Şahmat nə
vaxt və harada yaranıb?
Tarixdə
şahmat oyununun nə zaman və harada yaranmasına dair yekdil
fikir yoxdur. Bu məsələ mübahisəli
olduğundan şahmatın
meydana çıxması
vaxtı və onun vətəni barədə fikirlər birmənalı qəbul edilmir. Məsələn, şahmatın
yaşının Y.Neyştad,
A.Linde 1000 il, Y.Roxlin, İ.M.Linder, Z.Xocayev və F.Dümmeltəxminən 1500 il,
M.S.Koqan və V.Panovisə 2000 ildən çox olmasını bildirirlər. Hind tarixçisi
Krişnamacar şahmatın
tarixini eramızdan əvvəl VI-V əsrlərə,
yəni təqribən
2500 il bundan
qabaqkı dövrə
aid edir.
Tarixi ədəbiyyatda şahmatın
3000 il bundan
öncə Seylonda icad edilməsi, oradan isə Misirə və Yunanıstana yayılması
barədə də fərziyyələr mövcuddur.
İran
tarixçisi Murtuza Rəvəndi isə "Tarixi-ictimai-İran" əsərində
(I cild, Tehran, hicri 1341
(1962)1924-cü ildə Hindistanın
Aşağı Sind əyalətinin
qərbində aparılan
qazıntı zamanı
3000-4000 il miladdan əvvəllərə
aid edilən şahmat
daşlarının tapılması
haqqında məlumat vermişdir (M.Rəvəndi.
Tarixi-ictimai-İran).
X əsrdə yaşamış
dünya şöhrətli
Xarəzm alimi Əl-Biruni şahmatı
ilk dəfə Hindistanın
Pəncab əyalətində
görmüş və
onu təsvir edib.
Göründüyü kimi, bu günədək
şahmatın nə vaxt meydana çıxması
ilə bağlı müxtəlif fikirlər irəli sürülüb.
Şahmatın harada yaranmasına
gəlincə, Təbəri,
Firdovsi, Qətran Təbrizi, Mirxond, Xandəmir, Amili, Rəvəndi və bir sıra digər
alimlər onun vətənini Hindistan hesab etmiş, hətta bəzi müəlliflər (Biruni,
Amili, Rəvəndi) şahmatı icad edən şəxsin adının Sisse-ben Daher olması ehtimalını irəli sürərək onun adının müxtəlif
mənbələrdə Sassa,
Sissa, Susa və Sahsana kimi yazılmasını,
babasının adının
gah Baher, gah da Daher
olmasını, ləqəbinin
isə Əl-Hindi kimi qeyd olunmasını
bildirmişdir.
Görkəmli şahmat tarixçisi Herild Ceyms Ratvin
Murrey 1913-cü ildə
nəşr olunan
"A History of Chess" ("Şahmat tarixi") adlı əsərində şahmat
oyununun ortaya çıxma tarixini 570-ci
ilə aid edir. Müəllif oyunun Hindistanda bir Brahman rahibi tərəfindən savaşan
ordulardan ilham alaraq yaratdığını
qeyd edir. Halbuki şahmat ilahəsi "Kaissa"ya
şeir həsr edən məşhur ingilis şərqşünası
və sanskrit
dili mütəxəssisi
Ulyam Cons sonralar etiraf etmişdir ki, "Hindistanda tapıldığına inandığım
bu gözəl oyunla bağlı Brahmanların klassik əlyazmalarında heç
bir dəlil tapa bilmədim".
Bir versiyaya görə, Hindistan padşahı (böyük ehtimala görə, Maukhari sülaləsinin şahı
Kannauj - Yunis Xəlilov) tərəfindən
VI əsrdə İran
şahı I Xosrova şahmat hədiyyə edildikdən sonra oyun "çatranq" adını almış, həmin dövrdə ərəblərin İranı
istila etməsindən
sonra isə oyun islam dünyasında
tanınaraq adı
"satranj" olaraq dəyişikliyə uğramışdır.
Müasir şahmat yavaş-yavaş
məhz satranj oyununun əsasında inkişaf etmişdir.
Əksər mənbələrdə qeyd
olunur ki, iranlılardan ərəblərə
keçən, VIII əsrdə
Əməvilər dövləti
tərəfindən Əndəlus
vilayətinə, onların
vasitəsilə də
İspaniyaya yayılmış
şahmat sonralar bütün Avropada oynanılmağa başlanılmışdır.
Maraqlıdır ki, 600-cü illərdə
Hindistanın Pəncab
bölgəsində şahmat
oyununun qaydaları təkmilləşdirilmişdir. Bu dövrdə şahmatın
Çində "Sat-RanÇu"
adı ilə oynanılması da məlumdur.
X əsrdə şahmat bizanslılar və vikinqlər tərəfindən
oynanılmağa başlanıb.
