İslam dinində tolerantlıq
anlayışı və ənənəsi
Tolerantlıq sözü dözmək, qəbul etmək
kimi mənalara gəlir. Bir termin kimi tolerantlıq
başqasının azadlıq və hüququna hörmət
göstərməkdir. Bu termin din
sözü ilə bir tərkibdə dini tolerantlıq mənasında
daha çox istifadə edilir. Dini
tolerantlıq hər bir din mənsubunu öz mövqeyində qəbul
etmə və bunu həyata keçirmə düşüncəsidir.
Bununla birlikdə tolerantlıq sərhədsiz
bir anlayış da deyil.
Azərbaycan İlahiyyat İnstitutunun tədrisin təşkili
və təlim texnologiyaları üzrə prorektoru Mübariz
Camalov deyir ki, İslamda dini tolerantlıq "Dində məcburiyyət
yoxdur.
Artıq doğruluq azğınlıqdan ayırd edildi. Hər
kəs Taqutu (Şeytanı və ya bütləri) inkar edib
Allaha iman gətirsə, o, artıq ən möhkəm bir ipdən
yapışmış olur. Allah eşidəndir,
biləndir!" şəklində prinsip və təcrübə
kimi ortaya qoyulub. Müsəlmanların siyasi və hərbi güc əldə
etməsindən sonra nazil olan bu ayə həzrət Peyğəmbər
tərəfindən fərqli din mənsublarına
qarşı tətbiq olunub. Müfəssirlər də
ayədəki "məcburiyyət" sözünü təfsir
edərkən dinin sahəsinin məcburi deyil, ixtiyari
olduğundan çıxış edərək heç kimin
İslam dininə girməyə məcbur edilə bilməyəcəyini
vurğulayıblar: "Kafirun surəsinin 6-cı ayəsi də
dini tolerantlığın əsasını dəstəkləyən
başqa bir hökm gətirmişdir. Ayədə "Elə
isə sizin dininiz sizə, mənim dinim də mənə"
buyurularaq insanların fərqli inanclara sahib ola
biləcəkləri təsdiqlənmişdir. Bu
inanc və anlayışlar nə qədər yanlış
olsa da, varlıqları inkar edilə bilməz.
Praktik həyatda da həzrət Peyğəmbər və
onun davamçıları Quranın gətirdiyi bu düsturu
mümkün olduğu qədər tətbiq etməyə
çalışıblar. Xüsusilə, həzrət
Peyğəmbərin qeyri-müsəlmanlarla
bağladığı müqavilələrdə qarşı
tərəfə heç bir təzyiq göstərmədiyi
çoxsaylı hadisələrdə öz əksini
tapmışdır. Hətta Hüdeybiyə
müqaviləsi əsnasında onun adının
qarşısındakı "rəsul" sözünün
müqavilə mətnindən çıxarılmasına belə
etiraz etməyib".
M.Camalovun
sözlərinə görə, azlıq bir ölkədə
sayca çox olan kütləyə nisbətlə din, dil, irq
kimi fərqliliklərə sahib az sayda olan
xalq, camaat və topluluqlara verilən addır. Bu
termin XVI əsrdə Avropada dini fərqlilikləri ifadə etmək
üçün ortaya çıxarılıb və o zamandan
bəri istifadə edilib. Ancaq zamanla
azlıq sadəcə din deyil, dil, irq və mədəniyyət
fərqliliyi göstərən qruplar üçün də
işlədilmişdir. Beləliklə,
literaturda dini azlıq, milli azlıq kimi terminlərə rast gəlmək
mümkündür. İslam
dünyasına gəlincə, azlıq bir termin kimi yeni-yeni tələffüz
edilsə də, əslində, mahiyyət etibarilə
İslamın ilk dövrlərindən etibarən mövcud
olmuşdur. Klassik fiqh ədəbiyyatında
azlıq dini fərqliliyi ifadə etmək üçün
istifadə edilmiş və bunlara, yəni İslam ölkəsində
yaşayan qeyri-müsəlmanlara "zimmi" adı verilib.
Avropadan fərqli olaraq İslam dünyasında
azlıq məfhumu dini fərqlilik üçün istifadə
edilib, dil, irq və mədəniyyət kimi fərqliliklər
burada nəzərə alınmayıb. Çünki
İslam dininin gətirdiyi dəyər anlayışına
görə, insanlar dil və irq kimi doğuşdan gələn
xüsusiyyətlərə görə təsnif olunmaz. İnsanlar yalnız Allaha qarşı təqvalı
olmaqla bir-birindən fərqlənə bilər. Bunun isə insanın əldə edəcəyi
haqlara hər hansı bir təsiri yoxdur.
