Ramil Səfərovun ekstradisiyası: Bu necə
olmuşdu?
(Əvvəli ötən şənbə
saylarımızda)
Parlament seçkiləri zamanı, yaxud yüksək vəzifəli
Azərbaycan rəsmilərinin Budapeştə səfəri ərəfəsində
məsələ bu və ya digər şəkildə yenidən
gündəliyə gətirilirdi. Hətta cari il
avqustun 10-da da (mənim səfir kimi ölkəni tərk
etdiyim gün) bilmirəm qəsdən, ya da təsadüfən
müxalif yönlü szabadeuropa.hu saytı yenidən
"baltalı qatili" xatırlamışdı. Onun vətənə ekstradisiya
olunmasında Orban hökuməti ilə danışıqlar
aparmış Azərbaycan səfirinin ölkədən
hörmətlə yola salınmasına, yüksək
Macarıstan ordeni ilə təltif edilməsinə təəccüb
və heyrətini bildirmişdi...
Keçmişə qayıdaq.
Kiminsə yüngül, lakin məkrli əli ilə
ortaya atılmış "baltalı qatil" ifadəsi
internet saytlarından, qəzet səhifələrindən bədii
ədəbiyyata da yol tapmışdı. 2009-cu ildə
macar yazıçısı, şair və jurnalist, Yozef Atilla
mükafatı laureatı Zoltan Simonyinin detektiv janrda qələmə
alınan "Azəri baltalı. İzlər
Qafqaza aparır" adlı sənədli romanı çapdan
çıxmışdı. Ekstradisiyadan az
sonra macar internet saytlarında müəlliflə müsahibə
və kitabın yeni nəşri haqqında məlumat
yayıldı. Aydın məsələdir ki, həmin
kitabda da xalqımızla bağlı müsbət,
işıqlı bir şey tapmaq imkan xaricində idi. Qafqazdakı qanlı "izlər" istisnasız
olaraq erməni mövqeyindən
işıqlandırılırdı.
Bir sözlə, cəmiyyətdə elə təəssürat
yaratmağa çalışırdılar ki, Azərbaycan
zabiti mağara təfəkkürünə malikdir, onu
zorakılıqdan, qətldən, baş kəsmək və
qan tökməkdən başqa heç nə
maraqlandırmır. Budapeştə gəldiyi gündən də fikrini məşğul
edən əsas məsələ eyni kursda təhsil aldığı erməni
zabitlərini öldürmək olub. Hansısa mədəni
tələbatı, yaxud intellektual səviyyəsi haqqında
isə, ümumiyyətlə danışmağa dəyməz.
Ömründə kitab oxumayıb, filmə
baxmayıb, musiqi dinləməyib. Düşüncəsinə
hakim kəsilən yeganə fikir ermənilərə nifrət
olub. Həm də bu uydurma
neqativ xüsusiyyətlərin tək dustağa deyil,
bütün hərbçilərimizə, Azərbaycan
insanına şamil edilməsi istiqamətində məqsədyönlü
təbliğat aparılırdı.
Əlbəttə, bütöv bir xalqı qaralamaq əbləhlikdir,
səmərəsiz işdir. Bu, sonu görünməyən
qaranlıq tuneldir, bir gün öz üzərinə
qayıdacaq bumeranqdır. Bir nəfərin
naqis əməlini bütün millətə şamil etmək
insanların obyektiv məlumat almaq yollarının və
imkanlarının genişləndiyi bir dövrdə məqsədli
yalan danışmaqdan başqa bir şey deyildir. Bəzi macar jurnalistlərinin, hüquq müdafiəçilərinin
erməni təbliğatının toruna düşərək
belə bir sadə həqiqəti başa düşməmələri,
yaxud başa düşmək istəməmələri məni
həmişə heyrətləndirirdi.
Konkret
Ramil Səfərova gəldikdə isə məhkəmədə
iştirak edənlər onun səhv və
yanlışları ilə birlikdə ideya adamı, dərrakə
və intellekt sahibi olduğunu görmüşdülər. İndi həmin
gerçəyi qərar vermək,
ictimai fikrə təsir göstərmək imkanında
olanların diqqətinə çatdırmaq lazım idi.
Bu məsələdə Ramil özü yardımımıza
çatdı.
