"Vaqif Poeziya Günləri Azərbaycan ədəbiyyatının təntənəsidir"  

 

 

Uzun illərdən sonra Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində 29-30 avqust tarixlərində Vaqif Poeziya Günləri yenidən bərpa olundu. Şuşada səfərdə olan ziyalılarımızın bəziləri təəssüratlarını "525-ci qəzet"lə bölüşüblər.

 

***

 

Anar Rzayev:

 

Bu, bizim üçün bayram oldu - Şuşaya qayıtmaq bayramı, poeziya bayramı, sənət bayramı, mənəviyyat bayramı. Vaqif Poeziya Günləri bu gün gözəl şeir məclisi ilə tamamlandı. Mənə elə gəlir ki, Vaqifin ruhu şad olacaq ki, onun adını daşıyan poeziya günləri belə yüksək səviyyədə keçirilir.

 

***

 

Nəriman Həsənzadə:

 

Şuşa səfərimizin çox böyük tarixi əhəmiyyəti var. Hər birimizin tərcümeyi-halına yazılacaq bir səfərdir. Mötəbər insanların iştirakı ilə çox gözəl tədbir keçirildi. Mən Şuşada ilk dəfə rəhmətlik Heydər Əliyevin vaxtında - 1982-ci ildə olmuşdum. O zaman Heydər Əliyev bizə söz vermişdi, çıxış etmişdik. İndi İlham Əliyev bizə söz verdi. Bu, taleyin işidir. Cənab Prezident dedi ki, o zaman atamın 59 yaşı var idi, indi mənim də 59 yaşım var. Bunlar elə-belə deyil, burada ilahi bir qüvvə var. Cənab Prezident bizə çox böyük sözlər dedi. Bu yaşımda çox şad oldum. Unudulmaz günlərdir, Şuşa ilə, qələm dostlarım ilə görüşdüm.

 

***

 

Vilayət Quliyev:

 

30 ildir ki, hamımız Şuşa həsrəti ilə yaşayırdıq. Nəhayət ki, bu həsrət bitdi, hamımız Şuşaya qovuşduq. 1987-ci ildə keçirilən  Vaqif Poeziya Günlərində Şuşada olmuşam. Ondan sonra da dəfələrlə Şuşaya səfər etmişəm. 90-cı illərdəki Şuşanı xatırlayıram. Onda şuşalılar çox həyəcanlı, narahat idilər. Amma bu dəfə Şuşanı çox əmin, Azərbaycan dövlətinin, əsgərinin tam nəzarəti altında gördümo həqiqətə inandım ki, Şuşa bundan sonra əbədi olaraq Azərbaycanın olacaq. Təbii ki, Şuşada görülməli işlər çoxdur. Bu, təkcə yeni binaların tikilməsi, yaxud dağılmış binaların bərpa edilməsi deyil. Həm də Şuşanı elan edildiyi kimi, Azərbaycan və türkdilli ölkələrin mədəniyyət paytaxtına çevirməkdir. İnanıram ki, bizim kifayət qədər həm mənəvi, həm maddi potensialımız var ki, bu həqiqəti yerinə yetirək. Düşünürəm ki, hər bir ziyalı bu işdə ön sırada olmalıdır. Hələ, 1918-ci ildə Azərbaycan Cümhuriyyətinin xadimləri deyirdilər ki, biz gərək Şuşada observatoriya yaradaq, rəsədxana açaq, musiqi akademiyasının əsasını qoyaq. Bu arzular 100 il yubansa da, inanıram ki, onların hamısı həyata keçəcək və Şuşa Azərbaycanın, türk dünyasının mədəniyyət paytaxtına çevriləcək.

 

***

 

Vahid Əziz:

 

Bu, böyük bir qələbədir! Mən bir şeirimdən bu bəndi xatırladım:

 

Azad olan Qarabağım daha şaqraq güləcək,

Alçalmadıq - yeni nəsil bizi Kişi biləcək!

ilk misramdan bir pərvanə

                       - "Vahid Əziz" - deyəcək -

"Özgəsinə bənzəməyən yazısından tanıdım!"...

 

Məsələ odur ki, İlham Əliyev öz xalqına inamı ilə, siyasi uzaqgörənliyi ilə xalqımızı bu üzqaralığından xilas elədi. Bu gün mən qürurla deyirəm ki, mən Şuşadayam!

 

***

 

Günay Əfəndiyeva:

 

İllər sonra burada Azərbaycanın böyük sənətkarlarının, klassiklərimizin, müasir şairlərimizin şeirləri səsləndirilirsə, Azərbaycan muğamının səsi bütün dünyaya yayılırsa, "Qarabağ şikəstəsi" dinlənildikdə artıq ürək yanğısı deyil, fəxarət hissi keçirilirsə, bu o deməkdir ki, Şuşa yenidən öz nəfəsini alır, xoşbəxt günlərinə qayıdır. Bizə bu Qələbəni bəxş edən, gözəl Qarabağımızı, Azərbaycan mədəniyyətinin incisi Şuşanı bizə qaytaran başda Ali Baş Komandan olmaqla bütün qəhrəmanlarımıza minnətdarıq.

