QAPISIZ AÇARLAR
Xəbər verildiyi kimi, bu yaxınlarda Azərbaycan
Yazıçılar Birliyinin təşəbbüsü ilə
hazırlanan "Qarabağ dastanı, otuz ilin həsrəti -
44 günün zəfəri" adlı kitab işıq
üzü görüb.
Kitabda Qarabağla bağlı yazıçıların
öz doğma bölgələri haqqında xatirə və
düşüncələrinə yer verilib. Bu yazılarda
Qarabağın tarixinə dair maraqlı faktlar, müəlliflərin
şirinli-acılı xatirələri öz əksini
tapıb.
Xalq
şairi Ramiz Rövşənin kitabda yer alan,
ata-baba yurdu Qubadlı rayonundan bəhs edən
"Qapısız açarlar" yazısını təqdim
edirik.
***
Qubadlı mənim ata-baba yurdumdu.
Mən özüm Əmircanda doğulmuşam. Amma bizim Əmircanda
yaşadığımız məhəllə də elə
Qubadlının "filialı" kimi bir yer idi:
"Qarabağlılar məhəlləsi".
Sağımız-solumuz hamısı qubadlılılar
idi.
Məhəlləmizdən üzüaşağı
düşəndə gedib birbaşa Şorgölün
qırağına çıxırdıq.
Qubadlıda, bizim Teymur Müskanlı kəndinin də
aşağısından Bərgüşad çayı
axırdı.
Hələ lap uşaqlıqdan, ağlım kəsəndən
biz Qubadlıya həmişə yayda gedərdik. Odur ki, ən
çox yadımda qalan da Qubadlının
çaylarıdı; Bərgüşad, Həkəri. Hər ikisi şırıltıyla, gurultuyla axan,
heç vaxt suyu azalmayan dəli-dolu dağ
çaylarıydı.
Mən üzməyi Bərgüşadda öyrənmişdim
deyən Şorda üzmək mənim üçün
heç nə idi. Bərgüşadda ən özündən
deyən üzgüçü bu tayda suya baş vurardısa,
üzə-üzə gedib ən azı əlli metr
aşağıda o taya çıxardı. Çünki axına qarşı üzmək
çox çətiniydi. Amma Şorda,
suyun üzündə dalıqatlı uzanıb, əlində
kitab oxuya-oxuya sabahkı dərslərə hazırlaşmaq da
mümkün idi.
Qubadlıya əsasən "Bakı-Noraşen"
qatarıyla gedərdik. Və sübh tezdən qatardan
düşdüyümüz o balaca stansiyanın özü də
həmin o iki çaydan birinin adını
daşıyırdı: Həkəri stansiyası.
O stansiyayla
bağlı anamın danışdığı bir əhvalat
hələ də yadımdadı.
3-4 yaşım varmış. Dayım bizi
aparırmış rayona.
Anam deyirdi ki, sübh tezdən stansiyada düşdük. Bir xeyli
gözlədik, avtobus gəlib çıxmadı. Gün də döyür başımıza. Bir ağacın altında oturduq ki, bir tikə
çörək yeyək. Stansiya növbətçisi
də bir qoca kişiydi. Çağırdıq,
o da gəldi, oturdu böyrümüzdə. Nəyimiz
vardı, bir az yedik, sonra ağzımız
qızışdı söhbətə. Bir də
gördük, bu qocanın sifəti qorxudan ağappaq
ağardı. Bizə də barmağıyla işarə
elədi ki, susun, tərpənməyin!
Bizdən aralıda bir iri kötüyə bir yekə it
bağlanmışdı. Bu qocanın öz
itiydi. Bizim başımız söhbətə
qarışanda, sən gözdən yayınıb, gedib
durmuşdun o itin böyründə, itin başını
tumarlayırdın. O boyda əzazil it də necə
çaşıb özünü itirmişdisə, elə
yerindəcə quruyub qalmışdı, gözlərini
döyə-döyə gah sənə baxırdı, gah bizə.
Dayın da, mən də, elə istədik
çığırıb yerimizdən qalxaq, kişi
yenə işarə elədi ki, susun, tərpənməyin,
yoxsa uşağı parçalayar. Biz də elə
o cür quruyub qaldıq yerimizdə. Sən
də bir xeylək o itin başını tumarladın, sonra da
o itdən aralanıb yavaş-yavaş gəldin bizim
yanımıza. İt də elə o
cür mat-məəttəl sənin dalınca baxa-baxa
qaldı.
Anamın
ən azı altmış il əvvəl
danışdığı bu əhvalatın mənasını
mən bir çox illər sonra anladım; sən demə, ən
əzazil, ən zalım məxluqu da nəvazişlə,
tumarla, sığalla yumşaltmaq, ən azı
çaşdırmaq mümkün imiş.