Onun xahişi ilə həbsxanaya ara-sıra Azərbaycandan
gətirilmiş müxtəlif kitablar göndərirdik. Özü də saxlandığı cəza evinin
kitabxanasından sıx-sıx yararlanırdı. Telefon
söhbətlərimizdə bəzən mütaliə etdiyi əsər barəsində
fikirlərini bölüşürdü. Bəzən də məndən
Azərbaycan, rus, yaxud
türk ədəbiyyatından hansı
yazıçıları oxumaq
haqda məsləhət istəyirdi.
Belə
telefon danışıqlarının birində həm
macarcasını təkmilləşdirmək, həm də,
necə deyərlər, "vaxt öldürmək"
üçün ölkənin tanınmış qadın
yazıçısı Maqda Sabonun (1917-2007) "Qapı"
romanını orijinaldan dilimizə tərcümə etməyə
başladığını dedi. Macar nəsrinin
100 "ən oxunaqlı" nümunələri
siyahısında yer tutan bu romanın seçilməsi
yaxşı başlanğıc idi. Əsərin
humanist qayəsi də qarşıya qoyulan tələbə
cavab verirdi. Dediyim kimi, Ramil kitabı elə-belə,
özü üçün tərcümə edirdi. Üzərinə götürdüyü çətin
yaradıcılıq işi ilə bağlı heç bir
konkret planı yox idi.
Amma mənim
beynimdə dərhal fikir yarandı: tərcüməni
çap etmək, Macarıstanda geniş yaymaq, hətta kitab ətrafında
müəyyən təbliğat şousu qurmaq lazımdır!
Çünki özlüyündə bu, yalnız ədəbi-mədəni
deyil, həm də siyasi baxımdan diqqəti çəkən
hadisə ola bilərdi. Macar
qanunlarının bütün sərtliyi ilə cəzalandırılmış
azərbaycanlı zabitin səviyyəsinin, ədəbi
zövqünün, beynəlmiləlçi təbiətinin, ən
başlıcası isə taleyin gərdişi ilə
zindanında cəza çəkdiyi ölkəyə, onun
xalqına və mədəniyyətinə məhəbbətinin
göstəricisinə çevrilə bilərdi.
Ramilə
tərcüməni çap etdirəcəyimi dedim,
işi sürətləndirməyi məsləhət gördüm.
Sonra Bakıya, Baş nazirin müavini, Qaçqınların
İşi Üzrə Dövlət Komitəsinin sədri
Əli Həsənova telefon açıb nəşrə
maliyyə dəstəyi göstərməsini xahiş etdim. Həmişə
xeyirxah və yardımsevər insan kimi tanıdığım
Əli müəllim əsla tərəddüd hissi
keçirmədən razılıq verdi. Və sona qədər məsələni nəzarətdə
saxladı.
Səfirliyin konsulu Eldar Əliyev həbsxanaya növbəti
gedişlərindən birində əlyazması ilə
döndü.
Bir neçə səhifəsini gözdən
keçirdikdən sonra səliqəli xətlə yazılan mətnin
yalnız kompüterdə yığılmağa deyil, həm
də ciddi bədii-üslubi redaktəyə möhtac
olduğu qənaətinə gəldim. Başqa cür də
ola bilməzdi. Ramil həyatında
ilk dəfə tərcümə kimi ciddi işin altına
girmişdi. Təbii ki, bu səbəbdən də təcrübəsizlik
az qala hər səhifədə hiss
olunurdu. Tərcüməni dil və üslub baxımından
cilalamaq, bədiiliyin tələblərinə
uyğunlaşdırmaq üçün müəyyən
iş görmək lazım idi.
Əslən Cəbrayıldan olan ziyalı, Assa-İrada
xəbər agentliyinin direktoru, jurnalist-yazıçı Fazil
Güneylə danışdım. Məsələni anlatdım. Yardım
əli uzatmasını xahiş etdim. İşi həvəslə
boynuna götürdü. Üstəlik, nəşrə
Ramil Səfərovu yeni ampluada tanıdan müqəddimə
yazacağını da bildirdi. Tezliklə
redaktədən çıxmış mətnin və müqəddimənin
elektron versiyasını aldım. Tərcüməyə
əl vurmasam da, ön sözə dəqiqləşdirmə
xarakterli bəzi düzəlişlər etdim.
