Arvan dərəsində bir gün, bir gecə  

 

 

Bibioğlunun Göyçay dağları tərəfdə yerləşən fermasına baş çəkmək, imkan olsa, orada gecələmək çoxdankı arzum idi. Amma bu arzunu gerçəkləşdirmək mümkün olmurdu ki, olmurdu. Axır ki, tilsim sındı, oktyabrın 23-də, necə deyərlər, altdan geyinib üstdən qıfıllandım və maşına əyləşib üz tutduq şimala - Arvan dərəsi tərəfdəki dağlara sarı.

 

Qeyd edim ki, mən uşaq olanda bu dağların ətəklərindəki çəmənliklərdə az qoyun otarmamışam. Hər axşam dağlardan qayıdan naxırın qabağına çıxıb inəyimizi qarşılamağım da yadımdadır. Qaratikan kollarının dibində gördüyüm sarı koramalların mənə dikilmiş gözlərini indi də xatırlayıram. Novruz bayramı ərəfəsində təpələrdə bənövşə yığmağımız, köhnə maşın şinlərini yandırıb hay-küylə üstdən aşağı buraxmağımız, bir az aşağıdakı düzənliklərdə "Ənzəli", "Qoz-qoz", "Yeddi şüşə" oynamağımız, necə deyərlər, gözümün qabağındadır... Amma indi buralara - öz uşaqlıq illərinin xatirələr dünyasına səyahət edən mən - gözləri zəifləmiş, saçları ağarmış 62 yaşlı kişi qayğısız uşaqlıq illərinin heç vaxt əl çatmayacaq uzaqlıqda qaldığına zərrə qədər də təəssüflənmirdi, bəlkə də əksinə, şükür edirdi. Bəli, bu yaşda həmin o xatirələrə dalmaq, xatirələr dünyasına baş vurmaq şansına da min dəfə şükür etmək lazımdır! Digər tərəfdən, keçmişin həsrətini çəkməyə heç ehtiyac da yoxdur axı. Keçmişi yada salıb ya qürrələnmək, ya da xəcalət çəkmək, utanmaq olar və şükür Allaha ki, məni öz keçmişimin qarşısında xəcil edən bir ömür yaşamamışam...

 

Qəfildən yolun sağ tərəfində tənha məzarı görəndə diksindim, yaddaşımdakı xatirə "fayllarından" biri açıldı - o vaxtlar, təxminən 52-53 il əvvəl eşitmişdik ki, şəhərin təzə qəbiristanlığından təxminən 3 kilometr o yana bir türk məzarı var. O məzarı görmək üçün alışıb yansaq da, təbii ki, bu arzunu gerçəkləşdirməyə cəsarətimiz çatmırdı - adam ayağı dəyməyən, gecələr canavarların, çaqqalların ulaşdığı o tərəflərə kim könüllü ayaq basardı ki? Böyüklərə, müəllimlərə verdiyimiz suallara da fərli-başlı bir cavab ala bilmirdik. "A bala, başına iş qəhətdir? Nəyinə lazımdır biləsən adam ayağı dəyməyən o yerdəki qəbir kimin qəbridir?"

 

Amma uşaq da olsam, həmin o uşaq ağlı ilə anlayırdım ki, bir halda ki, orada həmin o qəbir var, deməli, ora adam ayağı dəyib və böyüklər könülsüz də olsa nəyisə bizdən gizlədirlər.

 

Çox illər sonra həqiqəti biləndə böyükləri, müəllimlərimizi həm qınadım da, həm qınamadım da. Qınamadım ona görə ki, Moskvanın bizə zorla Azərbaycanla Haystanın qardaşlığı barədə mahnılar oxutdurduğu həmin o illərdə çörəkpulu qazanıb çoxuşaqlı ailəsini saxlamaq qayğısı ilə yaşayan böyüklər bizə necə deyəydilər ki, o qəbir 1918-ci ildə Azərbaycanda genosid törədə-törədə Gəncəyə doğru irəliləyən erməni daşnaklarının Göyçayda qarşısını kəsən qardaş türk ordusunun şəhid olmuş əsgərinin qəbridir? Axı o xaxt Türkiyə Sovet imperiyasının 1 nömrəli düşmənləri sırasında idi! Kim istəyərdi özünü işdən qovulmaq, şübhəli adamlar cərgəsinə qatılmaq təhlükəsi ilə üz-üzə qoysun?

