Mətbuatda peşəkarlıq və fədakarlıq
örnəyi - "Şərq" qəzeti - 25
Şərqə bir vaxtlar günəş
doğdu. İnsanlar mazutlu, qabarlı
əlləri ilə gözlərini ovxalayıb
uzaqdan gələn günəş şəfəqlərinə
tamaşa elədilər.
O şəfəqlər insanların
üzünü nurlandırdıqca
üzərində məskən
saldığımız bu
torpaqda boy atan fidanlar zəhərli sarmaşıqlardan arınmağa
başladılar. Nicat yolumuzu
heç də asanlıqla tapmadıq, fərd-fərd paklandıq,
çamurun içində
çıxa bildik.
Həsən bəy Zərdabi "Əkinçi" qəzetini
yaratmaqla Şərqin
neft qoxan məskəninə - bir vaxtlar tarixin ən şanlı səhifələrinə həkk
olub dünya sivilizasiyasına töhfələr
verən, amma sonralar cəhalət burulğanında tarac olan Azərbaycana günəş istiliyi əta elədi. Həsən
bəy dövrünün
insanlarını maarifləndirmək
üçün böyük
mücadiləyə başladı
- Azərbaycan mətbuatının
əsasını qoydu,
ilk Azərbaycan qəzetinin
çapına nail oldu.
Uzun tarixi inkişaf yolu keçən qəzetçilik ənənələri
ildən-ilə püxtələşdi,
zamanın tempinə uyğunlaşdı və
ən əsası, cəmiyyətin maraqlarını
təmin edərək
ictimai fikrə istiqamət verdi.
Zərdabi "Əkinçi"sinin layiqli xələflərindən
biri olan, daim ənənələrə
sadiq qalaraq zamanın tələbinə
də uyğunlaşan,
qərəzsiz və peşəkar şəkildə
xalqa xidmət edən "Şərq"
qəzetinin 25 yaşı
tamam olur.
1996-cı
il noyabrın
1-dən kiçik formatda,
həftədə bir dəfə işıq üzü görən
"Şərq" qəzeti
2002-ci ildən başlayaraq
gündəlik nəşrini
bu gün də rəngli formatda davam etdirir. Qəzetin eyniadlı saytı
və "Şərq
TV" yutub kanalı da fəaliyyət göstərir. Bugünədək "Şərq"in 5500 sayı
çap olunub.
Əməkdar jurnalist Akif Aşırlının təsis
etdiyi və baş redaktoru olduğu "Şərq"
qəzeti Azərbaycanın
müstəqillik tarixində
özünəməxsus yer
tutur. "Şərq"
bu müddətdə dövrün bütün sınaqlarından alnı
açıq, üzü
ağ çıxıb.
Xalqın məlumata ac vaxtlarında
insanları informasiya ilə təmin eləmək çox zəruri məsələlərdən
idi. "Şərq" bu yolda mübarizəyə qoşularaq qısa zamanda populyarlaşdı, brendə çevrildi.
Dövrün ziyalılarının xatirələrində, cəmiyyətin
orta-yaşlı nəslinin
söhbətlərində qeyd
etdiyim məqamlar öz əksini tapır.
Akif Aşırlı
deyir ki, "Şərq" qəzetini
müstəqilliyin bərpasının
30 illiyinin 25 illik salnaməsi də adlandırmaq olar.
Ötən illərə nisbətən,
indi qəzet oxuyanların sayı azalıb, elektron media bir addım irəli keçib. Texnologiyanın sürətlə inkişaf
elədiyi dövrdə
bu, təbii haldır. Lakin "Şərq" qəzetinin çap prosesi ilə paralel elektron versiyası da peşəkar səviyyədə
ortaya qoyulur.
Sözsüz ki, statistik göstəricilərə
nəzər yetirdikdə
"Şərq" qəzetinin
çap versiyasına
da tələbatın
normal səviyyədə olduğunu
görərik.
Qəzet çap edənlər bu prosesin həm
maddi, həm də mənəvi cəhətdən necə
ağır olduğunu
yaxşı bilirlər. Bugünədək Akif Aşırlı məhdud imkanlar çərçivəsində "Şərq" qəzetini
ayaqda saxlayıbsa, buna görə ona minnətdar olmalıyıq. Ötən günlərin
birində Akif Aşırlı ilə müsahibəmdə qeyd etdiyi bir cümlə
mənə çox təsir elədi və bu mübarizliyə
heyran qaldım. Akif Aşırlı müsahibə zamanı dedi: "Nə qədər ki mən sağam, çalışacağam ki,
"Şərq" çap
olunsun".
"Şərq" qəzetini
bu 25 ildə oxunaqlı edən, ayaqda saxlayan ən böyük səbəb də elə bu idi:
inam, əzm, mübarizlik...
Klassik ənənələrə sadiq
olsa da, "Şərq"
daim yeniliyə can atıb. "Şərq"in
əməkdaşlarının sırasında hər zaman gənc kadrlar görmək mümkündür. Bu, həm də Azərbaycan jurnalistikasına
böyük xidmətdir.
Yeni peşəkar kadr hazırlamaq "Şərq"in
əsas prioritetlərindən
biridir.
Yubiley ərəfəsində
bir sıra ziyalılarımızın "Şərq" qəzeti haqqında fikirlərini və təbriklərini oxucularla bölüşmək
istədik.
Filologiya
elmləri doktoru,
professor, Bakı Dövlət
Universitetinin Jurnalistikanın
nəzəriyyəsi və
təcrübəsi kafedrasının
müdiri Cahangir Məmmədli "Şərq"
qəzetini qərəzdən,
qeyri-peşəkarlıqdan uzaq mətbuat orqanı kimi təqdir edir:
"Şərq" qəzeti
Azərbaycanda müstəqil
qəzet tipologiyasının
əsasını qoyan
qəzetlərdən biridir. "525-ci qəzet", "Ədalət"
qəzeti və "Şərq" qəzeti bir yolun yolçularıdır.