İşlər sürətlə gedirdi. 2011-ci ilin
fevralında "Qapı" romanının siqnal nüsxəsi
işıq üzü gördü. Bu,
macar ədəbiyyatının orijinaldan Azərbaycan dilinə
çevrilən ilk nümunəsi idi. Martın
8-də "İrşad" otelində təqdimat mərasimi
keçirildi. "İrşad"
İslam Araşdırmaları Mərkəzinin rəhbəri
və otelin sahibi, şərqşünas-alim, professor Rafiq
Əliyev konfrans zalını təmənnasız olaraq tədbir
iştirakçılarının ixtiyarına vermişdi.
Tanınmış
elm adamlarının, ziyalıların, Milli Məclis üzvlərinin,
siyasi partiya və ictimai təşkilat nümayəndələrinin,
habelə Bakıdakı Macarıstan Səfirliyi əməkdaşlarının
qatıldığı mərasimdə söhbət tərcümədən
daha çox Ramil Səfərovun həyatından və taleyindən
getmişdi. Verilmiş cəzanı
yüngülləşdirmək, mümkün təqdirdə,
ekstradisiyasına nail olmaq barəsində fikir mübadiləsi
aparılmışdı. Həbsə
düşdüyü vaxtdan azərbaycanlı zabitin gələcək
taleyi bəlkə də ilk dəfə idi ki, belə geniş
miqyasda ictimai fikrin müzakirəsinə
çıxarılırdı.
Kitabların
bir hissəsini diplomatik
poçt vasitəsi ilə Budapeştə gətirdik.
İlk imkan düşən kimi bir neçə
nüsxəsini həbsxanaya - tərcümə müəllifinin
özünə göndərdim. Onun necə
sevindiyini təsəvvürə gətirmək çətin
deyil. Neçə illərdən bəri
dörd divar arasında fəaliyyətsiz həyat keçirəndən
sonra (əlbəttə, idmanı, mütaliəni, macar dili məşğələlərini
nəzərdə tutmuram) birdən-birə yaradıcı əməyinin,
zəhmətinin bəhrəsini görürdü. Digər tərəfdən, bütün
sıxıntı və məhrumiyyətlərə baxmayaraq,
onda yenidən cəmiyyətə faydalı olmaq, insanlarla
ünsiyyət qurmaq əminliyi yaranmışdı. Nəhayət,
həbsxana divarları arasında kitab tərcüməsi və
çapı həm
macar, həm Azərbaycan cəmiyyətinə özünəməxsus
mesaj sayıla bilərdi. Kozma həbsxanasının rəisinə
və rəis müavininə, cəza evinin kitabxanasına,
Macarıstan Yazıçılar İttifaqının rəhbərliyinə,
Parlamentin bəzi üzvlərinə, qəzet və jurnal
redaksiyalarına, müxtəlif səfirliklərə
"Qapı" romanının Azərbaycan dilində nəşrini
göndərdik. Kitabların hər birinin
arasına onun mütərciminin qəribə həyatı və
üzləşdiyi məhrumiyyətlər barəsində
macar dilində bir səhifəlik qısa arayış da
qoymuşduq. Kiminsə tez-gec həbsxana
divarları arasında edilmiş tərcüməçi ilə
mütləq maraqlanacağını gözləyirdik. Gümanımızda yanılmadıq.
Bir
müddət sonra Budapeştin populyar "Nepsava" qəzetinin
müxbiri Mikloş Nad Səfirliyə
müraciət etdi. O, həbsxana kamerasından Bakı nəşriyyatlarından
birinə qədər qəribə yol keçmiş
kitabın tarixçəsi ilə maraqlanırdı. Ətraflı, ən başlıcası isə
gerçək və obyektiv bilgilər almaq istəyirdi. Jurnalistlə görüşdüm. Ona Dağlıq Qarabağ münaqişəsi, erməni
silahlı qüvvələrinin dinc azərbaycanlı əhaliyə
qarşı törətdiyi vəhşiliklər, Xocalı
soyqırımı, Azərbaycanın yeddi rayonunun, eləcə
də Ramil Səfərovun kiçik vətəni Cəbrayılın
işğalı haqqında xeyli material verdim. Cinayətin niyə, hansı hisslərin təsiri
altında törədilməsinin motivlərini izah etməyə
çalışdım. Azərbaycanlı zabitin kifayət
qədər bilik və bacarığa malik olduğunu, ortaya
qoyulan tərcümənin də bunu inandırıcı
şəkildə isbat etdiyini bildirdim. Macar mətbuatının
hadisənin mahiyyətinə varmadan zabitimizi sıradan bir
residivist, "baltalı qatil" kimi qələmə verməsinin
böyük yanlışlıq, ağlasığmaz
haqsızlıq olduğunu söylədim.