 

Amma imperiyanın çöküşü ərəfəsində həmin o daşnakların varislərinin törətdikləri genosidin növbəti dalğasını görəndə, o vaxtlar həqiqəti heç olmasa pıçıltı ilə deyib bizim gözlərimizi açmalı olanların belə dilsiz-ağızsız vəziyyətə salınmalarına təəssüflənməyə bilmirsən.

 

Yeri gəlmişkən, bu yaxınlarda başıma gələn bir hadisədən danışım.

 

Oktyabrın 18-də səhər yuxudan oyanan kimi Dövlət Müstəqilliyinin Bərpası günü münasibətilə feysbuk səhifəmdə paylaşım etdim - möhtəşəm üçrəngli bayrağımızın fotosuna müstəqilliyin və azadlığın ən şirin nemət olması barədə mətn yazdım. Aradan yarım saat keçmişdi ki, Rusiyanın böyük şəhərlərindən birində yaşayan, özünü həmişə Azərbaycanın dostu kimi qələmə verən, yaşı 70-i keçmiş bir rus  xanım "dostumdan" mənə mesaj gəldi. Fikirləşdim ki, yəqin məni təbrik edəcək, sevincimə şərik olacaq. Amma yazdıqlarını oxuyanda donub qaldım. Xanım mənim sevincimə rəğmən, bizim müstəqilliyimizə görə acı hisslər keçirdiyini (?!), xəbər lentində əllərinə Azərbaycan bayrağı götürüb "Biz azərbaycanlayıq!" deyən ukraynalıların fotolarını görüb əsəbiləşdiyini (?!) yazırdı. Onun yazdıqlarından belə çıxırdı ki, postsovet məkanında yaşayan bütün xalqların Rusiyadan uzaqlaşması, müstəqil dövlətlərini qurması onu sevindirmir, əksinə, qayğılandırır.

 

Qan beynimə vurdu. Cavab mesajında yazdım ki, başqa xalqların xoşbəxtliyinin qarantı olmaq hüququnu sizə kim verib? Məgər siz bilmirsiniz ki, Qarabağda, Çeçenistanda, Şimali Osetiyada, Abxaziyada, Moldovada, Ukraynada tökülən qanlara görə Kremlin o vaxtkı rəhbərləri - Qorbaçov, Yeltsin kimi avantüristlər birbaşa məsuliyyət daşıyır? Yoxsa Xocalı qətliamının 366-cı rus alayının iştirakı ilə törədildiyindən də xəbərsizsiniz?  20 Yanvar qətliamını məgər Marsdan gəlib törətmişdilər? Siz nə üçün sadə rus xalqının, Rusiyanın indiki dövlət rəhbərlərinin yox, rus şovinistlərinin mövqeyindən çıxış edirsiniz?

 

Xanım özünü itirdi, bu qanlı hadisələrdən guya xəbərinin olmaması, əsl həqiqətin onlardan gizlədilməsi bəhanələrinə "Siz həqiqəti çox asanlıqla öyrənə bilərdiniz, amma bunu sadəcə olaraq istəmirdiniz" cavabını alandan sonra özünü tamamilə ifşa edən belə bir tezisini elan elədi: "Son vaxtlar Azərbaycanın Türkiyə ilə yaxınlaşması məni çox narahat edir. Çünki Türkiyə bizim potensial düşmənimizdir. Mən ümid edirəm ki, bu birlik baş tutmayacaq".

