"Kəpənək misalı toz edən" şair -
Adilə Nəzər
Gözəl bir şeir, yaxud mətn oxuyanda, söz məni tutursa, artıq özümü o
mətnin, o şeirin içində hiss edirəm
- nəbzim müəlliflə
eyni ritmdə, eyni ahəngdə döyünməyə başlayır. Könül dalğam
nəinki müəllifin
yaza bildiklərini, hətta tərslik edib sözə gəlməyən duyğularını,
yaşantılarını da
tuta, oxuya bilir. Sözə tabe olmayan o
hisslərin də ətrini, dadını dilimdə, damağımda
hiss edir, məsud oluram. Bax, fikrin, duyğunun
o sözə tabe olmayan, yazıla bilməyən hissəsini
duya bilmək isə hamı üçün deyil.
Bunun üçün
oxucu özü gərək söz xiridarı ola.
Mən özüm
az-az yazıram, yazdıqlarım da, adətən, ünvanlı
və xatirə janrında olur, hər dəfə də yazını bitirəndən sonra nigaranlıq və peşmanlıq hissləri
keçirirəm, elə
bilirəm danışılan,
yazılan xatirələrin
gözəlliyi itməsə
də, adiləşir. Mənə
elə gəlir ki, həssas oxucu mən yazmadığım pünhan
məqamları da anlaya bilir...
Giriş
hissəni bitirərək,
vurğulamaq istəyirəm:
hazırkı internet əsrində
kifayət qədər
gənc, istedadlı söz adamları, şairlər, yazıçılar
meydana çıxıb.
Əfsus, indi də yaxşı oxucu qıtlığı
yaranıb...
***
Bölgüdə mənim payıma
düşən bir sonbeşik dayıoğlum
var, yüz ilin neftçisi, - departament direktorudu. Elə bil anadan olanda
göbəyin kəsib
"nöyütün" içinə atıblar.
Bütün naxçıvanlılardan
fərqli olaraq həm də suyuşirindi, feysbukda da dostumdu. Bir
də görürsən
zəng vurub:
- Mamedov, aşağıda gözləyirlər, sahəyə
getməliyəm, bir söz soruşum, tez cavab ver,
mən qaçım.
- Həə, de gəlsin.
- Feysbukda o şair qızdan bir şeir paylaşıbsan -
Adilə Nəzərdən,
oxudum, çox ləzzət elədi, ancaq o şeirdə sən yazdığın sözlər yoxdu axı?!
Gülürəm, o, davam edir...
- Özüm iki dəfə oxudum tapım, səndən soruşmayım, bilirəm
sataşacaqsan, sən
Allah tez de, düşüm
gedim, vallah tələsirəm.
Dayıoğlumu gücə salan həmin misraları sıra sayı ilə deyirəm, oxuyur, şaqqıldayıb
gedir, mən də ona qoşuluram.
- Sənin də, özümün də canına, - iki nədi, bəlkə beş dəfə
oxumuşam, tapa bilməyib sənə zəng etmişəm. Neçə yerdə də qıza söz veribsən səndən yazacağam, di yaz qurtar,
biz də qəzeti əlimizin altında qoyub,
nə vaxt istəsək, rahatca açıb oxuyaq da.
- Allah, Allah... oxucuda
istəyə, tələbə
bax - deyib də başlayıram
"prikola".
- Pis öyrədibsən ey, gavır! Gərək çeynəyib qoyasan ağzımıza - deyir.
Qısası, o vaxt qəzetdə xanım şairimdən mütləq böyük məqalə yazacağıma
söz verib Adilə Nəzərin bu oxucusunu da
elə xoşbəxt etmişdim.
Bunlar öz yerində, ancaq indi feysbuku
"vərəqləyib" görürəm ki, mənim, ümumiyyətlə,
Adilə Nəzər poeziyası haqda incələmələrim bir
əlin barmağı
ilə sayılacaq qədər az olub. Bolluca anonslar vermişəm.
Beləliklə, hədəfdə Adilə
Nəzərdi
Söz içində
olmaq, elə hiss-həyəcan içində
olmaqdı. Budur, sevgi qırıqlarından
yapılmış, gözəl
bir şeir oxuyursan və anındaca sözün sehri səni tutur, şairə qoşulub ağlamaq, yumaq istəyirsən ayrılıqları...
Sənə bir şeir yazaram,
Tutar səni
sözün sehri.
...Qoşulub mənə ağlarsan
Yuyarıq ayrılıqları...
Bunca həzin,
ilıq, sehirli bir axına düşən hissiyyatlı
insanın daxilində
hansı təlatümlər
baş verir? Sanki günəşli
aydın havada, uzaqdan göy gurultusu eşidirsən, şimşək çaxır,
göy qurşağı
- ozon qatı yaranır havada, üzünə-gözünə sərin meh, İlahi nəfəs dəyir, ya da yüksək gərginlikli elektrik xətləri üst-üstə
düşür, qısa
qapanma baş verir və metal aqreqat halını dəyişib maye halına keçir... Yəni söz insanı əridib yumşaldır, həlim, kövrək, mülayim, elastik edir. Bundan sonra hara istəsən, necə istəsən, əyə,
döndərə bilərsən.
Müəllif sənə yol da verir, unutmadığın
o qadının adını
çək, xatırla,
eləcə pıçılda...
"Duyacağam harda olsam"... Və sən buna inanırsan, göynəməyə
başlayır qəfil
barmaq ucların, əl uzadıb tumarlamaq, sığallamaq istəyirsən havadakı
saçları, demək,
sözün sehri artıq səni tutub. Udum-udum oxuyursan, qurtarmasın, bitməsin bu gözəllik, uçasan,
beləcə sevgi, vüsal laylarında, göyün uca qatlarında və qəfildən möcüzə
baş verə, mələklər toxuna qanadlarına...
