Üzeyir bəyin, Xurşidbanu
Natəvanın, Bülbülün ruhu şaddır
Düz
39 il sonra
Azərbaycanın mədəniyyət
paytaxtı Şuşa
şəhərində 30-31 avqust tarixlərində ölkəmizin ən önəmli ədəbiyyat
tədbirlərindən olan
Vaqif Poeziya Günləri yenidən bərpa olundu. Heydər Əliyev Fondunun yüksək təşkilatçılığı
ilə keçirilən
poeziya bayramında dövlət rəsmiləri,
millət vəkilləri,
tanınmış qələm
adamları, incəsənət
xadimləri və şuşalılar iştirak
edirdilər. Şuşada
səfərdə olan
ziyalılarımızın bəziləri öz təəssüratlarını "525-ci qəzet"lə bölüşdülər:
Milli Məclisin Mədəniyyət
Komitəsinin sədri,
millət vəkili Qənirə Paşayeva:
Bu, elə bir tarixi hadisədir ki, sözlə ifadə etmək çox çətindir. Şuşaya qədəm basmaq, Şuşaya yenidən qovuşmaq insana tərifəgəlməz hisslər
yaşadır. Burda kövrəlməmək,
qürur duymamaq, duyğulanmamaq mümkün
deyil.
Biz Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə çox təşəkkür
edirik, qəhrəman şəhidlərimizin ruhu
qarşısında baş
əyirik. Mədəniyyət paytaxtımız, mədəniyyət beşiyimiz
Şuşanın əsl
sahibləri bu gün buraya toplaşıb. Əvvəlki Şuşanın o gözəl
günlərində olduğu
kimi, gözəl tədbirlərdə hər
kəs bir arada, bir yerdədir.
Şuşada Vaqif Poeziya Günlərinin
bərpası dünyadakı
bütün azərbaycanlılar
üçün möhtəşəm
hadisədir. Torpaqlarımızın işğaldan azad
edilməsindən çox
qısa zaman keçib. Lakin Şuşada bu
möhtəşəm quruculuq,
abadlıq işlərini
görmək insana başqa bir güc verir. Eyni zamanda, bütün dünyaya göstəririk
ki, böyük mədəniyyət abidələrini,
tarixi abidələri dağıtmaq, məhv etmək ermənilərin xislətidir. Azərbaycan xalqının
məqsədi isə hər zaman qurmaq, yaratmaq, inkişaf etdirməkdir.
Vaqifin məqbərəsi əvvəlki
əzəməti ilə
ucalır. Eləcə də
güllələnmiş abidələr
öz yerinə qaytarıldı. Düşünürəm ki, Üzeyir bəyin, Xurşidbanu Natəvanın, Bülbülün
ruhu şaddır.
Çox
qısa zamanda digər tarix mədəniyyət abidələri
də bərpa olunacaq.
Şuşa şəhəri mədəniyyət
paytaxtımız kimi bütün dünyaya öz şöhrətini daha yüksək səviyyədə təqdim
edəcək.
***
Yazıçı, Əməkdar jurnalist
Səyyad Aran:
Tam səmimiyyətimlə deyirəm ki, bu, ilahi bir
hissdir. Hər bir azərbaycanlı
üçün həm
də fəxr edib, qürur duyulası bir gündür. Çünki biz uzun müddət gözəl Şuşamızdan
kənarda qaldıq.
Şuşa mədəniyyət paytaxtı elan olunmamışdan qabaq da elə qeyri-rəsmi
şəkildə mədəniyyət
paytaxtı idi. Azərbaycanın bir çox
ədəbiyyat, incəsənət,
elm xadimləri Şuşada
doğulub boya-başa
çatıblar.
Bura gəlmək
hər bir azərbaycanlının ən
böyük arzularındandır. Bu torpaq olduqca müqəddəsdir. Bu torpaq azərbaycançılığın
beşiklərindən biridir.
Biz Şuşaya mənəviyyatımız, ruhumuz
etibarilə bu torpağa çox borcluyuq. Elə bil, hər bir insanda Şuşadan
nəsə var və hər bir insan özündə
olan müqəddəs
nəyisə itirdiyi üçün narahat idi. Xalqımız müəyyən müddətdən sonra Şuşaya sərbəst
gələ biləcəklər.