Müstəqil qəzet olub
jurnalistikanın prinsiplərinə
əməl edərək
ictimai maraqlara xidmət edən qəzetlərin sayı çox azdır. "Şərq" məhz belə qəzetlərdəndir. Məsələn, bəzən "Şərq"
qəzetində dərc
olunan bəzi yazılarda, xəbərlərdə
sensasiya elementləri olur. Amma hamısının arxasında dəqiq informasiya var, qərəzdən uzaqdır.
"Şərq" qəzeti həmişə
oxucu kütləsini cəlb eləməyi bacarıb. Ona görə ki,
qəzetin təsisçisi
və baş redaktoru Akif Aşırlı və kollektivi jurnalistika ixtisasına yaxşı bələddirlər. Akif Aşırlı
vaxtilə Tarix fakültəsini bitirsə
də, jurnalistika fakültəsində magistr
təhsili alıb və bizim fakültəylə
ciddi əlaqələri
var, Jurnalistika fakültəsinin imtahan komissiyasının sədridir.
Jurnalistika fakültəsinin
müəllimlərinin, tələbələrinin
öz qəzeti hesab elədiyi iki qəzet var: "525-ci qəzet"
və "Şərq"
qəzeti. Bu qəzetlər
bizim laboratoriyamızdır.
"Şərq" qəzeti
beynəlxalq jurnalistikanın
yaradıcılıq prinsiplərini
özündə ehtiva
edən qəzetdir: dəqiq, qərəzsiz, vicdanlı, balanslı və sair. "Şərq" qəzetini
yubiley münasibətilə
təbrik edir, yaradıcılıq uğurları
arzu edirəm!"
Əməkdar jurnalist, Azərbaycan
Mətbuat Şurasının
Sədri Əflatun Amaşov "Şərq"
qəzetinin çoxşaxəli
fəaliyyətini yüksək
qiymətləndirir:
"Şərq" qəzeti müasir Azərbaycan müstəqil mətbuatının ən önəmli təmsilçilərindən biridir. Deyərdim ki, birincilər sırasındadır. Bu yüksək statusun əldə edilməsi illərin zəhmətinin bəhrəsidir. "Şərq"in öncüllüyü ilk növbədə peşəkarlıqla bağlıdır. Qəzet peşəkarlığı xalq və dövlət mənafeləri naminə səfərbər etməyin nümunəsidir. Buna görə də geniş oxucu auditoriyasına malikdir. "Şərq" həm də ideyalarla silahlanmış kütləvi informasiya vasitəsidir. Nəşrin irəli sürdüyü ideyalarda romantika da var, reallıq da var, yaşantı da. Həyatımızda elə bir düşündürücü mövzu yoxdur ki, yubilyar nəşr ora hansısa formada nüfuz etməsin. Bu isə, həm də təəssübkeşliyin qəzet üçün nə dərəcə müstəsna meyar olduğunu təsdiqləyir. Əlbəttə, "Şərq"in təəssübkeşliyi ilk növbədə milli ruhludur, türkçülük soy-kökünə əsaslanır. "Şərq" jurnalistika məktəbidir. 25 illik zaman kəsiyi onu məktəbə çevirib. Bu məktəbin müdavimləri ölkənin ictimai-siyasi həyatında aktiv iştirakı ilə seçilən şəxslərdir. Əminəm ki, bu məktəb öz fəaliyyətini bundan sonra da uğurla davam etdirəcəkdir. Başda Akif Aşırlı olmaqla, "Şərq" qəzetinin əməksevər, peşə prinsiplərinə sadiq kollektivini ürəkdən təbrik edirəm!"
"Ayna" - "Zerkalo" qəzetlərinin təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı "Şərq" qəzetinin hələ də çap olunmasından sevinc duyduğunu bildirir:
"Akif Aşırlıya böyük təşəkkür düşür ki, ilk gündən bütün çətinliklərə, problemlərə baxmayaraq, "Şərq" qəzetini ayaqda saxlayır. O, hər dəfə yeni nəsə edəndə eyni həyəcanla sevinir. Buna görə də mən çox şadam ki, hələ də "Şərq" qəzeti mövcuddur. Biz nə qədər yeni texnologiyalardan istifadə eləsək də, qəzetin bir başqa ləzzəti var. Qəzet toxuna bildiyimiz, duya bildiyimiz, mətbəə qoxusunu hiss etdiyimiz mətbuat orqanıdır. Akif Aşırlı başda olmaq, "Şərq" qəzetinin kollektivini səmimi qəlbdən təbrik edirəm və arzum budur ki, yeni-yeni 25 illikləri geridə qoysunlar!"
Əminik ki, Azərbaycan jurnalistikasının inkişafını ürəkdən arzulayan hər kəs "Şərq" qəzetinin uğurlarına sevinir və onların da ürəyində qəzetin 25 yaşına ünvanlanan təbriklər, arzular aşıb-daşır.
"525-ci qəzet"in baş redaktoru, Azərbaycan
Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid və bütün kollektivimiz
"Şərq" qəzetinin 25 yaşı münasibətilə
dəyərli həmkarlarımızı ürəkdən təbrik
edir, qəzetin baş
redaktoru Akif
Aşırlıya və zəhmətkeş kollektivinə yeni-yeni yaradıcılıq
uğurları arzulayır! Qoy "Şərq"in
şəfəqləri daim insanların əqlinə,
ziyasına nur ələsin!
Nadir
YALÇIN
525-ci qəzet.- 2021.- 30 oktyabr.- S.8.