Uşaqlarda dini dünyagörüşü necə formalaşdırılmalıdır?

 

Mədəniyyətin əsas daşıyıcılarından biri olan dini dəyərlər və ənənələrin gənc nəsillərə aşılanması uşaqların sosiallaşdırılması və düzgün tərbiyəsinin əsasını təşkil edir. Bu proses, eyni zamanda, uşaqların şəxsiyyət kimi formalaşmasında vacib rol oynayır. Sosioloji və psixoloji ədədiyyatda bu, uşaqların sosializasiya prosesi adlanır ki, mədəniyyətin reproduksiyası və yenidənistehsalı məhz bu proses sayəsində həyata keçir.

 

Sosiologiya üzrə fəlsəfə doktoru, Azərbaycan İlahiyyat İnstitutunun təlim-tərbiyə işləri üzrə dekan müavini Asəf Qənbərov deyir ki, tərbiyə, təhsildən fərqli olaraq, daha geniş anlayış olub, əsasən ailədə, sosial mühitdə və eyni zamanda, məktəbdə baş tutur. Tərbiyə daha çox sivil xarakter daşıyır və əsasən, icbari təhsil sisteminin kənarında cərəyan edir. Uşaqların şəxsiyyət kimi formalaşmasında vacib rol oynayan ikinci amil isə təhsildir. Təhsil həm icbari, həm də formal xarakter daşıması baxımından tərbiyədən daha məhdud proses kimi nəzərdən keçirilə bilər:

 

"Uşaqların şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayan dini tərbiyə və din təhsili problemini müzakirə edərkən, həm bu proseslərin sosial reallığı, məqsədi, məzmunu, həm də uşağın psixoloji inkişafı və uşağın ailədaxili münasibətlərinə mümkün təsirləri nəzərə alınmalıdır. Eyni zamanda, uşaqların dini tərbiyəsi ilə əlaqədar qanun tənzimlənmələri və ümumilikdə uşaqların din təhsili ilə bağlı gedən müzakirələr uşaqların dini tərbiyəsinin psixologiyası, eyni zamanda, dini tərbiyə-din təhsili fərqləri baxımından qiymətləndirilməlidir".

 

A.Qənbərovun sözlərinə görə, ilk növbədə, uşaqların din təhsilinə hansı yaşlardan hazır olduqlarını müəyyənləşdirmək üçün, onların koqnitiv (əqli) inkişafı ilə əlaqədar bəzi psixoloji konsepsiyaları nəzərdən keçirmək məqsədəuğun olardı. Bu mövzuda tanınmış isveçrəli psixoloq Jan Piaje uzun illər uşaqların koqnitiv inkişafını müşahidə edərək dərin analizlər aparıb və önəmli nəticələr əldə edib. J.Piaje hesab edir ki, uşaqlar ətraf mühiti öyrənmək baxımından dörd idrak mərhələsindən keçir: sensor-motor mərhələ, əməliyyatqabağı mərhələ, konkret əməliyyatlar mərhələsi, formal əməliyyatlar mərhələsi. Qeyd edək ki, J.Piaje əməliyyat dedikdə, əqli mühakimə; uşağın fiziki olaraq gördüyü işləri zehnində tutmaq qabiliyyətini nəzərdə tutur: "Sensor-motor mərhələdə uşaq ətraf aləmi sadəcə duyğular və hisslərlə idrak edir. Onun üçün reallıq gördüyü, eşitdiyi, toxunduğu şeylərdən ibarətdir. Bu dövrdə dini tərbiyədən danışmaq mümkün deyil, lakin bəzi psixoloqlar hesab edirlər ki, uşaq ilə valideyn arasında sıx asılılıq əlaqəsi onun gələcəkdə güclü və qoruyucu bir varlığa bağlanma ehtiyacının əsasının təşkil edir. Əməlliyatqabağı mərhələdə uşaq ətraf mühiti simvollar və ya rəmzlərlə ifadə etməyi öyrənir. Məsələn, dilin öyrənilməsi buna misal çəkilə bilər. Lakin bu dövrdə uşaq zehni üçün eqosentrizm - hər şeyə öz perspektivindən baxma və animizm - canlı və cansız olan hər şeyi iradə sahibi, canlı hesab etmə xarakterikdir. Əqli mühakimə isə bu dövrdə, demək olar ki, heç inkişaf etmir, əsas öyrənmə vasitəsi təqlid və oyun oynamaqdır. Dini tərbiyə baxımından, qeyd edilməlidir ki, bu dövr böyük əhəmiyyətə malikdir. Belə ki, uşaq müşahidə etdiyi bütün hərəkətləri, o cümlədən, dini davranışları sorğu-sual etmədən təqlid edir. Konkret əməliyyatlar mərhələsində uşağın konkret və ya əyani müstəvidə məntiqi düşüncəsi inkişaf edir. Eqosentrizm azalır, əyani məntiqi problemləri həll edə bilir. Konkret əməliyyatlar mərhələsində olan uşaqların əksəriyyəti həyatın və ölümün mənbəyi haqqında suallar verməyə, dini hadisələr haqqında düşünməyə başlayırlar. Lakin düşüncə formal və mücərrəd deyil, konkret - əyani xarakter daşıyır. Misal üçün, Allahın harada olduğu, nəyə oxşadığı və buna bənzər konkretlik ehtiva edən suallar soruşurlar. Formal əməliyyatlar mərhələsində fərd formal və mücərrəd mühakimə, ümumi məntiq qaydalarından istifadə etmə qabiliyyəti qazanır. Simvolik dil, analogiya və məcazi ifadələri, başqalarının nöqteyi-nəzəri dərk edilə bilir".