Mikloş
kitab və onun tərcüməçisi haqqında həqiqəti
yazacağına söz verdi. Məhkumla görüşünün təşkilinə
kömək göstərməyi xahiş etdi. Müəyyən çətinliklə üzləşsək
də, görüşə icazə ala bildik. Və az keçmədən Mikolş vədinə əməl
etdi. Onun "Nepsava"da yer alan iri həcmli "Həbsxanadan
qapı" adlı məqaləsi macar əsilli bir müəllif tərəfindən doğru
olanı yazmaq baxımından ilk təşəbbüslərdən
idi. Jurnalist qətlin
motivlərini araşdıraraq belə nəticəyə gəlmişdi:
"Səfərovlar ailəsinin bir çox üzvləri erməni-azərbaycanlı
ərazi münaqişəsi nəticəsində meydana
çıxan döyüş əməliyyatlarının
qurbanı olmuşlar. O, məhkəməyə ifadəsində
erməni kurs yoldaşının faciəli hadisələri
gülüş hədəfinə çevirdiyini və onu təxribata
çəkdiyini iddia etmişdi. Əlbəttə,
bu, şərəf məsələsi idi və sonda Səfərovun
əsəbləri dözməmişdi".
Mikloş
Nad təbiət etibarı ilə fatalist olmasa da, faciəli
hadisənin sonda macar və Azərbaycan xalqları, mədəniyyətləri
arasında ünsiyyətə gətirib
çıxarmasına, bizim oxucuların macar ədəbiyyatının
seçkin nümunələrindən biri əsasında yerli
xalqın həyatı ilə tanışlığına
imkan yaratmasına diqqəti çəkirdi. Onun
fikrincə, Ramil Səfərov özü bağlı
qapılar arxasında saxlansa da, insanların bir-birlərini
daha yaxşı tanımaları üçün yollar
axtarmaq, qapılar açmaq fikrinə düşmüş və
niyyətinə çatmışdı. Mikloş dəqiq
müşahidələrini davam etdirərək daha sonra
yazırdı:
"Tərcüməçi macar və Azərbaycan
qadınlarının taleyində çoxlu ümumi cəhətlər
olduğunu, "Qapı" romanının da məhz həmin
rakursdan diqqətini çəkdiyini yazır. Sınaqlardan çıxmış
bu asiyalı əsgərin qadın taleyini duymaq baxımından nə qədər
həssas olduğunu ayrıca qeyd etmək istəyirəm. Ona görə də ümidvaram ki, gələcəkdə
başqaları azərbaycanlı və erməni
qadınları arasında oxşar cəhətlər tapmaq
üçün müqayisələr aparacaqlar. Ondan sonra isə kişilərə də keçmək
mümkündür".
Başqa sözlə desək, məqalə müəllifi
dustaq zabitin bu tərcümə vasitəsi ilə tək Azərbaycan
deyil, erməni və macar cəmiyyətlərinə də
mesaj göndərdiyi fikrində idi.
İlk
yaradıcılıq işinin uğurundan ruhlanan Ramil artıq
macar ədəbiyyatının başqa bir nümunəsini Azərbaycan
dilinə çevirmək fikrinə
düşmüşdü. Bir neçə dəfə
telefon açıb əsər seçimi ilə bağlı
mənim də fikrimi, məsləhətimi soruşmuşdu.
Bu, çox həssas məsələ idi. Elə əsər tapmaq lazım idi ki, Maqda Sabonun
"Qapı" romanı kimi o da, təkcə ədəbi həyat
faktı kimi qalmasın. Bu barədə
eşidən hər bir macarı düşünməyə
vadar etsin, məhbus-mütərcimin taleyinə müəyyən
qədər maraq oyada bilsin.
