İnsanlıq etalonu
Nəriman Süleymanov -bu isim ya bir insana hədsiz doğma gələ bilər, ya da müəmmalı. Bu adın doğmalığı ondadır ki, müəllifin bir əsərini oxuduqdan sonra nənəmizin təndir çörəyi kimi növbəti dişləyi arzulayır insan. Yazıçı ilə ilk tanışlığım hələ orta məktəbdə - 6-cı sinif ədəbiyyat dərsliyində "Birinci cığır" hekayəsi ilə başlayıb. Növbəti dəfə yazıçı ilə yolum artıq universitet tələbəsi olarkən, ikinci kursun yay tətilində coğrafiya müəllimimin hədiyyə etdiyi kitabda üst-üstə düşdü. Kitab adi kitab deyildi, 833 səhifə, bir səhifəsi də gözümüzün öyrəşdiyi kitab səhifələrinin ikisi boyda idi. Üzərinə də "Ruhlar çağırır" yazılmışdı (Hədiyyənin sevincindən "Nəriman Süleymanov" yazısını da "Nəriman Nərimanov" oxumuşdum). Qardaşımın "Bu nə boyda kitabdır, bu kitabı oxumaq olar?!" sözü məni kitaba daha bərk sarılmağa təşviq etdi. Kitabda müxtəlif povest və hekayələr verilmişdi. 2 aylıq tətil günlərimi kitabın səhifələrinin sayına böldüm və oxumağa başladım. Müəllifin əsərlərindən o qədər təsirləndim ki, onun ömür yoluna səyahət etməyi özümə borc bildim.
Nəriman Süleymanovun yaradıcılığını tək sözlə ifadə etmək olsa, mən "doğmalıq" kəlməsini seçərdim. Müxtəlif əhvalatlar, üslubu, yazı dili, əsərlərinin əsas ideyası ilə müəllif sanki bu duyğunu insanlara əmanət etmək üçün çalışıb. Müəllif həmçinin, uşaq ədəbiyyatına da dəyərli töhfələr vermişdir.
Nəriman Süleymanov 1930-cu il 15 avqustda Qərbi Azərbaycanın Körpülü kəndində anadan olmuşdur. 1947-1952-ci illərdə Azərbaycan Dövlət Universitetində (indiki BDU) təhsil almışdır. Müəllifin mətbuat nübarını isə Qılman İlkin xatirələrində belə yad edir: "Redaksiya işçilərindən çoxunu tanıyırdım. Onlardan Zeynal Cabbarzadə, Hüseyn Abbaszadə, Kamil Kazımov və bir neçə şəxs burada çoxdan işləyirdilər. Axır zamanlar işə bir ədəbi işçi də daxil edilmişdi. Zeynal bu qaraşın oğlanı mənə təqdim edib ünvanına xoş sözlər dedi. Bu cavan Nəriman Süleymanov idi. Üzügülər, təvazökar bir oğlandı. Mən tələffüzündən onu qazaxlıya oxşatdım. O, nədənsə çəkinə-çəkinə dedi:
- Xeyr, Qılman müəllim, mən Qərbi Azərbaycanın Körpülü kəndindənəm.
Sonralar redaksiyada olarkən bu oğlan xoş rəftarı, redaksiya heyətində oxunan hekayə və şeirlərin müzakirəsində ağıllı çıxışları ilə məndə özünə qarşı xoş təəssürat yaratmağa başlamışdı.
Bir dəfə redaksiya heyətinin iclası qurtarandan sonra xudahafizləşib taxta pilləkənlərlə enərkən bir nəfərin arxamca gəldiyini hiss etdim. Binadan çıxanda o, mənə yaxınlaşdı və utana-utana dedi:
- Qılman müəllim, mən sizə bir əziyyət vermək istəyirəm.
- Buyur, nə zəhmət.
O, yenə qısıla-qısıla dilləndi:
-
Qılman müəllim, mən bir hekayə yazmışam.