Bəzi
qaynaqlarda isə qeyd olunur ki,
şahmatın atası
hesab edilən ona bənzər ilk oyunların təxminən
4000 il bundan əvvəl Misirdə oynanılmasına dair izlər Misir fironu IV Amenhotepin arvadı, firon Tutankhamunun qayınanası,
kraliça Nefertitiyə
aid piramidadakı qabartma
təsvirlərdə aşkar
edilmişdir. Halbuki sözügedən
təsvirlərdə bəhs
olunan oyun şahmatla heç bir əlaqəsi olmayan senet adlı
oyundur.
Şahmat
tarixinin ən önəmli araşdırmaçılarından
biri olan tarix elmləri namizədi İsaak Linderin keçmiş
SSRİ-də dərc
olunan "Şaxmatnoe
obozrenie-64" ("Şahmat
icmalı-64") jurnalının 1991-ci il noyabr
nömrəsində çap
edilmiş "Adəm
də şahmat oynayardımı?" başlıqlı
yazısında müəllif
arxeoloji qazıntılara
istinad etməklə şahmatın tarixi ilə bağlı son dərəcə maraqlı
məsələlərə toxunmuşdur. O, həmin araşdırmasında 1972-ci ildə
Özbəkistan torpaqlarındakı
"Dəlvərzin Təpə"
adlı arxeolojik məkanda tapılan oyun daşlarının önəmini vurğulayıb.
Türk müəlliflərindən Dimes Hak Alerlinin "Satranç psikolojisi
1" kitabında (İstanbul,
Scala yayıncılık,
s. 215-214) da deyildiyi kimi, "bu fiqurlar elm camiasında böyük sensasiya yaradıb. Elm xadimləri
bu fiqurları çaturanqadan şətrəncə
keçid mərhələsi
kimi qəbul edirlər".
Yeri gəlmişkən bir versiyaya görə, şahmatın ilkin forması olan "çaturanqa" ilə bağlı ilk yazılı sənədlərə təqribən 380-ci illərdə hind hökmdarı II Şandraqaptanın zamanında və "Çaturanqa" adlı oyuna dair sanskrit dilindəki mənbələrdə rast gəlinməkdədir. "Çaturanqa" sözü qədim sanskrit dilindən tərcümədə "çatu" dörd, "ranqa" isə yol deməkdir. Birlikdə götürdükdə, "dörd yol" mənasını ifadə edir. "Çaturanqa" "dörd qoşun bölməsi" kimi də başa düşülür. Bu qoşun isə özündə piyada, süvarilər, fil dəstələri və cəng arabalarını əhatə edib.
Çaturanqa ilə bağlı ilk təfərrüatlı məlumatı böyük türk alimi Əl-Biruni Əbu Reyhan Muhəmməd ibn Əhməd (973-1048) ərəbcə yazdığı "Hindistan" adlı əsərində vermişdir. Əl-Biruninin əsərini də tədqiq edən İsaak Linder belə bir qənaətə gəlir: "Fikrimcə, miladdan sonra II yüzilliklərdə, bəlkə də daha tez Şimali Hindistanda dördlü savaş oyunu olan çaturanqa yaradılmış, daha sonradan V-VI yüzilliklərdə isə Mərkəzi Asiyada artıq ikili savaş oyunu olan şahmatın əsası müəyyən olunmuşdur. 1977-ci ildə tarixçi Yuri Buryakovun rəhbərliyi altında Əfrasiyab (Səmərqənd) kəndində tapılan və miladdan sonra 760-cı ilə aid edilən 7 şahmat daşı da bunu təsdiq edir.
Rusiyanın müxtəlif bölgələrində türk mədəniyyətinə aid yerlərdə də şahmat dəstlərinə rast gəlinib. Ruslar həmin daşların və şahmatın Xəzər Volqa boyundan gəldiyini irəli sürürlər. Həmin bölgələrdə tapılan daşlar Əfrasiyab daşları ilə bənzərlik təşkil etməkdədirlər.