Həmin ərəfədə
bir söhbət əsnasında Budapeştdəki Rusiya səfiri
Aleksandr Tolkaç klassik macar ədəbiyyatının
populyar nümunələrindən biri kimi "Pal küçəsinin
oğlanları" romanını oxumağı məsləhət
görmüş və bir neçə gün sonra kitabın
rus dilində son nəşrini göndərmişdi. Tanınmış yazıçı Ferens
Molnarın (1878-1952) XX əsr macar nəsrinin brendlərindən
sayılan bu əsəri əslində, uşaq ədəbiyyatı
nümunəsi idi. Lakin vətənpərvərlik,
insaniyyət və borca sədaqət baxımından orada
böyüklərin də ibrət götürəcəyi
yüksək məna və mətləblər vardı. Kitab müxtəlif dillərə tərcümə
edilmiş, bir neçə dəfə ekranlaşdırılmışdı.
Macar nəsrinin klassik nümunələrindən biri kimi dilimizə
çevrilməsi maraq və rəğbət doğura bilərdi.
Ona görə də sonda "Pal küçəsinin
oğlanları" üzərində dayanmağa qərar
verdik.
Artıq bədii tərcümə sahəsində müəyyən
vərdişlərə yiyələnmiş Ramil Səfərov
tezliklə bu işin də öhdəsindən gəldi.
Həm də təqdirəlayiq hal idi ki,
"Qapı" romanının Bakı nəşrindən
sonra Kozma həbsxanasının rəhbərliyi azərbaycanlı
məhbusa daha diqqətlə, hətta ehtiramla
yanaşırdı. Görünür, kitab çap olunana qədər
onun tərcümə üzərində işləməsi
haqda dediklərinə və saatlara yazı-pozu ilə
uğraşmasına elə də ciddi əhəmiyyət verməmişdilər.
Amma real işin ortaya çıxması
münasibəti dəyişdirmişdi. Nəticədə
Səfirliyin növbəti müraciətindən sonra Ramil Səfərova
yalnız yazmaq məqsədi ilə noutbuk verilməsinə
razılıq alındı. Beləliklə,
istisna hal kimi ona həbsxana şəraitində müəyyən
yaradıcılıq mühiti və imkanları təmin
edildi.
Mənim
xahişimlə "Pal küçəsinin
oğlanları" romanının redaktə işi ilə
tanınmış ədəbiyyatşünas-alim, professor Asif Rüstəmli məşğul
olmağa başladı. O, 2010-cu ilin noyabrında Səfirliyin
təşkil etdiyi "Azərbaycan-Macarıstan: Mədəniyyətlərin
dialoqu" adlı ənənəvi beynəlxalq konfransda
iştirak məqsədi ilə Budapeştdə olmuşdu. Burada qaldığı günlərdə akademik
İsa Həbibbəyli ilə birlikdə həbsxanaya, Ramil Səfərovun
görüşünə getmişdilər. Elə ilk ünsiyyətdən aralarında
münasibət yaranmışdı. Asif
Rüstəmli Bakıya qayıdandan sonra məktublaşır,
davamlı əlaqə saxlayırdılar. Yeni nəşrə
sponsor tapmaq da ciddi çətinlik törətmədi. Bu işi Birinci
Qarabağ savaşının iştirakçısı,
dünyada nadir sayılacaq samovar kolleksiyasının sahibi və
Qala kəndindəki ilk samovar muzeyinin təşkilatçısı
kimi tanınan mərhum Şahid Həbibullayev üzərinə
götürdü. Tezliklə məhbus-zabitin
macar dilindən yeni tərcümə əsərinin
çapı haqqında Macarıstan mətbuatında və
internet saytlarında xəbər yayıldı.
"Qapı" kimi onu da müxtəlif ünvanlara göndərdik.
Parlamentin Macarıstan-Azərbaycan dostluq qrupu üzvlərinin
və bəzi jurnalistlərin iştirakı ilə kitabın
kiçik təqdimat mərasimini keçirdik. Qrupun sədri, səmimi və
prinsipial insan kimi tanıdığım Marton
Döndöşü həm şəxsən, həm də rəhbərlərindən biri
olduğu populyar Yobbik partiyası vasitəsi ilə ədalətin
bərpa olunmasında bizə hər cür dəstək verməyə
hazır olduğunu bildirdi.
