Şərqşünaslıq İnstitutunda Zəfər Gününə dair elmi konfrans olub

 

Oktyabrın 29-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Şanlı Zəfər Gününə aparan müstəqillik illəri” mövzusunda elmi konfrans keçirilib. Konfransda Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

AZƏRTAC xəbər verir ki, tədbiri Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva açaraq “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamını xatırladıb, konfransın şanlı Zəfərimizə həsr olunduğunu söyləyib və məruzələrdə bu Qələbəyə aparan müstəqillik illərində görülən quruculuq işlərindən danışılacağını bildirib.

 

Ötən əsrin 80-ci illərində Qarabağda baş qaldıran erməni separatçılarının 90-cı illərin əvvəllərində torpaqlarımızın 20 faizini işğal edərək 1 milyondan çox azərbaycanlını doğma yurdlarından qaçqın və köçkün saldığını deyən G.Baxşəliyeva 30 ilə yaxın bu torpaqların işğal altında qaldığını xatırladıb. O qeyd edib ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə hərc-mərcliyə, xaosa son qoyuldu, ordu quruculuğuna başlanıldı və 2003-cü ildən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda iqtisadi islahatlar sürətləndi, beynəlxalq münasibətlərin inkişafına, modern ordu quruculuğuna başlanıldı. Bütün bunların nəticəsində hakimiyyət və xalq birliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində şanlı Qələbə çalaraq, torpaqlarımızı işğaldan azad edib. Bu müharibədə canlarından keçən şəhidlərin qəhrəmanlıqlarını xatırladan G.Baxşəliyeva onların ruhuna Allahdan rəhmət diləyib.

 

Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya ölkələri şöbəsinin müdiri Dünyamalı Vəliyev “Qalib Azərbaycan inkişaf etmiş cəmiyyət mərhələsində” mövzusunda məruzəsində ölkəmizin inkişaf strategiyasından danışıb. D.Vəliyev müstəqil Azərbaycanın ildən-ilə gücləndiyini, sürətlə inkişaf etdiyini bildirib, aparılan iqtisadi siyasət sayəsində Azərbaycanın makroiqtisadi inkişafında dayanıqlıq təmin edildiyinibir çox dövlətlərin uzun müddət ərzində əldə edə bilmədiyi yüksəliş tempinə nail olunduğunu qeyd edib. Məruzəçi Azərbaycanın bu gün keyfiyyətcə yeni pilləyə - modernləşmə mərhələsinə qədəm qoyduğunu vurğulayıb.

 

Cənubi Azərbaycan şöbəsinin müdiri dosent Səməd Bayramzadə “Tarixi zəfərin qazanılmasında Azərbaycan diplomatiyasının rolumövzusunda məruzə ilə çıxış edib. O, Azərbaycanın müstəqillik dövrünün xarici siyasətinin birinci mərhələsinin müstəqilliyin ilk illərini əhatə edərək Azərbaycanın dünya dövlətləri və əsas beynəlxalq təşkilatlarla əlaqələrinin qurulması dövrü kimi xarakterizə edildiyini qeyd edib. Məruzədə 1993-2003-cü illəri əhatə edən ikinci mərhələ müstəqil xarici siyasətin baza prinsiplərinin formalaşdırılması və beynəlxalq əlaqələrin daha da genişlənməsi dövrü kimi səciyyələndirilib. Üçüncü mərhələnin Azərbaycanı Cənubi Qafqazda lider dövlətə və beynəlxalq münasibətlərdə etibarlı tərəfdaşa çevirən xarici siyasət kursunun yüksəlişi dövrü olduğu vurğulanıb. Bütövlükdə, Azərbaycan Respublikasının Zəfərdən öncə və sonra da həyata keçirdiyi xarici siyasət kursunun Azərbaycan xalqının təhlükəsiz gələcəyinin təminatına, Xəzər-Qafqaz bölgəsində Azərbaycanın ən mühüm ölkəyə çevrilməsinə yönəldiyi qeyd edilib.

 

525-ci qəzet.- 2021.- 30 oktyabr.- S.13.