Bu Qələbə bəşərilik qələbəsidir...  

 

 

(Üçüncü yazı)

 

Vətən müharibəsində döyüşlər müqəddəs olduğu üçün döyüşçülər ruhən hiss etdilər ki, şəhidlərin ruhu da onların sırasındadı...

 

1993-ün yayında-payızında vurnuxan qada-bəlanın sıxıntılarını cəfakeşləriylə nəfəs-nəfəsə mənim də yaşadığım, görəsən, Zəngilanın yadındadımı? Bu qada-bəlalar böyüyəndə, kimlərsə hələ işğaldan  neçə ay əvvəl köçürülməsi üçün Zəngilana yüzlərlə yük maşını göndərəndə, təxribata uyub köçənləri görəndə bir şeir yazmışdım: "Ağlar günə qalıbsan, ağla, Rəşid Faxralı..." Oktyabrın sonlarına yaxın Sahib, Yavər, Sərvər, Surxay, Dilqəm, Mehdi, Əli, ... ürək ağrılarıyla şeirin sızıltısını pıçıldayırdı. Onda Zəngilanın göylərində qara buludlar vurnuxurdu...

 

"Həsrət" sənədli filminə yazdığım şeiri Aydın Ağasiyev bəstələmişdi:

 

Şəhidlərin göy üzündən enib gələr,

Axar suya, daşan selə dönüb gələr...

 

Vətən müharibəsində zəngilanlı şəhidlərin də ruhu döyüşənlərin sırasında olub...

 

28 il sonra yenə Zəngilandayam...

 

1993-cü ilin sentyabrın 1-i idi. Düşmən gələndə Molludan ayaqyalın qaçan uşaqlarını axtarırdı Ata. Ağalıda kənddə qalan yeganə adamdan - Şükürdən buralardan anası ilə bərabər ayağı yalın, başı açıq dörd uşağın keçdiyini görüb-görmədiyini soruşanda varımdan yox olmuşdum (aradan 28 il keçəndən sonra Ağalını yenidən görürəm. Ağalıda Azərbayvan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Ağıllı kənd" salınır. Tikinti tamamlanmasa da, indidən Ağalının yaraşığı göz doydurur. Erməniliyin izini azərbaycançılıq silib-süpürür...). Dörd cüt ayaqqabı vardı torbasında. Ata uşaqlarını kənd-kənd axtarırdı. Biçarə atanın bir çiyninə Seyidağanın, bir çiyninə mənim əlim enmişdi. Üçlükdə ruhu candan aralayan bir "Off..." yaşamışdıq. Mollulu atanı görsəm, qoşa qollarım kürəyində çarpazlaşar. İkilikdə bir şükramlığa sarılarıq...

 

28 il əvvəl Şüküratazda torpağa dirsəklənən, torpağı ovuclayan əsgərdən soruşmuşdum:

 

- Nə düşünürsən, əsgər?

 

Bir anlığa duruxmuşdu, baxışları Şüküratazın o üzünə dikilmişdi. Bircə kəlmə demişdi:

 

- Torpağı...

 

Görəsən, həmin əsgər bu mahiyyətli mükalimələşməni xatırlayırmı? Görsəm, yenə soruşaram: nələr düşünürsən, qardaş? Gülümsünər, yenə "Torpağı" - deyər. "O vaxtlar torpağı işğal hədələyirdi, indi Azərbaycan əsgərinin işğaldan azad etdiyi kəndlərdə quruculuq işlərinin əsgəri olmağı..." "Onda da gözəl düşünürdün, indi də gözəl düşünürsən..." - deyərdim...

 

28 il əvvəl İcra Hakimiyyətinin qarşısında polkovnik Firidun Şabanovun çıxışını, kapitan Bayram Məmmədovun dediklərini xatırlayıram:

 

- Üç tərəfdən mühasirədəyik. Bakıdan kömək göndərilmir. Zəngilanı özümüz müdafiə etməliyik. Döyüşə getmək istəyənlər yaxın gəlsin.

Beş-altı dəqiqənin içində 50-dən çox kişi sıradaydı. Polkovnik Şabanov yaşı 50-ni aşan kişini fikrindən daşındırmaq istəmişdi. Baxışlarının dərinliyində qəhər çırpınan kişi xahiş həddində:

 

- Üz vurma, komandir, mən də gedəcəm. Şəhid olmuş oğlumun əvəzindən döyüşəcəm, - demişdi.

 

Onun dediklərini kameraya köçürməyə ləngimişdik. Vətən naminə belə səslənişlərdə bir ilahilik olduğuna kimsə şübhə edə bilməz; görəsən, o səs ötən ilin payızında Zəfərin qüdrətinə sayğı kimi, Zəfəri ziyarət kimi yer üzünə enibmi?..