Prorektor
bildirib ki, İslam ümumbəşəri bir din olduğu
üçün onun gətirdiyi hökmlər sadəcə
müəyyən bir bölgə, din yaxud millətlə
bağlı deyil, bütün bəşəriyyəti əhatə
edir. Buna görə də, xüsusilə,
hüquq sahəsində İslam ölkəsində yaşayan
qeyri-müsəlmanlarla bağlı çoxsaylı hökmlər
mövcuddur. Bunun ən gözəl
nümunəsini İslamın ilk dövrlərində görmək
mümkündür. Belə ki, həzrət
Peyğəmbər Mədinəyə hicrət edib ilk
İslam dövlətini qurduqdan sonra həm Mədinədə
yaşayan, həm də bütün Hicaz bölgəsindəki
yəhudi və xristianlarla qonşuluq və siyasi əlaqələr
qurmağa çalışlar. Şübhəsiz,
bu əsnada mənfi münasibətlər də yaranıb.
Məsələn, Mədinə xristianları
müsəlmanlarla birgə yaşamağı qəbul etməyib,
Məkkəyə köçüb və hətta Uhud
döyüşündə müsəlmanlara qarşı
müşrik ordusu arasında yer alıb. Ancaq
bu, həzrət Peyğəmbərin onlarla sülh çərçivəsində
münasibət qurma cəhdində olmadığını
göstərməz. Çünki həzrət
Peyğəmbərin, xüsusilə, əhli-kitab olaraq
adlandırılan yəhudi və xristianlara yaxın münasibəti
tarixən məlumdur. Hətta Məkkə dövründə
müsəlmanların müşrik zülmündən
qaçıb sığındıqları ilk yer xristian bir
ölkə olan Həbəşistan olub: "Mədinəyə
hicrətdən sonra isə həzrət Peyğəmbərin
xristianlarla ilk təması onları İslama dəvət etmək
oldu. Bunun üçün həzrət Peyğəmbər
qonşu xristian ölkələrin rəhbərlərinə
ayrı-ayrılıqda İslama dəvət dəvət məktubları
göndərib. Bunların bir qismi bu dəvətə
hədiyyələrlə cavab vermiş, bir qismi isə təklifi
rədd ediblər. Eyni şəkildə Mədinə
ətrafındakı xristian qəbilələrdən
İslamı qəbul edən, sülh müqaviləsi
bağlayan yaxud döyüşdə məğlub olaraq
İslam hakimiyyətinə tabe olanlar olub. Bundan
əlavə, Mədinədə yəhudilərin ibadət
etdiyi və təhsil fəaliyyətləri ilə məşğul
olduğu Beytul-Midras adlı bir müəssisələri
vardı. Həzrət Peyğəmbər
buraya müdaxilə etməyərək, onlara həm ibadət,
həm də təhsil azadlığı verib. Hətta bəzən buraya gələrək, yəhudiləri
ziyarət edib". Onun sözlərinə görə, İslam
hüququnun dövlət anlayışına görə bir
dövlət hakimiyyət, ölkə və xalqdan meydana gəlir.
Bunlardan hakimiyyət ünsürü Allah və Peyğəmbər
adına idarəçilərə aiddir. Peyğəmbər ona inananlardan beyət alaraq ilk
İslam dövlətini qurmuş, xəlifə və sultanlar
da bu əsasdan çıxış edərək İslam cəmiyyətlərini
idarə edib. Ölkə isə müəyyən
bir siyasi hakimiyyət altında birləşən xalqın
yerləşdiyi ərazini bildirir. İslami
anlayışa görə müsəlmanlar arasında mənəvi
bir bağ olduğu üçün İslam hökmlərinin
tətbiq olunması baxımından dünya darul-islam və
darul-hərb olmaqla iki qismə ayrılıb. Burada
müsəlmanların can və mal təhlükəsizliyi
içində olduqları və İslam dinini yaşaya bildikləri
ölkə darul-islam, yəni İslam ölkəsi
adlandırılıb.
Bir İslam ölkəsində yaşayan xalq İslama
görə üç qismə ayrılır. Bunlar müsəlmanlar,
zimmilər və müstəmənlərdir. Müsəlmanlar İslamı qəbul edən və
onlara İslam hökmlərinin tətbiq olunduğu
insanlardır. Zimmilər İslam ölkəsinin
vətəndaşlığını qəbul edən
qeyri-müsəlmanlardır. Müstəmənlər isə
İslam ölkəsinin vətəndaşlığını
qəbul etməməklə birlikdə İslam ölkəsinə
girmək və orada müvəqqəti yaşamaq icazəsi
almış qeyri-müsəlmanlardır:
"Zimmilər İslam ölkəsi vətəndaşı
olduqları üçün birbaşa dinlə bağlı
olmayan ictimai işlərdə çalışa bilərlər. Ancaq dövlət
başçılığı və qazilik kimi dinlə əlaqəli
yüksək vəzifələrə gətirilmələri qəbul
edilməmişdir. Bununla birlikdə zimmilər
şəxsi haqq və azadlıqlardan eynilə müsəlmanlar
kimi faydalana bilərlər. Burada səyahət
və məskən haqqı ilə bağlı yeganə
istisna zimmilərin Hicaz bölgəsinə
buraxılmamasıdır. Mal, can, namus və
məskən toxunulmazlığı baxımından müsəlmanla
zimmilər arasında bir fərq yoxdur. Zimmilərə
din və vicdan azadlığı verilər, ibadətlərini
sərbəst yerinə yetirə biləcəkləri kimi, evlənmə,
boşanma, nəfəqə və miras kimi hüquqi
mövzularda da öz dini anlayışlarına görə əməl
edə bilərlər".