 

***

 

Elçin Mirzəbəyli:

 

Şuşaya səfər etmək böyük bir xoşbəxtlikdir. Uzun illər boyu hər birimiz Şuşanın azadlığı arzusu ilə yaşamışıq. Bu torpaqların hər qarışında Azərbaycanın qəhrəman igidlərinin izləri var. Şuşa Azərbaycanın təkcə mədəniyyət paytaxtı deyil. Eyni zamanda, milli qürurumuzun oyandığı bir məkandır. 39 il bundan öncə Şuşada Vaqifin məqbərəsinin ucaldılması o dövrdə başlanan erməni iddialarına qarşı bir siyasi addım idi. Həmin dövrdə Şuşada çoxsaylı abidələr açılırdı. Bu, Sovet İttifaqının rəhbrəliyinə Şuşada dövlətçiliyimizin izlərinin olması ilə bağlı bir mesaj idi. Bu mesaj Vaqif Poeziya Günlərinin açılışında cənab Prezident tərəfindən yenidən dilə gətirildi. Bu gün Azərbaycan özünün ən xoşbəxt dövrlərindən birini yaşayır. Şuşada yaşadığım hisslər bir şeirə, yazıya sığışa bilməz. Biz bu illər ərzində Şuşa ilə birlikdə arzularımızı da böyütmüşük. Bu arzular Şuşanın, Qarabağın sərhədlərinə sığışmır. Şuşa haqqında ən gözəl bədii nümunələr hələ bundan sonra yazılacaq!

 

***

 

İbrahim İlyaslı:

 

Mənim 58 yaşım var. Bu günə qədər çox yerləri ziyarət eləmişəm, çox mötəbər tədbirlərdə iştirak eləmişəm. Amma Şuşaya səfərim ömrümdə ən müqəddəs ziyarətdir. Bu hissləri sözlə ifadə eləməkdə xeyli çətinlik çəkirəm. Amma hesab edirəm ki, bir az toxtayandan sonra bu yaşantıları sözə çevirə biləcəyik. Bu gün ömrümün ən müqayisəsiz günüdür. Ədəbiyyatımız adına çox möhtəşəm bir tədbir keçirildi. Biz şəhidlərimizin qanı bahasına Şuşadayıq, bu cür gözəlliklərin şahidi oluruq. Bizim gözəl şairimiz var idi - Akif Səməd. O, "Şuşaya gedə bilmirəm" adlı gözəl bir şeir yazmışdı. Onu da xatırladım, yad etdim. Xudu Məmmədovu xatırladım, onların ruhuna dualar oxudum. Çox möhtəşəm tədbir keçirildi. Bizə bura gəlmək fürsətini tanıyan Heydər Əliyev Fonduna, onun rəhbəri Mehriban xanım Əliyevaya dərin minnətdarlığımı bildirirəm.

 

***

 

Əkbər Qoşalı:

 

Vaqifin bərpa olunmuş məqbərəsi önündə şeir demək bizə qismət oldu. Demək, alnımıza yazılıbmış. Biz, əslində, möcüzənin içindəyik. Bir il bundan əvvəl burada nələr cərəyan edirdi! İndi buralara gül-çiçək qayıdıb, kor olan bulaqları dirilib. Biz Şuşanı Şuşa kimi sevirik, kiməsə, nəyəsə, harasa oxşatmırıq. Bizim üçün dünyadan Şuşadan başqa Şuşa yoxdur. Burada ilk növbədə minnətdarlıq duyğuları bizə hakimdir. Ali Baş Komandanımıza, Ordumuza, şəhidlərimizin ruhuna, ümumilikdə, bütün xalqımıza dərin minnətdarlığımızı bildiririk. Şuşaya qayıtmaq inamımızı sönməyə qoymayan fikir adamlarına təşəkkür edirik. Təəssüratlarım zəngindir. Çünki Heydər Əliyev Fondunun təşkil etdiyi çox möhtəşəm bir tədbirin iştirakçısı olmuşam. Dövlətimizin başçısı, Ali Baş Komandan cənab İlham Əliyev, Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva şəxsən özləri açılış tədbirində iştirak etdilər, bizimlə həmsöhbət oldular. Tanrı bu günləri bizə çox görməsin. Bu günlərdə biz, sözün əsl mənasında, möcüzə yaşamışıq.