Tədricən Ramil Səfərovun özünə və
"işinə" sağlam maraq artdı. Həqiqətin ortaya
çıxarılmasında, Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi və qaçqınlar problemi
haqqında, eləcə də 2006-cı ildə Budapeştdə
keçirilən səs-küylü məhkəmə barəsində
obyektiv məlumatların yayılmasında Səfirliyin təşəbbüsü
ilə ölkəmizə göndərilən macar jurnalistləri
də az iş görmədilər. 2011-ci
ilin oktyabrında Macarıstan Xəbərlər Agentliyinin
(MTİ) müxbiri Laslo Hover, yüksək tirajlı "Magyar
hirlap", "Magyar nemzet", "Nepsava" qəzetlərinin
əməkdaşları Vöröş Sabolç, Jolt Qabor
Laslo, Ferens Kepeç və tanınmış hərbi-siyasi
analitik, "Yanes Defence Weekly" internet nəşrinin baş redaktoru Peter Dunaidən ibarət
jurnalistlər qrupu Bakıda oldu. Onlar Azərbaycan və Rusiya
prezidentlərinin himayəsi altında keçirilən Beynəlxalq
Humanitar Forumun gedişini işıqlandırmaqla
yanaşı, Azərbaycanın müxtəlif bölgələrini
gəzmək, Dağlıq Qarabağ münaqişəsinin
insanlarımıza gətirdiyi iztirab və faciə mənzərələri ilə yerində tanış olmaq
niyyətində idilər. Xarici İşlər
Nazirliyinin mətbuat xidməti, Qaçqınların və Məcburi
köçkünlərin İşi Üzrə Dövlət
Komitəsi ilə əməkdaşlıq şəraitində
macar jurnalistlərinə geniş səfər proqramı
hazırlamışdıq. Bəzi rəsmi təmaslarla
bir sırada proqrama
məcburi köçkünlərin, xüsusən
Cəbrayıl rayonundan olan sakinlərin kompakt
yaşadıqları qaçqın düşərgələrinə
səfər, Ramil Səfərovun atası və onu yaxından
tanıyan şəxslərlə görüş də daxil
edilmişdi.
Bakıya yola düşməmişdən bir gün əvvəl
jurnalistləri şam yeməyinə dəvət etdim. Söhbətimiz
bir neçə saat çəkdi. Onlara Azərbaycanda
görəcəklərini sadəcə mənim xahişim,
yaxud təlqinlərim əsasında deyil, öz müşahidələrinə
dayanaraq, vicdanlarının səsinə qulaq asaraq
işıqlandırmalarını dönə-dönə
xatırlatdım. Səfirliyin
müşaviri Anar İmanovla birlikdə çoxsaylı
suallara cavab verdik. Dağlıq Qarabağ münaqişəsi,
Xocalı soyqırımı, ermənilərin milli zəmində
törətdikləri
cinayət və terror aktları haqqında söylədiklərimizin
böyük əksəriyyəti macar media mənsubları
üçün yeni idi. Münaqişənin tarixindən və
mahiyyətindən xəbərsiz olduqlarından bəzən hətta
dediklərimizə müəyyən inamsızlıqla
yanaşdıqlarını da hiss edirdim.
Macarıstandan ölkəmizə gedən sanballı
jurnalist desantına böyük ümid bəsləyirdim. Onların yerli ictimai fikrə
az da olsa, təsir göstərəcəklərinə
inanırdım. Macar dostlarımız həqiqətən
gözləntiləri doğrultdular. Səfərin
ikinci günündən Laslo Hoverin göndərdiyi xəbərlər
MTİ bülletenlərində görünməyə
başladı. Peter Dunai Dağlıq
Qarabağ münaqişəsinin tarixi və mövcud vəziyyəti,
habelə Azərbaycan Ordusunun döyüş qabiliyyəti barədə
ingilis və macar dillərində iki sanballı analitik məqalə
ilə çıxış etdi. Ferens Kepeç
"Madyar nemzet" qəzetində Dağlıq Qarabağdan
didərgin salınan azərbaycanlılar, Cəbrayıl
köçkünləri, habelə Ramil Səfərovun
yaxınları ilə görüş barədə "Məhbusun
atasının yanında" məqaləsini çap
etdirdi.
