“Ağdam həmişə
paytaxt olub, amma Qarabağın”
Dostumuz Qudrət
Həsənquliyev təklif
edib ki, Ağdamı Azərbaycanın
paytaxtı elan eləsinlər. Zaman-zaman paytaxtın köçürülməsi
gündəmə gəlir
və hərə də bir yer
göstərir. Təbii ki,
paytaxtın köçürülməsi
Bakının həddən
artıq yüklənməsi
ilə gündəmə
gəlir. Əvvəla, paytaxt köçürmək
o qədər də asan məsələ deyil, bunun üçün
bəlkə də Azərbaycanın illik büdcəsi qədər
vəsait lazımdır.
İkincisi, Bakı elə bizim paytaxtımızdır
və dünyanın ən gözəl şəhərlərindən biridir.
Qaldı şəhərin həddən
artıq yüklənməsinə,
bunun səbəblərindən
biri Qarabağın işğal altına düşməsi olub və Qarabağ camaatının 60-70 faizi Bakıya köçmək
məcburiyyətində qalıb.
Şükürlər olsun ki, artıq
Qarabağ işğaldan
azad edilib və bölgədə çox böyük işlər görülür. Uzaqbaşı, 4-5 ilə hamı öz doğma elinə-obasına, torpağına
qayıdacaq. Doğma torpağın
nə qədər müqəddəs olduğunu
torpaqda yaşayanlar və ən başlıcası da torpağını itirənlər
çox gözəl bilirlər.
Bundan əlavə,
regionlarda (qeyri-Qarabağ
nəzərdə tutulur)
iqtisadiyyat inkişaf edir, bu təkcə
sosial abadlıq işləri deyil, yeni-yeni müəssisələr,
fabrik və zavodlar açılır. Yəni regionlardan
Bakıya işsizliyə
görə gəlmiş
insanlar da artıq yavaş-yavaş geri qayıdır.
Gələk Ağdamın paytaxt olmasına. Ağdam əslində paytaxtdır,
amma Qarabağın paytaxtıdır.
Dəfələrlə yazmışam və yenə də yazıram, ən azı təkrar biliyin anası olmasa da dayısıdı.
Ağdam
Qarabağın mərkəzində
yerləşir: Füzuliyə
- 48, Ağcabədiyə - 48, Bərdəyə - 48, Şuşaya
- 37, Xankəndinə - 25, Tərtərə
və Ağdərəyə
- 35, Laçına - 73, Kəlbəcərə
- 80 və Qarabağın
qapısı Yevlaxa -
70 kilometrdir. Qubadlı,
Zəngilan, Cəbrayıla
da təxminən 70-75
kilometrdi.
Ona görə
də Pənah xan Ağdamı Qarabağın mərkəzi
şəhərinə, müasir
dillə desək, paytaxtına çevirmişdi. Və Pənah
xan Ağdamı inkişaf etdirmək üçün, müasir
dillə desək, oranı «Azad iqtisadi zona» elan etmişdi
və bu şəhərə investisiya
yatıranlardan heç
bir vergi tutulmurdu. Bu səbəbdən
də Qarabağın
ətraf rayonlarında
nə qədər imkanlı adam
vardı hamısı
Ağdama axışırdı
və burda həmin dövrə uyğun obyektlər, sexlər, yüngül fabriklər və sair və ilaxır
açırdı. Nəticədə Ağdam Azərbaycanın
ən böyük ticarət mərkəzlərindən
birinə çevrilmişdi.
Şənbə-bazar günləri Ağdama Qarabağın bütün bölgələrindən,
hətta Ermənistandan
10 mindən çox adam gəlirdi.
Yerli əhali adətən şənbə-bazar bazara
çıxmazdı, tünlüyə
görə.
İndi Möhtərəm Prezident
İlham Əliyev Ağdamı yenidən tikir, özü də sıfırdan başlayaraq. Və yaxın gələcəkdə
bu şəhərdə
100 mindən də artıq adam
yaşayacaq. Şəhər
hazır olandan sonra burda müxtəlif
ali məktəblər
açılacaq, təbii
ki, kənd təsərrüfatı ilə
məşğul olan nazirliklər və komitələr də Ağdama köçürüləcək
və Baş planla tanış olsanız görərsiniz
ki, yeni tikilən Ağdam əslində kənd təsərrüfatı rayonu
kimi deyil, sənaye rayonu kimi qurulur. Ağdamda əvvəllər
də bir xeyli sənaye müəssisəsi, zavod və fabriklər vardı. Yəni əhalinin işlə
təminatı yüksək
səviyyədə həll
ediləcək.
Hazırda Bərdə-Ağdam dəmir
yolu sürətlə
çəkilir. Bərdə-Ağdam şosse yolu
demək olar ki, hazırdır, asfaltlaşmaya başlayır,
küçələri qaydaya
salınır, bir sözlə, icra strukturu qurulur.
Ağdam İlham Əliyevin şəhəri olacaq. Ümumiyyətlə, Qarabağda yenidən tikilən şəhərlər
öz adlarını saxlasalar da, tarixdə İlham Əliyevin şəhərləri
kimi qalacaq. Bu ayrı bir
yazının mövzusudur,
inşallah, onu da yazaram.
Atam bizə
nağıl danışardı. Böyüyəndən sonra gördüm ki, atamın danışdıqları nağıl
deyilmiş, tariximiz imiş. Sadəcə olaraq, nağıl
formasında danışırmış
ki, anlaya bilək.
Məsələn, atamın nağılları
belə başlayardı:
- Biri var idi,
biri yox idi, bir xanlar
xanı Çingiz xan vardı…
Mən də övladlarıma heç vaxt «Məlikməmməd» nağılı
danışmadım, tarixi
nağıl formasında
söylədim:
- Biri var idi,
biri yox idi, bir şahlar
şahı Şah İsmayıl vardı…
Və bir də həmişə
deyirdim:
- Bakı bizim paytaxtımızdı, Şuşa göz bəbəyimizdi, Ağdam
da ürəyimizdi!
Bəli,
Bakı bizim paytaxtımızdır! Şuşa
göz bəbəyimizdir!
Qaldı Ağdama, o da ürəyimizdir!
Aqil Abbas
525-ci qəzet.- 2021.- 30 oktyabr.- S.15.