Oljas Süleymenovun yaddaşlarda qalan "Profil"i  

 

Azərbaycan teleməkanında xüsusi peşəkarlıq üslubu ilə seçilən Real TV-nin maraqlı proqram formatları sırasında "Profil"in ayrıca yeri var. İlk növbədə ona görə ki, bu proqram həm öz mövzuları ilə, həm bu mövzuları canlandıran qonaqları ilə diqqəti cəlb etməyi bacarır. "Profil"in qonaqları ictimai mühitdə tanınan, cəmiyyətə sözü olan, öz fikirləri ilə mühüm maarifçilik işi görən adamlardır. Şəxsən mən bir tamaşaçı kimi "Profil"i həm qonaqlarına, həm bu qonaqların fikir dünyasına bələd olan aparıcılarının peşəkarlığına  görə həmişə maraqla izləyirəm. Bu proqramın sadə, amma çox məzmunlu  keyfiyyəti, proqramın gedişi zamanı aparıcının sualları tamaşaçı auditoriyasına çox şey öyrədir.

 

"Profil"in son bir həftədəki qonağı  türk dünyasının varlığı ilə, yaradıcılığı ilə qürur duyduğu qazax yazıçısı, şair, publisist nəhayət, böyük alim Oljas Süleymenov oldu. Oljas Süleymenov təkcə türk dünyasının deyil, bütövlükdə beynəlxalq arenanın qəbul etdiyi  böyük yazıçı-alimdir. Onun 1970-80-ci illərdə ciddi ideoloji müzakirələrə səbəb olan "Az i Ya" elmi-publisistik əsəri SSRİ-nin hakim dairələrini lərzəyə salmışdı. Mən bu kitabın acılı-şirinli taleyinə zamanında xeyli dərəcədə bələd olan bir adam kimi veriliş başlayan andan bilirdim ki, aparıcı Kamran Qasımov yəqin, bu əsər haqqında ayrıca söhbət aparacaq. Elə oldu. Amma aparıcı Oljas Süleymenovun taleyində mühüm rol oynamış o əsər barədə sorğularını bir az sonraya saxladı. Bunun da öz mənası var: çünki müsahibədə peşəkar aparıcı əvvəlcə həmsöhbətin ən ciddi suallara cavabınadək onu mənəvi hazırlığa çəkməlidir. Ona görə aparıcının ilk sualı Oljasın həyat yolu, təhsili, ilk peşəsi s. haqqında oldu. Amma sən demə, Oljasın keçdiyi həyat yolu o qədər hamar olmayıb. Atası 30-cu illərin Sovet repressiyasının qurbanı olmuş Oljas jurnalist atalığının himayəsində böyüyür, orta məktəb, Universitetin geologiya fakültəsinin məzunu nəhayət, Moskva həyatı, Ədəbiyyat İnstitutu  formalaşmış Oljas Süleymanov.

 

 

 

Niyə mən bu yerdə Real TV-nin bu müsahibəsinin təqdimat formatından daha çox Oljas Süleymanovun aparıcıya monoloq şəklində danışdığı o uzaq illəri qabardıram? Çünki Oljasın - dünya arenasında tanınan bir ədibin həyatı bugünkü gənclərimizə bir örnəkdir. O, özü gileylənir:

 

"Bugünkü gənclik mütaliə etmir, ədəbiyyata etinasızdır". Mütaliə şüuru formalaşdırır. Yaxşı, bəs bu böyük, nəhəng simanı bir zamanlar - hələ orta məktəbdə kitabxanadakı kitabları sonuncu kitabadək oxumuş bu nadir insanı o ədəbiyyat böyütdüsə, bizim gənclərimizin bədii ədəbiyyata, tarixə etinasızlığı nəyə əsaslanır? Oljası dinləyib bu suala asanca cavab tapmaq olur.

 

Oljas Süleymenov "Real"a müsahibəsində çox səmimi idi. Bu fakt niyə mənim üçün xüsusən dəyərlidir? Çünki mən Oljasın Azərbaycanın 1990-cı illərin əvvəllərindəki ağır günlərində bizim filarmoniyada ictimaiyyətlə görüşünü xatırlayıram. Moskvada deputatların yığıncağında Sovet Ordusunun 1990-cı il yanvarın 20-də törətdiyi qətliamı pisləyən bu cəsarət sahibi filarmoniyadakı görüşdə bəzi siyasi suallara cavabdan imtina  etdi. Özünün  "Real"a danışdığı bir fakt: Deyir ki, Moskvada deputatların yığıncağında sonda seçki aparılır. Bu zaman bizim Anar - o yığıncaqda Mixail Qorbaçovun gözünün içinə Sovet Ordusunun Azərbaycanda törətdiyi 20 yanvar qırğını barədə sərt çıxışın müəllifi Anar - bülletenləri Oljasa göstərir. Bütün bülletenlərdə yalnız müsəlman deputatların adları silinmişdi... Oljas təəssüflə xatırlayır.

