Aravuranları necə tanıyaq?  

 

 

Hər kəsin bir ləqəbi, necə deyərlər, hansısa ayaması olur. "Aravuran" da elə ayamalardan biridir. Bu söz ilk baxışda adi, gülünc təsir bağışlaya bilər. Amma bu adı üstündə gəzdirənlərin necə ev yıxdıqları, qanlara səbəb olduqları, bir ailədə neçə nəfərin həyatını məhv etdiklərini eşidəndə məsələnin ciddiliyinə diqqət yetirirsən.

 

Bu aravuranların əlindən illərlə küsülü qalan qonşular, qohumlar, bir-birini əslində çox istəyən dostlar, doğmalar var... Bəs bu arada söz gəzdirənləri, könül bulandıranları necə ifşa etmək olar? İbtidai sinif dərsliyində "Qeybət" başlığı ilə verilmiş belə bir yazı var. Deməli, aravuran bir hörmətli insanın yanına gəlir ona xəbərlər danışır. Deyir, dünən filankəsin məclisindəydim. O, sənin haqqında pis sözlər danışdı. Arif adam ona sual verir:

 

- O məclisdə neçə cür yemək vardı?

 

- Səkkiz cür.

 

- Hamısından yedin?

 

- Bəli.

 

- O qədər yeməyi qarnında saxlaya bilmisən, bəs bir sözü saxlaya bilmədin?

 

Aravuran bu sualdan diksinir oxu daşa dəyir...

 

Amma hamı arif adam deyil. Adamların çoxu aravuranın nəinki yerində cavabını verir, əksinə, özü ona qoşulur, necə deyərlər, olur onu tayı... Daha düşünmür ki, bu gün ona xəbər gətirən sabah ondan da başqasına xəbər aparacaq. Bir qonşumuz var, illərdi, dedi-qoduya görə, ona bir zərəri dəyməyən mərifətli bir qonşusuna salam vermir. Özü bütün günü qeybət qırır, kimi görsə, deyir: "Burada yaxşı adam yoxdu"... Əsl küpəgirən qarıdı. Uşaqları da təhqir edir. "Tərbiyəsizlər!" sözü dilinin əzbəridi. O, bir hekayəmin mənfi qəhrəmanına çevrilib artıq. Mənfi müsbət obrazlar elə bizim ətrafımızdadı. Məktəblərdə, idarələrdə, kitabxanalarda aravuran o qədər qadınlar var ki... Öz həqiqi vəzifələrini unudub arada söz gəzdirirlər. Ona görə bəzən kitabxanaçıdan kitab istəyəndə ərinir, deyir, işə düşdük. Hələ mən mədəni formada yazdım, elə ifadə işlədir ki, onun həmin gün cəzasını vermək lazımdı, qoy başqalarına görk olsun. Bir dəfə kitabxanaçıdan uşaq kitabı soruşdum, elə çirkin sifət aldı ki, hələ unuda bilmirəm. Axı sən maaş alırsan, burada niyə oturmusan?.. Kitabxana nur saçmalıdı, kitabların içindəki işıqdan sənin üzünə düşməyibsə, orada gəzirsən? Filan kitab haqqında soruşursan, xəbəri yoxdu. Ara vurmağa, nifaq salmağa vaxtı var, gülümsəməyə, təqdim etdiyi kitabın annotasiyasını belə oxumağa vaxtı yoxdu.... Ona görə keçirdiyi tədbirlər rəngsiz, maraqsızdı. Güclə kimisə gətirib oturdur, ora-bura qaçır, adam axtarır. Qəlbində bir işıq yandıra bilmir amma. Müəllim, kitabxanaçı cəmiyyətin görünən üzüdü. Onlar həm , ictimai məsuliyyət daşıyır. Bir müəllim, mədəniyyət işçisi kitab görəndə üzünü çevirirsə, "indi kitab zamanı deyil" deyirsə, yazıçıya yuxarıdan aşağı baxırsa, o, öz işini layiqincə yerinə yetirərmi? O, ancaq kitabla şəkil çəkdirər, yalandan gözə kül üfürər...

 

 

Mina RƏŞİD

 

525-ci qəzet.-2021.- 3 sentyabr.- S.15.