Toy ehtiyacı
Ölkə və xalq olaraq,
neft sənayesi ilə yanaşı,
"toy sənayesi"ndə də ilk sıralardayıq. Hətta rahatlıqla
demək olar ki, bu işdə
birinciyik.
Bizim ölkədə hər şey toy üstündə qurulub, bütün yollar toya aparır, əksəriyyətin "çörəyi
toydan çıxır".
Şadlıq sarayları,
qızıl mağazaları,
qida sənayesi, dekor, fotoqrafiya və daha bir
çox sahənin işçiləri birbaşa
və dolayı yolla bu məclislərdən
pul qazanırlar. Karantinin onlara nə qədər problem yaratdığını
təsəvvür etmək
isə elə də çətin deyil. Lakin qadağalar təkcə
onlara ziyan vurmadı. Çünki bizdə toy etmək
maddiyyatdan ziyadə, mənəvi bir ehtiyac halına gəlib. Alqışlar
belə ancaq toy nəzərdə tutularaq edilir: "O gün olsun, xoş gününə gələk",
"toyunda oynayım",
"şad gününü
görək" və
sair.
Sanki evlənib yoldaşı ilə ömrünü bir gün şirin,
çox gün acı keçirməyən
insan xoşbəxt ola bilməz.
Bu məsələnin həlli
üçün bizə
ölkə olaraq şənlik (party) güncəllənməsi
gəlməlidir. Özü də
hər proqrama daxil olanda xahiş
kimi gələn yox, etməsən onun fəaliyyətini dayandıracaq güncəllənmə.
Gəlin
və bəy olmadan da şənlik
təşkil etmək
və layiqincə əylənmək olar, lakin "balalarını yerbəyer etmək" valideynlərdə instinkt halına gəlib. Qızlardan
20-21 (əfsuslar olsun ki, bəzi ailələrdə
yaş həddi çox aşağıdır),
oğlanlardan isə
25-26 yaşından etibarən
"nə vaxt tərpənəcəkləri" soruşulur. Əksərən analar övladlarının
ailə qurmamasını
özlərinə dərd
edirlər. Problemin kökünə
getdikdə hər şeyin işsizlikdən irəli gəldiyi açıq-aydındır. Anaların böyük bir hissəsi evdarlıqla məşğuldur
və hər gün gedib gəlməli olduqları iş yerləri yoxdur. Ev təmizliyini bitirib
sarı dəsmalı
mətbəx şkafının
qarşısına sərdikdən,
bir paket salfeti göz yaşlarını silməyə
sərf edərək türk serialına baxdıqdan, yaxın qonşularla qohumların, qohumlarla qonşuların həyatını müzakirə
etdikdən sonra onların etməyə heç nəyi qalmır. Bu zaman da bir
toy edib başını
qatmaq, uzun müddət həngamə
ilə vaxt keçirməkdən başqa
bir seçim qalmır. Xüsusilə, oğul anaları
uzun müddət yeniyetmələr kimi qız şəkilləri
toplayaraq özlərinə
layiqli gəlini axtarırlar. İllərlə əziyyətini çəkib
böyütdükləri övladlarını
evləndirib nəvələrini
oynatmaq onlar üçün mənəvi
bir ehtiyacdır.
Bəlkə də, əksər
oğullar da analarının seçdiyi
gəlin ilə evlənməyi qəbul edir, uzaq-yaxın, tanıdığı-tanımadığı
qohumları əhatə
edən o qarışıqlığın
içində evlənəcəkləri
qızın necə insan olduğunu bilmədən dünya evinə girirlər. Xoş arzuların, alqışların
əhatəsində üzük
taxırlar, kənardan
bəyin boşboğaz
dostlarından biri heç də gülməli olmayan, mənasız bir zarafat edir və
hər kəs bunu gözləyirmiş kimi qəhqəhə çəkib xoşbəxt
görünməyə çalışır.
