Qara balığın ibrətamiz
nağılı
KUKLA
TEATRININ YENİ TAMAŞASININ PREMYERASI UĞURLU ALINDI
Ölkəmizdə mövcud pandemiya
qadağaları səbəbindən
az qala
iki ilə yaxındır ki, bir çox mədəni-ictimai müəssisələr
kimi teatrlar da öz fəaliyyətini
dayandırmışdı. Bu vəziyyət ən çox teatr işçilərini, aktyor
və rejissorları narahat etsə də, gördük ki, tamaşaçılar da az darıxmadılar teatr üçün. Qısa zamandır
fəaliyyətini bərpa
edən teatrlar uzunmüddətli durğunluqdan
sonra özünün
bəlkə də ən məhsuldar dövrünü yaşayır.
Tamaşa zalları dolub-daşmaqdadır.
Durğunluq sonrası ilk getdiyim sevimli Kukla Teatrı
oldu. Hər zaman həm balaca, həm də böyük yaşlı tamaşaçılarını bir-birindən maraqlı layihələri ilə sevindirən Abdulla Şaiq
adına Azərbaycan Dövlət Kukla Teatrı bu dəfə çox qısa zamanda yeni tamaşanın
premyerasıyla qarşımızda
idi.
Oktyabrın 23-də teatrın foyesi tamaşaçılarla dolu
idi. Onların arasında azyaşlılar
da vardı, böyüklər də.
Tanınmış sənətçilər,
jurnalistlər də az deyildi.
Hamımız "Qara
balığın nağılı"nın marağına
toplanmışdıq.
Səməd Behrənginin məşhur
"Balaca qara balıq" mənzum nağılı əsasında
hazırlanan tamaşanın
səhnələşdirəni Həmidə Rüstəmova,
quruluşçu rejissoru
Namiq Ağayev, quruluşçu rəssamı
İqbal Əliyevdir.
Musiqi tərtibatlı
birhissəli tamaşada
rolları Cavid İbrahimov, Aygül Ağayeva və Ramiz Qəmbərov ifa edirdilər.
Elə ilk dəqiqələrdən
kiçik replika və nüanslarla balaca teatrsevərlərin marağını cəlb
edən, onları güldürməyi bacaran
tamaşa böyüklər
üçün düşündürücü
mətləblərlə zəngin
idi.
Tamaşada "Balaca qara balıq"
nəyinsə yanlış
getdiyini düşünür. Mövcud
yaşam tərzinin tətbiq etdiyi mənasız qadağalardan
çıxmaq və hər kəsin çəkinmədən, qorxmadan
istədiyi hər bir şeyə malik ola
bildiyi böyük dünyaya can atır. Əbədi həqiqətlərin ardınca
köklənir. Anasından başqa
kimsəsi olmayan balaca balıq anasının etirazlarına
baxmadan arxdan çıxıb, öz həqiqi dünyasına qovuşmaq istəyir.
Lakin kiçik arxdan başqa heç bir yer, özü
kimi balaca balıqlardan başqa heç bir canlı tanımayan balıq üçün bu, heç də asan olmayacaqdı.
Ətrafdakı balıqlar onun
bu istəyini əsla anlamırlar.
Lakin yeniliyə, daim axtarışa can atan hər bir
kəsin qarşılaşdığı
problemlə - mühafizəkarların
tənəsi və anasının yalvarışları
ilə üz-üzə
qalır. Artıq seçim etməlidir: ya anasının getməməsi haqqında
olan yalvarışlarına
diqqət edib qaranlıq dünyada digərləri kimi hər gün daha da qaranlıqlaşmalı,
ya da bütün
yalvarışlara, bütün
tənələrə baxmayaraq,
düzgün bildiyini etməli - işıqlı
dünyaya doğru addım ataraq həyatını bütünlüklə
dəyişdirməlidir. İradəsinin və ağlının birləşmiş gücü
ilə kiçik dünyasını tərk
edərək mübarizlik
çırağını yandırır. Bu çırağın
işığı ilə
keçdiyi hər yerdə özünə tərəfdarlar toplayır,
onun bu hərəkəti
digər balaca balıqları da cəsarətləndirir...
Kiçik bədəninə və təcrübəsizliyinə baxmayaraq,
güclü iradə və qərarlılıqla
atdığı addım
balaca qara balığın həyatını
və düşüncəsini
büsbütün dəyişir. Artıq o, həyat,
dünya və ətraf aləm haqqında tamam başqa düşüncələrdir.
Bu düşüncələr onu hər dəfə
bir az
da qabağa, daha böyük cəmiyyətlərə doğru
can atmağa məcbur
edir.
Bu mübariz yolçuluqda
Qara balığın
başına nələr
gəldiyini və bu nağılın necə sonlandığını
bilmək üçün,
sözsüz, səhnə
əsərini izləmək
gərək.
Tamaşa sonrası, əsəri səhnələşdirən, peşəkar
jurnalist və mədəniyyət işçisi
Həmidə Rüstəmovayla
həmsöhbət oluruq. Həmidə xanım S.Behrənginin uşaqlıqdan oxuyub, sevdiyimiz bu əsərinin
təkcə uşaqlar
üçün deyil,
həm də böyüklər üçün
dərin mənalara malik olduğunu deyərək, bu tamaşanın da məhz bu düşüncəylə
hazırlandığını vurğuladı.
Bəzi çatışmazlıqlarına baxmayaraq, çox qısa zamanda araya-ərsəyə gətirilən əsəri
kifayət qədər uğurlu və
baxımlı hesab etmək olar. Bunu təkcə biz yox,
həm də tamaşa əsnasında bəzi
məqamlarda ürəkdən gülən, bəzən diqqətlə
səhnəni izləyən balacaların, dərin
düşüncəyə dalan
böyüklərin xoş reaksiyaları da deyirdi. Əgər bir əsər ortaya qoyduğu mətləblər haqqında
düşündürməyi bacarırsa, onun
yaradıcı heyətinə yalnız təbrik düşür.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2021.- 29 oktyabr.- S.9.