Dul qadının tənhalığı  

 

 

(Əvvəli ötən şənbə sayımızda)

 

Təbiət nəslin artırılmasına qayğı göstərir

 

Digər canlılar da həyata gələndə instinktlərinin diktəsi ilə təhlükədən uzaqlaşmağa, canını xilas etməyə çalışır.

 

Təbiət yumurta vasitəsilə nəsli artıran quşların və sürünənlərin balalarına bu qılaf rolunu oynayan qabın məhbəsindən xilas olmaq üçün onlara silah da verir, körpələrin dimdiyinin üstündəki iti çıxıntılar mişar kimi yumurtanın qabığını kəsir və onlar həyata atılmağa hazır olduqlarından, baramanı andıran yumurtanın çevrəsində yaşamaqdan azad olurlar.

 

Bunlar çox yaxşıdır, təbiət nəsli artırmağın yollarını əvvəlki andan sonadək göstərir, iki cinsin cütləşməsindən, intim yaxınlığından əmələ gələn rüşeym böyüyərək, ananın qidası hesabına ana bətnini və ya yumurtanı tərk etmək səviyyəsinə gəlir. Quşlarda və sürünənlərdə ana qidası rolunu yumurtadakı zülal - və sarı kütlə oynayır. Deməli, yenə də hələ dünyaya gəlməmiş körpəsinin qidalanması ananı məcbur edir ki, törənən rüşeymin inkişaf etməsi, böyüməsi və dünyaya gəlməsi üçün hökmən qida ehtiyatı yaratmağa da qayğı göstərsin.

 

Quşlarda və reptililərdə ananın qayğısına ehtiyac dövrü qısa olur, az sonra bala quşlar qanad açıb özünə qida toplamağa qadir olur. Körpə reptililər isə dənizdə özlərinə qida tapa bilirlər. Bunlar çox yaxşıdır. Körpə uşaqlar isə ana südü ilə qidalanır, sonralar digər yemək növlərinin istehlakına keçirlər. Bunu isə valideynlər tapır, hazırlayır və uşağı yedizdirirlər. Uşağın bir valideynini itirməsi onların həyat ukladına ağır zərbə vurur. Ana öldükdə uşaq onun hərarətindən, məhəbbətindən, nəhayət, qayğısından məhrum olur, analıq, nadir istisnalar nəzərə alınmasa, uşağa ögey münasibət bəsləyir, onun psixikasına, könlünə ağır zərbələr vurur. Bibliyada Abrahamın arvadı Sara öz uşağı doğulana qədər ərinin kəniz Haqardan olan oğlu İsmayıla o qədər də pis baxmırdı, öz oğlu İsaak dünyaya gəldikdən sonra ərini məcbur etdi ki, öz doğma oğlu İsmayılı anası ilə birlikdə evdən qovsun. Peyğəmbər Abrahamın arvadı əgər öz ərinin başqa qadından olan oğluna belə münasibət bəsləmişdisə, onda ögey oğluna qarşı hansı analıqdan azacıq da olsa bir qayğı gözləmək olar.

 

İnsan nə qədər ömür sürsə də, yaşasa da, yenidən ana bətninə bənzər qəbirə, yaş torpağa qayıtmalıdır. Ümumiyyətlə, qayıdış insan həyatının metaforasıdır. Homer iki poemasında Odisseyi Troyaya müharibəyə yola saldı, on il döyüşlərdə iştirak etdikdən sonra vətəni İtakaya dönməyə can atsa da, o, yolda çox sayda ölümcül sınaqlarla üzləşməli oldu. Çoxlu macəraları yaşadıqdan sonra evinə dönəndə, vətənindəki həmyerliləri olan kişilərin onun arvadını almaq istədiklərindən hali oldu. Sədaqətli Penelopa ona ər olmağa iddia edənlərin niyyətlərindən qorunmaq üçün hər cür vasitələrə əl atırdı, nəhayət, axırıncı vasitə kimi, kim onun ərinin yayını sazlamağı bacarsa, ona ərə gedəcəyini vəd etdi. Heç kəs yayı onun buynuzdan olan sağanağına keçirə bilmirdi. Bu vaxt Odissey yayı sazlayıb, iddiaçıları oxla vurub öldürməklə, arvadına geri qayıtdığını bildirdi. O, vətəninə 20 ildən sonra dönmüşdü və Homer bu metaforanı insan həyatının keçdiyi yol kimi qiymətləndirir.