 

28 oktyabrın buludlu səhərində döyüşçü oldu həmin kişilər, ordan döyüşə getdilər. Onlardan hansını görsəm, "Koroğlu daşı"nda Baloğlan Süleymanovun özünü düşmən tankının altına atdığını xatırlayıb-xatırlamadığını soruşardım. Sezilməsi çətin olmayan qəhər içində "Xatırlayırıq..." deyərlər... 

 

Görəsən, ötən ilin noyabrına kimi bu tərəflərdə torpağın rəngi beləydimi, çəkinə-çəkinə boy göstərən çiçəklərin ləçəklərinin düzümü beləydimi, çiçəklər göy üzünə beləmi baxırdı, bulaqlar beləmi axırdı, ağacların budaqları yelləri yelləndirirdimi, ufacıq otları telləndirirmi, şimşək çaxırdımı, yağış yağırdımı... Mənə elə gəlir ki, illərlə buralarda göyqurşağı görünməyib, torpaq çiçək əvəzinə dərd cücərdib. Buralarda torpağın rəngi indi-indi özünə qayıdır. Belə qayıdışa ruhun cana qayıdışı desəm, məni qınamayın.

 

 

 

30 ildi bir vəfa borcu gündüzlər düşüncələrimdədi, gecələr yuxularımda gecələyir...

 

1993-cü ilin oktyabrın 30-da Arazın ləpədöyənindən dönüb bir də baxdığım yerlərə 28 ildi yol gəlirəm. Onda Arazın ləpədöyənində anadan olan Arazlar zəngilanlıların həsrətiylə yaşıddı. Zəngilanlılar Zəngilana dönəndə dizləri də, üzü də torpağa döşənəcək.

 

Düşmən Oxçu çayının sularını ermənilik niyyətiylə zəhərləyir. Zəngilanlılar qayıdışda Oxçu çayının axışına heyranlıqla baxacaq, baxışları suların axışına qoşulacaq... 

 

Dizi torpağa döşənənlər var, bədəni torpağın indi-indi qaysaqlayan yaralarına sarğı olanlar ürəyinin gözüylə ruhən eşitdiyi Dədə alğışının işığında göy üzünə baxacaq: "Surunuz yerisin!" Baxacaq və "Alğışın bizə bu anları yaşadanlaradı, Dədə!" - deyəcək. Bunlar da Zəfərin hökmüdü...

 

Zəfərin hökmüdü ki, işğaldan azad edilmiş torpaqlarımızdayıq. 28 ilin o üzündə qalanların xatirə kövrəkliyinə sığınıb sabahları düşünürük. Əminik ki, işğaldan azad edilmiş bütün kəndlərimiz yaxın vaxtlarda yenidən qurulacaq, camaat ev-eşiyinə dönəcək.

 

Məqamında ötüb-keçən, ata yurduna tələsən zəngilanlıları görüncə köksüm ürəyimə darlıq edəcək. Qayıdanlar bu qayıdışa ruhun cana qayıdışı deyəcək.

 

Zəfərin hökmüdü ki, o payızdan bu yana Zəngilanda da gen dərələr sellənir, çöllər-düzlər güllənir, gur bulaqlar dilə gəlib dillənir, ağacların budağında perik yellər yellənir...

 

Gizir Mehdi Mirzayev demişdi ki, kənddə Qəfəs nənədən savayı, kimsə qalmayıb. Bilməmişdim, onda kəndmi tənhalaşmışdı, Qəfəs nənəmi. Kəndin də, Qəfəs nənənin də tənhalaşması qəlbimi qana döndərmişdi. Sonralar bilmişdim ki, kənd işğal olunanda ermənilər Qəfəs nənəni öldürüb. Ata ocağına sədaqət naminə şəhid oldu Qəfəs nənə...

 

Qəfəs nənənin qəbri düşmənin dağıtdığı evləridi, indiyəcən ruhunun dolaşdığı yerdi - ata yurdudu, ata yurdunun göyləridi, ona görə də göyləri müqəddəsliyə beşik bilmişik.

 

1993-cü ilin sentyabrının sonlarıydı. Seyidağaydı, Etibarıydı, İlqarıydı, məniydim. Mahrızlılarsız mahrızlıda əsgərlərlə kəlmələşirdik. Əli əl isitmişdi, əl əldə isinmişdi. Zəngilanı müdafiə edən döyüşçüləri, şəhidləri xatırlamışdıq...

