"Niyə kitab
oxumalıyıq?" - kitablarda gizlənən
cavab
Esse
"Mən kitablarımı
yaratmazdan öncə kitablarım məni yaratdılar".
Mişel
de Monten
Bütün hadisələr, yaşantılar,
ilk baxışdan önəmsiz
görünən bir fikir, söz belə, beynimizdə müəyyən izlər
buraxır. Bunlardan heç izi-tozu
qalmadan silinib gedənlər də olur, tədricən dərinləşib yeni-yeni
cığırlar, yollar
açanlar da. Təkrarlardan ibarət gündəlik
yaşam ritmində bu cür cığırların
öz-özünə açılacağını
gözləmək sadəlövhlük
olar. Komfort zonası nə qədər arxayınlıq,
rahatlıq duyğusu yaratsa da, oradan
çıxmadan zehnimizdə
fərqli-fərqli izlər
formalaşdıra, həmin
izləri cığırlara,
yollara çevirə bilmərik...
Kitab tək informasiya mənbəyi, müəyyən mövzuda
məlumat toplamaq üçün vasitə
deyil. Kitab həm də mənəvi-estetik zövq
verən, fərdi inkişafda lokomotiv rolunu oynayıb öyrənməyi öyrədən,
dünyayla tanışlıq
yaradıb həyata baxış bucağını
genişləndirən, beyində
məlumatların filtrlənməsi
mexanizmini təkmilləşdirən,
nəzərdən qaçan
məqamlara diqqət çəkən, cürbəcür
ideyalar doğuran, empatiya hissini gücləndirən, özündə
elmə, sənətə,
insanlığa sevgini
ehtiva edən zehni qidadır. Mütaliə vərdiş halını
alıb yaşam tərzinə çevrilmədikcə
bu qidanın da dəyəri, əhəmiyyəti anlaşılmaz.
Hər kəsin
sutka ərzində müəyyən müddət
vaxtı olur ki, onu istədiyi
kimi xərcləsin. Zamanı qısamüddətli,
anlıq zövqlərə,
əyləncələrə də sərf etmək olar, uzaq perspektivə yönələn, beyində
yeni-yeni neyron şəbəkələrinin, düşüncə
axınlarının yaranmasına
təkan verən məşğuliyyətlərə də. Şüurun dərinliklərinə cümlələrdən, sözlərdən,
onların yaratdığı
emosiyalardan yaxşı
nə nüfuz edə bilər ki?! Məhz oxuyub-öyrəndiklərimiz vaxtaşırı yaddaşın
alt qatlarından üzə
çıxıb atdığımız
addımlarda, verdiyimiz
qərarlarda kömək
olur.
İllər əvvəl oxuduqlarımız
bu günə, bu gün oxuduqlarımız
isə sabaha açılan yoldur.
Sadə
məntiqə görə,
heç kəs özünü dünyanın
ən ağıllı,
bilikli, təcrübəli
adamı saya bilməz, istənilən sahədə bizdən qat-qat savadlı, bacarıqlı, səriştəli
insanlar var. Onlar aylarla, illərlə zəhmət çəkib
təcrübələrini, düşüncələrini bölüşdükləri
kitablar yazırlar. Belə kitablar nəinki beyindəki bir çox suallara cavab verir, eyni
zamanda, insanı düşündürüb, bəlkə
də, cavab tapmaqdan daha vacib şeyə - müxtəlif sualların
yaranmasına səbəb
olur.
İnsan bilərəkdən, ya bilməyərəkdən daim
uşaq kimi kimlərisə, nələrisə
yamsılamağa meyillidir. Böyüdükcə təqlid obyektləri o qədər çoxalıb
bir-birinə qarışır
ki, kimlərin, ya da nələrin
təsiri altına düşdüyümüzün fərqinə varmırıq.
Tədricən içimizdə yeni,
fərqli bir "mən" əmələ
gəlib kimliyimizi formalaşdırır, düşüncələrimizə,
danışıqlarımıza, hərəkətlərimizə yön verir. Bu səbəbdən də təsiri altında olduğumuz şeylərə diqqət
yetirib, həmin o zehni qidanın keyfiyyətini artırmaq çox önəmlidir.
Əlçatmaz insanlarla - Budda,
Konfutsi, Sokrat, Dekart, Hegel, Şopenhauer, Dostoyevski, Borxes, Eko kimi mütəfəkkirlərlə
daim ünsiyyət qurmaq, onların fikirləriylə tanış
olub, belə demək mümkünsə,
ustad dərsləri keçmək möhtəşəm
bir təcrübə deyilmi? Belə bir söz var:
"Kitab, zamanın dalğaları üzərində
səyahət edib, öz qiymətli yükünü ehtiyatla nəsillərdən-nəsillərə yetirən fikir gəmisidir". Başqa sözlə, kitab
boş vaxtı öldürmək yox, ölmüş zamanı diriltmək üçündür.