 

***

 

Xəyal Rzazadə:

 

Elə bil, üç gündür yuxudayam. Arzularımıza çatmışıq, xoşbəxtik. Hamımızın üzündə o həyəcan, 30 illik həsrət var idi. Sevinclə kədər bir-birini əvəzləməyə çalışırdı. Mən kövrəldim, ona görə ki, 30 il biz Şuşasız necə dözmüşük?! Ali Baş Komandanın, müzəffər Ordumuzun sayəsində biz Şuşaya qovuşduq. Şuşa Qarabağın gözüdür, baş tacıdır. Şuşanın başqa bir füsunkarlığı var. Təbii ki, Vaqif Poeziya Günlərinin təşkil olunması da ayrı bir gözəllikdir.

 

***

 

Şəhriyar del Gerani:

 

Tarixi proseslərin içində olanda adam özü nəyin baş verdiyinin fərqinə vara bilmir. Yəqin, biz də nə baş verdiyini bir müddət sonra başa düşəcəyik. Burada mən bütün şairlərin adından çıxış elədim. Elə bir azərbaycanlı şair, yazıçı tapılmaz ki, ruhən burada olmasın. Mən oxucuları da təbrik edirəm, onlar da qəlbən burdadılar. Şuşanın mistik bir aurası var. İlk dəfədi burada oluram. Vaqif Poeziya Günləri Azərbaycan ədəbiyyatının təntənəsidir. Möhtəşəm hisslər keçiririk, poeziya bayramıdır. Hamı bir-biri ilə bayramlaşır, xoş sözlər deyir. Bu poeziya bayramının növbəti illərdə daha böyük formatda keçirilməsinə ümid edirəm.

 

***

 

Fərid Hüseyn:

 

Şuşaya gələndə gördüm ki, rəmzi mənada, ikinci dəfə Azərbaycan ordusu Şuşaya daxil olur. Bu ordu inşaat ordusudur. Cənab Prezidentin göstərişi ilə Şuşa yenidən bərpa olunur. Bizim üçün Şuşa bir xəyal idi, bu günlərdə gerçəkliyə çevirildi. Mən Şuşa haqqında bir şeir yazdım, başqa vaxtı bunu özümə təlqin edib bu cür yaza bilməzdim. Yəni 21-ci əsrin poeziyası reallığa yaxınlaşdıqca üzə çıxır. Bu mənada, Şuşanın şəninə görün nə qədər şeirlər yazılır. Ədəbiyyat elə bir sahədir ki, ona hər şeydən gec növbə çatır. Amma bəla gələndə hər şeydən tez ədəbiyyatı tapır. Bu, ədəbiyyatın həssaslığı ilə bağlıdır. Bütün sahələrdən əvvəl Qarabağın azadlığına ədəbiyyat reaksiya verdi. Təəssüratlarım çox gözəldir. Bayaq tədbirdə bir mahnı oxundu. O mahnıda bir cümlə var idi: "Yaşamalı dövrandı bu". Həqiqətən, Şuşada olanda biz bunu hiss edirik. Mən arzu edirəm ki, gələ bilməyən həmkarlarımız da bura gəlsinlər. Şuşanın hər küçəsi tarixdir. Tədbirlər də çox gözəl keçirildi. Dövlət başçımız qeyd etdi ki, növbəti Vaqif Poeziya Günləri beynəlxalq səviyyədə təşkil olunacaq. Bu, Şuşanı dünyada ədəbiyyat paytaxtına çevirə bilər.

 

***

 

Ramil Əhməd:

 

Şuşaya gəlməyim mənim üçün iki məna ifadə edir. Birincisi, mənim atamanam Şuşada texnikumda oxuyublar, orada tanış olub ailə həyatı qurublar. Ailəmin bağlı olduğu torpaq kimi Şuşa mənim üçün çox doğmadır. Şuşada olmaq inanılmaz, gözəl bir həyəcan idi. Yaxınlarının qaldığı evləri tapmaq, onların keçdiyi yolları düşünmək qəribə duyğular yaşadırdı. Mənim atamla anam buraları tərk edəndə gəncliyinin ilk dövrlərini yaşayırdılar. Bu hissləri sözlə ifadə eləmək çox çətindir. İkinci mənada önəmlidir ki, Vaqif Poeziya Günləri yenidən bərpa olundubundan sonra bu poeziya festivalı ənənəyə çeviriləcək. İnsanlarla ədəbiyyat atmosferində ünsiyyətdə olmaq çox önəmlidir. Bizim təşəkkür borcumuz cənab Ali Baş Komandana və müzəffər ordumuzadır. Biz onların sayəsində Şuşaya qürurla gələ bilirik.

 

Şahanə MÜŞFİQ (Şuşa)

Nadir YALÇIN (Bakı)

 

525-ci qəzet.- 2021.- 1 sentyabr.- S.6.