Toy gününə qədər hər bayram hədiyyə qutuları bir evdən digərinə daşınır. Dəst-dəst geyimlər, bəzək əşyaları, meyvə,
şirniyyat xonçaları,
çoxundan yaxşı
geyinmiş qoyun qız evinə aparılır.
Həmin gün çatanda
onlar qırmızı
lentli bıçaqla kəsdikdən sonra bir-birinə tort yedirir, şərbət adı altında armud düşesi içir, romantik bir musiqinin
müşayiəti ilə
heç bacarmadıqları
rəqsi edirlər. Bütün bu anları fotoqraf ustalıqla lentə alır: dəbdəbəli saraylarda
parlaq işıqların
içində bəylə
gəlinin bir-birinə
baxıb gülümsədiyi,
gəlinin yerə baxarkən bəyin gözlərini ondan çəkmədiyi, hər
kəs rəqs edərkən arxa fonun dumanlanıb bəylə gəlinin mərkəzdə qaldığı
şəkillər. Toyda gözəl
vaxt keçirmək üçün hər şey olur, lakin səmimiyyət olmur. Burada bir şey yemək də xüsusi forma alır, sanki yeməklər hazırlanma məqsədinə
xidmət etmir, göstəriş və gücünü sübut etmə aləti olur. Masanın ortasındakı çiçəyin
ətrafında dairə
boyunca yanbayan düzülən meyvə
şirələri "yallı
getməsə", orada
yeməkdən qol qoymağa yer olmasa, məclis layiqincə keçirilmiş
sayılmır. Başqalarının toylarına saldıqları
pulu yığmaq istəyən valideynlər
küçədə görsələr,
tanımayacaqları adamları
bura dəvət edirlər. Bununla da bir-birini tanımayan 700 nəfər
"tanış"dan ibarət
evlilik mərasimi təşkil olunur.
Toydan bir
il sonra nüfuzlu xəstəxanalardan birinin
qarşısında bəzəkli bir avtomobil ana, ata və körpəni evə aparır. Uşaq otağı yeni
doğulanın cinsiyyətindən asılı olaraq mavi və ya çəhrayı şarlarla
bəzənir, küncdə qurulan dekorda qızılı hərflərlə ad yazılır, qarşıdakı masada oyuncağa bənzəyən
şirniyyatlar düzülür.
Hələ başını üstündə saxlaya
bilməyən körpə daş-qaşlı paltar
geyinmiş anası ilə birlikdə onu düzgün
tutmağı belə bacarmayan
atasının qucağında kamera
qarşısına keçir. Bütün bu özünü sübut
etmə cəhdləri uşaqları və onların
uşaqlarını evləndirənədək, yəni
ömürləri hara qədər kifayət
edirsə, davam edir. Bu yaşantıların əks olunduğu
şəkillərin toplandığı alboma
baxarkən insanlar necə bu
qədər xoşbəxtdirlər deyə sual
yaranır. Evləndikləri gündən etibarən çəkilən
bütün fotolarda sevinc nəzərə çarpır, üzlərdə
gülüş var. Amma bu gülüşlərin
nə qədəri təbiidir? Bir-birini həqiqətən
tanımadan "ailə quran" insanlar həyatda xoşbəxtliyi tapa bilərmi? Bunu demək
nə qədər təəssüfləndirici də olsa, cəmiyyətdə "vaxtı gələndə"
evlənmək stereotipi yaranıb və həmin
yaşda evlənməyənləri həyatda
uğursuz hesab edirlər.
Halbuki evlənmək, o
imzanı atmaq hər kəsin bacara biləcəyi sadə bir
şeydir. Çətin olan
bir-birini tanımaq, anlaya
bilmək, pis yanlarını qəbul edib onunla həyatını
birləşdirə bilməkdir. Nə qədər ki, evlənmək yaşla
və maddi gücünü
göstərməklə əlaqədar bir
məsələ olaraq qalacaq,
bu uğursuzluq da artaraq davam
edəcək.
Gülşən NAİL
525-ci qəzet.- 2021.- 30 oktyabr.- S.18.