İlk hekayəmdir, ancaq utanıram onu üzə
çıxarmağa. Dedim, əvvəlcə sizin rəyinizi
öyrənim, görüm üzə
çıxarılmalıdır, ya yox.
- Nə
olar, verərsən, oxuyaram.
- Elə
yanımdadır.
- Ver,
baxaram, sabah burdan keçəndə qaytararam.
O, sevincək
pencəyinin cibindən hekayəni çıxarıb mənə
verdi və dönə-dönə üzr istədi. Evdə
hekayəni oxudum, çox xoşuma gəldi. Uşaqlar
üçün şirin dillə yazılmış ibrətamiz
bir hekayə idi. Bir-iki dil xətası vardı ki, onları elə
oradaca düzəltdim.
Səhəri
redaksiyanın qabağından keçəndə yuxarı
qalxıb hekayəsini ona qaytardım və çox
xoşladığımı söylədim. Sonra Eynulla
Ağayevdən xahiş etdim ki, "Azərbaycan pioneri" qəzetində
bu hekayəyə yer versin. İki-üç gündən
sonra Nəriman mənə zəng etdi və sevinə-sevinə bildirdi ki,
hekayəsi qəzetin bugünkü nömrəsində
çap olunmuşdur". Bu, yazıçının
"Balaca atlı" hekayəsi idi. Onun eyniadlı ilk
kitabı da 1956-cı ildə nəşr olunmuşdu.
Yazıçı
müxtəlif zamanlarda "Pioner" ("Günəş")
jurnalında ədəbi
işçi, pioner və məktəblilər şöbəsinin
müdiri, məsul katib, jurnalın baş redaktoru vəzifəsində
çalışmışdı. Üç dəfə Azərbaycan
Respublikası Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı
ilə təltif olunmuşdu.
Nəriman
Süleymanov nə qədər uşaq ədəbiyyatı
yazıçısı olsa da, o, əsərlərində bəşəri
problemlərə toxunmamış deyil. "Ömrün iki
payızı", "İnsan yaşayır", "Əsas
ürəkdir", "Yandı", "Təndirlər
qalandı" və s. bədii nümunələrdə biz
bunun şahidi oluruq. Yazıçının yeniyetməlik
dövrü müharibə illərinə rast gəlmişdir
və sanki o illərdə gördüyü, müşahidə
etdiyi uşaqların mənəvi dünyasını,
insanların rifahını öz əsərlərində bizə
ötürüb.
Məsələn,
"İnsan yaşayır" povestində bir balacanın
daxili aləmini müşahidə edirik. Atasının müharibədə
iştirak etməsi, onun ailə yükünü sahiblənməyə
sövq edir. Yoldan keçən şəxsin ona sazaqlı
qış günündə hədiyyə etdiyi şinelə
layiq olmağa çalışır. Onu heç kəslə
bölüşmür, gözünün ağı-qarası
kimi qoruyur, hətta işlərinin ondan keçməsinə
baxmayaraq, kolxoz hesabdarı Əsədə belə vermir. Lakin
Qasım kişinin piltəsizlik ucbatından qaranlıqda
öləcəyi fikri onun vicdanını rahat buraxmır,
şinelini doğrayıb Qasım kişiyə və digər
ehtiyacı olan insanlara verir. Bununla özünü şinelə
layiq zənn edir. Eləcə də, "Yandı" hekayəsində
də müəllif dövrün ağır sosial həyatını,
uşaq qəlbinin saflığını üzümüzdə
təbəssüm yaradaraq bizə ötürür.
Əsərdə
bundan başqa, 37-ci il repressiya mövzusuna da çox incə
toxunuşlar var. Bəzi insanların həyatını
qurtarmaq üçün cəhdlər, ailələrin başıqaxınclı
yaşaması və digər məsələlər təsvir
olunmuşdu.