Qeyd edək ki, şahmatın inkişafında Azərbaycan xüsusi rol oynayıb. Faktlara istinad etsək, deyə bilərik ki, Şahmat oyunu Azərbaycana VI əsrin sonlarında məlum olub. Lakin təəssüf ki, həmin dövrə aid yazılı mənbə olmadığına görə ölkəmizdə konkret şəkildə bu oyunu ilk dəfə kimlərin oynaması haqqında məlumat yoxdur. Şahmat tarixi haqqında maraqlı araşdırmalar aparan azərbaycanlı müəllif Şəhriyar Quliyev "Azərbaycanda şahmatın tarixi (ədəbi və tarixi qaynaqlar əsasında araşdırma)" kitabında (Bakı, 2012, s. 57-58) sözügedən məsələ ilə bağlı maraqlı məlumatlar verərək yazır: "Azərbaycan ilə Sasani İranının digər əyalətləri arasında o dövrdə mövcud olan ümumi əlaqəni nəzərə alsaq, deyə bilərik ki, Azərbaycan xalqının şahmatla tanışlığı ola bilsin ki, aşağıdakı yollarla olmuşdur: əvvəla, burası aydındır ki, Azərbaycan alimləri və digər görkəmli şəxslər, yerli hakimlər və dövlət idarəçiliyində işləyən qulluqçular bu oyunu ilk dəfə öyrənib öz məişətlərində tətbiq ediblər. Digər tərəfdən Sasani ordusunda xidmətdə olan azərbaycanlılar bu oyunu ilk dəfə görmüş və onu öyrənərək öz vətənlərinə qayıtdıqdan sonra tətbiq etməyə başlayıblar. Başqa mülahizələr də yürütmək mümkündür. Belə ki, ərəblər İranda öyrəndikləri şahmatı özləri ilə birlikdə İspaniyaya apardıqları kimi (məlumdur ki, Qərbi Avropaya şahmat İspaniyadan keçib - Ş.Quliyev), Sasanilərin Azərbaycana köçürdükləri və Beyləqan, Şabran, Mil düzü və qeyri yerlərdə sakin etdikləri əhali özləri ilə birlikdə şahmatı da gətiriblər. Şahmatın Azərbaycan xalqına VI əsrdə məlum olmasını təsdiq edən dəlillərdən ən əhəmiyyətlisi qədim pəhləvi povesti və şahmatın VI əsrdə Sasani dövlətində məlum olmasıdırsa, ikinci mühüm dəlil Mingəçevirdə tapılmış zərlərdir.
Arxeoloji qazıntılar nəticəsində tapılan bu zərlər gildən düzəldilmiş və özləri də VI-VIII əsrlərə aiddir. Bu zərlərdən ikisi indiki nərd oyunundakı zərlərin eynidir, üçüncüsünün xalları isə 1, 2, 3, 4 və 11-dir. Burada 11 xal 5 və 6 xalların cəmidir. Bu zərin altıncı üzündə heç bir xal yazılmamışdır. Burada cəmisi 5 (1, 2, 3, 4, 11) xal vardır. Çətrəng oyununda da cəmisi 5 (şah, top, at, fil, piyada) fiquru olmuşdur. Məlumdur ki, Hindistandan Şərqin bir çox ölkələrinə yayılan çətrəng zər atmaqla davam edirdi: 1 xal piyada, 2 - fil, 3 - top, 4 - at, 5 isə şahdır. Zərin xalları ilə çətrəng fiqurlarının sayı bərabər olduğundan güman etmək olur ki, VI əsrdə İranda və Azərbaycanda məlum olan çətrəng oyunu bu cür zəri atmaqla davam etmişdir. Digər iki zərlər isə nərd oyununda tətbiq edilmişdir ki, bu oyunun da düzəldilməsi şahmatın İrana gətirilməsi ilə əlaqədardır".
Deyilənlərdən o nəticəyə gəlmək olar ki, pəhləvi dilində yazılmış "Çatrak-namak" ("Çətrəng haqqında kitab") adlı İran povestinin meydana çıxmasında və ən əsası şahmatın inkişafında Azərbaycan xalqının böyük zəhməti və payı olmuşdur.
Müxtəlif dövrlərdə tanınmış Azərbaycan şairləri Q.Təbrizinin, M.Gəncəvinin, X.Şirvaninin, N.Gəncəvi, Ə.Təbrizi, M.Əvhədi, İ.Nəsimi, C.Həqiqi, M.Füzuli, M.F.Axundzadə, S.Ə.Şirvani, Q.Zakir, M.İ.Qasiri, M.M.Müsəvvəri, M.R.Fəna, Z.Ərdəbili, M.Ə.Cənnəti, B.Qarabaği, M.Nəvvab, M.Ə.Sabir, M.Hadi, C.Məmmədquluzadə, M.S.Ordubadi və başqalarının əsərlərində şahmat oyunundan bəhs edilməsi, yaxud onun tərənnüm edilməsi bu müdrik oyunun qədim dövrlərdən etibarən ölkəmizdə geniş yayılmasını təsdiq edir.
Dediklərimizi yekunlaşdırsaq belə nəticəyə
gələ bilərik ki, şahmat
oyunu tarixdə uzun bir inkişaf yolu keçmiş və onun inkişafında Azərbaycan
xalqının böyük payı olub.
Yunis
XƏLİLOV
Naxçıvan
Dövlət Universitetinin Hüquq fənləri
kafedrasının baş müəllimi, hüquqşünas
525-ci qəzet.- 2021.- 1 sentyabr.- S.11.