İncəsənət sərhəd tanımır

 

 Meksika səfirinin və gənc rəssam Arzu Əhmədlinin birgə yaradıcılıq sərgisi açılıb

 

“Azərkitab” Kitab Təbliğatı Mərkəzində Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Xuan Rodrigo Labardini Flores və istedadlı gənc rəssam Arzu Əhmədlinin "İncəsənət sərhəd tanımır" adlı ilk birgə yaradıcılıq sərgisi təqdim olunub.

 

AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, diplomatik korpusun nümayəndələri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

 

Sərgidə Xuan Rodrigo Labardini Floresin Azərbaycan və Meksikanın görməli yerləri və memarlıq abidələrinin yer aldığı fotoşəkilləri və gənc rəssam Arzu Əhmədlinin rəsm əsərləri nümayiş olunub.

 

Sərginin təşkilatçısı Azərbaycan Rəssamlar İttifaqının üzvü Aygün İsgəndərova, layihə rəhbəri isə Azərbaycan Rəssamlar İttifaqının üzvü Elnurə İsgəndərovadır.

 

Sərgini Elnurə İsgəndərova açaraq qarşıdan gələn Zəfər Günü ilə bağlı iştirakçılara geniş məlumat verib.

 

Sərgi ilə bağlı təəssüratlarını Azərbaycan dilində bölüşən səfir Xuan Rodrigo Labardini Flores bildirib ki, Azərbaycan və Meksika arasında geniş mədəni və dostluq münasibətləri mövcuddurbu mədəni hadisə iki ölkə arasında dostluq münasibətlərinin inkişafına və ikili mədəni əlaqələrin daha da genişlənməsinə böyük töhfə olacaq. Səfir ilk fərdi sərgisinin məhz Azərbaycanda təşkil olunmasından böyük zövq aldığını qeyd edib.

 

Sonra Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Bakı təmsilçisi Mustafa Kemal Beyazbayram çıxış edərək Azərbaycana olan sevgisindən bəhs edib.

 

Tədbirdə Milli Məclisin deputatı Qənirə Paşayeva, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, "Azərkitab" Kitab Mərkəzinin layihə rəhbəri Sabir Həsənov , Milli Qəhrəman İbad Hüseynli , gənc rəssam Arzu Əhmədlinin atası Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov çıxışlarında belə mədəni tədbirlərin ölkələrarası dostluğun, mədəni əlaqələrin inkişafında əvəzsiz rol oynadığını bildiriblər. Hər iki sənətkarı bu möhtəşəm sərgi münasibətilə təbrik edən natiqlər hər zaman layihələrinin orijinallığı ilə fərqlənən Elnurə və Aygün İsgəndərovalara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Sonra təşkilatçılar və sənətkarlar səfirlik və "Azərkitab" Kitab Mərkəzi tərəfindən diplomlarla təltif olunublar.

 

Sərgi sevilən kaman ustası Şəhriyar Musayevin biri-birindən rəngarəng ifaları ilə davam edib.

 

Sonda iştirakçılar Meksika mətbəxinin ləziz təamları ilə tanış olublar.

 

525-ci qəzet.- 2021.- 30 oktyabr.- S.24.