 

A.Qənbərov vurğulayıb ki, Jan Piaje koqnitiv inkişafın dördmərhələli modelini dini həyat baxımından dəyərləndirməyib. Lakin bu model dini həyat nöqteyi-nəzərindən bəzi önəmli məsələləri aydınlaşdırmağa geniş imkanlar yaradır. Belə ki, dinin ifadə tərzləri son dərəcə mücərrəd, simvolik, analogiya və metaforalardan istifadə edən bir üsluba malikdir. Uşaqlar transsendental həqiqəti konkret və gündəlik təcrübənin xaricində təsəvvür edə bilmədiyi üçün bunu kifayət qədər dərk edə bilməz. Bu üslubu başa düşə bilməsi üçün fərdin mücərrəd əməliyyatlar mərhələsində olması lazımdır ki, bu da Piajeyə görə, 11 yaşından əvvəl mümkün deyildir. Ona görə də Allahın əbədi, əzəli, hər şeyə qadir, hər şeyi bilən bir varlıq kimi təsvir edilməsi çox vaxt uşağın Allahı göydən, buludların üzərindən bizə baxan ağsaqqal baba obrazında təsəvvür etməsinə səbəb olur.

 

A.Qənbərovun dediyinə görə, din təhsili üzrə məşhur pedaqoq Ronald Qoldman "Uşaqlıqdan yeniyetməliyə dini düşüncə" adlı kitabında 11 yaşından kiçik uşaqlarda mücərrəd düşüncə inkişaf etmədiyi üçün onlara din haqqında nəsə öyrətməyin arzuedilməz olduğunu qeyd edir. Çünki bu zaman uşaq başa düşə bilmədiyi ekzistensial problemlər haqqında mücərrəd və simvolik din dili ilə ifadə edilmiş baxışlarla qarşılaşır: "Şübhəsiz, uşaqlar bu baxışları özlərinin mövcud koqnitiv inkişaf mərhələsinin düşüncə xüsusiyyətlərinə, yəni əməliyyatqabağı və yaxud konkret əməliyyatlar mərhələsinə xas olan literal anlama xüsusiyyətinə uyğun olaraq başa düşməyə çalışacaqlar. Nəticə etibarilə, dini məfhumların doğru mənası və məqsədi səhv başa düşüləcəkdir. R.Qoldman tərəfindən formal əməliyyatlar mərhələsinə çatmamış uşaqlar arasında aparılan bir araşdırmada uşaqların 80 faizinin İncildəki dini hekayələrə literal məna verdiklərini aşkar edib. Erik Marşal və Stüart Hempl "Uşaqlardan Tanrıya məktublar" adlı tədqiqatında uşaqlardan Tanrıya məktub yazmalarını istəyiblər və kitablarında bu məktublara yer veriblər. Formal əməliyyatlar mərhələsinə çatanda mücərrəd, simvolik düşüncə qabiliyyətinin formalaşdığı ilə bağlı J.Piajenin tezisi R.Qoldmanın 13 yaşındakı və daha böyük yeniyetmələr arasında apardığı tədqiqatda da təsdiqləndi. Belə ki, Qoldmanın araşdırmasında bu mərhələdəki fərdlər diqqətlərini müqəddəs kitablardakı hekayələrin literal mənasından çox, onun dərin ehtiram və hörmət təlqin edən xüsusiyyətlərinə cəmləşdirdilər. R.Qoldmanın tədqiqatları nəticəsində məlum olur ki, uşaqların əməliyyatqabağı mərhələyə aid koqnitiv inkişaf səviyyəsinə uyğun olaraq dini məfhumları səhv başa düşmələri başqa problemlərə də gətirib çıxara bilər. Qoldman, hətta uşaqların dinə literal bir məna verdikdən sonra, növbəti illərdə də dini məfhumların mücərrəd, simvolik strukturuna uyğun hərəkət etmələrinin çətin olduğunu düşünür. Uşaqlar, adətən, inanc sisteminin formalaşdığı dövr sayılan konkret əməliyyatlar mərhələsini arxada qoyaraq böyüdükcə üç seçimlə qarşılaşırlar: 1. din təsəvvürünü dinin mücərrəd, simvolik və ekzistensial xüsusiyyətlərinə uyğun olaraq dəyişdirməsi, 2. dinin literal mənasına bağlı qalmaq və bunun doğru olduğuna inanmaq, 3. dinin literal mənasının sadəlövh bir anlayış olduğunu düşünərək inkar etmək. Bu ehtimalları yaxından nəzərdən keçirdikdə, qeyd edilməlidir ki, düzgün təlim-tərbiyə nəticəsində birinci seçimin reallaşması, yəni dinin dərin mənasına və əsas məqsədlərinə yönəlmək imkan daxilindədir. Lakin sosial mühit tərəfindən literal mənada başa düşülən dini etiqada bağlı qalmaq üçün ictimai cəhətdən dəstək mövcud olarsa, ikinci seçimin reallaşma ehtimalı vardır. Nəhayət, literal mənada öyrənilən dini inanclar üçün ictimai dəstəyin olmadığı vaxt isə üçüncü seçimin, yəni bütövlükdə dini düşüncənin inkarının reallaşma ehtimalı daha çoxdur".