Amma təəssüf
ki, bu dünyada heç bir nəvazişlə,
yaxşılıqla, xeyirxahlıqla xisləti dəyişməyən
məxluqlar da vardı; özü də Həkəri stansiyasından, Qubadlıdan o
qədər də uzaqda deyildilər, elə
qulağımızın dibindəydilər. Və bizim bir
çox sonrakı faciələrimizin səbəbi bunu bilməməyimiz,
üstəlik, bildiklərimizi də unutmağımız
idi...
Biz
Qubadlıya həmişə yayda getsək də, amma yay
aylarını çox vaxt kəndimizdə yox, yaylaqlarda
keçirərdik; Tağyurdda, Üçtəpədə,
Qanlıcada...
Yüz illər boyu bizim olan o qədim yaylaqlarımız
Sovet vaxtı Ermənistanın ərazisində
qalmışdı və ermənilər də, cürbəcür
bəhanələrlə, ildən-ilə bir-bir o yaylaqların
yolunu üzümüzə bağlayırdılar.
Getdiyimiz o yaylaqlardan ən çox yadımda qalanı
Qanlıcadı. Çünki o vaxt mən yekə
oğlanıydım. Hər yay Qanlıcaya gedəndə,
böyüklü, uşaqlı, maşınlı, atlı,
ulaqlı, yüklənib kənddən çıxardıq,
çayqırağı gedib Gorusun, köhnə Gorusun, Burunkəndin
yanından ötərdik və dağın lap
ayağındakı Qanlı gölün də böyründən
keçib asta-asta Qanlıcanın başına qalxardıq.
Qanlıcanın da, o Qanlı gölün də adı hələ
on doqquzuncu əsrin əvvəllərində ermənilər
bizim torpaqlara köçürüləndə yerli camaatla gəlmələrin
arasındakı dava-dalaşdan, hansısa qanlı savaşdan
qalmışdı.
Əslində,
o ətrafdakı bütün adlar bizimkiydi; Xəlil
bulağı, Sarıdağ, Keçəldağ, Əyriqar...
Qanlıcaya qalxanda, yuxarıda, dağın
döşündə də bir iri göl vardı; Qaragöl.
Biz alaçıqları elə o dağın
döşündə qurardıq.
Oralar çox hündür idi deyən ağac-zad
bitmirdi. Qışdan yaya qalan qar da ərimək bilmirdi;
xarlanırdı, qurdlanırdı. Bir tərəfdə
qar ağarırdı, o biri tərəfdə də ağappaq
göbələklər bitirdi. O göbələklər
çox dadlıydı, amma Qanlıcanın xarlanmış
qarı məndən ötrü daha qiymətli və əziz
idi. Çünki o qar bir dəfə məni
ölümdən xilas eləmişdi.
Hələ dörd-beş yaşım olanda, kənddə,
yayın cırhacırında məni çayda
çimizdirmişdilər, naxoşlamışdım,
qızdırmam qırxı ötmüşdü, nə dərman,
nə keçi piyi, heç nə kömək eləməmişdi. Və əgər
dayım atı çapıb gecəynən gedib Qanlıcadan
iki xurcun dolusu o xarlanmış qardan gətirməsəydi,
bütün gecəni məni o qarla ovuşdurub istiliyimi
salmasaydılar, bəlkə də sabaha sağ
çıxmazdım.
Qanlıcada ən məşhur yer Nəbi səngəriydi.
Qanlıcanın ən hündür nöqtəsində,
sıldırım qayaların əhatəsində olan səngərə
tək bircə yol qalxırdı. Və mən
başı üstündə çox vaxt qartallar uçub
dövrə vuran o səngərə qalxmağı, ordan
dörd tərəfə tamaşa eləməyi çox
sevirdim. O səngərdən baxanda lap aşağıda
qar kimi ağappaq evləri olan çox gözəl bir kənd
görükürdü.
Bir dəfə
dayımdan soruşdum:
- O nə
kənddi?
Dedi ki,
Şəkidi. Sisyan rayonunun Şəki kəndi.
Mən o vaxt hələ özüm görməsəm də,
amma Azərbaycanda bir gözəl Şəki şəhərinin
olduğunu bilirdim. Sən demə, Ermənistanda da bir gözəl
Şəki kəndi var imiş.
Və səksəninci
illərin sonunda, hələ SSRİ vaxtı, ermənilər
Qarabağa yiyə çıxmaq istəyəndə,
böyüyüb azı otuz illik müharibəyə dönən
o qanlı hadisələr təzə başlayanda öz yerindən-yurdundan
ilk qaçqın düşənlərdən biri də elə
Sisyan rayonunun və o gözəl Şəki kəndinin
camaatı oldu...
Qubadlı
camaatı öz torpağından bir neçə il sonra, 1993-cü ilin avqust ayının 31-də
qaçqın düşdü.
Dayım deyirdi, hər şey elə qəfil oldu ki, evdən
heç nə götürə bilmədik. Evi elə o
cür dolu qoyub, qapıları bağlayıb,
açarları götürüb çıxdıq.
Qaçqın
düşən qohumların az qala
hamısı eyni sözü deyirdi.