Mən də Vaqif Poeziya
Günlərində iştirak
etdiyim üçün
çox xoşbəxtəm,
içimdə olan böyük boşluğu
doldurdum. Bu mənada bir vətəndaş kimi, bir azərbaycanlı kimi çox xoşbəxtəm. Şuşa bizim
tariximiz, varlığımız,
ruhumuzdur. Biz sadəcə olaraq ruhumuza qovuşduq.
***
AYB-nin katibi İlqar
Fəhmi:
Bu, hələ ki,
bizə möcüzə
kimi görünür. Əgər
bir il
öncə kimsə desəydi ki, Şuşada tədbir keçiriləcək və
sən də orada iştirak edəcəksən, heç
vaxt inanmazdım. Bir il əslində, çox balaca bir müddətdir.
Otuz illik həsrətin yanında bir il çox kiçik zaman kəsiyidir. Amma biz elə bir hadisələrin içindəyik ki, bu dövrdə bir il sanki otuz ildən
daha sürətli gedir. Çox qısa müddətdə
böyük hadisələr
baş verir. Bu müddətdə burda mədəniyyət tədbirləri, "Xarıbülbül"
festivalı, Vaqif Poeziya Günləri kimi böyük layihələr keçirilir.
Hələ ki, insan bunun mahiyyətini, böyüklüyünü, tarixiliyini
tam mənasıyla dərk
etmir. Müəyyən vaxt keçəndən
sonra bunları daha yaxşı idrak edəcəyik. Keçmişdən danışarkən deyərdilər ki, filankəs tarixi hadisələrin içərisində
olub. Bax, indi biz məhz
bu cümləni yaşayırıq. Hər birimiz
tarixi hadisələrin
içərisindəyik. Bu tarixi günləri
bizə yaşadan müzəffər ordumuza təşəkkür edirik.
Bizi sanki bir nağılın
içərisinə atıblar
və biz hələ ki, o nağıldan çıxa bilmirik.
***
Əməkdar artist Elşən Rüstəmov:
Əvvəlcə onu deyim ki,
Şuşaya səfər
edəcəyimi biləndə
çox sevindim. Bu xəbər mənimçün
gözlənilməz oldu.
Əlbəttə, Şuşanı görməyi, ora səfər etməyi hər bir Azərbaycan
vətəndaşı kimi
mən də çox istəyirdim.
Həmin an keçirdiyim hisslər o qədər böyükdür
ki, bunu sözlərlə ifadə
etmək çətindir.
Nəhayət, Şuşa səfərimiz başladı.
Bizi bu qədim şəhərə
aparan Zəfər yoluyla getdikcə işğaldan azad olunmuş ərazilərimizə
baxdım. Gah kövrəldim,
gah qürur duydum. Çünki bu qələbə
müzəffər, qəhrəman
ordumuzun əzmi sayəsində, şəhidlərimizin
qanı, canı bahasına əldə olunub.
Bir tərəfdən
də dağıdılmış
kəndlərimizi, rayonlarımızı
bu vəziyyətdə
görmək məni çox kədərləndirdi. Fikirləşdim, gör, düşmən nə qədər vəhşidir ki, böyük bir rayonu, şəhəri bütünlüklə darmadağın
edib.
Bütün bu qarışıq hisslərlə Şuşaya
gəlib çıxdıq. Buraya çatanda
böyük heyrət
bürümüşdü məni ki, bizim
qəhrəman döyüşçülərimiz
bu sıldırım qayaların başında yerləşən şəhəri
necə azad ediblər. Necə bir igidlik, cəsarət lazımdır
ki, bu sıldırım
qayaları qalxasan, mənfur düşmənə
zərbə endirib onu məhv edəsən.
Bu, bizim əsgərlərimizin
qeyri-adi qəhrəmanlığıdır.
Allah şəhidlərimizə rəhmət eləsin, döyüşçülərimizə cansağlığı versin.
Şuşanın bir çox yerləri bərpa olunub, quruculuq işləri davam edir. Amma düşmən burda da dağıdıcı,
vəhşi əməlindən
qalmadığından hələ
bir çox işlər görülməlidir.