 

Başa düşdüm ki, Azərbaycanı yalnız Rusiyanın qucağında görən, "Azərbaycanın dostu" imici ilə pərdələnmiş antitürk əqidəli rus millətçisi ilə danışıram və onun cavabını lazımınca verməsəm, başımı dik tutub gəzməyə haqqım yoxdur. "Bəli, biz Türkiyə ilə nəinki dost, hətta qardaşıq! Həmişə bir olmuşuq və bir də olacağıq!"

 

Sonra ani bir jestlə onu bloka salıb dostluğumdan rədd elədim.

 

Nə isə...

 

Maşından düşüb məzara yaxınlaşdıq. Başdaşının üstündəki yazılar ərəb əlifbası ilə yazıldığından adını, soyadını bilmədiyimiz türk qardaşımızın ruhuna dua oxuyub salavat çevirdik.                                      

 

Bibioğlunun binəsi məzardan xeyli aralıda idi. Hər iki tərəfdən yabanı (cır) nar və qaratikan koları ilə əhatə olunmuş dar, torpaq yolla irəlilədikcə elə bil içimdəki azadlığın, asudəliyin hüdudları da genişlənirdi və yuxarıda yazdığım əhvalatı xatırlayıb düşünürdüm ki, mən yanılmamışam, doğrudan da, dünyada azadlıqdan, genişlikdən, sərbəstlikdən gözəl nemət yoxdur...

 

Budur, bu da binənin girişi, bu da çoxdan görmək istədiyim əsl Qurdbasar. Yox, deyəsən, bir az tələsdim, səhvə yol verdim - axı mən onu 2 il əvvəl bibioğlugilin həyətində görmüşdüm və yaşı az olsa da, ağır oturub batman gəlməyindən xoşum gəlmişdi. Üstəlik, onu da hiss eləmişdim ki, it həyətdəki zahirən sakit, komfort həyat tərzindən narazıdır, ürəyində çölün, azadlığın, öz missiyasının həsrətini çəkir. Hətta qabağına qoyulan yeməyi də könülsüz yeyirdi.

 

Ötən 2 il ərzində Qurdbasar bir az da böyümüş, mərifət sarıdan da xeyli artırmışdı. Bibioğlu mənim ehtiyatlandığımı görüb dedi ki, qorxma, 2 il əvvəl iyini alıb, sənə toxunmaz. Doğrudan da, bizdə insan - it münasibətləri bir qədər fərqli modeldə qurulub. Bizdə it insanın sadiq dostu, bir çox qərb ölkələrində isə ailə üzvü statusunda fetişləşdirilmiş məxluqdur. Biz iti həyətdə, çöldə sevirik, onlar isə dekorativ bəzək gülləri kimi evin içində. Biz itə olan sevgimizi heç vaxt onu gəlin kimi geyindirib üz-gözündən öpməklə bildirmərik. Ona görə də insan - it münasibətlərinin bizdəki modeli, fikrimcə, daha səmimi xarakter daşıyır. Bir az sonra Qurdbasarın "centlmenliyi" fonunda buna bir də inandım: onunla şəkil çəkdirmək istəyəndə məmnuniyyətlə yanıma gəldi, əsl it pozası aldı və günün sonuna kimi mənimlə köhnə dost kimi davrandı.

 

Düzü, itin bu sədaqəti məni mütəəssir etdi. Çünki Qurdbasarın mənə bu simsar münasibəti təmənnasız və umacaqsız idi və elə fikirləşirəm ki, bir çox qəlp adamlar, sənə "dost" deyə-deyə ayağının altını qazanlar bu baxımdan Qurdbasarın əxlaqından çox şey öyrənə bilərlər...

 

Az sonra binədə sutkalıq növbə dəyişdi, o biri bibioğlu Əliəsgər "postu" təhvil verib getdi, mən və Əlihüseyn Arvan dərəsində otlayan sürünün yanına getdik.

