm.
Platonun "həyat ölümün fonu deyil, ölüm həyatın fonudur" fikri isə müzakirə mövzumuzun nə qədər uzana biləcəyi potensialının tərifidir. Biz həyatı ölümün fonunda yaşayırıq, yoxsa ölümü həyatın fonunda?
Sual cavabsızdır. Amma həqiqidir. Cavablar subyektiv və birmənalı olduğu qədər suallar obyektivdir, olduğu kimidir, həqiqiliyin özüdür. O halda, yazının ən böyük həqiqi tərəfini yekun olaraq soruşaq:
- Ölüm nədir?
Nihat Pir
525-ci qəzet.- 2021.- 29 oktyabr.- S.13.