Hansı kitabları oxumamalıyıq?
"Mən buradayam,
əziz oxucum, görəsən, sən haradasan?"
(Oğuz Atay)
Hər kitab oxucunu öz səsiylə çağırıb
diqqət çəkməyə
çalışır. İstər real aləmdə, istərsə
də virtual dünyada
- harada bir kitab varsa, sanki
bir-birini itələyib
sıxışdırır, fürsət düşən
kimi, boylanaraq gözə dəymək, insanların qəlbinə
və beyninə yol tapmaq istəyir.
XV əsrdə inqilabi alman ixtiraçısı
Yohan Qutenberqin çap dəzgahını
icad etməsindən bu yana bilik
indiki qədər əlçatan, bol, bir çox hallarda isə təmənnasız, pulsuz
olmamışdı. Bunun dəyərinin
anlaşılmasından əlavə,
kitabların doğru-düzgün
seçilməsi də
çox böyük önəm daşıyır.
Nəyi,
niyə, hansı özəlliklərinə görə
oxuduğumuza diqqət
yetirməliyik. Milyonlarla
əsərin, bu qədər zənginliyin,
rəngarəngliyin, bəlkə
də, xaotikliyin içində hər şey var: həddən
artıq vacib, dəyərli kitablar da, kiməsə fayda verməyən, mənasız, hətta zərərli, təhlükəli
əsərlər də.
Bir çox
hallarda uğursuz seçilən - keyfiyyətsiz,
zəif, maraq dairəmizə, bilik səviyyəmizə uyğun
gəlməyən, zamanına,
məqamına görə
yerinə düşməyən
kitablar ruh düşkünlüyü yaradır. Daha oxumaqdan
boyun qaçırıb
mütaliədən soyuyuruq,
belə demək mümkünsə, kitabın
kitabı bağlanır.
Amma bir dəfə, hətta bir neçə dəfə də səhvə yol verməyimiz bunun həmişə təkrarlanacağı anlamına
gəlmir. Digər tərəfdən,
kitablara layiq olduqları qiyməti verməkdən ötrü
də geniş diapazonlu mütaliəyə,
zamanla qazanılan təcrübəyə ehtiyac
duyulur.
Saysız
kitabların arasında
hər kəsə gərək ola
biləcək, səbirsizliklə
oxucusunun yolunu gözləyən saysız
kitablar var.
Bir vaxtlar hərfləri, yazıb-oxumağı
öyrəndiyimiz, asan
qavranılan, su kimi axıb-gedən nağılların, hekayələrin
dünyasına baş
vurduğumuz kimi, sanballı, ağır əsərlərə girişməmişdən
öncə də sadə kitablardan başlamaq daha məqsədəuyğundur. Vaxt ötüşdürməyə
hesablanan, yüngül
bir dillə yazılıb maraqla oxunulan bu cür
kitablar, adətən,
mütaliə vərdişinin
yaranmasına xidmət
edir, gələcəkdə
daha mürəkkəb
əsərlərin oxunmasına
yol açır.
Kitablar kateqoriyalar,
dövrlər, mövzular,
janrlar kimi bir sıra şərtlərə
görə bölünərək
bir-birlərindən fərqlənirlər. Kateqoriyalara əsasən,
ensiklopedik, bioqrafik, ixtisas, elmi, elmi-kütləvi, bədii
kitabları misal göstərmək olar.
Məsələn, söhbət
ixtisas kitablarından gedirsə, onlar da öz növbələrində
müxtəlif sahələrə
ayrılırlar: müəllimlik,
həkimlik, mühəndislik...
Bəs nə müəllimi - ana dili, riyaziyyat, coğrafiya, ya tarix?.. Elmi-kütləvi
əsərlərdə də
ucsuz-bucaqsız okeanlar
var: kimya, fizika, biologiya, astronomiya, ya astrofizika... Yox, əgər nəzər
nöqtəmiz ədəbiyyatın
üzərindədirsə, yenə də seçim imkanı sonsuzdur. Şeir, yoxsa roman? Neçə
il əvvəl,
hansı janrda qələmə alınmış
kitablar? Klassik, modern, postmodern? Detektiv, fantastik, antiutopik, ya tarixi əsərlər?..
Bundan başqa, hər kitabın öz təyinatı, məqsədi
olur: vaxt öldürmək, mənəvi-estetik
zövq vermək, cürbəcür emosional
hallar - duyğu seli yaşatmaq, düşündürmək, maarrifləndirmək,
bilik və bacarıqları artırmaq...
Kitab var, pop musiqi, "fast food" kimidir,
ayaqüstü, sürətli
oxu üçün yazılıb; kitab var, mütaliə zamanı böyük zəhmət, diqqət tələb edir, deyir ki, üstündə
qeydlər aparıb stikerlər yapışdıraq,
sətirlərini, abzaslarını
işarələyib dönə-dönə
təkrarlayaq.
