Bizi ağrısı ilə
böyüdən kədər
Bizim bir günün içində böyüməyimizdən
bir il
keçdi. İlqar şəhadətə yüksələndə
beş yaşı
olan körpə fidanlar bir neçə
gün əvvəl əllərində gül
dəstəsi ilə məktəbə qədəm
qoydular, bağlarda əkilən tinglər boy
atdı, ev tikməyə başlayan qonşumuz Əli dayı çəpərini
də rənglədi artıq. Yaşadıq, dedik-güldük, qonaq da getdik,
hər halda, qubardan ölmədik.
Günü günə,
ayı aya düyünləyib bir ili tamamladıq...
Amma həmişə
bir yanımız boş qaldı. Nəyinsə yarımçıq qaldığını,
çatışmadığını
hiss elədik. O yarımçıqlığın
adını axtarıb-axtarıb
İlqarın adını
tapanda susduq. O deyib-gülməyimizə, o kefimizin
çağlığına utandıq. Çevirilib özümüzü tənə
də elədik:
"Ə, mən necə
adamam, utanmıram, hələ nəyəsə
sevinib gülə bilirəm e..."
Amma kədərimizin
də, sevincimizin də içində Onu yaşatdıq, getdiyimiz-gəldiyimiz yerlərdə
ürəyimizdə daşıdıq. Küçə-küçə xatirə xəritəsi
çəkdik. İlqarlı
yollar, İlqarsız yollar...
Hər səhər
evdən çıxıb
77 nömrəli avtobusu
görəndə 77-nin 177 olduğu
vaxtlar yadıma düşür. Onda uşaq idik.
Qayğılardan çox uzaq
vaxtımız idi.
Hərdən dərsdən çıxıb
üç dayanacaqlıq
yol gedəsi olurduq. Deyirdim, piyada gedək,
20 qəpiyimiz cibimizdə
qalsın. İlqar deyirdi,
ay Nadir, bəsdi də,
yekə oğlansan, yorulmuşuq, nə piyada?! Qolumdan tutub avtobusa
tərəf dartırdı.
Günün birində 177-nin yüzlüyünü
sildilər, qaldı
77... İlqar deyinirdi. Deyirdi, adamın
77-ə dili yatmır
e, rəqəmlər çılpaq
görsənir.
O yüzlük itəndən
sonra, elə bil, nəsə qırıldı. Qayğılı həyatın qanadlarına
atıldıq. Nə oldusa,
ondan sonra oldu. Hamımız bir yerdə
yüz idik. İlqardan sonra yüzlüyümüz
milyon yerə paralanıb ürəyimizə
səpələndi, pərən-pərən
olduq.
Hər avtobusa minəndə, Yasamalın
yollarını dolaşanda
onun hənirtisini hiss edirəm. Elə bilirəm, hardansa
çıxacaq, deyəcək,
Nadir, burdayam, heç
kimə demə.
O gündən bəri
hər yerdə ona oxşayan kimisə görəndə
gözümü zilləyirəm.
Doyunca baxıb doluxsunuram. Bir anlıq elə bilirəm ki, özüdür. Amma
üzü nurlum elə getməyib ki, bir də
qayıtsın...
77 nömrəli avtobusun
sonuncu dayanacağına
İlqarın şəklini
vurublar. Yaşadıqları evin, təhsil
aldığımız məktəbin
yaxınlığındadır. Uşaqlar həmin dayanacaqda avtobusdan düşüb məktəbə gedirlər.
İlk dəfə görənlər
çönüb uzun-uzun
baxırlar. Kimisi "can ay bala" deyib keçir, kimisi qəhərdən donub qalır. İlqar və onun timsalında bütün şəhidlər bu Vətəni birləşdirən
keçidlərdi. Biz
"İlqarlar dayanacağı"ndan
həyata enib yaşayarıq, dünyadan
bu cür tutunuruq.
Oruc adlı
bir sinif yoldaşımız var idi. Boydan çox balaca,
çəlimsiz bir uşaq idi. Dərslərini yaxşı oxumazdı.
Bu bəs deyildi,
hələ şuluqluq
da edərdi, tez-tez danlanardı. O
çəlimsiz Oruc Qarabağ savaşında düşmənə qarşı
döyüşdü. Onu danlayan,
tənbeh edən müəllimlərinin, bəzən
yola getmədiyi sinif yoldaşlarının,
ailəsinin - Vətənin
uğrunda döyüşdü.
Qayıdanda gördü
ki, İlqar yoxdu...
Dayanacağa İlqarın şəkli
vurulandan bəri Oruc tez-tez su,
dəsmal götürüb
ora yollanır. Möhkəm-möhkəm silir, yan-yörəsinə
artıq nəsə düşsə, təmizləyir.
Qoymur ki, o şəklin üzərinə toz qonsun. O da öz sədaqətini belə göstərir. İlqarın anasını
görən kimi deyir ki, xala,
narahat olma, dayanacağı tər-təmiz
eləmişəm...
Səhərlər məktəbə gedəndə sıraya düzülürdük. Demək olar ki, hər gün Şəmistan Əlizamanlının ifasında "Cənab leytenant" mahnısının sədaları altında sinifə qalxırdıq. İlqar şux qamətli, iti addımlı idi. Elə bil, əsgər yeriyirdi. O balaca uşaq böyüyüb barıt qoxulu yollarda addımladı. Öz adını qəhrəmanlar cərgəsinə yazdırdı...