Bir neçə ildən sonra cavanlardan biri
danışırdı ki, gördüm anam nəvəsinin
üstünə qışqırır. Oğlum da
ağlayır. Dedim, ay ana, uşağı niyə
ağladırsan? Dedi ki, bəs açarları itirib. Soruşdum, hansı açarları? Dedi,
Qubadlıdakı evin açarlarını.
Bu
açar söhbətini mən azı on beş
il bundan əvvəl bir televiziya çıxışımda
dedim. Sonra məlum oldu ki, başqa işğal
olunan rayonlardan da camaatın çoxu elə o cür,
qapıları bağlayıb, açarları
götürüb çıxıb.
Keçən
il, avqust ayının 31-də,
Qubadlının işğal gününə həsr olunan bir
televiziya verilişində mən yenə o açar söhbətinə
qayıtdım və çox nikbincəsinə dedim ki, o
açarlar nə qədər ki bizdədi, o torpaqlara
qayıtmaq ümidimiz qalır və mən inanıram ki, biz o
torpaqları görəcəyik.
Amma sözün düzü, dediyim o ümidin, arzunun belə
tez çin olacağını gözləmirdim. Azərbaycan əsgəri
bizim ümidlərimizdən, arzularımızdan daha sürətli
çıxdı.
İndi o torpaqlara qayıtmışıq. Açarlar da
bizdədi. Amma qapılar yoxdu. Bir vaxt qapılarını bağlayıb,
açarlarını götürüb, içidolu qoyub
çıxdığımız o evlər də yoxdu. Ermənilər uçurdub-dağıdıblar,
yandırıblar, xarabalığa çeviriblər.
Az-çox salamat qalan evləri də, o evlərdə yaşayan ermənilər indi qorxub qaçanda yandırdılar. Nəyi apara bildilərsə apardılar, apara bilmədiklərini də, evqarışıq, od vurub külə döndərdilər. Təkcə ev əşyalarını yox, ev heyvanlarını da, mal-qaranı, toyuq-cücəni, hətta iti, pişiyi də qırıb məhv elədilər. Neçə illər bundan əvvəl bu kəndlərə necə zalımcasına, rəhmsiz, dağıdıcı bir nifrətlə girmişdilərsə, elə o cür dağıda-dağıda da çıxıb getdilər. Və bu mənzərəni təkcə biz yox, bütün dünya gördü.
Qəribədi, bəs görəsən, neçə illər bundan əvvəl bizimkilər bu yerlərdən qaçqın düşəndə niyə bu evlərin bir daşına-kərpicinə də əl vurmadılar, elə o cür içidolu qoyub, qapıları bağlayıb çıxdılar? Elə bil düşmənə hədiyyə elədilər. Niyə?!
Doğrusu, bu sualı mən təkcə indi yox, qələbəmizdən xeyli əvvəl də, illər uzunu, ara-sıra eşitmişəm. Amma əvvəllər təəssüflə deyilən bu sual, indi, ermənilərin törətdiklərini görəndən sonra elə bil özümüzə qarşı bir az ittiham kimi səslənir. Və özümüzə bəraət olaraq verilən cavab da təxminən budu ki, biz o vaxt o evləri qoyub çıxanda bu ayrılığın bu qədər uzun çəkəcəyini bilmirdik. Ümidimiz vardı ki, uzağı bir-iki həftəyə, ya bir-iki aya qayıdacağıq.
Amma sözün düzü, bu cavab mənə həmişə məntiqsiz görünüb. Öz evini çox yox, lap bircə günlüyə düşmənin ixtiyarına buraxıb gedən adam qayıdanda o evi nə vəziyyətdə görməyə ümid eləyə bilər ki?!.
Əslində, bu ritorik suallara da, məncə, ehtiyac
yoxdu. Hər şey çox sadədi. Məsələ
hər xalqın öz xarakterində, xasiyyətində, xislətindədi.
Öz evini, üstündə körpələrinin
iməkləyib ayaq açdığı xalçanı,
palazı, üstündə balalarının
yatdığı çarpayını, daha nəyi, nəyi, düşmənə
qismət olmasın deyə yandırmağa hansı azərbaycanlının
əli gələr ki? Axı öz evinin
irili-xırdalı hər əşyası ona öz ailə
üzvləri kimi doğma və əzizdi.
Odur ki, bir vaxt dolu qoyub
çıxdığımız, düşmənin soyub,
talayıb, sonra da od vurub yandırdığı o doğma evlərin
xarabalıqlarına baxanda, indi nəyəsə peşman
olmağa, çox da kədərlənib qüssələnməyə
ehtiyac yoxdu. O xarabalıqların yerində
təzə, daha gözəl evlər tikmək, o köhnə
evlərin illər boyu göz bəbəyi kimi qoruyub
saxladığımız, indi qapısız qalan açarlarını
da, o təzə evlərin ən görüntülü yerində,
gözmuncuğu kimi divardan asmaq lazımdı. Qoy təzə
evlərimizə göz dəyməsin!..
Ramiz
RÖVŞƏN
525-ci qəzet.-
2021.- 30 oktyabr.- S.12.