 

Arabir ordan-burdan kəkliklərin qaqqıltısı eşidilirdi. Əlihüseynin verdiyi əhatəli arayışdan bildim ki, buralar kəkliklərin, çöl göyərçinlərinin oylağıdır, amma tülkü, çaqqal, canavar, hətta qaban sarıdan da kasad deyil. Düzü, çoxdan idi nə qoyun sürüsü, nə də mal-qara naxırı görmüşdüm. Çaqqal, tülkü, canavar, qaban, hətta dovşan ilə rastlaşdığım da  yadıma gəlmir. Ona görə də onları heç olmasa uzaqdan görməyi çox arzulayırdım. Əlihüseyn bunu hiss edəndə dedi ki, darıxma, burada hər canlının öz görünmə, ulama, vıqqıldama, xoruldama vaxtı var, axşamdan sonra itlər səhərə kimi ağız-ağıza verəndə (binədə Qurdbasardan başqa daha 2 it vardı) bu dərənin "çaqqal, canavar vaxtı" başlayacaq. Zarafatla "Başlasın da, bibioğlu" - dedim. - "Sənin o qoşalülən olan yerdə çaqqal, canavar nəkarədir ki, bizi qorxutsun?"

 

Çox da hündür olmayan bir təpənin yanında dayandıq, amma nə sürü görünürdü, nə də mələşmə səsləri eşidilirdi. Təəccüblə bibioğluya baxdım. O gülümsədi, sonra bəlkə də indiyədək eşitmədiyim qəribə bir səs çıxardı. Elə həmin andaca qarşısındakı təkə vüqarla addımlayan və üzü bizə tərəf gələn sürünü gördüm. Sən demə, qoyun sürüsü ilə çoban arasında xüsusi anlaşma işarələri olurmuş və mən binəva bundan yalnız indi - 62 yaşım olanda xəbər tuturdum.

 

Qoyunların xırtaxırtla otlamasına, yabanı nar kollarının dibinə tökülmüş turş meyvələri gözlərinə təpməsinə maraqla  tamaşa edirdim ki, qəfildən analarının yanında atılıb-düşən 3 körpə quzunu gördüm. Dünyadakı bütün canlılar kimi, qoyunun da balaları gözəl olur və mən həmin gözəlliyə sarı ikicə addım atmışdım ki, bibioğlu məni saxladı, dedi ki, indi onlara yaxınlaşmaq məsləhət deyil - sürü pərən-pərən düşəcək, gözlə axşam tutub qoyaram qucağına, nə qədər istəyirsən əzizləyərsən.

 

Günortaya yaxın bibioğlu yorulduğumu hiss elədi, zarafatla "Dayıoğlu, şəhər həyatı deyəsən, səni pis öyrədib" - dedi. - "Bu boyda azadlıqda, genişlikdə də yorulursan".

 

Düz sözə nə deyəsən!

 

Ayaqlarımı sürüyə-sürüyə binəyə qayıtdım. Onda təskinlik tapdım ki, samovara od salıb su qaynatdım, yaxşı bir çay dəmləyib içinə cır narın qabıqlarını, yarpaqlarını əlavə elədim, kəkliklərin qaqqıltısına qulaq asa-asa vurdum bədənə... və fikirləşdim ki, insan oğlu təbiətə müharibə elan etmək, Allahın yaratdığı bu cənnətməkanı  istismar etmək əvəzinə onunla qaynayıb-qarışsaydı, təbiətin təklif elədiyi qanunlarla yaşasaydı, dünyanın ən xoşbəxt, ən uzunömürlü bəndəsi olardı...

 

Axşam qaranlıq düşənə yaxın bibioğlunun qoşalülə tüfəngini götürüb çaqqallara, tülkülərə, canavarlara "mesaj" göndərdim ki, özünüzü heç olmasa bir gecəliyə yığışdırın, çağrılmamış bu qonağı narahat edib xoş təəssüratlarına soğan doğramayın.

 

Deyəsən, məni eşitdilər axı!..

 

Yoxsa gecə elə oradaca lampa işığında bu qeydləri yaza bilməzdim.

 

 

Əlisəfdər HÜSEYNOV

 

525-ci qəzet.- 2021.- 29 oktyabr.- S.12.