Bu bir ilin içində tez-tez İlqargilə getmişik. Bəlkə də, kədərə sinə gərməyimizin bir səbəbi də budur. İlqarın ata-anası bizi öz balaları kimi əzizləyir. Biz onlara gedəndə dərdi ürəklərində gizlədib ancaq bizimlə maraqlanırlar, tez süfrə açırlar, könlümüzü xoş eləmək istəyirlər. Hansımızdan 4-5 gün xəbər çıxmırsa, ayrı-ayrılıqda zəng edib hal-əhval bilirlər. İlqarın yerini verə bilmərik, sözsüz ki. Amma biz də öz çapımızda bu ailənin üzvünə çevrilmişik. Bir-birimizə ürək-dirək verib bu bir ili yaşadıq. Fəqət yaşamağın çox çətin olduğunu bu ildə lap dəqiq dərk elədik.
İlqardan əmanət bir
Tamerlanımız da
var. Qardaşı ilə
fəxr edən, onun adına
layiq olmaq üçün çalışan
Tamerlan... Tamerlan da bu ilin içində çox böyüyüb.
Əla futbol oynayır. İlqarın arzularını davam
etdirir, formasının
arxasına İlqarın
adını yazdırır.
Tamerlanın futbolda qazanacağı uğurdan
İlqara da pay düşəcək.
İlqarın futbola olan marağı
hamımızı təəccübləndirirdi. Əsl azarkeş idi! Azarkeşlik bir yana, gələcəyin
peşəkar futbolçusu
ola bilərdi. Onun azarkeşi olduğu komandaya nəsə demək qeyri-mümkün
idi, bərk əsəbiləşirdi.
Hərdən fikirləşirəm ki, nə olardı, ayaqsız, əlsiz olsa da, qayıdardı. Ona ayaq olardıq, əl olardıq. Amma sonra fikirləşirəm,
necə ki onun yoxluğu bizə dağ olub, ayaqsız qayıtmağı da özünə dağ olardı. O, futbolsuz dayana bilməzdi. Yəqin, uca yaradan bunu ona
rəva bilmədi...
Bu gün İlqarın şəhid olmağından
bir il
keçir. Xəbərini bir gün sonra eşitdik. Həmin gün ciyərimiz od
tutub yandı...
28-i gecə saat
12-nin yarısı sinif
yoldaşımız Emindən
zəng gəldi. Yuxudan oyatmışdı
deyə çox acıqlı cavab verdim. Emin ağdamlıdı, Vətən həsrəti
nədi yaxşı bilir, özü də soyuqqanlı adamdı, çox nadir hallarda kövrəldiyini görərdim ya görməzdim. "Alo"
deyəndə gördüm
səsi əsir:
- Emin, nolub, bu,
nə vaxtın zəngidir?
- Nadir...
- De görək day...
- Ay
Nadir...
- Eşidirəm, Emin.
- İlqar getdi...
- Bilirsən sərt karantindi, 9-dan sonra küçəyə çıxmağa icazə yoxdu, ona görə belə deyirsən. Zarafatlaşmağa başqa mövzu tapmadız? Gecən xeyrə!
Telefonu səssizə qoyub başımı balışa atdım. Gördüm ki, gözümün yaşı balışımın bir üzün tamam isladıb, o biri tərəfini çevirdim. Təkcə bir söz dedim: "Allah!.." Nitqimə ayrı bir söz gətirə bilmədim. Telefonu götürüb Aqşini yığdım, Emin deyənləri təkrar elədi. Yenə zarafat elədiklərini zənn edib ağzıma gələni dedim. Sonra ardınca Lətifi, Xəyyamı yığdım, gördüm ki, həmin sözləri deyirlər. İnana bilmədim...
Emingilin məhləsinə getdim,
5-6 oğlan dayanmışdı. Həəə, onda bildim ki,
bu xına o xınadan deyil. Uşaqlar mənə sarı gəlib qucaqladılar, qoşulduq bir-birimizə, elə ağladıq ki...
O günün travması canımızdadı. İldönümü yaxınlaşdıqca hər
şey təzələnir.
Hələ üstü qaysaq
bağlamayan yaramız
dayanmadan qanayır.
Hər şey bir yana,
özündən, səsindən,
gülüşündən ötrü darıxırıq.
Bürcəliyev İlqar Vüqar oğlu ölümündən
sonra "Vətən
uğrunda" və
"Laçının azad
olunmasına görə"
medalları ilə təltif olundu. Həmin medallar
və parlaq Zəfərimiz hamımız
üçün sonsuz
qürurdur, itkilərimizə
böyük təsəllidir.
Amma bunlar da bizdən
ötrü İlqarın
yoxluğundan doğan
kədərin təsirini
azaltmır.
Sabah İlqarı ziyarət
etmək üçün
Gəncəyə gedəcəyik. Onun qara
mərmərdən üzümüzə
zillənən göy
gözlərinə baxanda
ürəyimiz qan ağlayacaq. Bizim də qismətimizə bu yazılıbmış,
ağırdır...
İlqar,
əziz dostumuz, şəhid qardaşımız,
ruhun şad olsun!
Bir gün
görüşmək diləyi ilə...
Nadir
YALÇIN
525-ci qəzet.- 2021.- 28 sentyabr.- S.16.