"Bir müəllimin
manifesti"
YAXUD
ADA-nın YENİ TƏŞƏBBÜS-LAYİHƏSİ
ÜZƏRİNDƏ DÜŞÜNCƏLƏR
Üçüncü
minilliyin ilk illərindən başlayaraq müstəqil Azərbaycan
Respublikasında gedən coşqun sosial-iqtisadi, mənəvi-ideoloji
hərakat get-gedə daha çox bir mühüm hədəfə
yönəlməkdə idi ki, bu, keçən əsrin
müxtəlif dövrlərində (həm də məhz
ümumi bir dövlətin tərkibində guya bərabərhüquqlu
olarkən) xalqımıza qarşı edilən ədalətsizliklərə
son qoymaq, ərazi bütövlüyümüzü təmin
etmək və nəticə etibarilə, beynəlxalq aləmdə
söz sahibi olan hər cəhətdən özgür bir
ölkəyə çevrilməkdən ibarət idi. Həmin hərəkatın tarixi əsasında, hər
kəsə məlum olduğu üzrə, Azərbaycan
xalqının Ümummilli lideri Heydər Əliyevin yarım əsr
ərzində müstəqillik uğrunda apardığı
ardıcıl mübarizənin son dərəcə
böyük təcrübəsi dayanırdı. Və bu zəngin irsə yüksək ləyaqət,
cəsarət və peşəkarlıqla varislik edən
Prezident İlham Əliyev mənsub olduğu xalqın milli
ideallarının gerçəkləşməsi yolunda ən
uğurlu addımları atmağa nail oldu. məsələ yalnız onda deyil ki, Sovet
dövründə zəbt olunmuş ərazilərimiz Ali
Baş Komandanın bilavasitə rəhbərliyi ilə azad
edildi, həm də ondadır ki, daha əvvəlki dövrlərdəki
ərazi itkilərimiz barədə anlayışlar da
genişlənərək tarixə sahib çıxmaq əzmimizi
aydın məcraya yönəltdi.
Əlbəttə, bu Zəfər ən azı iki mənada
Tarixidir - birincisi, biz bu Zəfərə tarix yarada-yarada gəldik;
ikincisi isə, bu Zəfər bizə bundan sonra
yaradacağımız Tarixin üfüqlərini göstərməklə
milli ruhumuzu təzələdi.
ADA-nın
yeni təşəbbüs-layihəsi İlham Əliyevin Ali
Baş Komandanlığı ilə qazanılmış
möhtəşəm Zəfərin xüsusilə o mənada
əks-sədasıdır ki, həmin Zəfərin hələ
bundan sonra yeni-yeni uğurlara vəsilə olacağını,
cəmiyyətimizin elmə, maarifə, mədəniyyətə
marağının daha da artacağını xəbər verməklə
yanaşı, görülməli işlərin, həyata
keçirilməli proqramların, bu yolda çəkiləcək
zəhmətin miqyası barədə tam təsəvvür
yaradır. Universitetin bugünə qədər həyata
keçirdiyi çoxsaylı layihələrin, əksəriyyəti
milli maarifçilik ənənələrini qoruyub
saxlamağa, yeni dövrün tələblərinə
uyğun şəkildə tətbiq etməyə
hesablanmışdır ki, burada biri digərini tamamlayan iki zəruri
atributun qarşılıqlı əlaqəsinə əsaslanıldığı
aydın görünür: onlardan birincisi millilik, ikincisi isə
müasirlikdir.
ADA
Universitetinin rektoru, professor Hafiz Paşayev AZƏRTAC-ın
yaydığı "Qazax Müəllimlər Seminariyası
və "Bir müəllimin manifesti" təşəbbüsü"
məqaləsində (21 may 2021-ci il) göstərir ki, "Azərbaycanın
işğaldan azad edilmiş torpaqlarında suverenliyini möhkəmləndirəcək
yenidənqurma işlərinin ən qabaqcıl və müasir
şəkildə aparılmasına dair Prezidentin
tapşırıqları ölkənin təhsil və elm icması
qarşısında yeni vəzifələr qoyur. Böyük Qayıdış prosesinin hərtərəfli
həyata keçirilməsi və gələcək nəsillər
üçün dayanıqlı olması ölkədə
mükəmməl təhsilli insan kapitalının
yetişdirilməsini zərurət edir".