 

Əsgərlərlə Vətəndən danışırdıq, torpaqdan danışırdıq, beş-üç nəfərin qorxaqlığına görə kəndin belə boşalmasına, mal-qaranın damlarda mələrtisinə, evlərin, evlərə görə kəndin belə yazıqlaşmasından danışırdıq. Düyülən yumruqlar görürdük, çatılan qaşlar görürdük, avtomatın qundağını sıxan barmaqlar görürdük. Gördüklərimiz ümid işığına dönürdü. Bu işıq Mahrızlıdan üzü Qubadlıya, Cıdır düzünə, Şuşaya gedən yollara qarışırdı. Bu yollar əsgərlərin  baxışlarından keçirdi. Başlanğıcı əsgər ürəyi olan yolun sonunda narahatlıqla bir şükranlıq var-gəl edirdi. Döyüşlərin əzəli əsgəri ruhdu. O ruhun cazibəsindəydik. O anlarda düşmən Mollu istiqamətindən həmlə etmişdi. Qrup komandiri kimi Mehdi Mirzayevin əmri ilə əsgərlərimiz müdafiə döyüşünə qoşulmuşdu. Bir-iki dəqiqənin içində düşmənin qarşısında atəş zolağı yaratmışdılar. Biz də atışırdıq. Hansı səmtdən atış aparmaq istəyirdimsə, Baloğlan ya sağımda-solumda, ya da qarşımda peyda olurdu. Döyüşdən sonra Mehdi demişdi ki, Baloğlan səni qorumaq üçün belə edirmiş; min illərdi qonağın yeri ev yiyəsinin ürəyi olub. Müharibədə də...

 

Baloğlan döyüşlərdə şəhid olmuşdu...

 

Onun da ruhuna gözaydınlığı verəcəyik: Ruhun şad olsun, əbədiyyən 21 yaşında qalacaq qardaşım. Torpaqlarımız işğaldan azad edildi!..

Şəhid əsgərin ruhu dillənəcək, Mahrızlıda döyüşdən xeyli əvvəl mənim bir misramı (Ürəyimdə dərd ocağı qalandı) tamamladığı misranı (Biz gedərik Ana Vətən qalandı) təkrarlayacaq. 28 il sonra yenə Zəngilandayam...

 

Zəngilanın müdafiəsindən mənim ssenarimlə sənədli film üçün bir görüntü çəkilməliydi: Günəş səhər erkən Oxçu çayına düşür.

 

Dan yeri qızaranda operator Etibar Şirinlə Oxçu çayının sahilindəydik.

 

Günəşin Oxçu çayına sarılmasını bu ələdüşməz səhərin beşik nəğməsi bilmişdim. Çay boyda işıq ömür boyda sevgiydimi? Bu sevginin möhürbəndinə - göz tutduqca uzanan işıq zolağının sonluğuna Zəngilana gəlişimizin salavatı demək keçmişdi könlümdən. Günəşin şəfəqləri Tanrının Oxçu çayına biçdiyi kaftanıydı elə bil. Gözəllik düşüncələrimə duruluq suyu olmuşdu. Mənə elə gəlmişdi ki, Günəş Oxçu çayında güzgülənir. Sonrakı ezamiyyətlərdə Günəşi Oxçu çayında güzgülənən görməmişdim. Görəsən, Zəfərdən sonra Günəş Oxçu çayında necə güzgülənir?..

 

Payızın sərinliyində günəş saçına sığal-tumar verir yəqin...

 

Qayıdanda Günəşə bunca doğmalıq edən Oxçu çayına bir şeir pıçıldamışdım: Yol ver gedim, Oxçu çayı! Yəni gözəlliyini, ecazkar görünüşünü gözlərimdən üzməyincə səndən uzaqlaşa bilməyəcəm. 28 ildən sonra Oxçu çayını salamlayacam, görüncə suyunu gözlərimə sürtəcəm. 28 illik həsrətin qəhərini gözlərimdən  Oxçu çayının suyunun aparacağı ümidi (və əminliyi!) ilə! Onda bilməz idik ermənilik Zəngilana da sədəmə toxunduracaq, 1 şəhəri, 5 qəsəbəni, 79 kəndi yerlə-yeksan edəcək....

 

İşğal niyyətini, işğalçılığı 28 il Günəş də lənətləyib, Ay da.  Haqqın, ədalətin, bəşəriliyin işığı qara niyyətlərin qan düşməni olub həmişə...

 

Ötən ilin noyabrından bu yana gündüzlər Günəş, gecələr Ay Oxçu çayında da, Həkəridə də, Bəsitçayda da güzgülənir...

 

Birinci Ağalıda salınan Qardaşlıq bağı çəkir diqqətimi. Əkilən ağaclar böyüyəcək, qol-budaq atacaq, ağaclar gözəllik düzümü olacaq, duyumlulara elə gələcək ki, ağacların yarpaqları göy üzünə sığal çəkəcək; 30-35 il əvvəlin qardaşlığı deyil bu qardaşlıq. 30-35 il əvvəl qardaşlıq siyasətin buyruqçusuydu, indi siyasət qardaşlığın qardaşıdı - Qardaşlıq bağı Zəfərin bağıdı. Gözlərinə su ver, qarı dünya! Bu bağ Birinci Ağalıda salınsa da, Azərbaycanı, Türkiyəni, Azərbaycanla Türkiyənin qardaşlığını alqışlayanların hamısının ürəyində göyərir!..

 

 

Rəşid FAXRALI

 

525-ci qəzet.- 2021.- 29 oktyabr.- S.11.