M.Camalovun dediyinə görə, Fəzlur Rəhman dini
azlıqlar haqqında "Non-Muslim Minorities in an Islamic
State" adlı bir məqalə qələmə alıb. O, bu məqaləni Tomas
Mişelin "The Rights of Non-Muslims in Islam: An Opening
Statement" adlı məqaləsinə cavab olaraq yazıb. Fəzlur Rəhman bu məqaləsindəki əsas
müddəasını bütün cəmiyyətlərdə
mövcud olan ümumbəşəri dəyərlərə əsaslandırır.
Onun fikrincə, sekulyar dəyərlərə sahib olanların
irəli sürdükləri əsaslar da, nəticə etibarilə,
ilahi dinlərin gətirdiyi prinsiplərdə qeyd edilmişdir:
"Ancaq ümumiyyətlə, dini azlıqların haqları
ilə bağlı əsas problem müxtəlif dinlərin gətirdiyi
qanun-qaydalar arsındakı ilk baxışda kiçik
görünən, əslində isə həll edilməsi
çox çətin olan fərqlərdir. Fəzlur Rəhman
hinduların hindu olmayanlara və yəhudilərin
yəhudi olmayanlara qarşı baxış tərzini buna
nümunə kimi göstərir.
Fəzlur Rəhman bütün dinlərin gətirdiyi ümumbəşəri dəyərlərin zəruriliyini qeyd edərək, əvvəlcə Qurani-Kərimdə digər din mənsublarına qarşı münasibətə yer verir. Məhz bununla bağlı olaraq Qurani-Kərimin özü haqqında bildirdiyi və onun bu mövzuda ilk ağla gələn xüsusiyyəti daha öncə bəşəriyyətə göndərilməmiş yeni bir kitab olmamasıdır. Qurani-Kərimin bu açıq-aşkar bəyanına görə bütün dinlər eyni ilahi mənbədən gələn ümumbəşəri qanunlar mənzuməsi olub. Beləliklə, digər din mənsublarının həqiqətin öz əllərində olduğu iddiasının əksinə, Qurani-Kərim başlanğıcdan etibarən hidayət yolunun ümumbəşəri olduğunu bildirib və üstünlüyün millətə, yaxud inanc qruplarına görə deyil, bu hidayət yolundakı məqama görə müəyyənləşəcəyini elan edib. Bunun zəruri nəticəsi kimi Quranın gətirdiyi iman anlayışına görə bütün peyğəmbərlərə inanmaq şərtdir".
M.Camalov vurğulayıb ki, Tomas Mişel İslam cəmiyyətlərində işə qəbul sahəsində və daha sonra da karyera yüksəlişində qeyri-müsəlmanlara nəzərən müsəlmanlara üstünlük verildiyini qeyd edir. Mövzu başlığı fərqli olsa da, müəllifin işarə etdiyi bu məsələ də mahiyyət etibarilə nəzəriyyə ilə praktika arasındakı uyuşmazlığın məhsuludur. Halbuki İslam dininin bu məsələyə münasibətinin çox həssas olduğu hamıya məlumdur. Maidə surəsinin 8-ci ayəsində bu mövzuya belə işarə edilir: "Ey iman gətirənlər! Allah qarşısında (borcunuzu yerinə yetirməkdə) sabitqədəm və ədalətli şahidlər olun. Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır. Allahdan qorxun. Allah etdiklərinizdən xəbərdardır!" Fəzlur Rəhman bu ayəyə işarə edərək İslamdakı ləyaqət anlayışının, hətta düşmənləri də əhatə etdiyini qeyd edir: "İbadət azadlığı və din təbliği. İslamın azadlıq anlayışının əsasında inanc azadlığının olduğunu demək mümkündür. Qurani-Kərimdəki "istəyən inanar, istəyən inkar edər" və ya "dini qəbul etmədə məcburiyyət olmaz" şəklindəki aşkar prinsipləri buna misal kimi qeyd edə bilərik. Nəticə olaraq demək olar ki, tolerantlıq bir cəmiyyətin sahib olduğu ən ülvi dəyərdir. Bunun fərqində olan müsəlmanlar Quranın açıq bir şəkildə əmr etdiyi, Peyğəmbərin də öz həyatında bunun necə tətbiq olunacağını göstərdiyi dini tolerantlığı dinin əsaslarından biri kimi qəbul etmiş və bunu diqqətlə tətbiq etmək üçün əllərindən gələni əsirgəməyiblər".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2021.- 30 oktyabr.- S.17.