Bütün bunları incəliklərinə
qədər araşdırıb
saf-çürük etmək
çox çətin,
bəzən mümkünsüz
olsa da, əvvəlcədən az-çox
nə istədiyimizi, necə bir şey
axtardığımızı bilməliyik. Əgər zövqümüz, maraq dairəmiz hələ formalaşmayıbsa,
yenə də boş dayanmağın mənası yoxdur. Hər kitaba ağız büzüb heç nə oxumamaq əvəzinə, haradansa
bir yerdən başlasaq, tədricən
zövqümüzü və
maraq dairəmizi yaradarıq.
Kitab seçimində bir çox amil rol oynayır: reklam, üz qapağı, oxucuların,
blogerlərin, dostların
fikirləri, resenziyalar,
sevimli yazıçının
növbəti əsəri,
savadına, intellektinə
əmin olduğumuz adamların tövsiyələri,
kitabın "Top kitablar",
bestsellerlər, lonqsellerlər
siyahısına düşməsi,
nəşriyyat, tərcüməçi,
redaktor... Bunların hamısı beyində
səs-küy salır,
ən böyük motivasiyaya - şəxsi istəyə, marağa uyğun şəkildə
seçim etməyimizə
səbəb olur.
Mütaliə fərdi xarakter
daşıdığından hər kəsin özünəməxsus tələbatı,
prioriteti ola
bilər. Həkimə, mühəndisə, iqtisadçıya, ya yazıçıya, filosofa
lazım olan kitablar, təbii ki, bir-birindən fərqlənəcək. Ancaq
hamının, heç
olmasa, ibtidai səviyyədə bilməli
olduğu ortaq mövzular, təməl bilgilər də var. Din, fəlsəfə, elm, tarix,
siyasət, sənət,
ədəbiyyat kimi sahələrdə müəyyən
anlayışlara yiyələnmək,
fərqli mədəniyyətlərlə
tanış olub, özünü dərk etmək, çağdaş
dövrün problemlərini
öyrənmək həyata
qlobal yanaşmağa,
bütöv mənzərəni
görməyə kömək
edər. Hansısa sahəylə qısa
tanışlığı əsasən ümumiləşdirilmiş
kitablar, antologiyalar yaradır. Fəlsəfə
haqda anlayış almadan Kantın "Saf ağılın tənqidi"ni, Hegelin "Ruhun fenomenologiyası"nı, ya
Nitsşenin "Zərdüşt
belə söylədi"sini
necə başa düşmək olar?
Bu gün internetdə yazılı və video formatda yerli, xarici yazıçıların
kitablarını təqdim
edən, cürbəcür
kriteriyalara görə
qarşımıza siyahılar
çıxaran saysız
materiallar var. Mütəxəssislərin
qiymətini almış,
Nobel, Buker, Pulitser kimi beynəlxalq mükafatlara layiq görülmüş, dünya
səviyyəsində tanınıb
zamanın sınağından
çıxmış kitabların
oxunması səhv etmə ehtimalını azaldar. Daim yeni nəşrlərlə,
müxtəlif kataloqlarla
maraqlansaq, gec-tez "bax, bu, mənim
kitabımdır, mütləq
oxumalıyam bunu!"
deyəcəyimiz əsərləri
taparıq.
Axtardığını tapa bilməmək onun mövcud olmadığı anlamına
gəlmir.
Konkret kitab məsləhətlərinə etimad etməyənlər isə, belə bir üsula əl ata bilərlər. Diqqətinizi çəkən iki kitab götürüb, hərəsindən təqribən 30-50 səhifə oxuyun. Ardınca üçüncü kitaba başlayıb ondan da 30-50 səhifə oxuyandan sonra müqayisələr aparın, hansı kitabı bəyənsəniz, onun üzərində dayanın. Kitabları ayrı-ayrılıqda araşdırmaqla - qısa məzmununu, annotasiyasını oxumaq, mündəricatına, başlıqlarına baxmaq, təsadüfi səhifələrini açıb müəllifin dilini, üslubunu nəzərdən keçirməklə də müəyyən fikrə yiyələnmək olar. Beləliklə, istədiyimiz kitabı daha tez tapar, vaxtımıza qənaət edərik.
Mətnin ad-sanından asılı olmayaraq, zorakılığı, dini, irqi, cinsi
ayrı-seçkiliyi təbliğ edən, xeyirin
libasında şərə xidmət göstərib beyinləri
zəhərləyən kitablar çox təhlükəlidir. Fikrini çatdıra bilməyən,
bəsit şeyləri təkrar-təkrar vurğulamaqla
oxucusunu da bəsitləşdirən,
başqalarının düşüncələrinə təhqiramiz
yanaşan, əsassız arqumentlərlə,
manipulyativ nümunələrlə özünün daim
haqlı olduğunda israr
edən müəllifləri ciddiyə almağa
dəyməz. Bu cür əsərlərin çoxluğunu nəzərə alanda "bütün kitablar dəyərlidir!" ifadəsinin şablonluğu haqda
düşünmək məcburiyyətində qalırıq.Bəlkə
də, "Hansı kitabları oxumamalıyıq?"
sualı "Hansı kitabları oxumalıyıq?"
sualından daha vacibdir,
kim bilir?
Simran
QƏDİM
525-ci qəzet.- 2021.- 2 sentyabr.- S.11.