ADA-nın
bir xidməti elmin, maarifin bir xalqın taleyində nə qədər
həlledici olduğunu ardıcıl təbliğ edərək
hər cür dağıdıcı ideyaların, xurafatın
geniş yayılmaq imkanı olduğu müasir cəmiyyətdə
sağlam mənəvi-intellektual iqlim yaratmağın əhəmiyyətini
daim vurğulamaqdırsa, ondan da vacib digər xidməti həmin
"cəbhə"də yorulmadan praktik fəaliyyət
göstərmək, xüsusilə dəyərli bədii,
elmi, publisistik mənbələri nəşr etdirərək
xalqın istifadəsinə vermək, milliliklə
müasirliyin dialoqunu nümayiş etdirən görüşlər,
müzakirələr keçirmək və bu yolda
çalışan elə yeni peşəkar kadrlar
hazırlamaqdır ki, cəmiyyət öz gələcəyindən
əmin olsun.
Sözügedən məqaləsində "təhsilin
keyfiyyət göstəricisi şagird və tələbədirsə,
bu keyfiyyətin təminatçısı müəllimdir. ADA Universiteti
özünün müəyyənləşdirdiyi təhsil
standartlarına çatması üçün ilk gündən
müvafiq tələblərə cavab verən müəllimlərin
aşkarlanmasını qarşısına məqsəd qoyub.
Bu, Universitet üçün ardı kəsilməyən bir
prosesdir" deyən rektor onu da əlavə edir ki, "əgər
başlanğıc mərhələdə ADA-nın müəllimləri
Azərbaycanın müstəqilliyinin ilk illərində elm həvəsi
ilə xaricə gedən, bakalavr, magistr və doktorantura
üzrə dünyanın aparıcı ölkələrində
təhsilini bitirənlər idisə, son illər onların
sırasına Xaricdə Təhsil Dövlət
Proqramının məzunları
qoşulmağa başlayıb. Və ümid edirik ki,
növbəti illərdə onların sırasına Azərbaycan
Respublikasında ali təhsil sisteminin beynəlxalq
rəqabətliliyinin artırılması üzrə Dövlət
Proqramının yetirmələri də qatılacaqlar".
Göründüyü kimi, ADA yarandığı
gündən öz işinə sadəcə vəzifə
borcunu yerinə yetirmək kimi yox, sözün klassik mənasında
missiya kimi yanaşmış, vaxtaşırı olaraq
keçilmiş mərhələləri təhlil etmiş, gələcək
perspektivləri proqnozlaşdırmışdır. Və ən
mühümü də odur ki, xalqa xidmət məsuliyyətini
heç zaman unutmamışdır.
Hafiz Paşayev deyir ki, "biz ölkəmizin gələcəyinin
bugünün sinif otağında qurulduğunu dərk edirik. Buna görə
də tələbələrlə işlərimizdə
addımlarımızı məhz Azərbaycanın gələcəyini
düşünərək atırıq. Yüzlərlə
gəncin qarşısına çıxan müəllim tək
sahəsi üzrə biliyi deyil, həm də şərəf
və ləyaqəti, ali tutduğu dəyərləri, sadiq
qaldığı prinsipləri, davranış tərzi, tələbələrə
yanaşması və qayğıkeşliyi, Vətənə
xidmət ehtirası və maarifçiliyi, elm və tətbiqdə
yenilikçi ruhuna görə nümunə
olmalıdır".
Bu sözlərin tarixi dəyəri bir də ondadır
ki, onlar XXI əsrdə Azərbaycanın beynəlxalq miqyasda
mövcud tələblərə cavab verən ən müasir
Universitetinin yaradıcısına mənsubdur. Və
artıq neçə illərdir ki, Azərbaycan Universitetlərinin
uğurları məhz ADA ilə müqayisədə müəyyənləşdirilir.