 

Oljas Süleymenovun təkcə "Az i Ya"sı bəsdir ki, onun türk dünyasına xidməti təsdiq edilsin. Oljas Real TV- daha bir maraqlı faktı xatırlayır: SSRİ hakimiyyətinin mənə "Az i Ya" kitabına göstərdiyi ağır ittihamlara təzyiqlərə baxmayaraq, Heydər Əliyev hələ o dövrdə Bakı səfərim zamanı mənimlə ayrıca görüşdü söhbət zamanı "Az i Ya"nı oxuduğunu, çox bəyəndiyini dilə gətirdi. Elə buna görəydi ki, Heydər Əliyev yenidən hakimiyyətə qayıtdığı dövrdə Oljası bir daha ölkəmizə dəvət edir, onun qiymətini verir. Elə buna görədir ki, Prezident İlham Əliyev bu gün onu "Şərəf" Ordeni ilə təltif edir bu böyük ədiblə bir saat söhbət edir...

 

"Profil"in aparıcısı Kamran Qasımov dünyada tanınmış qonağı bütün bu xatirələri ürəkdən səmimiyyətlə danışmasına səmimi şərait yaradır.

 

Söhbət istər-istəməz Ermənistanın xəyanətkar siyasətinə, bizim 44 günlük Vətən müharibəsinə yönəlir. Oljas Süleymenov Azərbaycanın bu zəfərindən qürur duyur. Bu çətin, ağır döyüşdə Ali  Baş Komandan İlham Əliyevə xalq sevgisini, onun xalqı birləşdirmək, qələbəni təmin etmək yolundakı xidmətlərini yüksək qiymətləndirir. Söhbətin gedişində türk xalqlarının bir-birinə münasibətinə toxunur Azərbaycanı Türkiyəyə ən yaxın dövlət kimi misal çəkir.

 

Bu yerdə Oljasın "Az i Ya" kitabındakı bir fikri yada düşür: "Xalqların taleyi, kardioqrammaya bənzəyir: Xətt yuxarı qalxıbsa, bu, heçonun aşağı enməyəcəyi demək deyil, xətt aşağı enibsə, bu,  heçonun qalxmayacağı demək deyil". "Az i Ya"dakı bu fikir indi bütün dünyada dolaşır. Ermənistan torpaqlarımızı işğalda saxladığı 30 il müddətində özünü kardioqrammanın yüksələn xəttində hiss etdi. Ancaq qanmadı ki, bu xətt mütləq aşağı enəcək. Ermənistanın kardioqramma xətti nəinki aşağı endi, hətta düz xəttə çevrilib onun nəfəsinin sona yetdiyini göstərdi. Oljas Süleymenovun Ermənistanın işğalçılıq siyasətinə münasibətində özünün bir zamanlar ifadə etdiyi kardioqramma xəttinin bu ölkə ilə bağlı düzünə getməsinə haqq qazandırması açıqca hiss olunurdu.

 

Böyük ədib daha bir fakta toxundu: 1990-cı illərin əvvəllərində Ermənistandakı zəlzələdən zərər çəkənlərə kömək  üçün Azərbacandan gedən təyyarəni qəzaya salmalarını. Faktı xatırlamağın mənası bu idi ki, ermənilər yaxşılığı da qanan millət deyil.

 

Oljas Süleymenovla söhbət rus dilində aparıldı. Çünki Oljas bütün təhsilini rus dilində almış bir ziyalıdır. Türk dünyasını daha geniş miqyasda tanıtması üçün bu dil ona çox vacib idi. Bir vaxtlar bütün Sovet xalqları - milli respubilkalar elmi yanaşmaya daha çox rus dilində diqqət edirdilər.

Maraqlı məqamlardan biri bu oldu ki, aparıcının üslubu ilə Oljas Süleymenovun üslubu üst-üstə düşürdü.

 

Oljas Süleymenovun "Profil"i üç hissədən ibarətdir. Hissənin hər birində bu günümüzə örnək olan çox faydalı fikirləri yer alır. Aparıcının qazaxıstanlı qonağa xüsusi məhəbbəti hörməti hər sualda özünü göstərirdi.

 

Oljas Süleymenovun bütün fikirləri, xüsusən işğalçı Ermənistan erməni mövzusundakı obyektiv düşüncələri təkcə qazax xalqının, bütöv türk dünyasının, bütöv bir dünyanın səsidir. Çünki Oljas Süleymenov Qazaxıstan deməkdir, türk dünyası deməkdir, bütün dünya deməkdir. "Profil"dəki söhbətindən hiss etdik ki, Oljas Süleymenov həm Azərbaycan deməkdir.

 

 

 

Cahangir MƏMMƏDLİ

BDU Yeni media və kommunikasiya nəzəriyyələri kafedrasının müdiri, filologiya elmləri doktoru, professor

 

525-ci qəzet.- 2021.- 2 sentyabr.- S.8.