Cənab
Prezident də öz çıxışında
bunu vurğuladı ki, bu müddətdə
müəyyən işlər
görülsə də,
həm Şuşada, həm də digər azad edilmiş ərazilərdə
bizi hələ çox işlər gözləyir və qısa zamanda hamısı öz yerini tapacaq.
Biz Vaqif Poeziya Günlərinə çox
böyük şövqlə,
ciddi-cəhdlə hazırlaşmışdıq
ki, bu böyük
ədəbiyyat bayramına
layiq bir kompozisiya olsun. Şükür Allaha ki, belə
də oldu. Bizim əsas məqsədimiz bu kompozisiya vasitəsiylə tamaşaçılarımızla
yaxından ünsiyyət
qurmaq idi. Orda Nizamidən Vaqifə kimi böyük şairlərimizin yaradıcılığından
səsləndirdiyimiz şeirlər
xalqımız tərəfindən
bilinən, dillər əzbəri olan nümunələr idi.
Ona görə tamaşaçılarımız
da bunu çox
gözəl şəkildə
qəbul etdi. Sanki onlar da darıxmışdılar bu
cür şeiriyyatdan,
kompozisiyadan ötrü.
Çox şadam ki, Şuşada Vaqif Poeziya Günləri bərpa olundu. İnşallah,
bu, mütəmadi şəkil alacaq və hər il ənənəvi
olaraq keçiriləcək.
Biz də ümid
edirik ki, biz də bir yox,
bundan sonra artıq dəfələrlə
Şuşaya gələcək,
onu ziyarət edəcək, öz sənətimizlə burda da tamaşaçılarla
görüşəcəyik.
Mən bu tədbir çərçivəsində yaradılan şəraitə görə Heydər Əliyev Fonduna və bütün təşkilatçılara təşəkkür edirəm. Mənimçün belə bir tədbirdə iştirak etmək böyük şərəf idi. İşğaldan azad olunmuş torpaqlarımızın bərpası, yenidən çiçəklənməsi uğrunda əlimizdən nə gəlirsə, hamımız bu işdə öz dəstəyimizi göstərməyə hazırıq.
***
Dünya Gənc Türk Yazarlar Birliyinin sədri İntiqam Yaşar:
Şuşaya doğru irəliləmək özü bənzərsiz bir hiss idi. Şuşaya qədəm qoymaq, onun havasını udub küçələrində dolaşmaq elə bir hissdir ki, adam hər anı özünə qənimət bilir. Bu 30 illik həsrət bu xalqın bütün düşüncəsini əhatə eləmişdi. Şuşa təkcə torpaq olaraq deyil, millətimizin düşüncəsi olaraq əsirlikdə idi. Nə xoşbəxt bizə ki, biz bu gün müstəqil dövlətimizin təşkilatçılığı ilə, üçrəngli bayrağımızın altında ənənəvi poeziya bayramının - Vaqif Poeziya Günlərinin iştirakçısıyıq.
Şuşanın azadlığı ilə həm də ədəbiyyatın böyük bir qolu azad olundu. Cənab Prezident vurğuladı ki, Şuşada Vaqif Poeziya Günləri bundan sonra beynəlxalq səviyyədə keçiriləcək. Biz bununla dünyada Şuşanın mədəniyyət paytaxtı kimi təbliğini həyata keçirmiş olacağıq. Bu, eyni zamanda, ədəbiyyatımızın tanıdılması istiqamətində böyük iş olacaq.
Bu zamana qədər biz ordumuzun, əsgərimizin gücünü dünyaya göstərdik. Bu gücün sayəsində torpaqlarımız işğaldan azad olundu. Bundan sonra isə mədəniyyətimizi, ədəbiyyatımızı dünyaya təqdim edəcək və necə bir zəngin mədəniyyətə, ədəbiyyata sahib olduğumuzu bir daha sübut edəcəyik. Bu torpaqlar uğrunda canını fəda etmiş bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm.
Şahanə MÜŞFİQ,
Şuşa
525-ci qəzet.- 2021.- 2 sentyabr.- S.6.