"Zəncirotu" –
"Bir rəsmin dedikləri"
rubrikası
"Bir rəsmin
dedikləri" rubrikasının
budəfəki qonağı
rəssam-pedaqoq, sənətşünas
Aybəniz Pənahovadır. Aybəniz xanımla
Vidadi Nərimanbəyovun
"Zəncirotu" əsəri
haqqında danışmışıq.
***
- Vidadi
Nərimanbəyov yaradıcılığının
cizgiləri bu əsərdə özünü
necə göstərir?
- Nərimanbəyovlar nəslinin
görkəmli nümayəndəsi,
Xalq rəssamı Vidadi Nərimanbəyov dedikdə ağla gələn ilk fikir müharibə mövzulu əsərlər olur. Rəssamın yeniyetməlik dövrü
İkinci Dünya müharibəsinə təsadüf
etdiyindən o, həmin
illərin bütün
ağrı-acılarını, müharibənin yaşatdığı
ağır günləri
yaxından müşahidə
edib. Elə bu səbəbdən
rəssamın demək
olar ki, yaradıcılığının əsasını məhz müharibə mövzulu tablolar təşkil edir.
V.Nərimanbəyovun yaradıcılığına yaxından
bələd olan sənətşünaslar bilir
ki, onun əsərləri bir-birinin
davamı kimi təsvir edilib. Rəssam bu
tabloları bir silsilə şəklində
təqdim etməsə
də, mövzu və məzmun baxımından onlar bir-birilə vəhdət təşkil edir.
Rəssamın çox vaxt eyni mövzulara müraciət etməsinə
baxmayaraq, yaratdığı
surətlərin, xarakterlərin
psixoloji cizgilərində
təkrara yol vermirdi. O, obrazlardakı ciddiliyi
sərt boyalarla, dinamik əhval-ruhiyyə ilə təsvir edirdi.
Rəssamın yaradıcılığındakı təbiət qoynunda, bütün çətinliklərdən
uzaq, qayğısız
görünüşləri ilə insana müsbət əhval-ruhiyyə
qatan tabloları gələcəyə ümid
dolu hisslər aşılayır. "Zəncirotu"
əsəri bu qəbildəndir.
V.Nərimanbəyov müsahibələrinin birində "Zəncirotu"
tablosunun yaranmasının
qısa tarixçəsini
belə təsvir edir: "Bildiyiniz kimi, mən SSRİ Rəssamlar İttifaqı
hərbi komissiyasının
üzvüyəm. Sənət dostlarımla
birlikdə tez-tez hərbi hissələrə
getməli oluram.
Həmin
hissələrdə keçirilən
bir çox tədbirlərdə iştirakım
şübhəsiz ki,
yaradıcılığıma da müəyyən təsir bağışlayır.
Əsgəri hissələrin birində
gördüyüm şən
uşaqların gülüşü,
maraqlı oyunları
"Zəncirotu" tablosunun
yaranmasına səbəb
oldu. Mən burada iri planda
başının üstündə
topa-topa ağ
buludlar, açıq rəngli dinc səma, qarşısında
bəhərli nar ağacı, əlindəki
zəncirotu ilə oynayan oğlan uşağını, arxa
planda isə uçuş meydanı, qırıcı təyyarə
və radar görünən
bir mənzərə təsvir etmişəm. Bu mənzərə qeyd etdiyim kimi,
canlı müşahidənin
məhsuludur".
- Müharibə əhval-ruhiyyəsi
əsərdə özünü
necə göstərir?
- Bu əsər müharibədən
sonrakı dinc, firavan həyatın xoşbəxt günlərini
özündə əks
edirir. Tabloda müharibə əhval-ruhiyyəsi
əks olunmasa da, müharibənin "nəfəsi" duyulur.
"Zəncirotu" əsərində
ön planda təsvir olunan oğlan obrazı və zəngin koloritli mənzərə xüsusi ahəng yaradır. Rəssamın bu üslubda
kompozisiya yaratması dərin məna kəsb edir. İlk növbədə bu təzad tamaşaçını
düşünməyə vadar edir, zəngin
koloritə malik olan mənzərə, uşaqların məsum oyunlarının təsviri,
xoş günlərini
və müharibənin
dəhşətli rəmzləri:
silahlar, lokatorlar, raketlər. Əsərin ümumi süjet
xəttinə nəzər
saldıqda oğlan uşağının kiçik
qovcuğa çevrilmiş
zəncirotunu üfürdüyünü,
arxadakı qorxunc silahların bu uşağın sakit, xoşbəxt həyatını
qoruduğunu izləyirik.
Əsərin kompozisiyasına diqqət yetirdikdə ustalıqla işlənmiş zəngin
rəng qamması tamaşaçını cəlb
edir. Belə ki, təbiətin
- ağacların, dağların,
səmanın zəngin
koloriti məharətlə
seçilib. Bu rəng çalarları firavan həyatı daha da poetikləşdirir.
Bu gözəllik uşağın duruşunda,
mənalı baxışında
əks olunaraq əsərin ifadəliyini
və əsas ideyasını daha da artırır. Xırda detallar, yolun ağ
rəngli düz xətti kompozisiyada uşaq obrazı ilə təbiət arasında yaranan vəhdətini daha da gücləndirir.
Rəssam böyük ustalıqla əsərdə müxtəlif
təsviri üsullarla,
işarələrlə yaz
fəslinin gözəl
abu-havasını əks
etdirib. Məhz yaz fəslinin
təsvir olunması da səbəbsiz deyil. Təbiətdəki bütün gözəlliklərin
oyanışı, dirçəlişi
yaz fəslinə məxsus olduğu üçün müharibədən
sonrakı həyat da bu fəsil
ilə əlaqələndirilib.
Əsər qeyri-adi formada mərkəzi kompozisiya quruluşuna malik olsa da, özünəməxsus
bəzi elementlər diqqəti cəlb edir. Bu da uşağın
proporsiyalarının real ölçülərdən
çox böyük təsvir olunmasıdır.
Eləcə də əsərdə
gərgin perspektivanın
olması, məkanın
sıxılması hiss olunur.
- Tablonun rəng koloriti barədə nə deyə bilərsiniz?
- Rəssamın daxili aləminin zənginliyi,
humanist düşüncələri, xeyirxah niyyətləri onun yaradıcılığında
da hiss olunur. Hər zaman rənglərin "dilinə",
fırçasının gücünə
inanan rəssam təvazökarlıq xüsusiyyətindən
bir an belə
uzaqlaşmamışdır. Koloritdən bəhs edərkən onu da qeyd
etmək lazımdır
ki, əsərdə soyuq rəng qammasına daha çox üstünlük
verilib. Belə ki, səmada,
dağların ətəyində,
uzanan yol xəttində göy, mavi rəng çalarlarından, ön
planda verilmiş nar ağacında, yerdəki çəmənlikdə
yaşıl rəngin
müxtəlif tonlarından
istifadə edilib.
- Əsər hazırda
harda saxlanılır?
- Əsər hazırda
Milli İncəsənət
Muzeyində saxlanılır.
- Bu rəsm bizə nə deyir?
- Vidadi Nərimanbəyovun
yaratdığı uşaq
obrazları Azərbaycan
təsviri incəsənətində
diqqətəlayiq yer tutur. Rəssam həmin əsərlərdə
körpələrin məsum
hisslərini, düşüncələrini,
yaşadıqları acı
günləri, xatirələrindəki
xoş günləri böyük ustalıqla təsvir edib.
Aytac SAHƏD
525-ci qəzet.- 2021.- 1 sentyabr.- S.12.