 

Ruhiyyəyə görə, gərək Allah Hamneti və onu yetim qoymayaydı. Oğlunun da əvəzinə o, dünyanın çox sayda dərdlərini yaşamalı olmuşdu, ən ağır anlarda belə kiməsə xəyanət etməmiş, şərə əl atmamışdı. Bircə dəfə sutenyorun ondan əl çəkməsinə nail olmaq üçün dustaqxanadan gələn qardaşımın hər ikimizi öldürə biləcəyi barədə yalan işlətmiş və bu yalan onu sutenyorun zülmündən azad etməklə yanaşı, düşdüyü düz yoldan azmağının da qarşısını almışdı. Əgər halallıqdan, düzlükdən söhbət gedirsə, o, Həcc ziyarətinə gedənlərin çoxundan Allaha daha yaxın adam idi, Bibliyadakı İov (ingilislər onu Job adlandırırlar) kimi nə qədər sarsıntılara məruz qalsa da, hiyləgərlik, əyrilik yolunu tutmamışdı, yalnız bununla normal insan olduğunu təsdiq etməyə çalışmışdı.

 

Ruhiyyə ötən günlərə qiymət verərkən dəfələrlə təkrar edirdi ki, Hüseyn təkcə mənim ərim deyildi, əsl xilaskarım idi, səhrada azan bir adam ilğım arxasınca qaçıb özünü həlak etdiyi kimi, o olmasaydı, mən, bəlkə də, düz yoldan yenə sarpıb, iyrənc həyat tərzinə qayıda bilərdim, çünki ehtiyacın məni dəyirman daşı kimi əzməsinə uzun müddət dözə bilməyəcəkdim, mənə yeganə tanış olan və həm də məhv olunma vədini verən bir yola yenidən qayıtmalı olacaqdım. Mən bataqlıqdan uzaqlaşmaqla Yusif müəllimin təklifi ilə iradəmi sınaqdan çıxarmışdım, lakin heç vaxt iradəmin uzun müddət davam edəcək möhkəmliyinə çox da bel bağlaya bilməzdim, ehtiyacın yükü yenidən mənim belimi əyəcək, onun əvvəlki tək göstərdiyi yola qayıtmağa məcbur olacaqdım. Ona görə də daim möhkəm iradəyə sahib olduğumu desəm, həm özümü, həm də öz xilaskarlarımı aldada bilərdim, bu isə mənim üçün ən ağır cəza olardı. Belə fikirlər dənizində çabalamağımı Fernan Magellanın Sakit okeanda üzməsi ilə müqayisə etmək olardı. Əgər bu igid insan ən iri okeanı üzüb keçə bilmişdisə, lakin adi bir hadisədə ağıllı hərəkət etmədiyindən həyatını qurban verməli oldu. Filippin adalarına gəlib çatdıqda (bu ad sonralar adalara verilmişdi), onu qonaqpərvərliklə qarşılayan, aclıq çəkmiş dənizçilər komandasını bol qida ilə təmin edən ada əhalisinin rəhbərinin israrına boyun əyib, qonşu Maktan adasının sakinləri ilə vuruşmağa yollandı, sahil dayaz olduğundan gəmilərdən düşüb, evində qonaq olduğunun düşmənlərinin üstünə getdi və oxla dabanından yaralanıb yıxıldı və onun taleyindən bir daha heç bir xəbər olmadı. Komandasının qiyamını yatırmağa qadir olan, özü də daxil olmaqla dənizçilərin aclığa dözməsinə nail olan bir insan ağılsız dəlisovluğunun qurbanı oldu. Əgər onu kapitan kimi əvəz edən bask mənşəli Xuan Sebastyan Elkanonun fərasəti olmasaydı, Magellanın ekspedisiyası heç İspaniyaya qayıdıb, gələ bilməyəcəkdi. Magellanın donanmasından təkcə bir "Viktoriya" gəmisi İspaniya sahilinə qayıtmışdı. Dənizçilərin çoxu ölmüşdü, sağ qalanlar da sinqadan əziyyət çəkirdilər. Elkanonun özünü Hindistandan ona verilən heyva mürəbbəsi xilas etmişdi, o, çayı daim bu mürəbbə ilə içmişdi, lakin onun sehrli xüsusiyyətindən hali olsaydı, komanda üzvlərinin çoxunun həyatını xilas etmək mümkün olardı.

 

Özündən razılıq, qəbahətə yol vermiş tuzemləri cəzalandırıb, onlara öz qüdrətini göstərmək istəyi bəzən fəlakətə gətirib çıxarır. Məşhur səyyah Ceyms Kukun gəmilərinin birindən Havay adalarının sakinləri texniki məqsədlər üçün işlədilən maşanı oğurlamışdılar. Bu, elə də böyük itki deyildi, lakin Kuk tuzemlərə özünün belə hərəkətləri bağışlamadığını göstərmək üçün onları cəzalandırmaq istədi və sahilə yollandıqda tuzemlər hücum edib, onu öldürdülər. Belə versiya da vardır ki, kannibalizmin yayıldığı adanın sakinləri Kuku yemişdilər.