Həssaslıqla qələmə alınan məqalədə
azərbaycanlı zabitin törətdiyi cinayətə
Dağlıq Qarabağ münaqişəsi prizmasından
baxılırdı. Müəllif Ramilin valideyni də daxil,
görüşdüyü bir çox insanların onu qəhrəman
saymadıqlarını qabartmış, ani hisslərə
qapılaraq Azərbaycan torpaqlarının
işğalında, Xocalı soyqırımında rolu,
iştirakı olmayan erməni həmyaşıdını öldürməsini pislədiklərini
xüsusi qeyd etmişdi. Baş verən hadisənin mərkəzində
erməni işğalı və dünyanın bu qorxunc cinayətə
seyrçi qalması faktının dayanması fikrini
qabartmağa çalışmışdı. Bütün
bunları hələ müharibə başa çatandan sonra
da uzun illər ABŞ hərbçilərini qorxulu yuxu kimi təqib
edən məşhur "Vyetnam sindromunun" təzahürü
kimi dəyərləndirən macar jurnalisti hər şeyin ermənilərin
torpaq iddiaları ilə başlatdıqları lənətə
gəlmiş müharibənin nəticəsində meydana
çıxdığına ayrıca diqqət çəkmişdi.
Səfirliyin həbsxana rəhbərliyinə təkidli
müraciətlərindən sonra "Madyar hirlap" qəzetinin
əməkdaşı Vöröş Sabolça Ramil Səfərovla
görüşmək və müsahibə almaq imkanı
yaradıldı. Sabolça həm də həbsə
düşdüyü vaxtdan bəri ilk dəfə məhbusun
foto-şəklini çəkməyə icazə verildi.
Müsahibənin yaddaqalan məqamlarından
biri də jurnalistin həmvətənlərini qulaqları
yağır etmiş "baltalı qatil" ifadəsindən
əl çəkməyə, həyata və hadisələrə
özünəməxsus baxışı olan, ağlı və
iradəsi ilə seçilən azərbaycanlı gənci bu
təhqiramiz ad altında deyil, məhz Ramil Səfərov kimi
tanımağa çağırması idi. Yazı
məhbusun şəxsiyyətinə hörmətlə qələmə
alınmışdı. Burada qətiyyən
törədilmiş cinayətə bəraət qazandırmaq
meyli olmasa da, hadisələrin mahiyyətinə varmaq və qətlin
səbəblərini macar oxucusuna anlatmaq istəyi güclü
idi. Qəzetin internet versiyasındakı
çoxsaylı şərhlərdən də
göründüyü kimi, Vöröş Sabolçun məqaləsi
bütünlükdə cəmiyyəti laqeyd
buraxmamışdı. Bəlkə də ilk dəfə
idi ki, sıravi macar vətəndaşları arasında qətl
hadisəsini pisləyənlərlə bir sırada məhbus
zabitin hərəkətinə müəyyən anlayışla
yanaşanların da səsi
eşidilirdi. Xatırlatdığım
yazının ardınca müəllif geniş jurnalist təhqiqatına
başlayıb Ramil Səfərova ömürlük həbs cəzası
hökmü çıxaran hakimi tapmış və mətbuata
açıqlama verməyə razı salmışdı.
Ağıllı, məntiqli suallarla onu, necə
deyərlər, divara dirəmişdi. Araşdırma
və müqayisələr nəticəsində macar vətəndaşları
ilə bağlı oxşar cinayət hallarının
heç birində azərbaycanlı zabitin mühakiməsində
olduğu qədər ifrat ədalətsizlik və sərtlik
nümayiş etdirilmədiyi qənaətinə gəlmişdi.
Bu, artıq sükut
buzunun əriməsi idi. Son 7-8 ildə macar
mediası bəlkə də ilk dəfə bizim vətəndaşa
münasibətdə öz ədliyyə
sistemini ədalətsizlikdə
günahlandırırdı.