 

Dekan müavini qeyd edib ki, uşaqların dini təlim-tərbiyəsi və dini təhsilində onların psixoloji inkişaf mərhələlərini nəzərə almaq olduqca vacibdir. Dini tərbiyə, qeyd olunduğu kimi, əsasən, ailədə baş verdiyi üçün bu prosesi hər hansı bir şəkildə qanunla tənzimləmək mümkün deyildir, eyni zamanda, buna ehtiyac da yoxdur. Uşaqlar, təbii olaraq ailənin dinə münasibətinə uyğun şəkildə dini tərbiyə alır və bu, onun şəxsiyyətinin formalaşmasına mühüm təsir göstərir. Eyni zamanda, dini tərbiyə ailə fərdlərinin dini-mənəvi dəyərlər baxımından fikirbirliyinə varmalarına, ailənin tam mənəvi birlik olmasına xidmət edir. Deməli, uşağın ilk yaşlarından etibarən dini tərbiyəsi üçün münbit şərait olmalıdır. Və valideynlər uşaqlara dini tərbiyə verərkən, nümunəvi davranışları həyata keçirərək, bir sözlə, daha çox əməli baxımdan onlara nümunə olmalıdır. Allahın insanları bəd əməllərinə görə cəzalandırması, günahkarlıq, əzab və s. kimi mövzulardan ümumiyyətlə bəhs edilməməlidir. Çünki bu, uşaqlarda cəzalandırıcı tanrı anlayışının yaranmasına gətirib çıxara bilər: "Məktəbdə din təhsili məsələsinə gəlincə, uşaqların koqnitiv inkişaf dövrləri nəzərə alınaraq, bunun orta məktəb səviyyəsindən etibarən (11-12 yaşlardan) başlamasının daha məqsədəuyğun olduğunu söyləmək mümkündür. Qeyd olunduğu kimi, J.Piajenin və digər pedaqoqların nəzəriyyəsinə əsasən, yalnız zehni inkişafı formal əməliyyətlar mərhələsinə çatmış uşaqlar din təhsili almağa hazır vəziyyətə gəlir. Fikrimizcə, daha erkən yaşlarda fenomenoloji, müqayisəli din təhsili bir çox problemlərə səbəb ola bilər. İlk növbədə, qeyd olunmalıdır ki, məktəbəqədərki və ibtidai məktəbli yaş dövründə uşaqlar formal din təhsilinin fəlsəfi mülahizələrinə hazır deyil, məsələn, "bütün dinlər xeyirxahlığı əmr edir" kimi mücərrəd anlayışlar uşaqlar üçün çox şey ifadə etmir. Lakin Ramazan və ya Qurban bayramlarında uşaqların da iştirakı ilə ehtiyac sahiblərinə müəyyən köməkliyin göstərilməsi onlarda yardımlaşma və xeyirxahlıq duyğularının yaranmasına daha çox töhfə verəcəkdir.

 

Uşaqların dini tərbiyəsi və din təhsili ilə əlaqədar deyilənləri nəzərə alaraq, aşağıdakı nəticələri çıxarmaq mümkündür. Uşaqların dini tərbiyəsi və din təhsili onların zehni inkişaf mərhələləri nəzərə alınaraq həyata keçirilməlidir. Bu, onların şəxsiyyət kimi formalaşmasında önəmli rol oynadığı kimi, ailədaxili dünyagörüşü həmrəyliyi, nəhayət, ailənin mənəvi birlik olması baxımından da böyük əhəmiyyət kəsb edir. Məktəblərdə həyata keçirilən formal din təhsili məntiqi mühakimə dövrünə qədəm qoymuş və dinə münasibətdə müəyyən inancın yerləşdiyi uşaqlarda daha faydalı nəticələr doğuracaqdır. Nəhayət, qeyd olunmalıdır ki, uşaqların dinə münasibəti, dini şəxsiyyəti və həyatın mənası və məqsədi ilə bağlı dünyagörüşünün formalaşmasında məhz ailədəki dini tərbiyə mühüm, hətta həlledici rol oynayır".

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2021.- 29 oktyabr.- S.10.