Hər hansı xalq olursa-olsun, tarix dönə-dönə
sübut edir ki, öz gələcəyini məhz
keçmişin heç zaman köhnəlməyən
sağlam ənənələri əsasında qurur. Və vay o günə ki,
tarixin hansısa mərhələsində xalq bu və ya digər
səbəbdən xəyal qırıqlığına
uğrayıb ənənələrini yadırğasın,
yaxud onlara laqeyd yanaşsın... Yaxşı ki, biz ümumən
o xalqlardanıq ki, hər nə qədər müxtəlif təsirlərə
(qədim yunan, ərəb, fars, rus və s.) məruz qalsaq da,
öz etnik xarakterimizi, milli mənliyimizi itirməmişik -
bunun ən parlaq, təkzib edilməsi heç cür
mümkün olmayan sübutu bu gün türk xalqları
arasında tutduğumuz yüksək mövqedir ki, "dildə,
fikirdə və işdə" (İ.Qaspralı) təzahür
etməkdədir.
Əminliklə demək olar ki, fəxr etdiyimiz ənənələr
içərisində ən mühümlərindən biri təhsilə,
maarifə olan həvəsdir ki, tarixdən bunu əks etdirən
çoxlu misallar gətirmək olar.
Professor
Hafiz Paşayev təsadüfən demir ki, "müəllim
missiyası"nın nədən ibarət
olmasını bizə mükəmməl şəkildə
izah edən böyük bir nümunə var: "Qazax Müəllimlər
Seminariyası. XIX əsrin sonları, XX əsrin əvvəllərində
Çar Rusiyasında fəaliyyət göstərən Qori
Müəllimlər Seminariyasının Azərbaycan
şöbəsinin, demək olar ki, varisi olan Qazax Müəllimlər
Seminariyası milli irsimizin gözəl yadigarlarından biri
kimi bütün azərbaycanlıların qürur mənbəyidir".
Və məqalə müəllifi yüzlərlə Qori-Qazax
məzunlarından yalnız bir neçəsinin adını
çəksə də, həmin adlar bizə "müəllim
kimdir" sualına yetərincə cavab verməyə kifayət
edir: Firudin bəy Köçərli, Rəşid bəy
Əfəndiyev, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə,
Səfərəli bəy Vəlibəyov, Mahmud bəy Mahmudbəyov,
Süleyman Sani Axundov, Müslüm Maqomayev, Üzeyir Hacıbəyli,
Əhməd Seyidov, Səməd Vurğun, Mehdi Hüseyn,
İsmayıl Şıxlı, Osman Sarıvəlli... Təhsil,
maarif, ümumən ziyalılıq tariximiz üçün
çox maraqlı olan, bu sahədəki milli varislik
imkanlarımızın təcəssümü kimi yüksək
qiymətləndirməkdən məmnunluq
duyacağımız növbəti fikir də Hafiz müəllimə
məxsusdur: "Bu günün pəncərəsindən
çox uzaqda görünən bu böyük şəxsiyyətlərin
bəzilərini yeniyetmə yaşlarımda
gördüyümü yaddaşımda canlandıraraq
özümü də söhbət apardığımız
şanlı tarixin sanki bir parçası hiss etməkdən
qürurlanıram".
Əlbəttə, "Bir müəllimin manifesti"
layihəsinə "Bir gəncin manifesti" romanının
müəllifi, böyük yazıçı-mütəfəkkir,
ədəbiyyatşünas-alim (və bir neçə nəsil
Azərbaycan ziyalılarının müəllimi!) Mir Cəlalın
övladının rəhbərlik etməsi də bir cür
missiyadır - Taleyin missiyası!.. Hərdən
düşünürəm ki, Mir Cəlal müəllim bu
"manifest" sözünü Sovet hakimiyyətinin kəsəkəs
dövründə özünəməxsus ustalıqla
Marksın (və kommunist ideologiyasının) inhisarından
xilas edib bu qədər zərif, həssas və humanist bir
anlayışın səlahiyyətinə elə verdi ki,
heç kəsin ruhu da incimədi.