Bu, mənim fantaziyamdı, digər oxucu özgə bir xəyal qura bilər, üçüncüsü
əksinə xəyal
qırıqlığına qapılar və s. Əsas o deyil, əsas odur oxucunu bu hala
sala biləsən, budur qələbəsi şairin, şeirin, sözün!
SƏNƏ
BİR ŞEİR YAZARAM
Sənə bir şeir yazaram,
Oxuyarsan həftəsonu.
Kəmşirin şərab dadında
Halına qatarsan onu.
Duyacağam harda olsam,
Pıçıldayarsan adımı.
Xatırlayarsan bir anlıq
Unutmadığın qadını.
Göynərtisini duyarsan
Qəfil barmaq uclarının.
Əl uzadıb tumarlarsan,
Havadakı saçlarımı.
Udum-udum
oxuyarsan,
Tutar səni
sözün sehri.
Fırtınalı zamanında
Liman sanarsan
o şeiri.
Hesab edərsən o şeir,
Sevgimizin qırıqları.
Qoşulub mənə ağlarsan
Yuyarıq ayrılıqları.
Sənə bir şeir yazaram,
Həm isti, həm sərin olar.
Yorğun
günlərində barı
Dincəlməyə yerin olar.
Payınız çox olsun şair, sizi sevən və dəyərləndirən dostlara,
duyğulu insanlara bu cür gözəl
şeirlərlə həm
isti, həm sərin güvənc yeri, həm də ruhlarını etibar edib dincələ
biləcəyi məkan
olasız.
Kiçicik narahatlığım: məncə, "Kəmşirin
şərab dadında,
Halına qatarsan onu" - kimi mənalı, tutumlu misralara - "halına"
sözü çox da rahat oturmur.
Adilə
xanım, sizi əmin edirəm, poeziya xiridarı olan oxucular "fırtınalı" anlarında
yan almağa liman, sahil, yer
tapmasalar, mütləq
bu gözəl şeiri liman sanıb ona sığınacaqlar. Mənim özüm
üçün isə,
ədəbiyyat, söz
həmişə doğma
sahə olub, fırtınalı, ya fırtınasız olmağımdan
asılı olmayaraq.
Hər zaman sözə sığınıb, şeirə,
poeziyaya yan almışam.
Adilə
Nəzərin qarşıma
çıxan bu şeirini elə onun öz sözləri
ilə təqdimat verib paylaşmaya bilmirəm:
Adilə
xanımın yaz yağışına qoşulub
oxucu könlünə
axmaq istəyinə, açılmış qollara
naz etməyinə,
"kəpənək misalı
toz" etməyinə;
çəməndə, baxçada
gülün-çiçəyin ən göyçəyinə
dönüb, üstünə
arı qondurmaq, bal dadına baxmaq həsrətinə, qısqanmamaq olmur!
Ancaq qısqansaq da, istərik hər zaman bax belə
"tuti tək ötə dillərin",
"sevinə sığaldan
məhrum tellərin"
deyib alqışlayırıq... Mənim Şairəm! Gözəl
el qızım!
GEDƏSƏN
Qoşulub elə bu yaz yağışına,
Köz düşən
könülə axıb
gedəsən.
Tuş gələ
gözlərin yar baxışına, Qolunu qoluna taxıb gedəsən.
Beləcə keyfini saz eləyəsən,
Kəpənək misalı toz eləyəsən.
Açıq qollarına naz eləyəsən,
Yandırıb gedəsən, yaxıb gedəsən.
Dönəsən güllərin ən göyçəyinə,
Çəməndə, bağçada tər çiçəyinə.
Arı qondurasan gül ləçəyinə,
Balının dadına baxıb gedəsən.
Bircə gün tuti tək ötə dillərin,
Sevinə sığaldan məhrum tellərin.
Sonra bu dünyanın qoca əllərin
Cavan əllərinlə sıxıb gedəsən.
Hissiz-həyəcansız yaşa yüzəcən,
Nə lazım? Batasan qəmə dizəcən.
"El ağzı çuvalmı çəkib büzəsən",
Verib təzə söz-sov, çıxıb gedəsən.
Mən ruhi
rahatlığı, hüzuru sözdə,
poeziyada tapan adamam və şüurlu həyatımın
mühüm bir kəsimini
sözə gedən yolun yolçusu
olmaqla keçirirəm. Hansısa
düşüncələrimi, duyğularımı
kağıza, yazıya gətirmək istəyimi isə, çox vaxt tənbəllikdən,
laqeydlikdən, yaxud iddiasızlıqdan
"sonra, sonra..."
deyib unudur, o duyğuların üstünə toz qondururam. Kifayət edir ki, baxış bucağı mənimlə
üst-üstə düşən bir
müəllifı oxuyub rahatlaşım və
ruhuma sahib olan o sözlərdən
xoşbəxt olum. Sevdiyim şeiri,
musiqini, nəsr əsərini təhlil etmək,
incələyib-əzizləmək, oxşamaq
isə, həmişə ən xoş əyləncə
olub məndən ötrü.
Ancaq oxucunu yormamaq amacından hələlik bu yazını bitirir, günün bir
ağrılı probleminə toxunmaqla
nöqtəni qoyuram. Yenidən
qayıtmaq üçün...
Aydın
QACAR
525-ci qəzet.- 2021.- 1 sentyabr.- S.13.