"Keçən
günün əzabı" povestində isə müəllif
valideyn-övlad münasibətlərinə toxunmuşdu. Belə
ki, biz əsərdə atası tərəfindən ərköyünləşdirilmiş
bir kişini - Dadaşı görürük, lakin artıq sərhədləri
keçməsi (atasının məzarını unutması,
ailəsinə diqqətsizlik etməsi və s.) atasının
dostu Əmiraslan kişini çox narahat edir. Əmiraslan
kişi nə qədər çalışsa da, Dadaşı
düz yola çəkə bilmir. Nəhayət, ailəsi
dağıldıqdan sonra Dadaş evinə qapanır, günlərlə
skripka çalaraq atasının məzarını
xatırlamağa çalışır və sonda buna nail
olur.
"Ruhlar
çağırır", "Tərs külək",
"Əsas ürəkdir", "Quşlar yuvalarını
unutmurlar" və digər əsərlərində müxtəlif
obrazlar və situasiyalarla biz ailəyə və soy-kökə
bağlılıq, dədə-baba yurdunun yad edilməsi,
böyüklərə hörmət məsələlərini
müşahidə edirik. Yazıçı bunları çox
sadə, doğma, şirin dillə, gözəl bədii təsvir
və ifadə vasitələri ilə bizə
çatdırır. "Fikri Hələbdə qatır
satır", "ismi "Al-Osman"a dastan olub",
"hövüllənə-hövüllənə
danışırdı", "yağ yeyib yaxada gəzirdi",
"bu dəmbərçək də yumurtadan yun
qırxırdı" kimi ifadələr oxucunun təxəyyülündə
obrazın cəmiyyətdəki yeri, daxili aləmi haqqında
bir imic formaşdırır.
"Tamah"
adlı kiçikhəcmli nağılda isə vətənpərvərlik,
vətənə sədaqət hisslərinin tərbiyəsi, vətənə
rüşvət xətrinə xəyanət edən şəxsin
cəzalandırılması ilə təlqin olunur. Ən təsiredici
məqam isə bu xəyanətkara xalq elə cəza vermək
istəyir ki, digər şəxslərə də dərs
olsun və qərarsız qalan insanlar sonda rüşvət
aldığı qızılı əridib həmin şəxsin
boğazına tökməyi seçir.
Müəllifin
əsərlərində təbiət mövzusu da
aktualdır. Belə ki, "Kəkilli cumuldaq", "Dağ
havası", "Biz erkən oyanırıq",
"Üfüqdə tonqal yanır", "Bənövşə",
"Yarpaq", "Sarıköynək günəşi necə
gətirdi", "Qovaq ağacı və yolabaxan" kimi
hekayələrində müəllif
günümüzün də aktual məsələsi olan təbiətə
qayğı, heyvan və bitkilərə sevgi hissini
aşılamışdır. O, bu hekayələrdə
yaşlı insanları və balacaları öz
ideyalarının carçısı seçmişdir.
Bunlardan əlavə, insanların öz sağlamlıqlarını
da qorumalı olduğunu əsərlərində obrazların
nitqi, hərəkətləri ilə oxuculara
ötürmüşdür.
Ümumilikdə, müəllifin əsərləri
istər böyüklər, istər kiçiklər tərəfindən
diqqətlə oxunmalıdır. Hər hekayət, əhvalat
oxucuya doğru yaşam tərzini, gözəl insani hissləri
təlqin edir. Boşuna deyildir ki, akademik Bəkir Nəbiyev Nəriman
Süleymanovu hansı mövzuda yazmağından asılı
olmayaraq bir tərbiyəçi, müəllim olduğunu
söyləmişdir. Eyni zamanda, müəllifin yaddaşlarda
həssas qəlbli, uşaq ruhlu, alicənab, səbirli bir insan
kimi iz qoyması bunları sadəcə yazmaq xatirinə deyil,
yaşayaraq, duyaraq qələmə alması deməkdir. Əbəs
yerə deyildi ki, publisist Yusif Kərimov onu "insanlıq
etalonu" adlandırırdı. Nəriman Süleymanov 15
aprel 1995-ci ildə vəfat etmişdir və Bakıda dəfn
olunmuşdur.
Lalə Əmirquliyeva
525-ci qəzet.- 2021.- 2 sentyabr.-
S.12;13.