"Bir müəllimin manifesti" ifadəsinin məzmun-mündərəcəsində
müəllimin cəmiyyətdəki mövqeyini yüksəltmək,
nüfuzunu daha da artıqmaq məramı var. Yəni müəllim
o şəxsiyyət olmalıdır ki, özünün
millilik və müasirliklə fərqlənən
maarifçilik missiyasını cəsarətlə, inamla həyata
keçirməkdən heç zaman kənarda qalmasın. Və cəmiyyətin hər
bir üzvü, ölkənin hər bir vətəndaşı
əmin olsun ki, heç bir antibəşəri, antihumanist,
antiproqressiv təmayül, əhvali-ruhiyyə müəllim
olan yerdə gənc nəslə yaxın düşə bilməz...
Müəllimin manifesti onun andıdır... Həkimin Hippokrat
andı kimi!..
Hafiz
müəllim bir məsələ barəsində konkret olaraq
bəhs etmir, ancaq məqaləsinin ruhu bütün dəqiqliyi
ilə həmin mətləbə gətirir: əgər bir
xalq tarixinin hansısa mərhələsində öz müəllimlərini
yetişdirmək qayğısına qalmayacaqsa, ətraf aləm,
yad mühitlər ona israrla elə "müəllimlər"
təklif edəcək ki, həmin xalqın nə vaxtsa ayaq
üstə qalxıb öz irsinə yiyə duracağı
çətin olacaq.
Professor Hafiz Paşayev Qori Müəllimlər
Seminariyasının məzunu, sonra onun Azərbaycan şöbəsinin
müdiri olmuş böyük müəllim Firudin bəy
Köçərlinin şəxsiyyətini layiqincə dəyərləndirərək
xatırladır ki, o, "Azərbaycan şöbəsini fədakarcasına
Gürcüstandan Vətənə köçürə
bilmişdir.
Firudin bəy Köçərli böyük şəxsiyyət,
maarifçi və pedaqoq idi... Qazaxda 1918-ci il
noyabrın 10-da təntənəli açılışı
keçirilən Müəllimlər Seminariyasının
qarşısında türk və Azərbaycan
ziyalılarının səsləndirdiyi fikirlərdən biri
də bu idi ki, "Vətəni ancaq iti qılıncla deyil, həm
də elmlə, əqllə qorumaq lazımdır". Və əlavə
edir: "Bu kəlamın tarixdə dövr edib zəmanəmizin
həqiqətinə çevrilməsinin biz bu günlərdə
şahidi oluruq".
Firudin bəyin
şəxsiyyətini formalaşdıran (və bu şəxsiyyətin
milliliyi ilə müasirliyini təmin edən) amillər
arasında biri ayrıca dəyərləndirilməlidir: o,
bizim ilk elmi ədəbiyyat tariximizin müəllifi, milli ədəbiyyat
tarixşünaslığımızın banisidir və
heç ola bilməzdi ki, bu tarix (və
tarixşünaslıq) belə bir böyük şəxsiyyət
yetirməsin.
"Bir
müəllimin manifesti" təşəbbüs-layihəsinin
ünvanı olaraq məhz Firudin bəy Köçərlinin
seminariyasının seçilməsi məntiqli-məzmunlu
olduğu qədər də, sözün böyük mənasında,
müqəddəs, halal işdir...
Hafiz
müəllimin az qala hər bir cümləsini sitat gətirməyə
ehtiyac duyduğumuz məqaləsi hər cəhətdən
qürurverici sözlərlə bitir: "Bir müəllimin
manifesti" təşəbbüsü yüz il əvvəl
milli təhsilimizin başlanğıcından od qopararaq
ölkəmizin milli maarifçilərini tarixi qələbəmizi
hər sahədə uğura çevirəcək nəslin
memarları kimi yenidən alovlandıracaq".
Bu il
mayın 11-də ADA Universiteti heyəti, Qazax ziyalıları,
eləcə də ölkəmizin müxtəlif
regionlarından olan qonaqların Seminariyanın binası
qarşısındakı ilk toplantısında "Bir müəllimin
manifesti" təşəbbüs-layihəsinin
başlandığı elan olundu. Və
bildirildi ki, ADA Universiteti Qazax Müəllimlər
Seminariyasını bərpa edəcək, ona öz tarixi
missiyasını yenidən davam etdirmək imkanı
yaradacaqdır ki, nəticədə Seminariya "burada bir əsr
əvvəl yandırılan elm işığını daha
geniş yayacaq və yeni nəsil maarifçilər
yetişdirəcək".
