"Tarix müəlliminin etirafı"ndakı həqiqətlər  

 

Son 30 ildən bəri ədəbi mühitimizdə, bəlkə , elə bir müəllif tapılmaz ki, müharibə mövzusundan yazmasın. Bu da tamamilə təbiidir. Çünki əvvəl yurd, Qarabağ həsrəti, indi isə Böyük Zəfər sevincimiz bunu zərurətə çevirir. Yazıçı-publisist Meyxoş Abdulla da Qarabağ müharibəsindən çox yazıb. Bu günlərdə  yazıçının "Tarix müəlliminin etirafı" adlı hekayəsini oxudum. Hekayədə təsvir olunanlar günümüzlə birbaşa səsləşir...

 

...Ağsaçlı, yaşlı tarix müəllimi əlində əsa güclə qəbiristanlığa tərəf gedir. O, bir vaxt dərs dediyi, indi İkinci Vətən müharibəsində qəhrəmanlıqla şəhid olmuş şagirdi İbrahimin görüşünə tələsir. Günlərdi ürəyində şagirdinə deyəcəyi sözləri, etirafı söyləmək üçün özündə güc axtarır. Nəhayət, bir az güc toplayıb onun görüşünə gəlir. İbrahim mərmər daşlar arasından gülümsəyərək öz müəllimini qarşılayır. O müəllimi ki, bir vaxt dərslərinə diqqət verməmiş, üstəlik, dərsdə nadinclik , etmişdi. Ona görə müəllim, həmişə onu onun kimi şagirdləri danlayar, əlaçıları onlara nümunə göstərirdi. Amma bu gün həmin müəllim az qala yıxıla-yıxıla onun görüşünə gəlib...

 

-"O, qəbrin önünə çatanda dayandı. Başını astaca qaldırıb, qocalıqdan heydən düşməkdə olan bulanıq gözlərini, mərmər daşına həkk olunmuş şəklə dikdi. Şəkildəki hərbi geyimdə olan cavan oğlanın gülümsər baxışları o dəqiqə müəlliminin baxışları ilə toqquşdu.

 

- ... Sənsən, İbrahim, oğlum? - deyə müəllim, uzun illərdən bəri görmədiyi şagirdini şəklindən tanıdığına görə sevindi"...

 

Bu görüşdən sonra müəllim sözə başladı:

 

- "Mən orta məktəbi qızıl medalla, universiteti isə qırmızı diplomla bitirib, 40 il tarix müəllimi işləmişəm. Sən demə, həyatda savadlı olmaq, dünyanın bütün tarixini əzbərləmək, ölkələrin tarixi keçmişini bir-bir sadalamaq, eraları - buz dövrünü, daş dövrünü, dəmir dövrünü, bilim daha dövrünü şagirdlərin yaddaşına yeritmək tarixi anlatmaq deyilmiş. Bunlar yalnız kitabda yazılanları şagirdlərin beyninə zorla yeritməkdən başqa bir işə yaramırmış. Tarixi əzbərləmək yox, tarix yazmaq lazımmış, sənin kimi, oğul...

 

Bağışla məni, oğlum, bilirsən, necə peşmanam. Bu gün mən səndən çox şey öyrəndim. Sən mənə tarix dərsi keçdin, tarix dərsi öyrətdin, oğlum. Yadımdan heç vaxt çıxmayan bir tarix dərsi.

 

Kaş, bu həyata bir dönə biləydik... Onda səndən öyrəndiyim, sənin yazdığın tarix dərsini, bilirsən şagirdlərimə necə həvəslə öyrədərdim?!"  Bəli, doğrudan da bəzi şagirdlər erkən yaşdan, sanki fitrətən öz yolunu seçir, sevdikləri peşənin arxasınca gedirlər. Buna görə, bəzi fənlərə ayrıca maraq göstərir, başqalarına həvəsləri olmur. Şagird var ki, dərsi gec qavrayır, yazı yazmağa həvəsi olmur sair. Çox vaxt müəllimlər, valideynlər bunu anlamaq istəmirlər, ona acı sözlər deyirlər. Özünü nümayiş etdirən valideyn isə kisənin ağzını açır, o kurs sənin, bu müəllim mənim, sanki elmi, biliyi satın alacaq.... Amma olmur, görürsən ki, bu uşaq başqa sənətə, ayrı peşəyə könül verib...

 

"Tarix müəlliminin etirafı" önəmli mesajlar verir. Kitabları əzbərləyən, başı saat kimi çalışanlar yox, bəzən İbrahim kimi zəif oxuyan, öz yolunu seçən oğullar əsl qəhrəmana çevrilirlər...

 

Görəsən, bütün uşaqlar əlaçı olsaydı, necə olardı? O qədər inasanlar tanıyırıq ki, əlaçı olub, ali təhsillidi. Amma sadəcə operator işləyir. Çünki oxuduğu sənət ona yapışmır, heç onun ardınca getmək istəmir...

 

Yadıma çoxdan izlədiyim kiçik bir film düşür. Ana çox qəzəblənir oğluna bir şillə vurur. Deyir ki, mən bu qədər əziyyət çəkirəm ki, sən oxuyasan, amma zəhmətimi itirdin. Aylar dolanır, illər keçir. O alitəhsilli, hamının fəxr elədiyi, çoxunun həsəd apardığı oğlan içki düşkünü olur atasının mal-dövlətini havaya sovurur. Uşaq vaxtı gözdən-könüldən uzaq, heç kəsin sevmədiyi, indi yaxşı dülgər kimi ad-san qazanmış həmin  oğlanı o ali təhsili heç bir işə yaramayan, içki düşkünü əmisi oğluna nümunə göstərirlər. Filmdə babanın söylədiyi kimi, adam böyütmək lazımdı...

M.Abdullanın Qarabağ mövzusunda əsərləri çoxdur. Onun "Komandirin yuxusu", "Nəğmə müəllimi", "Papaq", "Əsgər anasının borc dəftəri" və digər hekayələri də müharibə ilə bağlı hadisələrin inandırıcı, təsirli ifadəsidir.

 

 

 Mina Rəşid

 

525-ci qəzet.- 2021.- 30 oktyabr.- S.18.