Bu gün beyinə səpilən fikir toxumları, sabah
cücərərək gələcəyimizi
yaradar.
Kitaba marağın az
olmasına diqqətimizi
yayındırıb vaxtımızı
əlimizdən alan, fikrimizin uçub getməsinə yol açan bir çox faktorlar səbəb olur: bizi ekranlara yapışdıran video-oyunlar,
çal-çağırlı, hay-küylü şou verilişlər, internetdəki
informasiya girdabı,
"cəlbedici", hipnotik,
vampir kimi enerjimizi tükəndirən
sosial şəbəkələr...
Gözlərimizin önündən bir göz qırpımındaca
axıb gedən, mənbəyi bilinməyən
bu tükənməz məlumat seli, sadəcə, bilgi zərrəcikləridir. Həmin damcıların
isə nə vaxtsa birləşib böyük bir dalğaya, dolayısıyla,
biliyə çevriləcəyini
gözləmək heç
də məntiqli, real
deyil.
Bəzi adamlar kitabın ona heç nə vermədiyini, oxumağa ehtiyacının
olmadığını düşünür. Müasir
üsullarla - gün ərzində üç-beş
dəqiqə xəbərlərə
qulaq asıb, beş-on
ortabab status oxumaqla, qarşısına çıxan
beş-on dəqiqəlik
üç-beş videoya
baxmaqla işini bitmiş sayır. Amma informasiyaya internetdən anında çatmaq imkanı bəs etmir. Bu gün qırıq-qırıq, kəsik-kəsik,
fraqmentlər şəklində
əldə etdiyi məlumatlarla həddən
artıq çox şeydən xəbərdar
olan, amma son dərəcə az
şey bilən insanlar yaranıb. Arabir dərindən nəfəs alıb özümüzə sual verək: indiyəcən düşüncə spektrımı
genişləndirməkdən, özümü zənginləşdirməkdən
ötrü nə etmişəm, hansı zəhmətlərə qatlaşmışam?
Digər tərəfdən, çevrəmizdə
mütaliə edənlər,
kitaba layiq olduğu dəyəri verənlər azlıq təşkil edirsə, qrup psixologiyasının da təsiriylə oxumaqdan uzaq qaçmağa başlayacağıq. Oxumayan çoxluq
tez-tez "kitab adama nə verir
axı?!" sualıyla
oxuyan azlığı
həvəsdən salıb
öz tərəfinə
çəkəcək.
Amma bir məqamı da unutmamalıyıq: tarix boyunca düzgün
yolda olub başqalarının yoluna
işıq salanlar həmişə təklənib,
azlıqda qalıblar.
"Kitaba ayıracaq
vaxtım yoxdur",
"Mənim savadıma
nə gəlib ki, oxumağa nə ehtiyacım var?!", "Çoxdan bitib kitabların zamanı, indi tamam başqa şeylər lazımdı!"
kimi bənzər ifadələr bəhanədən,
özünə haqq qazandırıb təskinlik
verməkdən başqa
bir şey deyil. Hədəfə çatmaqdan ötrü
nə qədər baş sındırıb qısa yollar axtarsaq da, bəzən
qısa yol mövcud olmaya bilər.
Texnologiyaların bizə qazandırdığı
vaxtı, enerjini yenə texnologiyalara xərcləməklə dünyaya
yaxınlaşsaq da, özümüzdən uzaqlaşırıq.
Yapon əsilli amerikan alimi, fizik, futuroloq Miçio Kaku "Gələcəyin fizikası" kitabında vurğulayır ki, gələcəyin təhsil sistemi büsbütün internet texnologiyalarına əsaslanacaq, əzbərçilik, "tutuquşuluq" tamam sıradan çıxıb tarixin tozlu səhifələrinə qarışacaq. Mühakimə yürüdüb, təhlil etməyi bacaran daha ağıllı, məsuliyyətli, "bir monitor, bir mən" prinsipiylə öz-özünə təhsil alan şagirdlər formalaşacaq. Gələcək robotlardan bacarıqlı, süni zəkadan ağıllı olmağımızı tələb edir. İntellektual-yaradıcı keyfiyyətlərə, sərhədsiz təxəyyül imkanlarına, proqramlaşdırma dilinə, liderlik, idarəetmə kimi qabiliyyətlərə yiyələnə bilməyənlərin cəmiyyətdə yer tutmaları daha da çətinləşəcək. Bəlkə də, mümkünsüz olacaq.
Oxumaq tək bilmək üçün yox, həm
də nələri bilmədiyini bilmək üçündür.
Paradoksal məqam isə, "Niyə kitab oxumalıyıq?" sualına cavabın
yenə də beynimizdə yeni-yeni
cığırlar, yollar açan
kitablarda gizlənməsidir.
Simran
QƏDİM
525-ci qəzet.- 2021.- 1 sentyabr.- S.10.