Oktyabrın
1-də Qazaxda, Seminariyanın artıq təmir-bərpasına
başlanılmış binası qarşısında ADA
Universiteti ikinci toplantısını keçirdi. Həmin toplantının iştirakçısı
kimi deyə bilərəm ki, çox mötəbər tədbir
idi. Yalnız ona görə yox ki, Qazax şəhəri təhsil
sahəsində olduqca nüfuzlu qonaqlara ev sahibliyi edir,
özünün həmin sahədəki tarixinin ölkə
miqyaslı hadisəsi ilə öyünmək imkanını
nümayiş etdirirdi, həm də (və daha çox!) ona
görə ki, qazaxlılar öz şəhərlərinin
"tərcümeyi-hal"ının üzvi tərkib hissəsi
olan Müəllimlər Seminariyasına neçə illərdən
sonra yeni həyat verildiyinin şahidi olurdular. Və etiraf etməliyik
ki, Azərbaycan Prezidentinin Qazax Müəllimlər
Seminariyasının 100 illik yubileyi münasibətilə
verdiyi sərəncamdan sonra bütün rayon ziyalıları
Seminariyanın bir muzey kimi bərpa ediləcəyini gözləsələr
də, onun bu qədər möhtəşəm bir layihənin
predmetinə çevriləcəyini təsəvvürlərinə
gətirmirdilər.
Təşkilatçılar toplantıya mütəvazi
bir ciddiyyətlə hazırlaşmışdılar. Kifayət qədər
geniş, səliqəli köşk qurulmuşdu. Gah gurlaşan, gah da yavaşıyan payız
yağışı təbiətin özü qədər təbii
simfoniyası ilə məclisin gedişini müşayət
edirdi. Xüsusi bir təmtərağa
ehtiyac görməmişdilər, tədbirin
aparılmasında demokratiklik, hər kəsin öz fikrini
söyləmək imkanı gözlənilirdi, ancaq məclisin
ruhuna yüksək bir mədəniyyətin hakim olduğunu da
etiraf etmək lazımdır. Çünki hamı
anlayırdı ki, tarixi anlar yaşanır...
İştirakçılara paylanılmış "100
yaşlı maarifçilik işığı. Qazax Müəllimlər
Seminariyası" bukleti görülən (və görüləcək)
işlərin miqyası, məramı, məqsədləri barədə,
demək olar ki, hər şeyi özündə ehtiva edirdi.
Firudin bəy Köçərli ilə
qazaxlı həyat yoldaşı Badisəba xanımın
üz qabığında verilmiş fotoları 100
yaşlı maarifçilik işığını
yandıran ailəyə yüz ildən sonra da davam edən
minnətdarlığın ifadəsi idi. Və hiss etmək
çətin deyildi ki, görülən işlərin hər
biri üçün onların ruhu nə qədər sevinir.
Qazaxda maraqlı söhbətlər, görüşlər
oldu. seminariyanın binasını əsaslı
şəkildə bərpa etməyi öz öhdəsinə
almış tərəfdaşların nümayəndələri
danışdılar, "Bir müəllimin manifesti" təhsil
proqramının müxtəlif rayonlardan müsahibə yolu ilə
seçilmiş 50-yə yaxın iştirakçısı
ilk dərslərini keçdi və imkan olduqca Hafiz müəllimin
başına toplaşan Qazax ziyalıları ona öz hörmət
və ehtiramlarını izhar etməyə imkan tapdılar.
Azərbaycan müəlliminin
tarixi nüfuzunu nəinki özünə qaytaracağına,
eyni zamanda, onun cəmiyyətdəki mövqeyini daha da yüksəldəcəyinə
inandığımız bir layihənin öz işinə
böyük inamla başladığını müşahidə
etmək dünyaya dəyərdi.
Nizami
CƏFƏROV
525-ci
qəzet.- 2021.- 30 oktyabr.- S.14;15..