Səfirliklə
əməkdaşlıq edən jurnalistlər vasitəsi ilə
populyar macar saytlarına yerləşdirilən və Ermənistan-Azərbaycan
münasibətlərindən, qaçqınların taleyindən,
Dağlıq Qarabağ münaqişəsindən bəhs edən
onlarla yazı və məlumat da mümkün dərəcədə
2004-cü ilin fevralında Budapeştdə baş verən səs-küylü
qətl hadisəsinin
üzərinə işıq salırdı. Bu yolla cinayəti doğuran səbəblərin
obyektiv və ədalətli mövqedən şərh edilməsinə
çalışırdıq. Doğrudur, fikirlərdə
inqilabi dəyişiklik edə bilməsək də, artıq
müəyyən pozitiv yanaşmaya nail ola
bilmişdik.
Yeri gəlmişkən, Ramil Səfərovun macar ədəbiyyatı
nümunələri Azərbaycan dilinə tərcümə
etməsi erməni saytlarının diqqətindən də
yayınmamışdı. Bəziləri mövzunu lağlağı hədəfinə
çevirməyə çalışırdı. Çoxları isə əməlli-başlı hiddətlənmişdi.
Ermənistanın Budapeştdə akkreditasiya olunmuş səfiri
Aşot Hovakimyan (onun barəsində irəlidə bir qədər
geniş bəhs olunacaq) Parlamentdə
rastlaşdığımız zaman guya zarafat edirmiş kimi mənə
demişdi: "Qovorət, çto vaş klient uje topor pomenəl
na pero". "Pravilğno postupaet, - deyə cavab verdim:
"Vedğ ne zrə qovorət: çto napisano perom, ne
vırubişğ toporom".
***
Əlbəttə, bütün bunlar lazımlı və
gərəkli idi. Amma nəticə etibarı ilə yenə
də ekstradisiyanı gerçəkləşdirməyə
yetərli deyildi. Məlum məsələdir
ki, kitab yazdığına, yaxud hansısa əsəri tərcümə
etdiyinə görə dustağın cəzasını
yüngülləşdirmirlər. Yaxud onu
həbsdən azad etmirlər. Ona qalsa, bizdə
əski zamanlarda, bəlkə elə indinin özündə həbsxanada
yatıb çıxanların çoxu ya molla, ya da şair
olurdu. Macar ədəbiyyatından tərcüməyə
gəldikdə isə o, bəlli bir münasibət dəyişikliyi
görüntüsü yaratsa da, ardınca daha ciddi addımlar
atılmasına ehtiyac duyulurdu.
Xoşbəxtlikdən yuxarıda sadaladığım
maarifçilik işlərini həyata keçirdiyimiz zaman
müşkülü çözmək üçün
başqa səmtdən də işıq ucu göründü. İlk baxışdan mənə
heç də inandırıcı təsir
bağışlamayan bu variant sonda uğura gətirib
çıxardı.
Hər şey adi təsadüfdən başlandı. Macarıstan
paytaxtında Ramiz Əmirli adlı həmvətənimiz
yaşayırdı (İndi Azərbaycana qayıdıb).
Əslən Ağdam rayonundandır. Onu tam
əminliklə yad mühitin köklü şəkildə
dəyişdirə bilmədiyi səmimi, istiqanlı, millətinə
bağlılıq cəhətdən təəssüf ki,
sayı çox olmayan təəssübkeş
soydaşlarımızdan
adlandırmaq mümkündür. Doğrudur, qarabağlılara,
xüsusən də ağdamlılara xas dəli-doluluğu,
üstəlik, bir qədər də tələskənliyi, bəzən
xəyallarını gerçək kimi qələmə verməyi
vardı. Deyəsən, bir az da narsissizmdən
əziyyət çəkirdi. Bəzən əsassız
maksimalizmə, yaxud sadəcə xəyalının məhsulu
sayılacaq yersiz fantaziyalara uyurdu. Budapeştdəki
tək-tük həmyerlilərimizin çoxundan fərqli
olaraq Səfirliklə sıx əlaqə saxlayırdı.
Təmənna güdmədən gücü
çatan işlərdə yardımını əsirgəmirdi.
Macar dilini bildiyindən,
müəyyən tanışlıq əlaqələrinə
malik olduğundan ehtiyac duyduğumuz
məqamlarda ünsiyyət yaratmaq baxımından da bizə
xeyri dəyirdi.
(Davamı var)
Vilayət QULİYEV
Azərbaycanın
Macarıstandakı keçmiş səfiri
525-ci qəzet.- 2021.- 30 oktyabr.-
S.10-11.