 

Ona görə də Ruhiyyə öz fövqəl bacarığına, fərasətinə görə öyünmürdü, bilirdi ki, ürcahına Hüseyn kimi xeyirxah, insanlığı hər cür qəbahətlərdən, qüsurlardan üstün tutan bir adam çıxmasaydı, yəqin ki, o, dünyanın ən bədbəxt adamları siyahısını heç vaxt tərk etməyəcəkdi. Ona görə də Hüseyn onun üçün sadəcə ər, uşağının atası deyildi, taleyin ona göndərdiyi bir qiymətli pay idi, təəssüf ki, bu pay da möhkəm metaldan deyil, saflığına görə büllurdan imiş və ona görə də belə tez qırıldı.

 

Bəlkə, Hüseynin vaxtından əvvəl ölümündə onun yeni arvadı, Ruhiyyənin özü günahkardır. O, cavan arvadının yanında özünü onun həmyaşıdı kimi aparmağa çalışır, yaşının çoxluğunu unudurdu. Səhhəti də onu aldatmamış deyildi, çünki özünün çox sağlam olduğuna inanırdı, heç bir xəstəliyi özünə yaxın qoymurdu. Bir dəfə sözarası dedi ki, o, həmişə sağlamlığı ilə seçilirmiş, hətta dərisi qalın olduğundan cavanlığında, Con Kennedi özünün "Mərdliyin profilləri" kimi məşhur kitabında təsvir etdiyi senator kimi çiməndə bədənini at qaşovu ilə sürtürmüş. Bəla burasındadır ki, bu beş il ərzində o, bir dəfə də olsun ürəyindən şikayət etməmişdi, evdə keçirdiyi gimnastika məşğələləri ilə yanaşı, fitnes klublarına gedir və orada haldan düşənə qədər məşq edirdi. Futbola, voleybola da professional oyunçu kimi yanaşır, oyun vaxtı yorulmaq nə olduğunu bilmirdi. Ürəyinin ona xəyanət edəcəyini heç ağlına da gətirmirdi, lakin bu xəyanət baş verdi və qarşıya qoyduğu vəzifəni heç kəsin müdaxiləsinə yol vermədən yerinə yetirdi. O, xəstələnsəydi, yataqda olsaydı, Ruhiyyə ona əsl tibb bacısı kimi baxardı, qayğı göstərməkdə Tereza anadan da üstün olduğunu sübut etməyə çalışardı. Lakin tarix feilin lazım formasını sevmir, hadisə baş verdikdən sonra ondan xilas olma yollarını axtarmaq ağılsızlıqdır. Ağır Karfagen sülhü də həmin adı daşıyan şəhəri və dövləti xilas edə bilmədi, qədim romalılar onu məhv etdilər, hətta yerini şumlayıb, oraya duz səpdilər. Təkcə sərkərdə Emilian Stsipion Afrikalı yanan şəhərin acınacaqlı mənzərəsinə tamaşa edərkən, peyğəmbərcəsinə demişdi ki, mən qorxuram ki, belə bir acı tale bir gün mənim doğma şəhərim olan Romanın da başına gələ bilər. O, elə bil ki, güzgüyə baxmışdı, yeddi əsr sonra, bizim eranın V əsrində Roma qotların işğalına məruz qalıb, xırda istisnaların da olduğu öz minillik məğlubedilməzlik haləsini itirməli oldu.

Afrikada əsən səmum yeli qızmar qarsması ilə canlıları boğaza yığır. Lakin insanların çoxunun həyatında nə vaxtsa səmum yeli əsib, onların dünyasını xaraba qoymağa çalışır. Fransanın Provansında əsən mistral isə adamlarda ağılın çaşması ilə müşayiət olunur. Belə məhvedici qüvvənin təsiri Ruhiyyə üçün yenilik deyildi, onun həyatında bədəni və ruhu yandıran küləklər uzun müddət əsmişdi. Hüseynin ölümü yenidən onu bu təhlükənin altına saldı. Lakin o, təslim olmayacaq, şər qüvvə qarşısında bayraq qaldırmayacaqdı. O, mübarizə aparacaq, çünki müdriklərin dediyi kimi, həyat mübarizədir, özü də təkcə özünün naminə deyil, Hamneti böyüdüb, boya-başa çatdırmaq naminə yorulmadan çalışacaqdır. Hamnet təkcə onun ciyərparası deyildir, həm də canından artıq sevdiyi Hüseynin yadigarıdır, onu qoruyub, atasının arzu etdiyi geniş limana çatdırmaq, xoşbəxt həyatda lövbər salmasına nail olmaq Ruhiyyənin mühüm vəzifəsi, müqəddəs borcu idi. O, səma sakini saydığı bir adamın xatirəsi qarşısında bu borcu yerinə yetirməli idi.

 

(Ardı var)

 

 

Telman ORUCOV

 

525-ci qəzet.- 2021.- 30 oktyabr.- S.22.